Əfsanəvi ülküçü Yusuf Ziya Arpacıq: “Terrorun, şiddətin başlıca səbəbi cahillikdir” - MÜSAHİBƏ - FOTO
23 iyun 2011 18:34 (UTC +04:00)

Əfsanəvi ülküçü Yusuf Ziya Arpacıq: “Terrorun, şiddətin başlıca səbəbi cahillikdir” - MÜSAHİBƏ - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının tanınmış üzvü, əfsanəvi ülkücü, Qarabağ müharibəsi qazisi Yusuf Ziya Arpacıq bu gün Azərbaycana səfər edib. Buradakı dostlarıyla görüşmək, Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna gül qoymaq üçün gəldiyini deyən Yusuf Hoca Lent.az-a ekskluziv müsahibə verib.

O, 1992-ci ildə Alparslan Türkeşin erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana göndərdiyi 50 döyüşçüdən biridir. Bir çox əməliyyatlarda iştirak edib, Xocalı faciəsinin ildönümü zamanı ermənilərə qisas əməliyyatı həyata keçirib.

1978-ci ildə Türkiyədə gərgin siyasi mühit zamanı həbs edilən gənc ülkücü Yusuf Ziya Arpacıq 10 ilə yaxın həbsdə yatıb. Ötən ay Türkiyə polisi onu bu ölkənin Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkirdə keçirməyi planlaşdırdığı mitinqdə təxribat törətmək şübhəsi ilə həbs etmişdi. 20 günlük həbsin ardından isə azadlığına qovuşdu.

Türk dünyasının “Yusuf Hoca” deyə xitab etdiyi böyük türkçünün müsahibəsini təqdim edirik.

- 1978-ci il. Türkiyədə bir çevriliş havası var və ülkücülər həbs edilir, aralarında da Yusuf Ziya Arpacıq. 2011-ci il. Yenə bir neçə ülkücü həbs edilir, aralarında Yusuf Ziya Arpacıq. Nədir sizdə bu çəkicilik? Aradan 30 il keçib. Ancaq sizin varlığınız yenə birilərini batır.

- Onu deyim ki, 1978-ci illə bugünkü həbs arasında heç bir bənzərlik yoxdur. Bugünkü həbsə mən “yol qəzası” deyirəm. 12 sentyabr çevrilişi ərəfəsində olanlar isə tamam başqa motivli idi.

- Ortada heç nə yox ikən belə bir gülünc ittihamla qarşılaşaraq həbs ediləcəyinizi gözləyirdinizmi?

- Dövlətdən nə gəlirsə, xoş gəlib, səfa gəlib. Mən belə baxıram olaya.

- Uğrunda illərlə mübarizə apardığınız ideyalara xəyanət etməklə ittiham edirdilər sizi. İncitmədi ki bunlar sizi?

- Əslində belə ittihamlar yox idi. Media bəzi şeyləri çox şişirtdi.

- Bəs nə ilə ittiham edirdilər sizi?

- Təbii ki, polis tədbir məqsədli işlər də görə bilər. Dövlətin çalışma metoduna qarışa bilmərik. Sadəcə, bəzi gənc dostlarımız dövlət ərkanına xitabən söyüşlü danışmışdılar. Onlar da çıxanda hamısı namazlı-niyazlı ayrıldılar həbsxanadan. Küfr edən dillər zikr edən dillərə döndü.

- Yusuf bəy, hazırda nə işlə məşğul olursunuz?

- Mən tarixçiyəm. Tarixi araşdırmalar aparıram. Türk dünyasının tarixi-mədəni kökləri ilə bağlı materiallar toplayır, onları araşdırıram. Bütün bunları öz hesabıma edirəm.

- Tərcümeyi-halınıza nəzər yetirdikdə, qarşımıza ingilis, rus, fransız, ərəb dillərini bilən, üstəlik də peşəkar karateçi bir adam çıxır. Həyatının ən yaxşı 10 ilini həbsdə yatan biri bu qədər uğuru necə qazanıb?

- Ən böyük idealımız yaxşı təhsildir. Ölkəsini sevən insan ancaq yaxşı bir təhsil alarsa, ölkəsinə xidmət edə bilər. Buna görə də təhsil ilk şərtdir. Terrorun, şiddətin başlıca səbəbi cahillikdir. Bunun qarşısını alacaq, milli birliyin əsasını qoyacaq şey isə təhsildir. Bu baxımdan, çalışdıq ki, biz də təhsilimizlə fərqlənək və ətrafımıza da təhsilləndirək.

- Ömrünüzün hamısını türk millətçiliyinə, ülküçülüyə həsr etmiş biri kimi böyük türkçü Türkeşin MHP-si ilə bugünkü MHP-ni müqayisə etmək olarmı?

- Belə bir ayrı-seçkilik etmək doğru nəticəyə aparmaz. Yaşanan hadisələr var, keçilən zaman var. Zamanları müqayisə etsək, doğru nəticəyə gəlmək olar.

- Bir tarixçi kimi yanaşsanız, Türkiyədə millətçiliyin məsafəcə bu qədər geriləməsinə səbəb olan faktorların nədən ibarət olduğunu deyə bilərsiniz?

- İndiki vəziyyətdə ayrı-ayrı fərdləri günahlandırmaq doğru olmaz. Təbii ki, hər kəsin papağını qabağına qoyub düşünməyi lazımdı. Əgər az səs almışıqsa, harda səhv etmişik, səhvlərimiz nələr olub, etmək istəyib, edə bilmədiklərimiz nələrdir, bunları düşünməliyik.

- Siz MHP-nin bu seçkilərdə uğursuz olduğu fikrindəsiniz?

- MHP-nin parlamentə düşməsi təbii ki, hər kəsi məmnun etdi. Nəticədə seçkilər millətin iradəsini əks etdirir. Buna sayğı göstərmək lazımdır.

- Qarabağda döyüşən türk könüllülərindənsiniz. Necə xatırlayırsınız o zamanı? Maşınınızı satıb gəlmişdiniz Qarabağa döyüşməyə...

- Elə bir şey olmuşdu. Maşınımı satıb, yolpulu eləmişdim. Fəda olsun. Azərbaycan candır. Başqa bir şey deyil. Dedik ki, qardaşlarımız acı çəkərkən, biz də gedək onlarla bərabər acı çəkək. Çox böyük iddialarla gəlməmişdik. Ancaq Allaha şükür, əlimizdən gələni etdik. İki il də qaldıq burda. Qardaşlarımızın çətin zamanında yanlarına qaçdıq.

- İki illik müddətdə ağlınızda qalanlar nədir Azərbaycanla bağlı?

- Burdakı qardaşlıq münasibətləri. Bütün gözəl insani duyğuları yaşadım. Bir kiçik qızımız var idi, ağlayırdı ki, mən buraları buraxmaram. Xatirimdə daha çox o zaman Azərbaycanın, qardaşlarımın yaşadığı acılar var. Məqsədimiz azərbaycanlı qardaşlarımızla hisslərimizi bölüşmək idi. Bunu da iki il ərzində doyunca yaşadıq. Bərabər güldük, bərabər ağladıq.

- Türk dünyasına aid bütün tarixi məkanları gəzib, araşdırma aparmısınız. Sizin üçün türk dünyasının ən dəyərli tarixi abidəsi hansıdır?

- Tarix dəyərlərlə dolu bir tarixdir. Misalçün, Sarı Saltukun 16 fərqli yerdə məzarı var. Mən Balkanlarda getdim bütün məzarlarını tapdım. Bu, həmin insanların könülləri necə fəth etdiyini, getdiyini yerlərə ədalət, sevgi apardığını göstərir. Belə bir zəngin mədəniyyətin sahibiyik. Biz də bunları öz səviyyəmizdə araşdırmağa çalışırıq.

- Həbsxana həyatından yazdığınız “Başəyməyənlər” kitabında belə bir ifadə var: “Nə polis ola bildik, nə oğru”. Bu cümlə sizin üçün nə ifadə edir?

- Hər zamanın əziləniyik. Çünki heç zaman hakim güclərlə ittifaq axtarışında olmadıq. Biz haqqın yanındayıq. Buna görə də, belə bir ifadə işlətmişəm. Biz bütün dövrlərin əziləniyik. Ancaq bu sözlərin aid olduğu zamanla bu günü müqayisə etmək düzgün deyil. Çevrilişlərin olduğu zamanla indiki Türkiyə fərqlidir.

- Bəs Türkiyənin indiki iqtidarına münasibətiniz necədir?

- Təbii ki, mən siyasətlə məşğul olmuram. Ülküçüyəm. Ahmet Yəsəvi ülküçüsüyəm. Siyasətdən çox da başım çıxmır.

- Azərbaycanlı qardaşlarınıza nə demək istəyirsiniz?

- Mən sizə qardaş da deyə bilmərəm. Qardaş yad adama deyərlər. Biz tək bir parçayıq. Allah bu tək parçamızı daha da gücləndirsin. Mən torpağam. Mənə nə atsalar, gül verəcəm. Xarakterim budur.

- Son həbsiniz zamanı Azərbaycanda sizin haqqınızda yazılanlardan, danışılanlardan məlumatınız oldumu?

- Bəli, məlumatım var idi. Vəkillərim deyirdi. Bu vəfa duyğusu inanılmazdır. Qardaşlarımız burda çilə çəkərkən, biz gəlmişdik onlarla bərabər dərdlənməyə, biz dara düşəndə də onlar unutmadıqlarını göstərdilər. Bu, çox gözəl dayaqdır. Çox xoşbəxt oldum.

- Yusuf bəy, Azərbaycan deyəndə nə hiss edirsiniz?

- Azərbaycan deyiləndə mən silkələnirəm. Titrəyirəm. Allaha şükür, gəldik burdakı qardaşlarımızın yanına. Allah sevgimizi, qardaşlığımızı artırsın ki, çətinliklərə daha rahat sinə gərək.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar