ABŞ siyasətində yeni dalğalanmalar və dünya düzəni
23 yanvar 2021 17:14 (UTC +04:00)

ABŞ siyasətində yeni dalğalanmalar və dünya düzəni

Dünya çapında olduğu kimi, Amerika Birləşmiş Ştatlarında da tarix baxımından maraqlı hadisələrə şahidlik edirik. Özünü “demokratiyanın beşiyi” hesab edən Amerikada ardarda “demokratiya” dalğaları qabarmaqdadır. Əslində nə baş verir, supergüc özünün demokratik dəyərlərinin tənəzzülünü yaşayır, ya “seçilmişlərin demokratiyası” yeni mərhələyə hamilədir? Yeri gəlmişkən, Maykl Parenti özünün “Seçilmişlərin demokratiyası” əsərində ABŞ idarəetməsinin xarakterik dəyərləri haqda maraqlı iddialarla çıxış edib. 

Hesab edirəm ki, ABŞ-da baş verən hadisələri son illər ərzində ölkə daxilində cərəyan edən hadisələr fonunda təhlil etmək daha düzgün nəticələr əldə etməyə imkan verər. Amerika uzun onilliklər ərzində anqlo-sakson protestant elektoratın maraqlarının təmini və onların şəksiz iradəsi altında idarə olunub. Təbii ki, bu maraqlar super dövlətin xarici siyasətinin də başlıca maraq xəttini təşkil edib. Bu siyasət xüsusilə, ağ mühafizəkarlara arxalanan Respublikaçılar hakimiyyətdə olduqları idarəçilik dönəmində daha qabarıq formada özünü göstərib. Lakin Amerika tarixinin son onilliklər üzrə seçki ənənəsində əhəmiyyətli dəyişikliklər baş verməkdədir. İlk seçkiləri qazanan namizəd ikinci dönəm seçkilərində hər zaman rəqibindən bir addım öndə olub: amerikalılar ikinci şansın verilməsinə daha meylli olublar. Trampın timsalında isə biz bu yanaşmanın əksini gördük. Bu situasiyanın yaranmasında Trampın şəxsi keyfiyyətləri, dövlət siyasətinə emosiyalarını qatması, “dövlət adamı” olmaması, Rusiyanın adamı (bəzilərinin düşüncələrinə görə hətta, Putinin adamı) olması iddiaları ilə yanaşı, son illər sayı və siyasi aktivliyi kəskin şəkildə artan afroamerikalıların Amerika siyasətində yeri və rolunun durmadan genişlənməsi də əhəmiyyətli amilə çevrildi. Amerikanın demoqrafik proseslərinə əhəmiyyətli təsir edən miqrant və afroamerikalıların ölkə siyasətində aktiv iştirakçıya çevrilmələri Demokrat və Respublikaçıların elektoratı sırasında ciddi dəyişiklərlə müşayət olunmağa başladı. Lakin demokratların etirazçı xalq kütlələrinə qarşı addımlarını da demokratik mübarizə forması ölçülərinə sığdırmaq mümkün deyil. Xüsusilə, etirazçılara qarşı odlu silahdan istifadəni, Konqres binasının, şəkildən də göründüyü kimi, Tramp tərəfdarlarından ordu qüvvələrinin köməkləyi ilə qorunmasını demokratların “demokratiya prinsiplərinə sadiqliyinin” göstəricisi kimi qəbul etmək olar.

Co Bayden dönəmi: “yeni problemlər” axtarışı...

Beləliklə, Amerikada Tramp dönəmi başa çatdı, lakin, hakimiyyətdən gedərkən belə “Rusiyanın adamı” həm ABŞ və Rusiya, eyni zamanda bütövlükdə dünya üçün müəyyən problemlərin təməlini qoymağı da unutmadı. Düzdür, Tramp və komandasından fərqli olaraq, Co Bayden və demokratlar dünya siyasətində daha aktiv oyunçuya çevrilməyə iddialıdır və formalaşdıracağı komandasına namizəd şəxslərin seçimi ən yaxın dövrdə yeni “problemlər axtarışına çıxacağını” deməyə əsas verir. Məsələn, Milli Təhlükəsizlik Surasında Rusiya və Mərkəzi Asiya üzrə direktorluq yaradılır və rəhbər Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə baş analitiki olmuş Kendall-Teylor təyin edilir. Mərkəzi Kəşfiyyat İdarəsinə isə, Rusiyada səfir olmuş Börns gətirilir. Bu və sadalamadığımız bir çox təyinatlar yeni komandanın hədəfini müəyyən etmək üçün kifayət edir. Hədəf isə dəyişilməz olaraq qalır: Rusiyanın mümkün qədər zəiflədilməsi, mümkün olarsa, sıradan çıxarılması. Hədəf müəyyən olduğundan geriyə qalan zərbə nöqtələrinin və istiqamətlərin seçilməsi prosesidir. İlkin işartılar və əlamətlər görünməkdədir: Rusiyada mövcud hakimiyyətə müxalif populist rəqibin (A.Navalnı) ölkəyə geri göndərilməsi, Şimal axını-2 layihəsinin reallaşmasına maneələrin yaradılması, son dövrlər Rusiya ilə müttəfiq münasibətlərinə daha çox önəm verən NATO üzvü Türkiyənin (xatırladaq ki, Rusiya və Türkiyə tarixdə ilk dəfə Qafqaza münaqişə tərəfləri kimi yox, müttəfiq kimi daxil olublar) Rusiyadan uzaqlaşdırılması istiqamətində addımlara start verilməsi (Türkiyənin xüsusilə gərgin münasibətlərdə olduğu Fransa ilə prezidentlər səviyyəsində isti məktublaşmaların başlanmsı), Ukrayna və Moldovada Rusiya siyasəti əlehinə fikirlərin daha hündürdən və daha yüksək səviyyələrdə səslənməyə bağlaması (Maya Sandunun Dnestryanı ərazilərdən rus sülhməramlıların qeyri şərtsiz çıxarılması ilə bağlı bəyanatı) və sair addımlar fikrimizi təsdiq edir. Əlavə edək ki, Bayden inaqurasiya mərasimində etdiyi çıxışında da əsas fəaliyyətlərinin rəqib Rusiyaya mümkün problemlər yaratmaq olduğunu sətiraltı formada olsa da, çatdırmağa çalışdı. Yeni prezident çıxışı zamanı maraqlı gedişlər etməyi də unutmadı: Türkiyənin S-400-lərlə bağlı addımları qəbuledilməzdir, əvəzində 4 ildən sonra İranla əməkdaşlığa yaşıl işıq yandırılır...

Demokratların qələbəsi: Amerika və müttəfiqlərinin Qafqaz siyasəti

Qarabağda hərbi əməliyyatların dayanmasını və atəşkəs əldə olunmasını təmin edən üçtərəfli 10 noyabr Bəyanatı eyni zamanda ABŞ və Fransanın timsalında Avropanı oyundankənar vəziyyətə saldı. Başı daxili proseslərə - prezident seçkilərinə qarışan Amerikadan fərqli olaraq Fransa baş verənlərin mahiyyətinə daha tez vardı və ardarda qanunverici orqanın hər iki palatasında razılaşmaya zərbə vuran, heç bir halda sülhə və qanunların aliliyinə xidmət etməyən qərarların qəbul edilməsi ilə əks həmləsini etmiş oldu. Təəssüflə qeyd etməliyik ki, Ermənistan cəmiyyətində, xüsusilə mövcud rejimə müxalif qüvvələr sırasında da Fransanın bu təxribatına dəstək verən qüvvələr tapıldı. Lakin Azərbaycan və arbitr kimi Rusiyanın düşünülmüş və qarşılıqlı fəaliyyətləri nəticəsində bu istiqamətdə pozuculuq addımları hələ ki, xırda təxribatlar dərəcəsini aşa bilməyib. Amma, artıq ABŞ-da daxili proseslərdə aydınlanma baş verib, Demokratlar hakimiyyəti əldə ediblər. Beləliklə, Amerikanın bir çox istiqamətlərdə olduğu kimi, Qafqaz siyasətində də aktivləşəcəyi və münaqişənin tənzimlənməsi prosesinə qoşulmaq istiqamətində cəhdlər edəcəyi şübhəsizdir. Xarici işlər naziri Sergey Lavrovun yanvarın 18-də jurnalistlərin suallarını cavablandırarkən ATƏT Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirləri də Rusiyanın bu istiqamətdə maraqlı və düşünülmüş gedişi kimi qiymətləndirmək olar. Eyni zamanda unutmaq olmaz ki, 10 noyabr Bəyanatının 5-ci bəndi, eləcə də Rusiya və Türkiyə müdafiə nazirləri arasında imzalanmış 11 noyabr bəyanatı ilə münaqişənin tənzimlənməsi mərhələsində artıq dörd tərəf iştirakçıya çevrilib.
Beləliklə, hesab edirəm ki, Bayden admnistrasiyası strateji alanda həm də Türkiyə siyasətinə yenidən baxmaqla münasibətləri tənzimləməyə (ilk dövrlər üçün uğurlu “bazarlığa” xidmət edən müəyyən təzyiq vasitələrinin işə salınması mümkündür), Türkiyənən bölgədə rolunun artmasına dəstək verərək əlavə imkanlar yaratmaqla Rusiyanın Qafqazda mövqelərinə zərbə vurmağa çalışacaq. Türkiyə və Rusiyanın bu addımlara qarşı adekvat reaksiyasından asılı olaraq, hadisələr fərqli istiqamətlərdə inkişaf edə bilər. Bu baxımdan Rusiyanın Türkiyə ilə bir çox məsələlərdə, eyni zamanda müxtəlif bölgələrdə, eləcə də Qarabağda birgə sülhməramlı missiyalarda daha çox uzlaşmaya meylli davranacağını düşünmək olar. Belə olacağı təqdirdə, ABŞ və Fransa həmsədr kimi, münaqişənin tənzimlənməsinin növbəti mərhələsinin, xüsusilə, münaqişə edən cəmiyyətlər arasında qarşılıqlı etimad mühitinin, azərbaycanlı və erməni icmaları arasında inam və etibarın formalaşması prosesinin iştirakçısına çevrilə bilərlər.
Türkiyə və Rusiya arasında qarşılıqlı razılaşmada hər hansı problemlərin yaranması, həm də tərəflərdən kimin günahkar olmasından asılı olmayaraq, Qafqazda əldə olunmuş kövrək atəşkəsə və tədricən yaranmağa başlayan qarşılıqlı razılaşma, barışıq meyllərinə ciddi zərbələr vurmuş olar.

Anar Əliyev,
Tarix üzrə fəlsəfə doktoru, politoloq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar