Dövlət-din münasibətləri: Azərbaycanın keçdiyi yol
16 iyun 2021 12:33 (UTC +04:00)

Dövlət-din münasibətləri: Azərbaycanın keçdiyi yol

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də yeni səhifə açılıb. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada dövlət-din münasibətlərinin hüquqi əsasları öz əksini tapıb. Azərbaycan ta qədimdən ölkədə yaşayan digər dinlərə məxsus vətəndaşlara tolerant yanaşıb. Ölməz yazıçımız Hüseyn Cavid də bir əsr əvvəl “Qız məktəbi” şeirində bütün insanları sevməyə çağırış edib: Bu dünyada sənin ən çox sevdiyin kimdir, quzum, söylərmisən? - Anam, babam, müəlliməm, bir də bütün insanlar...”

Azərbaycanda dövlət-din münasibətlərinin banisi olan ümumilli lider Heydər Əliyev 1993-cü ilin sentyabrında Təzəpir məscidində  keçirilən mərasimdə deyib: “Biz bir dövlət kimi müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”. Heydər Əliyevin dini məsələlərin təşkili istiqamətində atdığı addımlardan biri də 2001-ci ildə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncamı olub.  Komitənin əsas fəaliyyət istiqaməti ölkədə dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır.

Komitənin sədri Mübariz Qurbanlı dəfələrlə ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, Azərbaycanın dini tolerantlıq modelinin dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunduğunu qeyd edib.

Prezident İlham Əliyev də ölkəmizdə dini konfessiyaların, din-dövlət münasibətlərinin  daha da inkişaf etdirilməsinə öz layiqli töhfəsini verib. Azərbaycan təkcə məscidləri bərpa edən, yeni məscid tikən ölkə kimi yadda qalmır. Həm də Azərbaycanda yaşayan digər dinlərə məxsus ibadət yerləri bərpa edilir, yaxud yenidən  tikilir. Azərbaycan bir çox ölkələrdə müxtəlif dinlərə məxsus ibadət yerlərini bərpa etdirməklə xalqımızın necə multikultural olmasını bütün dünyaya nümayiş etdirir. Bunlara misal kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarını bərpa etməsini göstərmək olar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin 23 fevral tarixində baş tutan açılış mərasimində iştirak edib. Bu, bütün dünyaya ölkəmizin multikultural olduğunun  daha bir sübutu idi.

Roma Papası Fransisk də Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm ənənələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda milli mənəvi dəyərlərin öyrənilməsi və daha da inkişaf etdirilməsi istiqamətində ölkə başçısı İlham Əliyev 2017-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun əsas missiyası Azərbaycanda dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir. 

Fondun icraçı direktoru Mehman İsmayılov Lent.az-a bildirib ki, din mədəniyyətimizin tərkib hissəsi kimi hər dövrdə onun inkişafında, tərəqqisində mühüm rol oynayıb: “Azərbaycan xalqının həm ictimai, həm genetik yaddaşında dini tolerantlıq, dini dözümlülük, dinlərarası hörmət xüsusi yer tutub. Bu baxımdan müstəqil olduqdan sonra bu baza din-dövlət münasibətlərinin yenidən inkişaf etdirilməsində, təkmilləşdirilməsində mühüm rol oynayıb. Ulu Öndərin hər sahədə olduğu kimi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də müstəsna xidmətləri olub. Hər zaman ölkəmizdə olan bütün din mənsublarına xüsusi hörmətlə yanaşan Ulu öndər bu dinlərin dini ibadət yerlərinin tikintisinə və bərpasına, icmaların saxlanılmasına xüsusi diqqət yetirib. Qısa müddət ərzində Azərbaycanda olan dini icmaların, konfessiyaların dünyadakı müxtəlif dini icma, konfessiyalarla əlaqələrinin qurulmasına başlanılıb. Azərbaycanda din-dövlət münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Ulu Öndərin davamçısı olan Müzəffər Ali Baş Komandanımız da din-dövlət münasibətlərinin daim inkişafına xüsusi qayğı göstərib. Xüsusilə də Heydər Əliyev Fondunun səyi ilə həm ölkə daxilində, həm də ölkə xaricində dini ibadət evlərinin fəaliyyətindəki nümunələrinə rast gəlirik. Məhz Ulu Öndərin əsasını qoyduğu və Cənab Prezidentin davam etdirdiyi bu yol öz töhfəsini bu gün də verməkdə davam edir. Bunu xüsusilə Vətən Müharibəsi dövründə yaxından gördük. Azərbaycanda olan müxtəlif dini konfessiyalara mənsub olan vətəndaşlarımız hamısı dəmir yumruq ətrafında sıx birləşərək düşmənə qarşı mübarizə apardılar və bütün dünyaya Azərbaycandakı tolerant, qardaş dini mühitini mövcudluğunu sadəcə dildə deyil, əməldə də göstərmiş oldular. Müharibə dövründə düşmən Azərbaycanın başqa dinlərin ibadət evlərinə, dini müqəddəs yerlərinə zərər yetirmək məsələsini yalandan uyduraraq yaymaq, təbliğat aparmaq istəyirdi. Amma elə Azərbaycanda olan müxtəlif din nümayəndələri buna qətiyyətlə qarşı çıxdılar, bütün dünyaya öz səslərini duyurdular. Bu da uzun illərdir dövlət başçısının apardığı  din-dövlət siyasətinin bir nəticəsi idi. Müharibə bitdikdən sonra dövlət başçısı işğaldan azad edilmiş bölgələrə gedəndə görürük ki, Prezident səfərlərinə ilk növbədə dini ocaqlardan başlayır. Məscidləri, kilsələri, digər dini ibadət ziyarət edir, düşmən tərəfindən dağıdılan dini mirasımızın bərpasına xüsusi göstəriş verir. Artıq bu sahədə bir çox işlər həyata keçirilməyə başlayıb. İnanırıq ki, Azərbaycanda tarixən mövcud olan dövlət-din münasibətləri getdikcə daha da möhkəmlənəcək”. 

Ölkəmizdə dini təhsilin daha da formlaşması, ali təhsilli ilahiyyatçıların yetişməsi istqamətində ölkə başçısı 2018-ci il 9 fevralda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncam imzalayıb.

İnstitutun rektoru Aqil Şirinov Lent.az-a açıqlamasında bildirib ki, din-dövlət münasibətlərini bir neçə mərhələyə bölmək lazımdır: “Birinci mərhələyə 1991-1993-cü illər aiddir. Bu ərəfədə dinlə bağlı qanunvericilikdə ciddi problemlər var idi, dinlə əlaqəli qanunvericilik tam oturuşmamışdı. Bu, həm müsəlman dövlətlərinin, həm də müxtəlif xristian təşkilatlarının Azərbaycandakı təbliğat fəaliyyətlərinin baş alıb getdiyi dövr idi, dövlət tərəfindən ciddi nəzarət yox idi. Bunun əsas səbəblərindən biri yeni müstəqillik əldə etməyimiz, qanunvericilik bazasının tam oturuşmaması, Qarabağdakı müharibə və dövlətin əsas resurslarının bu müharibəyə yönəldilməsi, digər problemlərlə ciddi məşğul ola bilməməsi idi. Ulu Öndərin dövründə artıq dinlə əlaqədar qanunvericilik bazası yaradılmağa başladı, dini etiqad haqqında qanun, dini təbliğatla məşğul olma və din xadimi olma ilə əlaqəli qanunvericilik  daha sistematik hala gətirilib. Bununla da, ölkə vətəndaşlığı olmayan şəxslərin dini təbliğatla, dini fəaliyyətlə məşğul olması qadağan edildi. Bu, müəyyən radikal və Azərbaycanın milli maraqlarına uyğun gəlməyən qrupların qarşısını almağa yönəldilmişdi. Bu da effekt verdi, həmin dövrdən etibarən artıq radikal qrupların fəaliyyətində azalmalar oldu. Bu mərhələ 1994-cü illə 2001-ci il arası idi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından (2001) sonrakı dövrü də üçüncü mərhələ kimi qeyd etmək istərdim. Bu Komitənin yaradılması dövlət-din münasibətlərinin tənzimlənməsi, dinlə dövlət arasındakı əməkdaşlıq üçün bir baza oldu. Bu fəaliyyətin nəticəsində dinlə dövlət arasındakı münasibətlərdə qarşılıqlı əməkdaşlıq dövrü başladı. Bu əməkdaşlığın ən böyük xidmətlərindən biri din xadimlərinə dövlət tərəfindən maliyyə yardımının ayrılmasıdır. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunmuş din xadimləri dövlətdən maliyyə yardımı alırlar. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasından sonra bu Fond vasitəsilə din xadimlərinə maliyyə yardımının ayrılması, eyni zamanda  mənəvi dəyərlərin təbliği ilə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi dinlə dövlət arasındakı əməkdaşlıq dövrüdür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərkibində İlahiyyat İnstitutunun yaradılması isə dövlətin artıq din sahəsindəki mütəxəssis yetişdirilməsi, dini maarifçilik mövzusunda daha bir inkişafdır. Hesab edirəm ki, dövlət-din münasibətləri Azərbaycanda qarşılıqlı əməkdaşlıq zəmininə oturub. Dövlətə sadiq, dünyəvi dəyərləri mənimsəyən din mütəxəssislərinin yetişməsi gələcəkdə də çox müsbət rol oynayacaq”.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindəki qələbəmiz həm də işğal altında olan dini abidələrimizin azadlığı idi. Ölkə başçısı İlham Əliyevin işğaldan azad olunan Ağdama  səfərində Cümə Məscidininin divarını öpməsi məscidin sanki könlünü alması anlamına gəlirdi. Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması, Mehriban Əliyevanın “Qurani-Kərim”in özü ilə gətirdiyi ağ kəlağayının üzərinə qoyması milli-mənəvi dəyərlərimizin həmişə öndə olmasının bariz nümunəsidir. Dövlət başçısının Şuşaya səfəri zamanı da həm məscid, həm də kilsəni ziyarət etməsi ölkəmizin dini ibadət yerlərinə verdiyi dəyərin bir nümunəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı Azərbaycanda olan konfessiyalara öz təşəkkürünü bildirib.

Birinci Qarabağ Müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Milli Qəhrəman Albert Aqarunov kimi 44 günlük Vətən Müharibəsində də Azərbaycanda yaşayan digər dinlərə mənsub şəxslər son damla qanına qədər vuruşaraq şəhid olublar. Bu, Azərbaycanın onların da Vətəni olduğunun təkzibolunmaz sübutudur.

Ölkəmizin qürur günlərindən biri olan Şuşadakı “Xarıbülbül” festivalı da Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər kəsin Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb.

Qeyd edək ki, yazı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.

Günay Elşadqızı

# 1740
avatar

Oxşar yazılar