Azad Xudafərin: Prezidentin strateji qərarı, nəhəng iqtisadi layihə
21 oktyabr 2020 15:49 (UTC +04:00)

Azad Xudafərin: Prezidentin strateji qərarı, nəhəng iqtisadi layihə

Prezidenti İlham Əliyevin 18 Oktyabr - Müstəqillik Günündə  növbəti qələbə müjdəsi də möhtəşəm idi. “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” 

Əslində, Xudafərinin azad edilməsi tariximizin çox önəmli parçasıdır. Xudafərin Azərbaycan üçün həm tarixi, həm mənəvi, həm də strateji dəyər daşıyır. Ermənistan ordusunun 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Oktyabrın 18-i Qarabağda parlaq qələbəyə imza atan müzəffər ordumuz bu tarixi abidəni və strateji hidroqovşaqları əsl sahibinə, Azərbaycana qaytardı. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının işğaldan azad edilməsi yolunda hələ illər əvvəl Prezident İlham Əliyevin ortaya qoyduğu strateji düşüncə onun nə dərəcədə görkəmli dövlət adamı olduğunu bir daha sübut edir. Heç kimə sirr deyil ki, Azərbaycanın çoxşaxəli enerji siyasətinin mühüm istiqamətlərindən biri qonşu İranla energetika sahəsində mühüm layihələrin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə 2016-cı ilin fevralında Tehranda Azərbaycan ilə İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair saziş imzalanıb. 2016-cı ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş həmin sazişə əsasən, iki ölkə arasında qarşılıqlı energetika layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti həmin sazişin icrasına mane olurdu. Energetika naziri Pərviz Şahbazovun açıqlamsına görə, “Xudafərin” hidroqovşağı bəndinin tikintisi, demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. Nazirin dediyinə görə, 1,6 mlrd. kubmetrdən çox su tutumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. “Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Onlzrın reallaşması Azərbaycana illik 368 mln. kVt/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılmasına imkan yaradacaq. Və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi”. Nazir düzgün qeyd edir ki, bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Elə ekspertlər də bu fikirdədir. Hərbi ekspert Ədalət Verdiyev deyir ki, hazırda azad edilən Cəbrayıl və digər rayonlar bu anbarlardan enerji və içməli su təchizatı ilə bərabər suvarma üçün də istifadə edə biləcək. Ümumiyyətlə 130 km İran-Azərbaycan sərhədi boyunca işğal edilən ərazilərin tam azad edilməsi Araz üzərində yeni birgə hidroqovşaqların inşasına təkan verəcək. Bu isə həm Azərbaycanın, həm də İranın maraqlarına uyğundur. Erməni işğalına görə illərlə ləngiyən layihələrin sürətlənməsi ilə bərabər yeni su anbarlarının inşası bu zonaların iqtisadi cəhətdən çiçəklənməsinə imkan verəcək. 

Deputat  Aydın Hüseynovun sözlərinə görə, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının dalğalanması bir daha təsdiq etdi ki, qeyd olunan sazişi imzalamaqla Azərbaycan dövləti qarşıya qoyduğu bütün məqsədlərə çatmağı tam qətiyyətlə bacaran və regionda və dünyada nüfuzu olan güclü dövlətdir. Heç bir kənar təsir Azərbaycanın iradəsinə mane ola bilməz, Azərbaycan özü regionun siyasi proseslərini nizamlayan qüdrətli ölkədir. 

“Real siyasi mənzərə təsdiqlədi ki, Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və güclü siyasətçi, strateq kimi yaxın dövrdə baş verə biləcək prosesləri həddindən artıq dəqiqliklə təhlil etdiyini, siyasi-hərbi vəziyyəti əsil dahi siyasi xadim kimi proqnozlaşdırmaq istedadını nümayiş etdirdi”. 
Xudafərinin azad olunması hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxmasıdır. On əsrə yaxın tarixi olan bu mədəniyyət abidəsinə sahib olmaqla Azərbaycan özünün qədim şərəfli tarixini daha da zənginləşdirdi. Xudafərin körpüsü və Araz çayı üzərindəki layihələr İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.

Və sonda. Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan və İran ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu da bir ayrı zəfər olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar