Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə, daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...
Lent.az-ın “Müharibə olmasaydı...” layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlarla həmsöhbətik.
Səhər işə gələn kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin sosial şəbəkədəki səhifəsində statusunu oxudum - yazmışdı ki, 60 ömrün tən yarısı, canda sevgi var, yaşayaq! Düşündüm ki, zatən onunla “Müharibə olmasaydı” layihəsində danışmalı idim - məqamdır. Görüm, Umud müəllim “60 ömrün tən yarısı” deməklə nəyə eyham edir. Amma bunu axıra saxlayıb, onunla söhbəti əvvəldən başlamağa qərar verdim. Yalnız özü üçün yaşamayan adamdır müsahibim, həm də taleyinə müharibə birbaşa təsir göstərib. Sağ olsun, layihənin məramını bilən kimi söhbətə özü nərdivan qoydu.
- Bəribaşdan deyim ki, müharibənin həyatını birbaşa dəyişdirən adamlardan biriyəm. Xarakterim, təbiətim ola bilər ki, elə belə də olardı, amma həyatım, fəaliyyətim fərqli ola bilərdi. Müharibənin törətdiyi fəlakətlərin aradan qaldırılmasına sərf etdiyim enerjini tamam başqa işlərə, yaradıcılığa sərf edərdim.
1961-ci ildə Füzuli rayonun Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşam. O kənddə ki, İkinci Qarabağ müharibəsində ilk azad olunan kənd oldu. 1994-cü ilin yanvarında Horadiz əməliyyatında kəndin bir hissəsi azad olunmuşdu, bir hissəsi işğal altında idi. Təmas xətti deyilən bir ifadə gəlib son illər leksikonumuza. Həmin təmas xətti bizim kəndin içindən keçirdi. Yer üzündən silinmiş bir kənddir.
Horadiz əməliyyatından sonra hər zaman gedib ziyarət etmişəm kəndimizi. Kənddə hərbiçilər bircə dənə salamat qalmış evdə yerləşmişdilər. Son illər o kəndə yüzlərlə xarici jurnalistin səfərlərini təşkil etmişəm ki, erməni vandalizminin izlərini gözləri ilə görsünlər. Müharibə olmasaydı, həyatımız tamam fərqli olardı. Qarabağ torpağı çox bərəkətli, insanları da zəhmətkeşdir. Müharibə olmasaydı, yalnız mənim həyatım yox, Azərbaycanın həyatı başqa cür olardı, fərqli bir Azərbaycan olardı.
Mən kənddə tamam qayğısız yaşayırdım, orta məktəbdə oxuyurdum. “Araz” qəzetində şeirlərim, məqalələrim çap edilirdi.
- Hansı mövzuda?
- Hər mövzuda. Poeziyada özünü sınayan gəncin alternativsiz mövzusu sevgidir. Əsgərlikdə olarkən belə bir şeir yazmışdım:
Mənim kirpiklərim sərhəd dirəyi
Ətalət gözümə yol tapmaz yatam.
Sinəmin altında əsgər ürəyi
Özüm sülh arzulu bir kainatam.
Müharibə, faciə barədə heç düşünmürdük.
- Amma heç gəncliyin mövzusu deyil, təsadüfə baxın, sərhəddən, əsgərdən yazmısınız.
- Dili yansın bu qızların,
Bir kəlməmi yüz eylədi.
Hər kim sevdi söz olmadı,
Mən sevəndə söz eylədi.
Belə bir gənclik şeirim də var. Kənd həyatı bizi demək olar ki, həyata öyrətdi. Torpaq, təsərrüfat bizi zəhmətə alışdırdı.
- Əslində əziyyətli həyatdır, amma insanlar bu zəhmətə sevgiylə qatlaşardılar.
- Yuxudan sübhdən oyanardıq. Anam həmişə həyətdən bizi haraylayardı ki, oyanın. Gözümüzü açıb görərdik samovar dəmdə mızıldanır, hər şey hazırdır. Qazandığım çox şeylərə görə o kənd həyatına minnətdaram. Tut, özü də xar tut pəncərədən içəri girərdi. Ədəbiyyata belə bağlandıq, o həyatın yaratdığı romantikadan, təbiətin cazibəsindən. Elə gedib çıxdım Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutuna. 1987-ci ildə bitirdim ali məktəbi, qayıtdım Bakıya. “Ədəbiyyat və İncəsənət” qəzetində elm, publisistika şöbəsinin müdiri işlədim.
- Nəriman Həsənzadənin vaxtında.
- Bəli. Tez bir zamanda Qorbaçovun yenidənqurma dövrü başladı. Yenidənqurma prosesi etnik konfliktləri doğdu. Çox respublikalarda problem yarandı, ən çox Azərbaycanda. Demokratiyadan, insan haqqından danışanlar bir xalqın əl-qolunu bağlamaq üçün Qarabağ konflikti yaradırlar, düzüb-qoşurlar. Bu proseslər hamısı bizim gözlərimiz qarşısında baş verib.
- Tam siz gəlib yaradıcılığa başlamaqda idiniz, bu proseslər də başlandı.
- Təsəvvür edin, ev doldu məcburi köçkünlə, qaçqınla. Ana tərəfim Ermənistandandır, onlar elə 1989-cu ildən gəlib bizdə yerləşdilər. Hadisələrin gedişində digər rayonlara yerləşdilər. Füzuli və digər rayonlarımız işğal olunandan sonra çox faciəli günlər başladı. 1992-ci ildə qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis konfransını Moskvada keçirdik. Münaqişə bölgələrinə jurnalistlərin səfərlərini təşkil edən və həmin yerlərdən obyektiv informasiya yayan bir qurumdur. O vaxta qədər Moskvada bir yerdə təhsil aldığım insanlar tez-tez zəng edib soruşurdular ki, orda nə baş verir? Dəvət edirdim ki, gəlin, öz gözlərinizlə görün. Qarşılayırdım, Qarabağı gəzdirirdim, yola salırdım.
- Bu təşkilat özü müharibədən yaranıb, demək?
- Bəli, müharibə olmasaydı, bu təşkilata da ehtiyac yox idi. Yaranandan sonra missiyası bir az da artdı. İndi ən çox nüfuz qazanan beynəlxalq təşkilatdır. Regionlara jurnalistlərin, beynəlxalq təşkilatların səfərlərini təşkil edirdik, zatən. Təşkilat da o bazada yaradıldı. Bəzən 7-8 nəfər xarici qonağı qarşılayıb, öz evimdə yerləşdirirdim, onlara sürücülük edirdim. Bunların arxasında özümüzün təpərimiz dayanırdı, başqa heç nə yox idi. Bəzən qohum-qonşu düşünürdü ki, görəsən, Umud müəllim niyə edir bunu? Edirdik, bu gün də o yolun yolçusuyuq.
Müharibə belə dəyişdi həyatımızı. Ölkəmizdə atasını, anasını, bütün ailəsini itirənlər oldu. Şəhid düşdük, girov olduq. Belə durumda ola bilərmi ki, nə isə dəyişməsin? Qeyri-mümkündür, atılan güllələr şəhid olmayanımızın da qəlbini yaraladı, qəlbindən keçdi. Hamımız şəhid olduq.
- İnsan nə qədər psixoloji zədə yaşayar, ömrümüz onunla keçdi. Müharibə olmayanda təşkilatınız hansı yönümdə işini quracaq?
- Görüləsi işlər çoxdur. Bizim təşkilatımız Azərbaycanın beynəlxalq camiyədə imicinin formalaşmasında iş görən az sayda təşkilatlardan biridir. Bəyanatlarımız birbaşa BMT-nin saytlarında yer alıb. Hər il BMT auditoriyalarında tədbirlərimiz olub. Hesab etmirəm ki, müharibə bitməklə işimiz bitəcək. Torpaqlarımızda baş verən o vandalizm hərəkətlərini dünyaya car çəkməliyik. Bəlkə də İkinci Qarabağ müharibəsindən sonrakı təbliğatımız ona qədərki təbliğatımız üstələdi. Dünya o qədər bilmirdi onların əməllərini. Ölkə başçısının verdiyi açıqlamalar, müsahibələr çox iş gördü. Yayımların təşkili önəmli idi.
- Yenə bəs deyil elə bil?
- Əlbəttə, gecə-gündüz hər bir vətəndaş bu yönümdə öz qatqısını verməlidir. Quruculuq prosesi başlayır, nə qədər işlər var qarşıda. Bütün fəaliyyətimizlə o torpaqların dirçəlməsinə, insanların yurduna-yuvasına qaytarılmasına dəstək olmalıyıq. Yurd, ocaq itkisindən böyük dərd yoxdur. Bunu hər insan duya bilməz, yaşamayana bir az uzaq gəlir. Hesab edirəm ki, ora qayıtmaq üçün də nə lazımsa etməliyik, çalışmalıyıq.
- İngiltərədən bir dostumuz gəlib bu yaxınlarda. Deyir orda ermənilər özləri haqqında qədim tarixi olan bir xalq imici yaradıblar, amma bizi sıradan biri, dünənki millətik kimi qələmə veriblər. Biz harda səhv edirik, öz həqiqətimizi çatdıra bilmirik, amma düşmən yalanlarını dünyaya həqiqət kimi sırıya bilir?
- İki yüz ildir onlar bu istiqamətdə iş görürlər. Biz öz dəyərimizi bilməliyik, özümüzə dəyər verməliyik. Nəyə qadir olduğumuzu 44 gün ərzində sübut etdik. Xalqın həmrəyliyi, ordunun arxasında dura bilməyimiz qələbənin rəhni oldu. Torpaqları geri almaqla iş bitmir, bundan sonra daha ciddi fəaliyyət göstərməliyik. Bir-birimizi daha yaxşı tanımalıyıq. Alimlərimizi tanımalıyıq, dəyər verməliyik. Bizim təşkilat çox işlər görür, amma öz təbliğatımızla məşğul olmuruq.
- Zatən, iş görənin təbliğata vaxtı olmaz.
- Bizim qətiyyən ona vaxtımız olmur. 44 gün Əl Cəzirə kanalı ilə bir yerdə müharibədə olmuşam, bunu heç yerdə deməmişik, rast gələ bilməzsiniz, amma Əl Cəzirənin gördüyü işləri hamı görürdü. Arxasında biz vardıq. Elə şeylər var ki, heç deyilməsini istəmirəm. Əl Cəzirə kanalı ilə 5 film çəkdik. Həmin kanalda da yayımlandı bu möhtəşəm filmlər. Bu, şəxsi münasibətlər zəminində olan nail olduğumuz bir nəticə idi.
- Yaradıcılıq da qaldı bu işlərin kölgəsində...
- Demək olar ki. Arxivimdə yarımçıq işlərimi toz basıb. Düşünürəm ki, nə vaxtsa qayıdacam o işlərə, amma qayıtmaq üçün gərək bəzi işlərdən imtina edəsən. O da mümkün deyil. Qurduğum hücrənin divarları bərkiməlidir. Gördüyümüz işlərin bəhrəsi var. Bu gün 60-la bağlı dünyanın əksər ölkələrindən təbrik alıram. Bunlar hamısı fəaliyyətimizə görə qazanılıb. Bu şəbəkə həm də məni təbrik üçün deyil, ölkəmiz üçündür. Bir neçə il əvvəl Parisdə təxminən 3 min nəfərin iştirak etdiyi bir tədbirdə idik. Sosial biznesə, sülhə həsr edilmişdi. Paris meriyası ilə dünya şöhrətli alım Məhəmməd Yunisin təşkil etdiyi tədbir idi. Daha çox barışa, sülhə qatqı verən ölkələrin adı çəkilirdi. Mən auditoriyanın o başından tribunaya qədər Azərbaycan hayqıra-hayqıra çıxdım. Bir də gördüm bütün auditoriya Azərbaycan deyir. Həyatımın nailiyyətidir bu, yaradıcılığı, hər şeyi buna qurban verdik.
- 60 ilin nə qədəri müharibənin, nə qədəri yaradıcılığın oldu?
- Yarı yarı, bəlkə də yarıdan çoxu müharibənin oldu. Həm də səndən umacaqları olan insanlar var müvazinəti itirməməlisən.
- Çünki təkcə bir təşkilat rəhbəri, vətəndaş deyilsən, atasan, oğulsan, qardaşsan, dayısan, əmisən...
- Həmkəndlisən, el oğlusan, sənə dikilən gözlər var, ümid yerisən. Bu qapı hər gün dəfələrlə döyülür, açılır, qapanır, problemlər çözülür. Hər gün qapısı döyülən adamam.
- Bu missiya əslində hamının üstündədir, həm də hamıya aid deyil. Görünür, siz onların hamısının məsuliyyətini hiss edən, çiyinlərinizdə daşıyansınız, ona görə qapınız çox döyülür?
- Atam doğulanda Umud dedi mənə...
- Sizin də umud dedikləriniz böyümüş olar?
- Üç övladım var, iki qızım bir oğlum. Böyük qızım ailə qurub, pedaqoji kollecdə dərs deyir, üç nəvəm var. O biri qızım Əl Cəzirə kanalında işləyir, Britaniyada universitet bitirib. Oğlum Amerikada təhsil alıb, dönüb bura, bir yerdə çalışırıq. Məmnunam həyatımdan. Narazı olduğum yalnız müharibənin yaratdığı fəsadlardır. Şəxsi zəmində boynuma düşəni etmişəm. Çalışmışam qəlb qırmayım, haqq yeməyim, qarışqa əzməyim. Dost tutmağa çalışmışam.
- Həyatınızı yönləndirə bilirsiniz, yoxsa axara düşüb gedir?
- Yox, mən ölçülü-biçili adamam. Vaxtımı və hədəfimi bəlli etməyə çalışmışam. Çox rahatam, günahım yoxdur.
- Ömrü yarılamışam deyirsiniz, gələn illəri necə yaşamaq istərdiniz?
- Doğulanda artıq insan həyatının ssenarisi, çalarları çəkilir. İstərdim o çalarlar dəyişməsin, elə olduğu kimi davam etsin. Bəzən adamın özündən asılı olmayan hökmlər də olur. İşlər çoxdur, davam etmək lazımdır. Çərçivəyə salsan özünü, tez tükənərsən. Həyatını dünyayla bağla, əhatən böyük olsun, dairən geniş olsun gərək.