Azərbaycanda ordu quruculuğu müasir mərhələdə - IV YAZI
Hərbi hissənin yerləşdiyi ərazidə məskunlaşmış yerli əhali ilə münasibəti də ordu-cəmiyyət əlaqələrində böyük əhəmiyyət kəsb edir. Yerli əhali ilə əlaqədar baş verən hər hansı bir insident sürətlə yayılır və ordunun nüfuzuna böyük təsir göstərir.
Hərbi kollektivi izolyasiya vəziyyətində saxlamaq təbii ki, qeyri-mümkündür və bu heç bir effekt verməz. Ən düzgün yol yerli əhali ilə sağlam əməkdaşlıq yoludur. Bəzən elə hallar baş verir ki, yerli əhalinin köməyinə ehtiyac yaranır. Bu halla ən çox sərhəd zonalarında, düşmənlə təmas sahələrində, çətin relyefi və iqlimi olan ərazilərdə rastlaşmaq mümkündür. Digər tərəfdən, yerli əhalinin də hərbçilərin köməyinə ehtiyacı olur. Belə hallarda qarşılıqlı yardımlaşma ən effektiv yol hesab oluna bilər.
Hərbi qulluqçular yerli əhali ilə münasibətdə ordunun nüfuzunu ləkələməməyə çalışmalı, hərbi formanı gözdən salmamalıdırlar. Ac gözlük, kobudluq, əxlaqsızlıq, tərbiyəsizlik, oğurluq, özünü apara bilməmək, eqoistlik, danışığına sərhəd qoymamaq kimi hallar ordunun nüfuzunu gözdən salmağa xidmət edir.
Ordunun yerli əhali ilə münasibətlərinin düzgün məcrada inkişaf etməsində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr körpü rolunu oynayırlar. Xalqımızın övladları olan əsgərlərimizin problemləri ilə maraqlanmaq, bu problemlərin həllinə kömək etmək təkcə cənab prezidentin işi deyildir. Ölkədəki bütün hərbi hissələrdə olmaq gərgin iş qrafikini də nəzərə alsaq, bir insanın fiziki imkanları xaricindədir. Lakin yerli idarəetmə orqanları bu işdə böyük rol oynaya bilərlər. Maraqlı insanlarla, yerli ziyalılarla, musiqiçilərlə görüşlərin, konsert proqramlarının, əyləncəli tədbirlərin təşkili hərbi kollektivin əhval-ruhiyyəsinə olduqca müsbət təsir göstərir. Bu hadisələr insanın yaddaşına həkk olunur və hərbi xidmətin ən yaddaqalan anlarına çevrilir. Bu tədbirlərin təşkilində yerli icra və özünüidarəetmə orqanları da fəal iştirak edə bilərlər.
Digər tərəfdən, qəzalar və təbii fəlakətlər zamanı əhali sıxıntı içində olarkən ordu özünü kənara çəkə bilməz. Odur ki, respublikada müxtəlif fəlakətlərin, o cümlədən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, əhalinin təhlükəsizliyinin təmin edilməsində komandanlığın razılığı ilə hərbi qulluqçular də fəal iştirak edirlər. Bu zaman yerli orqanlarla əməkdaşlıq etmək zərurəti yaranır. Buna görə də, yerli əhalinin, ordunun, yerli icra və idarəetmə orqanları arasındakı münasibətlər daim qarşılıqlı yardımlaşma və əməkdaşlıq istiqamətində inkişaf etməlidir.
Demokratik cəmiyyətdə digər maraqlı məqam ordu-QHT münasibətləridir. Bildiyimiz kimi, ordu güc strukturudur və təhlükəsizlik institutudur. O, dövlət sirri və açıqlanması milli təhlükəsizlik baxımından tövsiyə olunmayan çoxlu informasiyaya sahibdir. QHT isə mülki cəmiyyət institutudur. Bir çox sahələrdə olduğu kimi orduda da onlar, cəmiyyətin (bəzi hallarda isə, maliyyələşdirildikləri müxtəlif fondların, dövlətlərin, təşkilatların) maraqlarından çıxış edərək aşkarlığa nail olmağa çalışırlar. Bu isə, bir çox hallarda dövlətin təhlükəsizlik maraqlarını risk altında qoyur və hətta dünyanın ən demokratik ölkələrində də, praktiki olaraq qeyri-mümkündür. Əlbəttə, bu ölkələrin bir çoxunda orduya mülki nəzarət mövcuddur, lakin bu nəzarət milli təhlükəsizlik çərçivəsindən kənara çıxmır. Buna görə də, Azərbaycanda ordunun ictimaiyyətə qapalı olduğundan şikayət edən bəzi hüquq müdafiəçiləri, QHT-lər və media nümayəndələri yaxşı olar ki, bu problemin səbəblərini araşdırsınlar və informasiya təhlükəsizliyi sahəsində tez-tez misal gətirdikləri ölkələrin təcrübəsini daha yaxşı öyrənsinlər. Bir də, özlərinə belə bir sual versinlər ki, əgər, misal üçün, ABŞ-ın ərazisinin 20%-dən çoxu işğal altında olsaydı, ölkə müharibə şəraitində yaşasaydı, bu ölkənin rəsmiləri hərbi informasiyanın aşkarlanmasında nə dərəcədə maraqlı və alicənab olardılar?
Azərbaycanda bir maraqlı tendensiya da müşahidə olunmaqdadır. Respublikada fəaliyyət göstərən bəzi sahibkarlar və müəssisələr könüllü olaraq orduya kömək etməyə, ordu quruculuğunda dövlətə dəstək olmağa və əsgərlərin bəzi problemlərinin həllində könüllü olaraq iştirak etməyə çalışırlar. Bu, müsbət tendensiyadır və onun cəmiyyətdə daha geniş yayılmasını arzu edərdik.
Belə bir populyar sual var: “Əsgər nə istəyir?” Əsgər təbii ki, bir insandır və onun təbii tələbatları vardır. Bu tələbatlara hörmət etmək lazımdır. Hərbi xidmət sərt intizam və bəzi mülki hüquqlardan məhrumiyyətləri tələb etsə də, o, azadlıqdan məhrumetmə demək deyildir. Demokratik ölkəmizdə həbsdəki insanların da müəyyən hüquqları olduğu halda şərəfli əsgər adını daşıyan insanların ləyaqətinə və şərəfinə hörmət etmək, onların qayğıları ilə maraqlanmaq hər kəsin borcudur.
Həftə ərzində təkrarlanan işlər, günün nizam qaydası bəzən əsgərləri yorur və onları robotlaşdırır. Buna görə də hərbi hissədə mütəmadi olaraq mədəni-əyləncəli tədbirlərin keçirilməsi bu yükün azaldılmasına xidmət edir. Bu mənada, mədəniyyət işçilərinin, musiqiçilərin, teatr-kino xadimlərinin, şairlərin, yazıçıların, ziyalıların hərbi hissələrə mütəmadi səfərlərinin təşkil olunmasına, müxtəlif səpkidə, xüsusilə də vətənpərvərlik janrında bədii və sənədli filmlərin nümayiş olunmasına, hərbi hissənin fəallarının iştirakı ilə müxtəlif əyləncəli-mədəni tədbirlərin təşkilinə böyük diqqət verilməlidir. Bütün bunlar həm əsgərlərin mədəni istirahətinə, həm də vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Mülki həyatda hər gün televiziya ekranlarından izlədiyi məşhurları hərbi hissədə görən, onlarla canlı ünsiyyətdə olan əsgərlər cəmiyyət tərəfindən unudulmadıqlarını, cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını, xalq tərəfində necə sevildiklərini anlayırlar.
Demokratik cəmiyyətdə ən problematik məsələlərdən biri ordu-KİV münasibətləridir. Bu problem bütün ölkələrdə mövcuddur. Əslində problemin kökü o qədər də dərində deyildir. Media işçilərinin və hərbçilərin maraqları tez-tez toqquşur və bu adi haldır. Birincilər ictimaiyyətin maraqlarını təmsil edərək orduda tam şəffaflığa nail olmağa çalışırlar, halbuki bu, heç bir ölkədə nəinki mümkün deyildir, heç məqsədəuyğun da deyildir. Bəzən media işçiləri öz işlərinə o qədər aludə olurlar ki, hərbi məlumatların ictimaiyyətə aşkarlanması məsələsində ifrata vardıqlarını da unudurlar. Bəziləri isə, qeyri-peşəkarlığın qurbanına çevrilirlər.
Halbuki bir çox məxfi məlumatların aşkarlığı ordunun gücünü və hərbi əməliyyatların effektivliyini azaldır, müdafiəni və hücumu, müxtəlif manevrləri praktiki olaraq qeyri-mümkün edir. Lüzumsuz aşkarlıq, xüsusilə də müharibə şəraitində olan ölkələrdə, məxfi məlumatların düşmənin asan yeminə çevrilməsinə şərait yaradır, bir sözlə, “düşmən dəyirmanına su tökür”.
Digər tərəfdən, hərbi komandanlıq “hərbi əməliyyatın əsas gücü onun məxfi və gözlənilməz olmasındadır” prinsipindən çıxış edərək, başqa heç bir niyyət güdməyərək, KİV nümayəndələrinin hərbi hissələrə getmələrini, orada müxtəlif çəkilişlər aparmalarını bəzən məhdudlaşdırmağa və bu məsələləri nəzarət altında saxlamağa çalışırlar.
Yaşadığımız dövr informasiya dövrüdür. Bəzən düzgün hazırlanmış və təqdim olunmuş informasiya cəmiyyətdə çox böyük effekt yaradır. Onun gücü silahın gücündən də çoxdur. İnformasiya düşmənə nifrət hissi də yarada bilər, qorxu hissi də, vətənpərvərlik və mərdlik hisslərini oyada da bilər, qorxaqlıq sindromu yarada da bilər, düşmənin sıralarına çaxnaşma və qorxu sala da bilər, əks-effekt də doğura bilər. Buna görə də, ondan düzgün istifadə etmək lazımdır. Bu isə, peşəkarlıq tələb edir.
KİV ordunu düzgün təqdim etməyi bacarmalıdır. Əlbəttə, problemlərə göz yummaq da olmaz lakin hər bir sahədə olduğu kimi, orduda da müəyyən problemlərin olması təbiidir. Bu cür problemlərə bütün ordularda rast gəlmək mümkündür. Misal üçün, bir neçə il əvvəl ABŞ ordusunda xidmət keçən qadınların əksəriyyətinin cinsi zorakılığa məruz qalması haqqında məlumat verilmişdi.
Bir sözlə, cəmiyyətə təqdim olunan məlumatlar ordudakı müsbət meyllərin üstünə kölgə salmamalı, milli təhlükəsizlik maraqlarına zidd olmamalı və odunun nüfuzuna xələl gətirməməlidir. KİV nümayəndələri hərbi komandanlıq ilə münaqişə yox, əməkdaşlıq şəraitində öz xidməti vəzifələrini həyata keçirməyə çalışmalıdırlar. Ordudan hansısa məlumatı “oğurlayıb” onu bişməmiş cəmiyyətə təqdim etmək qeyri-peşəkarlıqdan xəbər verir.
Beləliklə, məsələnin kökündə sadə bir dilemma durur: “təhlükəsizlik, yoxsa demokratiya”. Ölkələrin əksəriyyəti təhlükəsizliyə üstünlük verir və ona cəmiyyətdəki demokratiyanın təminatı kimi baxırlar. KİV-ə və digər demokratik institutlara münasibətdə bunu aydın görmək olar.
Fərdi aspektdən yanaşdıqda isə, demokratiyanı seçənlərin də kifayət qədər çox olduğunu və onların da arqumentlərinin kifayət qədər əsaslı olduğunu görmək olar. Bu insanlar liberal dəyərlərə əsaslanaraq insanın, onun hüquqlarının və maraqlarının hər şeydən üstün olduğunu irəli sürürlər. Bu yanaşmaya görə ordu da digər institutlar kimi insan hüquqlarına hörmət etməlidir.
Əlbəttə, hər bir normal insan demokratiyaya can atır. Lakin dünya mükəmməl deyildir. Bu gün dünyanın hər yerində terror, ekstremizm, separatizm, etnik münaqişələr, qaçaqmalçlılq, adam oğurluğu, narkotika, müxtəlif növ cinayətkarlıq və s. geniş yayılmışdır. Bunlar demokratik cəmiyyətləri təhdid edirlər. Belə şəraitdə təhlükəsizliyə demokratiya prizmasından baxmaqdansa, demokratiyaya təhlükəsizlik prizmasından baxmaq daha məqsədəuyğun olardı.
Demokratiyaya təhlükəsizlik prizmasından baxmaq hərbi xidmətin bütün sahələrində tətbiq olunmalıdır. Əlbəttə bu, təhlükəsizlik çağırışlarından yeri gəldi-gəlmədi istifadə edərək hərbçilərin bütün hüquqlardan tam məhrum olunması, ədalətsizliyin baş alıb getməsi demək deyildir. Hərbi kollektivdə ədalətli və bərabər münasibət onu idarə etməyin əsas prinsiplərindən biridir.
Hərbi xidmətin, ümumiyyətlə, dünyəvi dövlət quruculuğunun ən problematik məsələlərindən biri dinə, vicdan və etiqad azadlığına münasibətdir. Demokratiya və plüralizm şəraitində cəmiyyətdə müxtəlif dinlər, cərəyanlar, təriqətlər və sektalar fəaliyyət göstərirlər. Bunların bəziləri gəncləri ekstremizmə və fanatizmə cəlb edib cəmiyyətin və dövlətin təhlükəsizlik maraqlarını təhdid edirlər. Beyinləri zərərli ideologiyalarla zəhərlənmiş gənclər vətənpərvərlik ruhuna zidd olan həyat tərzinə meyl etməyə, hərbi xidmətdən və məsuliyyətdən boyun qaçırmağa çalışırlar.
Hərbi kollektivdə bu cür gənclərin tərbiyə olunması çox müşkül bir məsələyə çevrilir. Dinlərarası ziddiyyətləri bir kənara qoyaq, bəzən namaz qılan gənclərlə qılmayanlar arasında və ya müxtəlif islam təriqətlərinə uyğun ibadət edənlər arasında müəyyən mübahisələr yaranır. Misal üçün, ictimai-siyasi hazırlıq dərslərində keçilən Babək xürrəmi ilə bağlı mövzu belə bir mübahisə doğurur. Mövzuya əsasən xalq qəhrəmanı, Azərbaycan xalqının azadlıq və mübarizlik simvolu kimi təqdim olunan Babək Xürrəmiyə münasibət namaz qılan gənclər arasında heç də birmənalı olmur. Çünki onlar mövzuda işğalçı kimi təqdim olunan ərəb qoşunlarını əslində tək olan allahın iradəsini yayan, insanları təkallahlılığa dəvət edən İslam ordusu kimi, Babəki isə, islamiyyətin düşməni və bütpərəst-atəşpərəst kimi qəbul edirlər. Bu cür mübahisələr gündəlik həyatda daha tez-tez rast gəlinir. Əlbəttə, bu hal demokratik cəmiyyət üçün normaldır, lakin ordu, hərbi xidmət belə münaqişələr üçün münasib yer deyildir.
Namazı qadağan etmək nə dərəcədə düzgündür? Bu məsələ mübahisəli məsələdir. Vicdan və etiqad azadlığını heç bir yerdə, eləcə orduda qadağan etmək qeyri-mümkündür. Namazı qadağan etmək orduda gərginliyi artıra və ibadət edən minlərlə insanın orduya münasibətini korlaya bilər. Lakin namaz otaqları açaraq bunu təşkil etmək də düzgün deyildir. Ən azı ona görə ki, bu, orduda dini təbliğatın yayılmasına (bu isə, bildiyimiz kimi, dünyəvi dövlət prinsipinə ziddir) və qeyri-müsəlmanların orduya yad münasibət bəsləməsinə səbəb ola bilər. Sonuncu hal, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli siyasət prinsipləri ilə bir araya sığışmır.
Etiqad azadlığına fərdi yanaşma prinsipi, hesab edirik ki, ən düzgün yoldur. Dini təbliğata yol verməmək şərti ilə, hərbi qulluqçuların ibadət etməsində (fərdi qaydada), hesab edirik ki, təhlükəli bir şey yoxdur. Lakin bu məsələdə diqqətli olmaq tələb olunur. Dövlətçilik əleyhinə olan təriqətlərin, sektaların hərbi kollektivə nüfuz etməsi ağır fəsadlara səbəb ola bilər. Buna görə də, zabitlərin dövlətimizin din siyasətindən məlumatlı olmaları, onların bu istiqamətdə təlimatlandırılması tələb olunur.
Bir sıra ordularda, misal üçün Sovet ordusunda problematik məsələlərdən biri milli münasibətlər sahəsində özünü büruzə verirdi. Hərəsi bir respublikadan yığılmış gənclər bəzən heç hərbi nizamnamələrin dilini – rus dilini bilmirdilər. Bu isə, xidmətdə müxtəlif problemlər yaradırdı. Hərbi qulluqçular arasında milli zəmində qruplaşmalar yaranırdı. Bəzən ruslar tərəfindən ələ salınan əsgərlər özlərini çox qərib hiss edirdilər. Baxmayaraq ki, Sovet İttifaqı beynəlmiləlçilik ideologiyasını hər yerdə, eləcə də, hərbi kollektivdə tətbiq etməyə çalışırdı, lakin bu sahədə müəyyən boşluqlar göz qabağında idi.
Azərbaycan Milli Ordusunda bu sahədə vəziyyət tam fərqlidir. Azərbaycanın müxtəlif etnik mənsubiyyəti olan onlarla milli qəhrəmanı vardır və xalq öz qəhrəmanları ilə qürur duyur, fəxr edir. Buna görə də, kimin haradan olması, yaxud hansı etnik mənsubiyyətə malik olması orduda heç bir əhəmiyyət kəsb etmir. Hərbi vətənpərvərlik və qardaşlıq ruhu çoxmillətli Azərbaycan cəmiyyətinin bütün sahələrində olduğu kimi Milli Orduda da özünü göstərir. Ölkədə aparılan milli siyasət milli mədəniyyətlərin sərbəst inkişafına, milli dialoqa, ümumi azərbaycançılıq ideologiyasının inkişafına xidmət edir. Bu siyasət orduya da sirayət edir.
Sonda bir daha qeyd etmək istərdik ki, ordu - cəmiyyət münasibətləri qarşılıqlı hörmət, inam və dialoq prinsipi üzərində qurulmalıdır. Lakin ordu cəmiyyətə deyil, cəmiyyət orduya nəzarət edə bilməlidir. Bunun üçün isə, demokratik cəmiyyətdə müvafiq mexanizmlər mövcuddur. İnsanlar ali hakimiyyət orqanlarına seçdikləri nümayəndələri, insan hüquqları müvəkkili, KİV və müxtəlif QHT-lər vasitəsilə orduya nəzarəti həyata keçirə bilərlər. Hərbi xidmətdə olan gənclər də cəmiyyətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını hiss etməlidirlər.
Emin HƏSƏNLİ,
politoloq

783