Tanrı bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik!
Dünəndən başlayan döyüşlər əlbəttə ki, bütün mövzuları geridə qoydu. Cəmiyyət çalxalanır. Hər başlayan döyüş, təbii ki, uzun illərdir Azərbaycan insanının arzusunda olduğu qələbəyə ümid verir.
Faktdır ki, Azərbaycan ordusu döyüşdə düşmənə lazımi cavabı verə biləcək gücə malikdir. Düşmənin artıq rahatlıqla bir-bir rayonlarımızı işğal etmək kimi niyyətinin baş tutması, sözsüz ki, mümkün deyil.
Lakin ortaya bir sual çıxır: Biz cəmiyyət olaraq, ordumuz qədər döyüşə hazırıqmı? İki gündür başlayan döyüşlərə reaksiya sosial şəbəkələrdə daha aydın görünür. Şübhəsiz ki, cəmiyyətin böyük əksəriyyəti uşaqdan böyüyə həyəcan içindədir. Ancaq bu həyəcan özünü müxtəlif şəkildə göstərdi. O, bəzilərini ruhlandırdı, qanadlandırdı, vətən deyib bir çoxları öz şəklini Azərbaycan bayrağına bürüdü. İnsanlar könüllü şəkildə döyüşə getməyə hazır olduqlarını bütün dünyaya göstərdilər.
Bəzilərinin isə reaksiyası sırf qorxu hissinə bağlandı. Bu qorxu hissini "humanizm, bəşəri sevgi, insan həyatının yüksək dəyəri" kimi şüarlarla ört-basdır etdilər. Amma doğrusu budur ki, ikinci qrupa daxil olan insanlar müharibə adı gələndə ölüm qorxusu keçirirlər, panikaya düşürlər, isterikaya qapılırlar və bu, təbiidir, buna görə kimsə suçlana bilməz.
Lakin bu iki gündə bilərəkdən sabotaj xarakterli yazılar və fikirlərlə çıxış edənlər də oldu. Bu yazılardan belə bir təəssürat yaranır ki, sanki döyüşün başlaması ilə ruhlanan Azərbaycan cəmiyyəti qan istəyir, müharibə xəstəsidir. Hər bir vətənpərvər şüar və çıxış lağ obyektinə çevrilir. Atəşkəs elan olunsa da, müharibə vəziyyətində olan bir ölkədə yaşayırıq. Torpaqlar işğal altındadır və bu məsələ bir yolla çözülməlidir. Bunu hamı dərk edir. Amma o yollara axtarışlar müxtəlifdir. Bu axtarışlara gedən yollarda çox həssas olmaq lazımdır. Unutmayaq ki, biz yollar axtararkən gənc əsgərlərimiz və ya peşəkar zabitlərimiz bir yol bilir - düşmənin hücumun savaşla dəf etmək. Biz bizi qoruyan əsgərə hörmətlə yanaşmağı bacarmalıyıq. Bu səbəbdən də sosial şəbəkələrdəki fikir və çağırışlarınızda diqqətli olun.
Təbii ki, heç bir normal insan müharibənin başlamasını istəməz. Müharibə özü ilə sonsuz fəlakətlər gətirən bəladır. Bəli, biz bu iki gündə şəhid verdik. Onlar üçün göz yaşı axıdan da bizlərik. Onlar üçün qan tökməyə hazır olan da bizlərik. Lakin çoxları başa düşmür ki, savaşın nə səbəbkarı, nə də onu başladan bu gün savaş tərəfdarı olan soydaşlarımız deyil - Ermənistan və onun əbədi ağasıdır. Dünənki qanlı döyüşləri də biz başlamadıq.
Biz savaşın başlamasını yox, bitməsini istəyirik və acı həqiqətdir ki, istənilən savaş yalnız savaşla bitir. Barış savaşın son nöqtəsidir. Əgər bu konfliktin barış nöqtəsinə çatmamışıqsa, deməli, savaş bitməyib.
Bu qanı biz tökmürük, ölən də günahsız erməni deyil, əlində silahla gələn erməni və rus əsgərləridir. Onlar onsuz da bizi öldürməyə gəliblər - biz onlara qarşılıq versək də, verməsək də, qanımızı axıdacaqlar. Necə ki, Xocalıda etdilər.
Yaxşı, bəs biz nə etməliyik?
Bəzilərinin populist və sifarişli fikirləri kimi xalqlar dostluğundan, birgə yaşayışın mümkünlüyündənmi danışaq?
Qafqaz regionunda yaranan münaqişələrin yaradıcısının və idarəedicisinin kim olduğunu bilmirsinizmi?
Hansı məntiqə və təhlilə söykənərək bu zərərli fikirləri yayırsınız. Təbii ki, regionda sülh və qonşuluq münasibətlərinin bərpası arzulanan haldır.
Ancaq bunu söyləyərkən Azərbaycan və Ermənistanın gələcək münasibətlərinə iki aspektdən yanaşmaq lazımdır.
1. Xalqların qonşu olaraq quracağı münasibətlər;
2. Bu regionda marağı olan başqa dövlətlərin həmin münasibətlərə baxışı
Əlbəttə, iki xalqın müharibə zamanı baş verənləri unudub, heç nə olmamış kimi yaşaması mümkün deyil, yaralar çox dərindir. Lakin nəzərə alaq ki, dünyada əksər qonşu xalqlar bir-biri ilə nə vaxtsa uzunmüddətli savaşlar aparıblar. Sonra da maraqları tələb etdiyi zaman bir-biri ilə loyal siyasi əlaqələr qura biliblər. Deməli, bizim də nə zamansa ermənilərlə dostluq deyil, ən azından, ümumi region maraqları baxımından siyasi əlaqələr qurmağımız məntiqlidir.
Bu, tarixin gedişatıdır, insan cəmiyyət yaratmağa başlayandan yaxın ətrafı ilə qurduğu münasibətlərin məntiqi nəticəsidir. Əbədi savaş olmur.
Digər məsələ bizim milli mənsubiyyətimizlə bağlıdır.
Biz türkük. Özümüz vaxtaşırı bunu unutsaq da, dünya unutmur və bir ovuc xristian erməni hər zaman türkə qarşı istifadə olunacaq ən gözəl silahdır. Əgər regionda türkü vurmaq lazımdırsa, cinayət alətinin yenə erməni olacağı ağlabatandır.
Nə zaman erməni cəmiyyətinin düşünən beyinləri ikinci aspektdən yox, birincidən yanaşmağa başlasalar, o zaman qonşuluq münasibətlərinə nikbin baxmağa ümid yarana bilər.
Bu gün tez-tez səslənən dostluq şüarları, xalqların günahının olmaması fərziyyəsi absurd bir məntiqə söykənir və siyasi cəhətdən ciddi analiz edilməmiş populist çıxışlardır.
Bu, ona bənzəyir ki, qatilə bəraət qazandırmaq üçün vəkil onun günahkar olmadığı, qətlin sifariş edildiyi iddiasında bulunur. Halbuki qatil bütün hallarda günahkardır.
İllərdir erməni ziyalıları, dindarları, fəhlələri, kiçiyi-böyüyü “türk düşməndir” şüarı ilə qidalanır. Bu psixologiya ilə yaşayan xalq birmənalı şəkildə ondan cinayət aləti kimi istifadə olunmasına zəmin yaradır.
Təfəkküründə başqa bir etnosa qarşı patoloji nifrət bəsləyən ermənilər sifarişçi kim olursa-olsun, bu savaşın əsas günahkarlarıdır.
Bəli, barış olacaq. Çünki bütün savaşlar sonunda barışla nəticələnir.
Bəli, biz savaş istəyirik. Savaşı bitirmək üçün, barışa qovuşmaq üçün savaş istəyirik.
Bizi barışa aparmaq üçün savaşan əsgərlərimizə də “Var olun!” deyirik.
Anar Əsədbəyli