Erməni diasporunun sifarişi:  Azərbaycana qarşı sanksiyalar ABŞ-ın milli maraqlarına ziddir
23 aprel 2024 16:16 (UTC +04:00)

Erməni diasporunun sifarişi: Azərbaycana qarşı sanksiyalar ABŞ-ın milli maraqlarına ziddir

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinə Azərbaycanın 40 vəzifəli şəxsi haqqında sanksiya qərarı tətbiq edilməsi üçün qanun layihəsi təqdim edilib.

Lent.az xəbər verir ki, qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alır.

ABŞ Konqresinə Azərbaycanın 40 vəzifəli şəxsi haqqında sanksiya qərarı tətbiq edilməsi üçün təqdim olunan qanun layihəsi ikrah və gülüş doğurur. Belə ki, təqdim edilən siyahıda adı keçən şəxslərin böyük əksəriyyəti Qarabağ müharibəsi fatehləri olan hərbçilər, müharibə canilərinə və əsirlərə hökm oxumuş hakimlər, terrorçulara, xarici casus şəbəkələrinə qarşı daim uğurlu mübarizə taktikası sərgiləyən DTX rəhbərliyi və.s şəxslərdir.  

Bu siyahıda Vətən müharibəsi qəhrəmanı, Müdafiə nazirinin müavini  Hikmət Mirzəyevin adı ilk sıralarda çəkilir. O Hikmət Mirzəyev ki, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması üçün çox böyük işlər görüb, Qarabağın işğaldan azad edilməsi hərəkatının planı ilə bütün dünyaya səs salıb. 

Bundan başqa, Qarabağda keçirilən antiterror əməliyyatlarının təşkilatçısı, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı yönələn xarici kəşfiyyat planlarını və casus şəbəkələrini ifşa edən DTX rəhbəri Əli Nağıyevin də adı məlum siyahıya daxil edilib. 

Qarabağı terrorçulardan təmizləyən bu şəxslərin adlarının sanksiya siyahısına salınması sizcə hansı mesajı verir? Bu özünü demokratiyanın beşiyi adlandıran ölkənin şəxsi maraqlarından xəbər vermirmi? Gündən-günə güclənən, müstəqil qərarlar verən və böyük güclərin Qarabağla bağlı planlarını pozmuş müzəffər Azərbaycandan intiqam almaq, ona diktə etmək istəyinə bənzəmirmi? Erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi qisasçılıq arzusu fonunda yaranmış bu layihənin qəbulu  daim yüksək ideyalardan bəhs edib, dünyaya ağıl verən bir dövlətinin erməni tütəyindən üfürülən havayla oynamasından başqa bir şey deyil.

Göründüyü kimi,  bu sənədin hazırlanması  heç də Azərbaycanda "hökumətin müxalifətə qarşı sərt repressiyaları"ndan "ciddi narahatlıq"la əlaqəli deyil. Böyük siyasət sağı göstərib, solu vurur. 

30 il ərzində Ermənistan həbsxanalarında çürüyən, işgəncə görən, əsir götürülüb qul kimi işlədilən yüzlərlə, minlərlə azərbaycanlıdan heç birinin taleyi Qərb dünyasını nəinki ciddi,  ümumiyyətlə narahat eləmədi. Minalanmış torpaqların dəqiq xəritələrinin verilməməsi səbəbi ilə sülh dövründə yüzlərlə dinc sakinin həlak olması, yaralanması da ABŞ Konqresinin diqqətini çəkmədi. Amma Qarabağın taleyi artıq həll olunduqdan sonra, “Qarabağ müharibəsi və Azərbaycanda "hökumətin müxalifətə qarşı sərt repressiyaları"ndan "ciddi narahatlıq"la əlaqəli bir sənədin hazırlanmasına dərhal zaman tanıdı.

Terrorizmə qarşı mübarizə aparan, eləcə də dövlətin hüquq sistemini təmsil edən şəxslərə qarşı sanksiyanın tətbiqini təklif edənləri yalnız terror maraqları olan şəxsləri  kimi qiymətləndirmək olar. Əgər ABŞ Konqresi bu layihəni dəstəkləyərsə, özü terroru dəstəkləmiş, dünyada sülh və sabitliyinin təmini prosesinə əngəl olan tərəf kimi tanınmış olacaq.
 
Siyahının Qarabağın erməni işğalından azad edilməsində birbaşa və bilavasitə iştirakı olmuş şəxslərdən ibarət olması bu qanun layihəsinin hazırlanmasının mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd heç də demokratik dəyərlər deyil, bu qalib bir dövlətə qarşı “sındırma” planından başqa bir şey deyil. 

Bu çirkin planın həyata keçirilməsi üçün isə ilk növbədə layihənin erməni diasporunun maliyyə çətiri altında olan konqresmenlər tərəfindən hazırlandığına diqqət etmək lazımdır. 

Qanun layihəsinin müəllifi yunan mənşəli konqresmen Dina Taytusdur. Əcdadları 1881-ci ilə qədər Osmanlı İmperiyasının təbəələri olan Dina Taytus genetik türk düşmənçiliyinə malikdir. Bu istər Türkiyə dövlətinə, istərsə də, Azərbaycana qarşı Konqresdəki çıxışlarda görünür. Dina Taytus Qarabağdakı qondarma rejimin qorunub saxlanılması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün başlatdığı 44 günlük Vətən Müharibəsinə qarşı etdiyi çıxışlarla öz erməni sponsorlarının yatırımlarını doğrultmağa çalışmışdı. Ta ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edənə qədər... Bu vaxtdan etibarən erməni diasporundan olan sifarişçilərini itirməmək üçün Dina Taytus erməni mənşəli həmkarı, konqresmen Anna Eşu ilə birlikdə guya Qarabağda “etnik təmizləmə” gerçəkləşdirildiyi adı ilə yeni anti-Azərbaycan kampaniyasına start verib. 

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin qarşısını ala bilməyən qüvvələr bu dəfə Azərbaycanın qələbəsinə kölgə salmağa yönəlik addımlara, sanksiyalar yolu ilə addım atmağa çalışır. Amma onların bu addımı ABŞ dövlətinin maraqlarına ziddir və yalnız anti-Azərbaycan, anti-türk isteriyası ilə bağlıdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qarşılıq sanksiyaların tətbiqi nə Vaşinqtonun, nə də Bakının maraqlarına cavab vermir, ikitərəfli münasibətlərə ağır zərbə vurur. Bu situasiyada qazanan yalnız erməni diasporu, Ermənistanın xarici himayədarları, anti-Azərbaycan qüvvələr və erməni diasporunun ianələrinə göz dikmiş bir qrup qərbli siyasətçi olacaq. Ona görə, sağlam məntiq ABŞ Nümayəndələr Palatasının yekdilliklə Dina Taytusun hazırladığı və cəfəng məlumatlar, əsassız ittihamlar əsasında hazırladığı miskin qanun layihəsini rədd edəcəyinə ümid verir.

Əgər qanun layihəsi qəbul edilərsə, bu Amerikanın erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qərəzli mövqeyinin sərgilənməsi, ABŞ siyasətinin ikili standartlarla yürüdülməsinin sübutu olacaq.

Aprelin 5-də Brüsseldə Azərbaycana xəbərdarlıq edilmədən keçirilən, məxfilik pərdəsinə bürünmüş üçtərəfli görüşün “səsi” də elə bu layihə ilə çıxmış oldu.

# 2973
avatar

Oxşar yazılar