Ombudsman Gəncəyə növbəti raket atəşi ilə bağlı beynəlxalq təşkilatlara bəyənat ünvanladı
17 oktyabr 2020 16:22 (UTC +04:00)

Ombudsman Gəncəyə növbəti raket atəşi ilə bağlı beynəlxalq təşkilatlara bəyənat ünvanladı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın 17 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı bəyənat yayıb.

Ombudsman Aparatından Lent.az-a verilən məlumata görə, bəyənatda deyilir: “İşğalçı Ermənistan Respublikası öz təcavüzkar siyasətini davam etdirərək  Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi olaraq məqsədli şəkildə qəsdən raket atəşinə tutur. Bununla da BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozur.

Bir daha təəssüf hissi ilə bəyan edirik ki, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam edən Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissələrini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutmuşdur. İlkin məlumatlara görə 3-ü azyaşlı olmaqla 13 nəfər mülki şəxs həlak olmuş, 52 nəfər yaralanmışdır, 2 uşağın taleyi barədə məlumat yoxdur, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Dağıntılar altında qalmış şəxslərin xilas edilməsi işləri isə hələ də davam edir.

Bununla da BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikası törətdiyi hərbi təxribatlarla Azərbaycanın dinc əhalisini hədəfə alaraq növbəti dəfə müharibə cinayəti törətmişdir.

Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Gəncə şəhərinin və regionun enerji təhlükəsizliyi üçün stateji əhəmiyyətli Mingəçevir şəhərinin, habelə digər yaşayış məntəqələrinin  Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq qəsdən raket atəşinə atəşinə tutulması monoetnik dövlət olan işğalçı Ermənistanın beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Halbuki, beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Cenevrə Konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb edir.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti insan hüquqları sahəsində beynəlxalq sənədlərin, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının, “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozmaqla sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirir. Bu cinayətlər nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi tədbirlər görülməlidir.

Buna görə də təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini ədalətli mövqe nümayiş etdirməklə susmamağa çağırır, işğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasından sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə və terror cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən imperativ xarakterli qətiyyətli qərarlar qəbul etməyi bir daha tələb edirik”.

Bəyənat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar