Fazil Mustafa: “Bakının rayonlarında kütləvi aksiyalar üçün yer ayrılmalıdır” – MÜSAHİBƏ
03 may 2011 17:04 (UTC +04:00)

Fazil Mustafa: “Bakının rayonlarında kütləvi aksiyalar üçün yer ayrılmalıdır” – MÜSAHİBƏ

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi.


- Fazil bəy, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflər hazırlayıb Prezident Administrasiyasına təqdim etdiyinizi bildirmişdiniz. Cavab aldınızmı?

- Biz, parlamentdə təmsil olunan 6 siyasi partiya təmsilçisi, məktubla prezidentə müraciət etmişik. Sonradan mənim aldığım qeyri-rəsmi məlumata görə, müraciətə müsbət yanaşılıb və bu istiqamətdə müəyyən addımların atılması nəzərdə tutulur. Amma hələ ki konkret hansı addımların atıldığı bəlli deyil. Prinsip olaraq partiyaların rolunun gücləndirilməsi, maliyyələşməsi məsələsi müsbət, həlli vacib məsələlərdən biri kimi qiymətləndirilir. Ona görə də biz “Siyasi partiyalar haqqında” qanunun yenidən işlənilib hazırlanması məsələsini təkrar gündəmə gətiririk. Bununla bağlı hazırladığımız layihəni Prezident Administrasiyasına təqdim etdik. Ümid edirəm ki, bu qanuna əlavə və dəyişikliklər edilərsə, bunlar daha demokratik dəyişikliklər olacaq və bütün partiyaları razı salacaq. Burada təkcə maliyyələşmə məsələsindən deyil, partiyaların cəmiyyətdə rolunun artırılmasından söhbət gedir. Siyasi sistemin islahatları ilə bağlı prezidentin də açıqlamaları var. Bu açıqlamaların reallaşması da “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərdən keçir.


- Təkliflərdə nələr əksini tapıb? Detalları açıqlaya bilərsinizmi?

- Parlamentə daxil olan, eləcə də parlamentdən kənar, seçkilərdə iştirak edib yer ala bilməyən partiyaların maliyyələşməsi nəzərdə tutulur. Elə bir mexanizm nəzərdə tutulur ki, partiyalar sabah hər hansı bir ittihamla qarşı-qarşıya qalmayacaqlar. Büdcə vəsaitinin şəffaf, partiyanın inkişafına xərclənməsi nəzərdə tutulur, hər hansı şəkildə xarici ölkə ilə əlaqədə ittiham olunmaq kimi məsələlər gündəmdən qalxır. Digər tərəfdən, parlamentdə müəyyən dərəcədə fraksiyaların formalaşdırılması, müxalifətin ayrıca layihə ilə çıxış etmək imkanlarının yaranması və s. məsələlər nəzərdə tutulur. Təbii ki, bu məsələlər səs çoxluğu ilə qəbul olunduğuna görə hakim partiyanın iradəsi əsas rol oynayacaq. Ümid edirəm ki, müxalifət partiyalarının təklifləri də nəzərə alınacaq. Bizim təkliflərimiz kifayət qədər demokratik və islahatlara təkan verə biləcək təkliflərdir.


- Belə çıxır ki, siz yalnız parlamentdə təmsil olunan siyasi partiyaların deyil, seçkilərdə iştirak edib yer tuta bilməyən partiyaların da büdcədən maliyyələşməsini təklif edirsiniz.

- Partiyaların keyfiyyətcə hansının hansından üstün olduğunu, kimin müxalifəti təmsil etdiyini söyləmək çətindir. Bu gün Azərbaycan müxalifətinin özündə də dəyərlər alt-üst olub, itib-batıb. Kimin nüfuzunun nə qədər olduğunu müəyyənləşdirmək çətinləşib. Ona görə də biz təklif etdik ki, sonuncu parlament seçkilərində müəyyən miqdarda, məsələn, 20-30 min səs toplamış partiyaların maliyyələşmə subyekti kimi tanınması zəruri sayılsın. Biz bunu təklif olaraq vermişik və yenə deyirəm ki, qəbulu bizdən asılı məsələ deyil. Düşünürəm ki, siyasi partiyaların maliyyələşməsi bir ənənənin başlanğıcıdır. Əsas odur ki, bu qəbul olunsun, dövlət partiyalara qayğı göstərsin. Normal ölkələrdə siyasi partiyalarla dövlət rəhbərliyi arasında tez-tez görüşlər keçirilir, müxalifətin fikri dinlənilir. Bu gün Qarabağ məsələsini Azərbaycan hökuməti Amerika ilə, İsraillə, başqa ölkələrlə müzakirə edir, amma müxalifətlə yox. Daxili həmrəylik yaratmaq üçün bunu etmək lazımdır.


- Dövlət büdcəsindən maliyyələşmə partiyaların mövqeyini dəyişməyə vadar etməyəcək ki? Məsələn, QHT-lərin maliyyələşməsində bu, özünü əyani olaraq göstərdi.

- Bu, ona gətirib çıxarmayacaq. Təkliflərin əsas mahiyyəti odur ki, əvvəl-axır partiyalar seçki yolu ilə bir-birini əvəzləyir. Hakimiyyətə gələn partiyanın müxalifətdə olduğu müddətdə imkansız olması sonradan dövlətin təhlükəsizliyi üçün problem yaradır. Partiyaların maliyyələşməsi ona görə vacibdir ki, siyasi müxalifət özünü gələcəkdə hakimiyyətə hazırlaya bilsin, keyfiyyətcə, kadrlarla təminat baxımından daha yüksək mərhələyə çıxa bilsin. Bu olmadıqda təsadüfü xarakterli siyasi dəyişikliklər baş verir və ölkənin təhlükəsizliyinə problem yaranır. Vətəndaş cəmiyyətinin sistemi başqadır və QHT-lər dövlətin edə bilmədiyi problemi həll etməyə çalışan qurumlardır.


- Təkliflər hazırlanarkən hansı ölkələrin təcrübəsini əsas götürmüsünüz?

- Biz bir sıra ölkələrin müvafiq təcrübəsini öyrəndik. Bu sırada İtaliya, Almaniya, Finlandiya və s. ölkələrin adını çəkə bilərəm. Eyni zamanda ATƏT-in tövsiyələrindən də istifadə olundu. Hesab edirəm ki, bizdə artıq bununla bağlı aydın mövqe var. Sadəcə olaraq, növbəti addım hakimiyyətdən olmalıdır.


- Müxalifətdən olan deputatların parlamentin rəhbər strukturlarında təmsil olunması ilə bağlı dəfələrlə təkliflər səsləndirmisiniz. Bu məsələlər “Siyasi partiyalar haqqında” qanuna hazırladığınız əlavə və dəyişikliklərdə əksini tapıbmı?

- Mən Milli Məclisdə bu məsələni dəfələrlə qaldırmışam ki, parlament təkpartiyalı idarəetmə formasından imtina etməlidir. Azərbaycanda avtoritarizmin təzahürləri özünü əsasən Milli Məclisdə göstərir. Çünki Milli Məclis bir partiyadan ibarət kimi görünür. Hətta ərəb ölkələrində belə bizim Milli Məclis kimi parlament formalaşdırılmır. Parlamentin nə rəhbərliyində, nə komitə sədrləri və sədr müavinləri postunda, hətta parlamentlərarası dostluq qruplarının rəhbərliyində belə müxalifətdən olan deputatların təmsilçiliyi lazımi səviyyədə nəzərdə tutulmur. Burada nə təcrübə, nə də digər meyarlar nəzərə alınmır. Nə İlyas İsmayılovun, nə mənim, nə də başqa bir müxalifət nümayəndəsinin adı hər hansı bir ölkənin, hətta Maldiv adalarının parlamenti ilə dostluq qrupunun rəhbərliyində yoxdur. Bu parlamentdə olanların əksəriyyəti İlyas İsmayılovdan daha çox təcrübəlidir? Bu yanaşma doğru deyil və demokratik idarəetmə sayıla bilməz. Dünyanın demokratik sayıla bilən heç bir ölkəsində belə idarəçilik forması yoxdur.


- Müxalifətin son aksiyaları ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Mən bu aksiyaları müxalifətin hüququ hesab edirəm. Düşünürəm ki, hakimiyyət paytaxtın 11 rayonunda aksiyalar üçün yer ayırmalıdır. Müxalifət də israr etməməlidir ki, bu yerlər Azadlıq meydanı və ya harasa olmalıdır. On bir rayonda qanuna uyğun, əhalinin gediş-gəlişinə mane olmayan, ictimai təhlükəsizlik baxımından əlverişli yerlər ayrılmalı və şərait yaradılmalıdır. Çölün düzündə yer verilməsi cığallıqdır. Mən müxalifətin bütövlükdə hakimiyyəti dialoqa çəkməsinin tərəfdarıyam. Çünki hər hansı bir şəkildə zorakılıq, təzyiq formaları doğru deyil. Bu, islahat istəyən qüvvələrin mövqeyini zəiflədir. Müxalifətin çalışdığı birinci məsələ o olmalıdır ki, yuxarıdan hakimiyyət demokratik islahatlara başlasın. Buna dəstək verilməlidir. Müxalifət qarışıqlıq mühitinin onun özünə ziyan vuracağını da anlamalıdır. Bu baxımdan da mitinqlər cəmiyyətə və müxalifətin özünə ciddi fayda vermədi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar