İqbal Ağazadə: “Məni sevmirlərsə, günah özümdədir” - MÜSAHİBƏ
18 may 2011 15:13 (UTC +04:00)

İqbal Ağazadə: “Məni sevmirlərsə, günah özümdədir” - MÜSAHİBƏ

- Ümid Partiyası nə “parlament deputat qrupu”nda, nə də ənənəvi müxalifətin təmsil olunduğu digər düşərgədə yer alır. Bunun səbəbi nədir?

- Biz, problemlərini, qayğılarını həll etmək istəyən Azərbaycan seçicisi ilə cəbhədaşıq. Bu cəbhədaşlığın içərisində hansı siyasi təşkilat bizlə bir yerdə olacaqsa, o, praqmatik, proseslərə seçicinin mövqeyindən yanaşan qrup kimi xarakterizə oluna bilər. Mən hesab edirəm ki, bizim partiyanın məqsəd və məramları bugünkü gündə Azərbaycan Demokrat Partiyası ilə üst-üstə düşür. Ona görə də onlarla bir yerdəyik. Yarımçıq, qeyri-müəyyən, nəticəsi bilinməyən birliklər istiqamətində fəaliyyət göstərməyi o qədər də vacib hesab etmirik. Çünki bunun əziyyətini, gec-tez seçici çəkir. Psixoloji cəhətdən birliyə hazır olur, müəyyən bir mərhələyə çatanda isə bu birlik dağılır. Bu gün Azərbaycan müxalifəti iki istiqamətdə birlik yarada bilər: demokratik islahatlar naminə və seçki situasiyası üçün. Biz, ADP ilə həm demokratik islahatlar, həm də seçki uğrunda bir birlik yaratmışıq. Bundan kənarda olan birliklərin həm islahatlar, həm də hakimiyyət baxımından tam şəkildə bizim maraqlarımıza uyğun gəldiyi və proseslərə doğru yanaşıldığı qənaətində deyilik. Bu olmadığına görə də, sadaladığın tərəflərlə bir yerdə deyilik. Ancaq bu, heç bir partiyanın fəaliyyətini bəyənməmək anlamına gəlməməlidir. Bizim pəncərədən baxanda proseslər bu şəkildə görünür, onların pəncərəsindən baxanda isə təbii ki, ayrı cür görünür. Onlar da öz mövqelərində haqlı ola bilər, amma biz haqlı bildiyimizi edirik.

- İqbal bəy, “yarımçıq, qeyri-müəyyən, nəticəsi bilinməyən birliklər” deyəndə İctimai Palata və “parlament müxalifət qrupu”nu nəzərdə tutursunuz?

- Hər halda, bizim olmadığımız birliklər proseslərin sonunu və inkişaf xəttini doğru müəyyənləşdirə bilməyən birliklərdir. Bu barədə mübahisə açmağa ehtiyac yoxdur. Elə, İP-in son bəyanatları ilə əvvəlki, yaradılışındakı bəyanatları müqayisə etdikdə, fərqlər çox aydın üzə çıxır.

- Ümid Partiyasının demək olar ki, heç partiyanı qəbul etməyərək, təkbaşına cəbhə olmaq iddiasını kimsə siyasi eqoizm kimi qiymətləndirə bilər...

- Biz, Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində ardıcıl mübarizə aparırıq. Əgər, “Ümid Partiyası özü cəbhə olmağa çalışır” fikri təkcə mənim müsahibəmdən çıxırsa, yanlışdır. Yox, əgər siz bura gələnə qədər belə bir fikirdə idinizsə, demək, biz doğru yoldayıq. Bu o deməkdir ki, artıq cəmiyyət özü bu bölgünü aparıb ki, bir ənənəvi birliklər, bir yeni yaranan birliklər, bir də sizin dediyinizi təkrarlasaq, orta xətt – Ümid Partiyası var və biz bununla qürur duyuruq.

Biz ola biləcəyimiz yer uğrunda mübarizə aparırıq. Azərbaycanın demokratikləşməsinə verə biləcəyimiz töhfə hardadısa, biz orda mübarizə aparırıq. Üzvlərimizin də hamısı bu istiqamətdə çalışır. Hakimiyyət uğrunda mübarizədə, o cümlədən dövlətimiz, xalqımız baxımından bizim mənafelərimizə nələr uyğundursa, biz ordayıq.

- İqbal bəy, siyasətdə dostlarınız kimlərdir?

- Mən, Azərbaycan siyasətində iqtidarlı-müxalifətli, Azərbaycan naminə çalışan hər kəslə dostam. Hər birini də çox sevirəm. Hətta o qədər çox sevirəm ki, gərəkli anda, Azərbaycan naminə şəxsi mövqeyimdən də çəkilib, hər birinin yanında olmağa hazıram. Azərbaycan uğrunda çalışan hər kəsi özümə rəqib kimi belə görmədim. Ən azı, mən kimin Azərbaycan üçün çalışdığını seçə bilirəm. Lazım olanda da hər kəsin səhvini üzünə deməyi bacarıram. Şəxsi mənada isə dostlarım başqadır və onun siyasətə aidiyyatı yoxdur.

- Ancaq 2003-cü ildə siyasətdəki dostluq münasibətləriniz və ya dostlarınızla münasibətləriniz tamam fərqli idi.

- O, dostluq deyildi, o, müttəfiqlik idi. Müttəfiqlik daimi deyil, situasiya ilə bağlıdır. 2003-cü ildə biz Müsavat Partiyası ilə müttəfiq idik. 2005-ci ildə biz seçkilərə tək getdik. 2009-cu ilə referendumunda isə 6 partiya müttəfiq idi. Biz orda şəxsi münasibətlərimizi yox, siyasətimizi uyğunlaşdırırdıq. Bu gün də ADP ilə müttəfiqik. Bilmək olmaz, 2013-cü ildə də başqa qüvvələr çıxa bilər, biz onlarla müttəfiq olarıq.

- İqbal bəy, deyirsiniz, 2003-cü ildə Müsavatla müttəfiq idik. 6 ildə nə dəyişdi ki, bu münasibətlər pozuldu?

- Maraqlar, cəmiyyətdəki yerlər və rollar dəyişdi. Sadə bir misal çəkim: Nihat Qəhvəçi var, türk futbolçu. O, Türkiyədə oynayanda çox da parlamamışdı, ancaq getdi Avropaya ulduz oldu. İndi yenə Türkiyəyə qayıtdı və sönük təsir bağışlayır. Niyə məsələlərə belə bəsit həyati misallarla baxmırıq? 2003-cü ilin gerçək müttəfiqi Müsavat Partiyası idi. 2011-ci ilin gerçək müttəfiqi ADP-dir. Cəmiyyətdəki yerlər və güclər dəyişib. Bu cəhətlərə görə də, hər kəs özünə müttəfiq seçir. Heç kim deyə bilməz ki, 2013-cü ildə Müsavatla Ümid müttəfiq olacaq, yoxsa yox?! Yenə deyirəm, sadəcə olaraq, 2003-cü ildə Müsavat Partiyasının imkanları, əldə edə biləcəkləri, o cümlədən, Ümidin ona qatqısı hesablanırdı. Bu gün Ümidin cəmiyyətə verəcəyi çox şey var, ona görə də bu istiqamətdə təkbaşına fəaliyyət göstəririk.
Ümid Partiyasının Azərbaycan siyasətində yeri və rolu danılmazdır və siyasi proseslərə kifayət qədər təsir göstərə bilir. 2003-cü ildə İqbal Ağazadənin heç 35 yaşı yox idi, Ümid Partiyası cəmi bir il idi yaranmışdı. Arxada qalan illərdə isə biz daha da təşkilatlandıq, Azərbaycan boyunca tanındıq. Biz, prezident seçkilərində çalışacağıq, bütün siyasi partiyalar Ümid Partiyasına dəstək versinlər ki, cəmiyyət üçün ən xeyirlisi olsun.

- İqbal Ağazadə və Ümid Partiyası Müsavat Partiyası ilə müttəfiqlik etdiyi müddətdə, bu partiyadan istifadə etdi desəm, nə qədər yanılmış olaram?

- Çox yanılarsınız. Nə mümkün idisə, biz verdik. Alacağımız bir şey yox idi.

- Nə verdiniz Müsavata?

- Bunu xırdalamaq istəmirəm. Zaman özü göstərəcək. Müttəfiqlik etdiyimiz müddətdə verdiklərimizi sayan insanlardan deyilik. Çünki dinimizdə də deyilir ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Bu sualın cavabını Müsavat Partiyası və hörmətli İsa bəy daha gözəl verə bilər. Amma biz əlimizdə nə var idi, verdik.

- İqbal bəy, ənənəvi müxalifət düşərgəsində təmsil olunan şəxslərin, həmçinin onların seçicilərinin sizə münasibətini, prezidentliyə iddialı bir siyasətçi kimi, necə dəyişmək barədə düşünmüsünüz?

- Məni sevmirlərsə, günah mənim özümdədir. Niyə? Ona görə ki, özümü doğru-dürüst tanıtdıra bilməmişəm. Və mən bütöv fəaliyyətimlə çalışıram ki, bütün insanlar məni olduğum kimi tanısın, bir siyasətçi olaraq, səmimi fəaliyyətimə görə mənə müsbət rəy versinlər. Məni sevməyən insanların da heç birini qınamaq niyyətində deyiləm. Onların haqları odur, məni sevməsinlər, mənim də vəzifəm odur ki, özümü onlara sevdirim. Çox sevinirəm ki, dünən mənim haqqımda başqa cür fikirləşən insanların düşüncələrində bu gün dəyişiklik baş verir və sevməyənlərimin sırası sürətlə seyrəlir.

- Bunun səbəbləri və həlli yolları nədir, Sizcə?

- Məsələn, ilk növbədə, məni sevməyənlərin qəbul etdiyi bir lider, ideoloji kurs və s. var. Uzun illər müəyyən bir siyasətçinin ətrafında olub. Məni görəndə isə deyir ki, bu adam hardan çıxdı? Səbəblərdən digəri, xalq hərəkatından çıxmış insanların elə xalq hərəkatında yetişmiş siyasətçilərə dəstək verməsidir. Bütün səbəbləri sıralamaq mümkün deyil. Ancaq bu, mənim o insanlara qarşı münasibətimə təsir etmir. İnanın, çox səmimi deyirəm, mən bütün Azərbaycan insanlarını çox sevirəm, onların mənə qarşı münasibətindən asılı olmayaraq və hesab edirəm ki, bu sevgini mənim əlimdən heç kim ala bilməz.

- İqbal bəy, söhbətin yönünü dəyişək. İctimai Palatanın fəaliyyəti ilə tanışsınız. İP-in hakimiyyət orqanları ilə razılaşdırılmamış aksiyaların təxirə salınması ilə bağlı qərarını siz necə qiymətləndirirsiniz?

- Mənim işlərim o qədər çoxdur ki, İctimai Palatanın əvəzinə nəyin doğru, nəyin yanlış olduğunu düşünməyə heç həvəsim yoxdur. Əgər o qərarı verənlərdən biri mən olsaydım, o qərarların içində olsaydım, mövqeyimi sizə açıqca bildirərdim. Amma dünən bir qərar verib, bu gün başqa bir qərar qəbul edən adamların inandıqları, doğru bildikləri nələrsə varsa, bu, onların məsuliyyətidir. Mən onların qərarı səhvdi-düzdü deyib, şərh vermək istəmirəm.

- Ümid Partiyası niyə mitinq taktikasından istifadə etmir?

- Ümid Partiyası olaraq, qanunvericiliyin bizə verdiyi bütün imkanlardan istifadə etməyi düşünən qurumuq. Sadəcə olaraq, bugünkü situasiyada mitinq keçirmək və ondan əldə edəcəyimiz nəticələri götür-qoy edərək, bu taktikadan istifadə etmirik. Amma bircə faiz uduşumuz olduğunu düşündükdə, biz də mitinq keçirəcəyik.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar