Uruqvayda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ona etiraz edən ermənilərə “Bozqurd işarəsi” göstərməsi böyük gündəm oldu.
Məsələ hətta AŞPA səviyyəsində müzakirə edildi. Dünən isə AŞPA-nın yaz sessiyasında çıxış edən Milli Məclisin deputatı Kamal Cəfərov məsələyə özünəməxsus reaksiya verdi. O, diqqəti Mövlud Çavuşoğlunun bu hərəkətinə yönəldərək beynəlxalq təşkilatın toplantısında “Bozqurd işarəsi” göstərdi:
“Cənab Çavuşoğlunun göstərdiyi işarədəki Bozqurd - qədim türk totemidir. “Google”da axtarış etsəniz, görəcəksiniz ki, hətta Barak Obama da "Bozqurd işarəsi" göstərib. Ona görə də göstərdiyim "Bozqurd işarəsi" ilə bağlı heç bir problem yoxdur".
O, bu sözləri deyərkən, özü də “Bozqurd işarəsi” göstərib.
Qeyd edək ki, Çavuşoğlunun “Bozqurd işarəsi” göstərməsindən sonra Türkiyənin Uruqvaydakı səfiri Hüseyn Müftioğlu həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinin yerli ermənilərin qəzəbinə səbəb olduğu bildirilib.
Sözü gedən hadisə ilə bağlı videonu təqdim edirik: