“Avropada coğrafi baxımdan Azərbaycana nisbətən yaxın region Balkandır” - MÜSAHİBƏ
22 iyun 2011 12:32 (UTC +04:00)

“Avropada coğrafi baxımdan Azərbaycana nisbətən yaxın region Balkandır” - MÜSAHİBƏ

Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyevin APA-ya müsahibəsi


- Həm Azərbaycan, həm Xorvatiya Avropanın siyasi xəritəsində müstəqilliklərini yeni qazanmış dövlətlər hesab olunur. İki ölkə arasında münasibətlərin inkişafı baxımından ortaq maraqlar hansılardır?

- Sizin də qeyd etdiyiniz kimi, Xorvatiya, həmçinin Azərbaycan dünyanın siyasi xəritəsində nisbətən cavan dövlətlər hesab olunur və bu il həm Xorvatiya, həm Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edirlər. Bununla yanaşı söyləməliyəm ki, Avropada coğrafi baxımdan Azərbaycana nisbətən yaxın olan region məhz Balkan bölgəsidir. Həmçinin, ərazi, əhali və yaxın keçmişimiz ilə bağlı çox yaxın paralellər mövcuddur. Əlbəttə ki, belə oxşar xüsusiyyətlər ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar, eyni zamanda digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. Bildiyiniz kimi, Azərbaycan özünün inkişaf strategiyasında müstəqillik və ərazi bütövlüyünün qorunması, hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı, insan hüquqlarının müdafiəsi və idarəçilik sahəsində islahatların keçirilməsini prioritet istiqamətlər kimi müəyyən edib. Eyni sözləri Xorvatiya haqqında da söyləmək olar. Balkan regionunda iqtisadi baxımdan aparıcı dövlətlərdən biri olan Xorvatiya telekommunikasiya, əczaçılıq sənayesi və maşınqayırma sahələrində böyük təcrübəyə malikdir və bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində ölkəmizin marağı var. Eyni zamanda Xorvatiyada ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığa böyük maraq göstərirlər. Qafqaz və Balkan xalqlarının oxşar mentalitet xüsusiyyətləri və özünəməxsus zəngin mədəniyyətləri mövcuddur, bu müstəvidə Azərbaycan və Xorvatiya arasında mədəni əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən yuxarıda qeyd olunan demək olar ki, bütün sahələr üzrə prioritet istiqamətlər dəqiqləşdirilib, müvafiq fəaliyyət sahələri müəyyən edilib.


- 2005-ci ildə prezident İlham Əliyev Xorvatiyada rəsmi səfərdə olub. Səfər zamanı iki ölkə arasında siyasi-iqtisadi və parlamentlərarası əlaqələrin inkişafı əzmi ifadə olunub. O dövrdən bəri bu istiqamətdə nəyə nail olmaq mümkün olub?

- Azərbaycan prezidenti cənab İlham Əliyevin 2005-ci ildə Xorvatiyaya rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verib. Bir sıra vacib sənədlər imzalanıb, o cümlədən siyasi cəhətdən çox vacib kommünike, hökumətlər arasında mədəni əməkdaşlıq haqqında saziş və Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Parlamentlərarası əlaqələrə gəldikdə isə, qeyd edilməlidir ki, hər iki ölkənin Parlamentlərində parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. Bu əməkdaşlıq eyni zamanda ATƏT, NATO və Avropa Şurasının Parlament Assambleyalarında olduğu kimi, çoxtərəfli parlamentlərarası forumlarda mövcuddur. İki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən xarici işlər nazirlikləri səviyyəsində siyasi dialoq qurulub. Ölkəmizin rəhbərliyi bu regionda əlaqələrin genişlənməsi məqsədilə səfirliyin təsis edilməsinə qərar vermişdir və gördüyünüz kimi, biz artıq fəaliyyət göstəririk. Xorvatiya tərəfi də bu istiqamətdə təşəbbüs göstərib və hal-hazırda Bakıda Xorvatiyanın fəxri konsulluğunun açılması üçün son tamamlama işləri aparılır. Ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə hüquqi bazanın yaradılması istiqamətində fəaliyyət intensivləşib və nəticə olaraq imzalanan vacib sənədlərdən bir neçəsini qeyd etmək istərdim. Bunlar sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında hökumətlərarası saziş, İqtisadi İnkişaf Nazirliyi və Xorvatiya İqtisadiyyat, Əmək və Sahibkarlıq Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası və Xorvatiya İqtisadi Palatası arasında sazişlərdir. Hal-hazırda hökumətlərarası mədəni əməkdaşlıq haqqında sazişə uyğun olaraq bir sıra birgə mədəni tədbirlərin keçirilməsi üzərində işlər gedir. Əlavə edim ki, hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair 10-dan artıq saziş layihəsi üzrə müzakirələr aparılır. Bunlara ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi, ikiqat vergitutmanın aradan qaldırılması, minalardan təmizləmə sahəsində birgə əməkdaşlıq və digər vacib məsələlər daxildir. Hesab edirik ki, artıq yaxın gələcəkdə növbəti yüksək səviyyəli səfərlər zamanı bu sənədlər imzalanacaq. Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya ilk rəsmi səfərindən sonra 2007-ci ildə Xorvatiyanın o zamankı prezidenti cənab S. Mesiç Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. 2010-cu ildə Azərbaycanla Xorvatiya arasında ticarət dövriyyəsinin həcmi 789,07 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1,9 mln. ABŞ dolları, ixracın həcmi 787,17 mln. ABŞ dolları təşkil edib. 2009-cu illə müqayisədə, 2010-cu ildə Xorvatiya Respublikası ilə xarici ticarət dövriyyəsi 4 dəfə artıb. Qeyd edim ki, ölkələrimiz arasında ticarət dövriyyəsini daha da artırmaq üçün potensial var və biz bu istiqamətdə işləyəcəyik.


- 2004-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının gündəliyinə salınmasına dəstək vermək xahişi ilə Xorvatiya tərəfinə müraciət etmişdi. Lakin səsvermədə Xorvatiya bitərəf qalmağı üstün tutdu. Belə bir mövqe nədən irəli gəlib? Xorvatiyanın siyasi dairələrində Qarabağ münaqişəsi barədə nə dərəcədə məlumatlıdırlar?

- İlkin olaraq qeyd etmək istərdim ki, iki ölkə prezidentlərinin 2005-ci və 2007-ci illərdə etdikləri səfərlər zamanı imzalanmış birgə kommünike və bəyannamədə hər iki ölkə suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığını mühüm prinsiplər kimi tanıyıblar. Xorvatiya rəsmiləri ilə keçirilən görüşlər zamanı onlar 1990-cı illərin birinci yarısında keçmiş Yuqoslaviyanın dağılmasından sonra gedən müharibələr zamanı Xorvatiyanın da müəyyən mənada oxşar münaqişə yaşadığını, yəni separatçılıq və işğal ilə üzləşdiyini qeyd edir və bu səbəbdən Azərbaycanın mövqeyini anladığını bildirirlər. BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı bəndin əlavə edilməsi üzrə keçirilmiş səsvermədə Xorvatiyanın bitərəf qalmasına gəldikdə hesab edirəm ki, bu o zaman Avropa İttifaqının bitərəf qalması haqqında verdiyi qərarla izah etmək olar (2003-cü ildən Xorvatiya Aİ-na üzv olmaq üçün namizəd ölkədir). Xorvatiya ictimaiyyətini Azərbaycanın müdafiə etdiyi prinsiplər, regionumuzda gedən proseslər barədə məlumatlandırmaq kimi, qarşımızda vacib iş var və Xorvatiya tərəfinin bu məsələdə Azərbaycanın ədalətli mövqeyinin daha fəal və ardıcıl şəkildə dəstəklənməsi istiqamətində Səfirlik olaraq səylərimizi davam etdirəcəyik.


- Xorvatiya Avropa İttifaqında üzvlüyə namizəd ölkədir. Bu ölkə habelə NATO-nun üzvüdür. Xorvatiyanın Qərblə inteqrasiya istiqamətində son illər əldə etdiyi təcrübə Azərbaycan üçün faydalı ola bilərmi?

- Bu suala birmənalı olaraq ancaq müsbət cavab verə bilərəm. Xorvatiya müstəqillik əldə etdikdən sonra Avro-Atlantik məkana inteqrasiyasını xarici siyasətinin ən prioritet məqsədi kimi müəyyən edib. Ölkənin bu istiqamətdə gözə çarpan uğurları olub. 2008-ci ildə NATO-nun Buxarest sammitində Xorvatiya üzvlüyə dəvət olunub və artıq 2009-cu ildə təşkilatın tamhüquqlu üzvü olub. Avropa İttifaqına (Aİ) üzvlük iqtisadi inkişaf, demokratik azadlıqlar və stabil sülhün əsası kimi Xorvatiyanın xarici siyasətinin əsas məqsədlərindən biridir. 2003-cü ildə Xorvatiya Aİ-na üzv olmaq üçün təşkilata müraciət edib. Şübhəsiz ki, ən yaxın bir zamanda təşkilata üzvlük üzrə danışıqlar başa çatacaq. Bunu söyləməyə Avropa İttifaqı Komissiyası rəhbərlərinin son açıqlamaları əsas verir. Azərbaycan Xorvatiyanın Avropa İttifaqına üzv olması prosesini maraqla izləyir. Bizim keçirdiyimiz görüşlər zamanı Xorvatiya rəsmiləri hər zaman təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər. Öz tərəfimizdən qeyd edə bilərəm ki, belə təşəbbüslərə müsbət yanaşırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar