Əfqanıstan, Kabil.
20 avqust 2021 18:35 (UTC +04:00)

Əfqanıstan, Kabil.

Əfqanıstanı Cavidlər xilas edəcək, bir də cocuqlar - SƏBUHİ MƏMMƏDLİ YAZIR

…Həmin gün, Cavid yadıma düşdü. Əhməd Cavid . Əfqan həmkarımız. Bilirsinizmi hansı gün? Hə, Kabil əldən gedən gün. “Taliban”ın əlinə keçən gün. 
Məhz Cavidi xatırlamışdım nədənsə. Bir də 7 il əvvəl onun mənə dediklərini. 

“Taliban bizi 50 il geriyə atdı. Ən azı 50 il. Onların Əfqanıstanda olduğu 5 il dəhşətli bir yuxu kimi gəldi keçdi. Allah bir də bizə belə günlər göstərməsin”. 
Və indi məlum olur ki, o dəhşətli yuxu 20 ildən sonra yenidən qayıtdı. 
Sovetin müdaxiləsi, vətəndaş müharibəsi, “Taliban” zülmü...
Bir az nəfəs almağa başlamışdı əfqanlar. Qadınların üzü gülürdü, uşaqlar televizora baxırdı. Böyükləri isə nərd oynayırdı. 
Bəlkə də bu yazdıqlarım sizə qəribə görünəcək. Bilirsinizmi nə demişdi mənə Cavid? 

“Ancaq evdə gülmək olardı. Amma yavaşca. Əgər qonşu “Taliban”ın adamıydısa və Allah göstərməsin, onlara xəbər versəydi, qanın gedərdi. Yox, gülməyə görə öldürməzdilər təbii, amma mütləq cəzalandırardılar”. 

“Taliban”ın hakimi-mütləq olduğu 5 ildə Əfqanıstanda zaman dayanmışdı. 
“Taliban” düz 5 il ölkədə televiziya, radio, internet, kompüter, mobil telefon, musiqi, musiqi alətləri, şahmat, açıq rəngli nə varsa, hər şeyə qadağa qoymuşdu. 

“Biz hətta ayın neçəsi olduğunu belə unutmuşduq. Zaman donub qalmışdı buralarda. Yadıma gəlir, evimizə gəldikləri. İçəri girən kimi öncə televizoru vurub sındırdılar. Sonra kiçik qəbuledicimiz vardı. Onu apardılar. Bir də nərdtaxtanı. “Olmaz” dedilər. Başqa biri isə qonşuları yığdı. Böyüklərə xüsusi vərəqə verdilər. Onlar müəyyən olunmuş vaxtda məsciddə namaza gəlməli və hər dəfə də qeydiyyatdan keçməliydilər. Əks təqdirdə, cəzalanacaqdın. Eh, yadıma salmaq belə istəmirəm”. 

“Taliban” Kabili süquta yetirəndə ilk yadıma düşən isə sən oldun Cavid. Səni yadıma saldım...
Dərhal onun Facebook səhifəsini axtardım. Tapa bilmədim. Mənimlə Əfqanıstanda səfərdə olan operatorumuz Fuaddan soruşdum. 

-Cavidin, ya da tərcüməçmiz vardı ha, Ömər Qəmbər, onun əlaqə nömrələri dururmu səndə. 

Fuad təkcə Ömərin səhifəsini tapıb atdı mənə. Dərhal yazdım. Cavab gəldi:

- Mən artıq Dubaydayam.  

Daha heç nə soruşmadım. Heç Cavidi də. Özüm aradım Cavidi. Bir təhər tapa bildim, amma soruşmayın necə. Çox sevindi, lap çox. Bircə kəlmə dedi: -ı

    Kabildəyəm. 
-    Vəziyyət necədi. 
-    Hələ heç nə məlum deyil..    

Amma məlum həqiqətlər də vardı axı. Ölkənin rəhbəri Əşrəf Qəni Əhmədzay – milliyətcə puştudu, Əhmədzay tayfalarındandı – “Taliban” Kabilə girməmiş xalqı qoyub qaçmışdı. Ölkə yiyəsiz qalmışdı...
Hə, yiyəsiz. Əfqanlar başlarını itirmişdilər. Siz elə bilirsiniz təyyarələrin şassilərindən yapışıb ölkədən qaçmaq istəyənlər mövhumatın qurbanları idi? Qətiyyən, insanlar havalıydılar. İnsanlar gözəl bilirdilər ki, bir azdan havasızlıqdan boğulacaqlar. Bir azdan cəhənnəm başlayacaq. Və Allah bilir bu cəhənnəmdə neçə il də qıvrılacaqalar. 

Məşhur filmdə deyirdi: “Əfqanlar qonağı çox sevirlər. Əgər düşməni, hətta qan düşmənidisə belə onun kəndinə qonaq gəlibsə, yedirdər, içirdər, güldən ağır söz deməzlər. Amma kəndindən on metr aralanmamış, qisasını alar, öldürər”.

Bayaq əfqan müğənni Şərafət Pərvanini bir mahnısını paylaşmışam. Stadionda oxuyur. Minlərlə qız, oğlan, yaşlı, cavan hamı yerində oynayır, müğənni ilə bir yerdə nəqarəti səsləndirir. Dostumuz Emil Abdullayev belə bir rəy  yazmışdı. 
“Çox primitiv mahnıdı”. “Əsas insanlardı, bax, gör necə əylənirlər?”.
Həmkarım Zemfira Əlibəyova isə  belə yazmışdı: “Qadınlar necə də xoşbəxtdirlər. Orda da yeni nəsil yetişirdi, 20 -25 ilə bir başqa Əfqanıstan görə bilərdik”.
 Bilirsənmi əzizim Emil, bir azdan heç o primitiv mahnı da olmayacaq.
O Şərafəti isə ölkəni tərk etməsə boğazından asamasalar yaxşıdı.
O stadion isə yəqin ki darmadağın ediləcək.
O stadionda oynanılan futbol isə yasaq olunacaq.
Cavid, Cavid isə heç yerə getməyəcək. Əfqanıstanı Cavidlər xilas edəcək...

Bir də cocuqlar...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7032
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar