Sərsəngin xilası: Onminlərlə hektar suvarılacaq torpaq və ekoloji fəlakətə son
22 oktyabr 2020 18:44 (UTC +04:00)

Sərsəngin xilası: Onminlərlə hektar suvarılacaq torpaq və ekoloji fəlakətə son

BMT-nin hesabatlarına əsasən, hazırda planetin hər 10-cu sakini su qıtlığından əziyyət çəkir. 2050-ci ildə əhalinin suya olan tələbatının 70% artacağı proqnozlaşdırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə su mənbələrinin çirklənməsi ucbatından hər il milyonlarla insan dünyasını dəyişir. İçməli su çatışmazlığı səbəbindən milyonlarla insan müxtəlif infeksion xəstəliklərə yoluxur. Mütəxəssislərin rəyinə görə, bir nəfərin sutka ərzində 200 litr su ehtiyacı var.
Dünya ekologiya təşkilatlarının verdiyi məlumata görə, 2025-ci ildə dünya əhalisinin 66%-i su problemindən əziyyət çəkəcək.

Su təminatı yetərsiz olan ölkələr arasında Azərbaycan da var. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi xaricdən ‒ Kür və Araz çayları ilə Türkiyədən, Samur çayı vasitəsilə Rusiyadan gəlir. Adambaşına düşən suyun miqdarı Gürcüstanda bizdəkindən 5-7 dəfə, Ermənistanda 2,5-3 dəfə çoxdur. Bu da təbiidir, çünki əhalimiz çoxdur, ərazimiz genişdir, suvarılan torpaqlarımız dəfələrlə artıqdır, sənayemizdə daha çox texniki sudan istifadə edilir. Həmçinin ərazimizin çoxu quraqlıq sahələrin payına düşdüyündən təbii buxarlanma da yüksəkdir.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, habelə işğal edilmiş ərazilərdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurulub, o cümlədən yüz minlərlə əhali içməli sudan məhrum edilib, işğalçı qüvvə tərəfindən işğal olunmuş ərazilərdə su ehtiyatlarından qəsdən sui-istifadə münbit torpaqların eroziyası, torpaqların susuzlaşması və səhralaşmasına gətirib çıxarıb.
Məlumdur ki, Azərbaycan quraqlıq zonasında yerləşir və bu səbəbdən kənd təsərrüfatı 90% dərəcəsində suvarmadan asılıdır. Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də istisna deyildir. Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərdə strateji əhəmiyyət kəsb edən bir sıra iri iqtisadi obyektlər var. Bu obyektlər sırasında işğal altında qalmış su anbarlarından ən böyüyü olan Sərsəng su anbarıdır.

Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Onun ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilib. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı.

Sərsəng su anbarının işğalı nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur. Qeyd etmək lazımdır ki, 68,3 km uzunluğunda və mənbəyində 50 m3 tutumu olan Tərtər sağ sahil magistral kanalı tamamilə işğal altındadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri,  88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalıb.

Hərbi ekspert Səməndər Məmmədovun dediyinə görə, 27 ildən artıq bir müddətdir tam baxımsızlıq üzündən Sərsəng su anbarının bəndi aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda təhlükəli bir vəziyyət yaranıb: istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər. “İşğalçılıq siyasətini həyata keçirmək üçün ermənilər ekoloji terror vasitələrinə əl atıb, bununla da nəinki insanlığa qarşı, həm də təbiətə qarşı cinayətlər törədiblər. Onların Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət böyük humanitar böhranlardan biridir”.

Ekspertin fikrincə, Sərsəng su anbarı probleminin həlli ayrıca deyil, Azərbaycan torpaqlarının işğalı problemi ilə birgə həll olunmalıdır. Azərbaycan Ordusunun əks-hücum əməliyyatında başlıca məqsədlərdən və ilk tapşırıqlardan birinin Sərsəng su anbarının azad edilməsi olmalıdır.

Sentyabrın 27-dən başlayan əks-hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb.

Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada işləməsi, ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə işğaldan azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var.

Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, yanğına qarşı mübarizəni asanlaşdıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar