Urmiya problemi: dərdimiz və dərsimiz - TƏHLİL
06 sentyabr 2011 15:46 (UTC +04:00)

Urmiya problemi: dərdimiz və dərsimiz - TƏHLİL

Aprel ayında bir stəkan suyu gölə tökərək, «Urmiya gölü susuzluqdan yanır!», «Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmasa, gec olacaq!», «Uzun yaşa, Azərbaycan!» və digər şüarlarla keçirilən aksiyalarda 70 nəfər həbs olunub. Həmin vaxtdan bəri İran hakimiyyət orqanlarına və parlamentə edilən müraciətlərlə davam etdirilən etirazlar bu il avqustun 27-də yenidən küçə yürüşlərinə çevrilib.

Bu etirazların əks olunduğu ən böyük aksiya hələlik sentyabrın 3-də keçirilib. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil şəhərlərində, paytaxt Tehranda keçirilən aksiyalara polis müdaxilə edib, çoxlu sayda yaralı və saxlanılan var. Bəzi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlər olub. Digər məlumatlarda isə rəsmi Tehranın aksiyaların qarşısını almaq üçün yerli azərbaycanlıların yaşadığı şəhərləri nəzarətə götürdüyü, hündür mərtəbəli binaların üstündə snayperlər yerləşdirdiyi bildirilir.

İran hakimiyyət orqanları son aksiyalarda 60 nəfərin saxlanılması barədə məlumat yayıb.

Urmiya gölü niyə quruyur?

Urmiya gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün adı «suda yaşayış yeri» anlamını verir.

Rza Pəhləvinin hakimiyyətdə olduğu 1937-ci ildə gölün adı rəsmi mənbələrdə onun şərəfinə «Rzaiyyə» adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, oğlu Məhəmmərza Pəhləvinin dövründə gölə «Rzaiyyə», «Rzaiyyə gölü», «Kəbudan», «Çiçsit» kimi adlar verilib. İran inqilabından sonra isə şahla bağlı adlar ləğv edildiyindən gölün adı da “amnistiyaya düşüb”.

Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmiya gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır.

Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmiya gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar var və bölgə turizm üçün çox əlverişlidir.

Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur.

1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib.

Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar.

2009-cu ildə prezident seçkisindən öncə Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən iclasda Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyasının yaradıldığı elan olunsa da, indiyə qədər bu komissiyanın heç bir əməli fəaliyyəti olmayıb.
Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi su hövzəsi ətrafında çoxsaylı problem yarandığını etiraf edib, gölü xilas etmək üçün əllərindən gələni edəcəklərini bildirib.

Lakin elə həmin il, komissiyanın yaranmasından dərhal sonra gölün quruması probleminə münasibət bildirən Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani deyib: “Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir. Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar”.

İran parlamentinin bu ilin avqustunda keçirilən toplantısında da Urmiya gölünün quruması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bucnurddan olan parlament üzvü Musəlrza Sərvəti “Urmiya gölü ətrafındakı əhali vaxtkən başqa yerə köçsün, gedib başqa işlə məşğul olsun, onsuz da o göl quruyacaq. Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki, gölün iki ilə quruyacağını söyləyirsiniz, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?” deyib.

Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri Urmiya gölünün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı bilgilər veriblər.

Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın vəsaitin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat verib.

Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi isə onun yalan danışdığını söyləyərək, deyib ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünün mühafizəsinə 20 milyon dollar vəsait ayrılıb.

Güney Azərbaycanda nəşr olunan “Nəsimi Qaradağ” qəzetinin məlumatına əsasən, vali deputatın dediklərinə işarə edərək, bildirib: “Onun fikrincə, təkcə Araz çayından gölə su gətirmək üçün bir trilyon tümən (bir milyard dollar) maliyyə vəsaiti lazımdır”.

Bütün bu müzakirələrin sonu isə İran parlamentinin bu il avqustun 16-da keçirilən iclasında “Urmiya gölünün dirçəldilməsi” layihəsi rədd edilib.

Sentyabrın 3-də keçirilmiş və beynəlxalq aləmin diqqətini çəkən aksiyalardan sonra isə İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədzadə Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu layihəni həyata keçirmək üçün isə hökumət tərəfindən 900 milyon dollar vəsait ayrılıb”.

İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini isə jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr apardığını və qərarlar qəbul olunduğunu deyib: “Urmiya gölünün xilası üçün prezidentin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür. Araz çayından suyun Urmiya gölünə axıdılması məqsədilə bu ilin dövlət büdcəsindən 25 milyard tümən (22 milyon dollar) vəsait ayrılıb».

İranın iki rəsmi şəxsi eyni sənədlə bağlı bir-birindən fantastik fərqi olan iki rəqəm açıqlayıb.

Assimilyasiya siyasəti

İran hakimiyyətinin Urmiya gölünün quruması prosesinə bu cür laqeyd yanaşmanın məqsədi isə mərkəzi gölün ətrafındakı Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Çünki yalnız yerli azərbaycanlılardan ibarət olan bölgədəki əhalinin əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcək. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək.

Bundan əvvəl də rəsmi Tehran ərazidə assimilyasiya siyasəti yürüdüb. İran hakimiyyətinin dəstəyi ilə Qərbi Azərbaycan ərazilərinə etnik kürdlərin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələn, 1979-cu il inqilabından sonra Qərbi Azərbaycandakı Soyuqbulaq, Badam kəndləri müxtəlif vaxtlarda kürd terror qruplaşmalarının silahlı basqılarına məruz qalıb. Belə terror aksiyaları nəticəsində müdafiəsi olmayan dinc əhali ərazini tərk etmək məcburiyyəti ilə üzləşib. Həmin ərazilərə isə bir müddət sonra digər ölkələrdən gəlmiş kürdlər yerləşdirilib. Bu ərazilər Güney Azərbaycanın Türkiyə Respublikası ilə sərhədində yerləşir.

Bir neçə il öncə Sənədəc şəhərindən olan deputat Bəhaəddin Ədəb Urmiya şəhərinin «kürdlərə aid olduğunu» vurğulayıb, Urmiya bələdiyyə şurasının üzvü, kürd etnik qrupuna aid olan Xədicə Mənsuri də bu şəhərin «kürd şəhəri» olduğunu söyləyib. O, buradakı Azərbaycan türklərini «qonaq» adlandırıb.

Rəsmi Tehrana yaxınlığı ilə tanınan «Came-Cəm» qəzeti isə internet səhifəsində «Böyük Kürdüstan»ın xəritəsini yerləşdirərək, Güney Azərbaycan şəhərlərini kürd şəhərləri kimi təqdim edib. Bütün bunlarla bağlı yerli azərbaycanlıların etirazları isə nəzərə alınmayıb.

İran hökumətinin 2006-cı ildə apardığı rəsmi siyahıyaalma nəticəsində açıqladığı rəqəmlərdə Qərbi Azərbaycan əyalətinin əsas şəhəri olan Urmiyanın əhalisinin sayı 580 min nəfər göstərilib. Şəhər əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri, az sayda isə kürdlər, ermənilər və assurlardır.

Rəsmi Tehran dəfələrlə edilən müraciətlərə baxmayaraq, Urmiya şəhərində tarixi abidələrin və məhəllələrin dağıdılması prosesini də dayandırmayıb.

Urmiya şəhərindəki tarixi «Gülüstü» məhəlləsində yerləşən qədim «Lütfəlixan məscidi» artıq uçmaq üzrədir. Məlumata görə, 4-5 il öncə şəhərin hazırda «İmam» xiyabanı adlanan küçəsində «Şeyx Əlixan Hamamı» da «Sərdaran» prospektinin salınması adı altında sökülüb. Urmiya şəhərindəki «Doqquz pillə buzxanası»nın adı dəyişdirilərək, “Yəxçəle nohe-pille” olub.

Qoşaçayın adını Miyandoab, Soyuqbulaq isə Mahabad kimi səsləndirilib. Bundan başqa, Xana şəhəri Piranşəhr, Sulduz Nəğədə, Qızıl Xənəyə Xaneqahe-Sorx adlandırılıb.

Bir müddət öncə İranın Mədəniyyət Nazirliyinin saytında şirkətlərə xəbərdarlıq mətni yayılıb: “Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dil və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların dillərində istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq”.

Urmiyanı nə gözləyir?

2006-cı ilin mayında Tehranda çıxan «İran» adlı rəsmi dövlət qəzetində türklərin aşağılanmasına dair material Güney Azərbaycan türklərinin İslam Respublikasının pəhləvilərdən mənəvi, siyasi, sosial, ideoloji cəhətdən fərqlənmədiyini sübut edib. Urmiya gölünün qurumasına rəsmi Tehranın laqeyd münasibəti isə yerli azərbaycanlılara münasibətin kəskinləşdiyini bir daha təsdiqlədi.

Ekspertlərin fikrincə, indi rəsmi Tehran vədlərlə yerli azərbaycanlıları sakitləşdirməyə çalışır, etiraz aksiyalarının təşkilatçılarını isə müxtəlif cəza üsulları ilə prosesdən çəkindirməyə cəhd göstərir.

İndi İran mediasının və deputatların əsas tezisi, “ərazidə ekoloji tarazlıq pozulduğundan, Urmiya gölünün quruması “duz sunamisi” yaradacağı uçun çıxış yolunun ərazini boşatmaq olması” şəklindədir. Buna etiraz edənlər isə “xarici dövlətlərdən maliyyələşənlər”, “separatçılar” adı ilə həbs olunur, müxtəlif repressiyalara məruz qalırlar.

Yerli azərbaycanlılar isə keçirdikləri etiraz aksiyaları ilə bir daha dünya ictimaiyyətinə İranda 35 milyonluq bir xalq olduğunu xatırlatdılar. Onu da yada sala bildilər ki, bu xalqın elementar insan haqları təmin olunmur, yaşadıqları ərazi isə ekoloji fəlakət ərəfəsindədir....


Susqun Türkiyə

Türkiyə rəsmiləri, siyasiləri və mətbuatının son vaxtlar Orta Şərqdə apardığı siyasət, Fələstin məsələsində vasitəçilik edəcək qədər fəallıq, Somali aclarına yardım aparılması, Suriya müxalifətinə dəstək vermə taktikası, Hatayda “Suriya çadır düşərgəsi” qurulması, Liviyadakı xəstələrin müalicəsini üzərinə götürməklə bağlı fəaliyyətlərini bütün dünya izləyir. Türkiyə mediasında Qəzza və Somali ilə bağlı xəbərlər say etibarilə yerli xəbərləri çoxdan ötüb.

Güney Azərbaycanda baş vermiş hadisələrlə bağlı isə Türkiyə mediası demək olar ki, heç nə yazmadı və yazmır. Halbuki Türkiyənin bütün böyük agentliklərinin və televiziyalarının İranda təmsilçiləri var və onların Suriya və Liviyada olduğu kimi İrandan da birbaşa reportaj vermək, videogörüntülər yaymaq imkanı var.

Azərbaycan KİV-i isə bu sahədə çox məhdud imkana malikdir. Çünki İran Azərbaycan əhalisi uçun viza rejimini ləğv etsə də, yerli KİV-lər bu ölkəyə yalnız xüsusi viza ilə gedə, orda görəcəkləri işlərin siyahısını əvvəlcədən İranın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Azərbaycan KİV-inə İranda təmsilçilik verilməsindən isə bu ölkənin müvafiq orqanları birmənalı imtina edirlər. Azərbaycan KİV-i ilə əməkdaşlıq edən, telefon, e-mail və digər vasitələrlə məlumat və müsahibələr verənlər isə İran xüsusi xidmət orqanları tərəfindən təqib və təzyiqə məruz qalır. Amma bu amil də prosesdə xeyli susqun olan Azərbaycanın elektron və yazılı mediasına haqq qazandırmır...

(APA)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar