Azərbaycanda ordu quruculuğu müasir mərhələdə - II YAZI
30 iyun 2011 13:53 (UTC +04:00)

Azərbaycanda ordu quruculuğu müasir mərhələdə - II YAZI

Mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan zaman-zaman müxtəlif məzmun və xarakterə malik böyük tarixi hadisələrin baş verdiyi məkan kimi tanınır. İri dövlətlərin arasında sıxılan, buna baxmayaraq mübarizədən heç zaman usanmayan xalqımız düşmənlərin məkrli niyyətlərinə rəğmən öz mövcudluğunu qoruyub saxlaya bilib. Böyük çətinliklər, amansız, qanlı vuruşmalar, çaxnaşmalar, xəyanətlər babalarımızın yaşayıb-yaratmaq, mübarizə aparmaq, qələbə qazanmaq və ən əsası müstəqillik, suverenlik əzmini sarsılda bilməyib. Onlardan bizə, üzdəniraq qonşularımızın öz adlarına çıxmaq istədikləri zəngin tarixi və mədəni irs, döyüş və əzmkarlıq ənənəsi, ən əsası, müstəqilliyimiz, suverenliyimiz və ordumuz yadigar qalıb. Lakin məşhur bir məsəldə deyildiyi kimi, torpağı əkib-becərməsən onu qorumağa dəyməz, torpağı qorumasan onu əkib-becərməyə dəyməz.

Bu gün zəngin milli-mənəvi dəyərlərimizi qoruyub-yaşatmaq, daha da zənginləşdirmək, babalarımızdan qalan döyüş və mübarizlik ənənələrini davam etdirmək indiki nəslin, xüsusilə də gənclərin qarşısında mühüm vəzifə olaraq qoyulub. İki əsr tərkibində yaşadığımız çar Rusiyası və Sovet İttifaqı dövründə şərəfli hərb və qəhrəmanlıq tariximizin unudulması yönündə ciddi cəhdlər edilirdi. Məqsəd məlum idi: insanları manqurtlaşdırmaq, cılızlaşdırmaq və milli-mənəvi dəyərlərimizi, dilimizi, mədəniyyətimizi, tarixi torpaqlarımızı əlimizdən alıb bizi milli heçlik səviyyəsinə endirmək. Bu planın həyata keçirilməsində ən ələyatımlı alət genlərinə kimi irqçilik və insanlığa düşmənlik, faşizm xəstəliyinə yoluxmuş ermənilər idi.

Qonşu İran ərazisində yerləşən tarixi torpağımız Cənubi Azərbaycan və orada yaşayan 30 milyondan çox azərbaycanlılara qarşı eyni siyasəti fars şovinistləri bu gün də tətbiq etməkdədirlər. Halbuki orada yaşayan azərbaycanlılar ötən əsr ərzində Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Mahmudəli Çöhrəqanlı kimi liderlərin rəhbərliyi altında öz milli hüquqları uğrunda mübarizə aparıblar.

Tarixin ironiyasıdır ki, nə qədər sıxılsa da, incidilsə də, Azərbaycan xalqı özündə taqət tapıb ən kritik zamanlarda Cavanşir, Babək, Şah İsmayıl Xətai, Heydər Əliyev kimi sərkərdə və dövlət xadimləri, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Məhəmməd Şəhriyar kimi dahi şairlər, bəstəkarlar və yazıçılar, Nəsrəddin Tusi, Bəhmənyar, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Lütfizadə kimi alimlər, filosoflar yetişdirmişdir. Bu, onu göstərir ki, xalqımızı, dövlətimizi gözü götürməyənlər nə qədər inkar etsələr də əzmkarlıq və mübarizlik ruhumuz ölməmişdir. Azərbaycan ordusu da məhz bu əzmkarlığı özündə yaşadır.

1918-ci ildə Çar Rusiyasının süqutundan sonra Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasını Xalq Cümhuriyyətini yaratdı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-20-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı.

Avqustun 1-də isə ADR-in Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.

Təəssüf ki, ordu quruculuğu sahəsində görülən işlər davamlı olmadı. Azərbaycan rus-bolşevik ordusu tərəfindən işğal olunduqdan sonra həm öz müstəqilliyini itirdi, həm də müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi.

Lakin İttifaq rəhbərliyinin Azərbaycan xalqının döyüşkənlik ruhunu, iradəsini sarsıtmaq üçün atdığı addımlar bununla da bitmədi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı. İnsanlara, xüsusilə də, azərbaycanlılara belə bir fikir təlqin olunurdu ki, azərbaycanlılardan yaxşı hərbçi, yaxşı zabit çıxmaz, onlar ən yaxşı halda mətbəxdə və tikintidə işə yarayırlar.

1941-45-ci illərin Böyük Vətən Müharibəsi iki mühüm faktı ortaya çıxartdı: Əvvəla, müharibədə qat-qat güclü alman ordusunun öhdəsindən gələ bilmək üçün, milli mənsubiyyətindən asılı olmayaraq, bütün sovet xalqı səfərbər olunmalıdır. Bu müharibədə qələbə qazanmaq üçün, o zamanlar “sovet xalqı” anlayışının tərkibində götürülən Azərbaycan xalqının mübariz keyfiyyətlərindən: mərdliyindən, intizamlılığından, dözümlülüyündən, fiziki cəhətdən güclülüyündən, hərb elmini daha tez qavraya bilən güclü dərrakəsindən faydalanmaq lazım idi.

İkinci mühüm fakt isə ondan ibarət idi ki, Azərbaycan xalqı, bəzi qüvvələrin səylərinə baxmayaraq, hərbi ənənələrini, döyüş ruhunu itirməmişdi.

Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. İkinci Dünya Müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və başqa qəhrəman həmvətənlərimiz əsl mərdlik və şücaət nümunəsi göstərdilər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb ənənələri zənginləşdi. Azərbaycandan 130-dək hərbçi Sovet İttifaqı Qəhrəmanı adına, 30 döyüşçü isə, Şöhrət ordeninin hər üç dərəcəsinə layiq görüldülər.

Azərbaycan xalqı arxa cəbhədə də fədakarlıqla mübarizə aparırdı, İnsanlar özləri, ailələri ac qalsa da, ön cəbhədəki əsgərlərə ərzaq və paltar göndərirdilər, Azərbaycan neftçilərinin şücaəti isə, bütün dünyaya yayılmışdı. 1941-ci ildə Azərbaycan neftçiləri 23,5 milyon ton neft istehsal etmişdilər ki, bu da İttifaqda çıxarılmış neftin 71,4 faizini təşkil edirdi.

Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük rol oynamışdır. Lakin müharibədən dərhal sonra bu xidmət unudulmağa başladı. Azərbaycan döyüşçülərinin qəhrəmanlıqları ilə yanaşı neftçilərimizin zəhməti də unudulmağa doğru gedirdi. Hərçənd ki, onlar müharibədə açar rolunu oynamışdılar. Buna baxmayaraq, Bakıya qəhrəman şəhər statusunun verilməsindən də imtina olundu. Bu, bir daha o vaxtkı İttifaq rəhbərliyinin xalqımıza qarşı qərəzli münasibətinin təzahürü idi.

Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri önə çəkilməyə başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Onun sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün olmuşdu.

Heydər Əliyev Soveti İttifaqında kifayət qədər yüksək nüfuza və mövqeyə malik bir insan olmaqla yanaşı, o dövrün milli şüuru zəif bəzi rəhbərlərindən fərqli olaraq, qəlbən, bütün varlığı ilə öz millətini sevirdi. Bunu imkan düşdükcə öz əməlləri ilə hiss etdirirdi. Hərçənd ki, o zamanlar belə yüksək səviyyəli, vəzifəli şəxsin bu cür addımları onun düşmənlərində böyük qısqanclıq və nifrət doğururdu və o öz karyerasını, hətta özünün və ailəsinin həyatını riskə atırdı, lakin millət sevgisi hər şeydən yüksəkdə dayanırdı. Buna görə də, xalq öz dahi liderini sevirdi, məhz ona öz gələcəyini etibar edirdi.

Bunu müstəqillik illərində daha aydın görmək mümkündür. Lakin 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı üçün heç də hər şey rahat deyildi. Yaxın tarixi dövrdə baş vermiş və Azərbaycan torpaqlarının 20 faizdən çoxunun ermənilər tərəfindən işğal olunması ilə nəticələnmiş hadisələr kütləvi informasiya vasitələrində, ictimai-siyasi və elmi dairələrdə kifayət qədər geniş müzakirə olunmuş və bizlərin çoxu bu hadisələrin şahidi olmuşuq. Buna görə də dərinə varmayaraq o dövrü qısaca olaraq belə xarakterizə etmək olar ki, Azərbaycanda hərbi-siyasi vəziyyət çox ağır idi. Ermənistanla müharibəyə paralel olaraq ölkə daxilində vətəndaş müharibəsi gedirdi. İqtisadiyyat uçuruma doğru sürüklənirdi. Bəzən insanlar gələcəyə bütün ümidlərini itirib, vəziyyətin heç vaxt yaxşılaşmayacağına inanmağa başlayırdılar.

Şəhərlərdə və rayonlarda şəhid məzarlıqları sürətlə böyüyürdü. Hər bir kənd bundan öz nəsibini alırdı. Əsgər və ordu haqqında hamı düşünsə də, xalq mübarizlik ruhunu itirməsə də, mənən və maddi olaraq məhvə doğru sürüklənirdi.

Yeni formalaşmaqda olan Azərbaycan Milli Ordusu o illərdə xalqımızın yeganə ümid közərtisi sayıla bilərdi. Lakin ordu quruculuğu sahəsində qəbul olunan bəzi normativ-hüquqi aktların özləri kimi icra vəziyyəti də çox yarıtmaz vəziyyətdə idi. Misal üçün, 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Ordu quruculuğu sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı qruplaşmaların ümidinə qalmışdı. Vahid idarəetmə yox idi. Bu isə, hərbidən az da olsa anlayışı olan insanlara məlumdur ki, ordunun əsas prinsipidir.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişməyə başladı. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Ali Baş Komandanın dəfələrlə ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü ilin mayında elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi, ölkədə nizami ordu quruculuğu formalaşmağa başladı.

Ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə prezidentliyə, namizəd ikən ümummilli liderimizin siyasətini bütün istiqamətlərdə davam etdirəcəyini, onun layiqli varisi olacağını bəyan etmiş cənab İlham Əliyev digər sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də öz sözünün üstündə durdu və Heydər Əliyev bu sahədəki siyasətini də uğurla davam etdirməkdədir.

Azərbaycan Cənubi Qafqaz regionunda ən praqmatik siyasət aparan bir dövlətdir. İşğal və zorakılıq əsasında özünə nüfuz və legitimlik qazanmağa çalışan, nəticədə tədricən iflasa uğrayaraq xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan və diasporadan asılı və dilənçi vəziyyətinə düşmüş bədnam qonşumuz Ermənistandan fərqli olaraq Azərbaycan ilk növbədə mülki quruculuğa, yəni iqtisadi inkişafa güc verdi. Burada Səməd Vurğunun məşhur sözləri yada düşür: “Çörək bol olarsa, basılmaz vətən.”

Nəticə özünü çox gözlətmədi. 1996-97-ci illərdə artıq iqtisadi tənəzzül zəifləməyə, müsbət tendensiyalar yaranmağa başladı. Ölkənin müharibə şəraitində olmasına baxmayaraq külli miqdarda xarici sərmayə cəlb olundu. Bu sərmayə əsasən neft sənayesinə qoyulsa da, bu gün də şahidiyik ki, neftdən gələn gəlirlər sonradan qeyri-neft sektorunun, eləcə də hərbi quruculuq, təhsil, səhiyyə, mədəniyyət və s. strateji sahələrin inkişafına yönəldilir. Son illərin müşahidələri göstərir ki, Azərbaycanın hərbi büdcəsi bir qayda olaraq Ermənistanın hərbi büdcəsindən 3,5-4 dəfə çoxdur. Bu, kəmiyyət dəyişikliyi olsa da, bildiyimiz kimi, fəlsəfi qanunauyğunluğa görə kəmiyyət dəyişikliyi mütləq keyfiyyət dəyişikliyinə keçir. Sadəcə olaraq bunun geci-tezi var.

Bu gün Azərbaycan Ordusunun inkişafı göz önündədir. 16 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Azərbaycan artıq silah və müxtəlif növ hərbi texnika istehsal edir, onları eksporta təklif edir. Ölkəmizin hərbi texnika və silah baxımından xarici şirkətlərdən və dövlətlərdən asılılığı azalmaqdadır.

Azərbaycan əsgərinin ərzaq və geyimlə təminatı da 90-cı illərə nisbətən xeyli yaxşılaşmışdır və bu tendensiya davam etməkdədir. Bir sözlə, bu gün düşmən qarşısında, 90-cı illərdəkindən fərqli olaraq, qat-qat daha hazırlıqlı Azərbaycan əsgəri, nizami Azərbaycan Milli Ordusu dayanır. Bu ordu artıq regionda bir faktdır, reallıqdır və mövcud status-kvonu Azərbaycanın xeyrinə dəyişmək onun üçün artıq 90-cı illərin əvvəllərində olduğu kimi çətin bir məsələ deyildir. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan ordusu bu gün artıq modern bir orduya çevrilməkdədir. İldən-ilə hazırlıq səviyyəsi yüksələn və təkmilləşən zabit heyəti ordunu yumruq kimi bir mərkəzdən idarə edir və istənilən tapşırığı yerinə yetirməyə daima hazırlıq vəziyyətindədir. Bu ordunun qarşısında kimlər durub?

Kasıb ailəsində doğulduğuna görə zorla küçədən tutulub ön cəbhəyə qovulan, aclıqdan dizlərinin taqətini və ağlını itirmək vəziyyətinə düşərək hər an qarşı tərəfə keçməyə fürsət axtaran, ümumiyyətlə, tarixi Azərbaycan torpağı – Qarabağda nə üçün olduğunu, kimi və kimdən qoruduğunu bilməyən zavallı erməni əsgərləri və ümidini kənar havadarlarına bağlamış “Dağlıq Qarabağ ordusu” adlandırılan miskin Ermənistan ordusu. Bu iki ordu arasında müqayisəni dəyərli oxucularımızın öhdəsinə buraxırıq.

Sonda fikirlərimizi Ali Baş Komandanın 2011-ci ilin yanvarında söylədiyi bu fikirlərlə bitirmək istəyirik. Hesab edirik ki, bu fikirlər bizim söylədiklərimizlə üst-üstə düşür və real vəziyyəti daha dəqiq təsvir edir: “Heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün bəlkə də bir neçə saat lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də biz artıq xarici bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalı başlanmalıdır.”

Emin Həsənli

Politoloq
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247

Oxşar yazılar