Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib
20 iyun 2011 20:00 (UTC +04:00)

Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

APA-nın məlumatına görə, tədbirə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov, Nazirlər Kabinetinin rəsmiləri, məcburi köçkün rayonların icra hakimiyyəti başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatlar və beynəlxalq humanitar təşkilatların nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Akademiyanın rektor əvəzi Əlikram Abdullayev Azərbaycanda qaçqın və məcburi köçkün probleminin yaranma səbəbi barədə məlumat verib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə qeyd edib ki, bu gün dünyada 46 milyon adam bu problemlə üzləşib. Onların 26 milyonu məcburi köçkün, 10 milyonu qaçqın, 12 milyonu vətəndaşlığı olmayanlar, 500 mini isə üçüncü ölkələrdən olan qaçqınlardır.

«Azərbaycanda da qaçqın və məcburi köçkün problemi var. Bu «hədiyyə»ni bizə Sovet rejimi çökərkən edib. Bu işin başında isə SSRİ-nin prezidenti Mixail Qorbaçov şəxsən dururdu», - deyə Ə. Həsənov vurğulayıb.

Komitə sədri bildirib ki, Azərbaycan hökuməti 20 il ərzində qaçqın və məcburi köçkünlərə 4,5 milyard ABŞ dolları vəsait xərcləyib. Həmçinin Ermənistandan gəlmiş qaçqınlara vətəndaşlıq verməklə yanaşı onların statuslarını da saxlayıb: «Bu gün Azərbaycanın məcburi köçkünləri öz imkanları hesabına saxlamaq gücü var. Lakin hesab edirik ki, beynəlxalq təşkilatlar münaqişə həll olunanadək burada fəaliyyət göstərməlidirlər».

Tədbirdə çıxış edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsinin səlahiyyətlərini icra edən Con Mak Kissik bu qurumun ali komissarının məktubunu oxuyub. Daha sonra BMT baş katibi Ban Gi Munun Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciəti oxunub. Baş katib müraciətində qeyd edib ki, bu gün dünyada yoxsul ölkələr zəngin ölkələrlə müqayisədə daha çox məcburi köçkünə ev sahibliyi edirlər: «Qaçqınlara düşmən münasibət daha çox sənayeləşmiş ölkələrdən eşidilsə də, dünya qaçqınlarının 80%-i inkişaf etməkdə olan ölkələrdə yaşamaqdadır. Bu şərait üçün bərabər həll yolu tapılmalıdır. Heç kəs qaçqın olmaq istəmir. Heç kəs bu alçaldıcı və qəddar sınağa dözməməlidir»

Sonda BMT QAK-ın xoşməramlı səfiri Anjelina Colinin çəkildiyi sosial reklam nümayiş etdirilib. Azərbaycanda üçüncü ölkələrdən olan qaçqın və sığınacaq axtaran uşaqların 2011-ci il rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2044

Oxşar yazılar