“Məcburi köçkünlərə təzminat ödəmək üçün beynəlxalq fond yaradılmalıdır” – MÜSAHİBƏ
26 aprel 2011 11:33 (UTC +04:00)

“Məcburi köçkünlərə təzminat ödəmək üçün beynəlxalq fond yaradılmalıdır” – MÜSAHİBƏ

- Cənab hakim, siz Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirdiyi konfransda iştirak etdiniz və azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair çıxışınız da oldu. Bu ağır məsələnin həllini necə görürsünüz?

- Mən bu konfransda Belçikanın Konstitusiya Məhkəməsinin hakimi qismində deyil, sadəcə bu məsələnin hüquqi tərəflərinin araşdırıcısı olaraq, bir ekspert kimi çıxış etdim. Amma hər halda mən hakiməm və hüquqşünas olaraq fərdlərin hüquqi, insanların fundamental hüquq və azadlıqlarına hörmət edilməsi məsələləri mənim üçün çox həssas məsələlərdəndir. Bir neçə dəfə Azərbaycana getmişəm və Bakıdan əlavə ölkənin Sumqayıt, Cəlilabad və digər rayonlarında olmuşam. Olduğum yerlərdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti ilə tanış olmuşam. Onların çətin və kədərli şəraitləri, üzləşdiyi problemləri ilə yaxından maraqlanmışam. Azərbaycanla ilk tanışlığım Avropa Şurası Venesiya Komissiyasının Bakıda Konstitusiya Məhkəmələrinə dair təşkil etdiyi konfransdakı iştirakım zamanı olub. Daha sonra bir neçə dəfə Azərbaycanda seçkiləri müşahidə etmişəm, xüsusən də prezident seçkiləri və Azərbaycan Konstitusiyasına edilən dəyişiklik və əlavələrə dair referendumda da müşahidəçilik etmişəm. Məhz bu səfərlərdən sonra, Azərbaycanı həqiqətən tanıdıqdan sonra mənim bu ölkəyə qarşı həqiqi mənada simpatiyalarım artdı. Amma kiminləsə dost olmaq o demək deyil ki, sən digəri ilə düşmənsən. Mən belçikalıyam və Belçika üçün Azərbaycan uzaqda yerləşən bir ölkədir və bizim əksəriyyətimiz Azərbaycanı lazımı qədər tanımır. Məsələn mən Azərbaycana səfər etməmişdən öncə bu ölkə haqda heç nə bilmirdim. Azərbaycanda qaçqın və məcburi köçkünlərinin vəziyyəti mənə çox təsir etdi, bu faciənin ölçüsü çox böyükdür. Əhalinin hər doqquz nəfərindən öz yurd-yuvasından qaçqın düşüb.


Hüquqşünas olduğum üçün əsasən, bu məsələnin hüquqi tərəfləri ilə maraqlanmağa başladım və gördüm ki, beynəlxalq miqyasda BMT və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr yerinə yetirilmir. Çünki bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı faktı öz əksini tapıb və Azərbaycanın işğal edilmiş ərazilərindən silahlı birləşmələrin çəkilməsi haqda müddəalarda əks olunmuş çağırışlara da hörmət edilmir. Biz indi uzun sürən müharibədən sonra dondurulmuş münaqişədən danışırıq, amma bu münaqişə heç də dondurulmuş deyil və hər an yenidən alovlana bilər. Lakin qaldırdığım məsələlər heç də siyasi və diplomatik deyil, qaçqın və məcburi köçkünlərin vəziyyətinə, daha çox humanitar, insani və fərdi hüquqa aid olan məsələdir. Qaçqınlar haqda danışarkən mən bu məsələyə öz şəxsi töhfəmi vermək istəyirəm. Təklifim ondan ibarətdir ki, beynəlxalq hüququn da tanıdığı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi onların ayrılmaz hüquqlarıdır. Burada söhbət onların sadəcə qayıtmasından deyil, ləyaqətli bir şəkildə qayıtmalarından gedir. Bunun ən düzgün və məntiqi həlli onlara eyni zamanda maddi təzminatın ödənilməsi olmalıdır. Yəni onlar öz evlərinə qayıtdıqda bütün itirdiklərinə yiyələnməlidirlər. Mənim də təklifim budur ki, bu məsələ ilə bağlı iki missiyanı yerinə yetirə biləcək beynəlxalq bir fond yaradılsın. Fond hər bir qaçqına və onun irsi mülkünə dair ayrıca hesabat hazırlaya və daha sonra bunun nə dərəcədə yerinə yetirilib yetirilmədiyini yerlərdə araşdıra bilər.


Əlbəttə ki, indiki mərhələdə bu təklif çox utopik səslənə bilər, mən bunu başa düşürəm. Çünki biz fərdi hüquqların təmin edilməsi mərhələsindən hələ uzağıq və geosiyasi planda ümumilikdə münaqişənin həll yolları hələ tam şəkildə üzə çıxmayıb. Amma fikrimcə, münaqişənin həlli çox da uzaqda deyil. Azərbaycanın bu gün bu münaqişənin həllində irəliləyə çox böyük addım atmasına sübut odur ki, bu gün Azərbaycan beynəlxalq arenada yalnız ərazi bütövlüyü barədə deyil, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olması barədə də dəfələrlə bəyanat verib. Bu, Azərbaycan tərəfindən uzadılmış bir əldir. İkinci məsələ isə qaçqın və məcburi köçkünlərinin bu faciəsində günahı olanların beynəlxalq tribunallarda cavab verməsi məsələsidir. Dünyanın hər bir tərəfində münaqişələr nəticəsində əzab çəkən şəxslərin hüquqlarının müdafiəsində beynəlxalq məhkəmələrin yaradılması praktikası da var. Yəni bu hadisələrin cavabdehləri, hərbi cinayət əməllərində iştirak etmiş şəxslər etdikləri bu cinayətlərə görə cavab verməlidirlər. Bəlkə bu məsələni də qaldırmaq indiki mərhələdə hələ tezdir, lakin indidən bunun cizgiləri çəkilməlidir. Çünki insanlara qarşı qətliam olub, bir çoxları ailə üzvlərini itiriblər, illərlə ağır şəraitlərdə yaşayırlar və hər yerdə olduğu kimi bu münaqişənin, bu faciənin də cavabdehləri üzə çıxmalı və həqiqət öz yerini tutmalıdır. Mən bu sanksiyaların təbiətini vurğulamaq istəməzdim, burada əsas məsələ həqiqətin ortaya çıxmasıdır. Azərbaycanlı və erməni əhalisi yalnız o zaman birgə yaşaya bilərlər ki, onların arasında aydınlıq və şəffaflıq olsun.


- Bəs indiki mərhələdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin hüquqlarının beynəlxalq səviyyədə təmin edilməsində hansı hüquqi mexanizmlərdən istifadə edə bilər?

- Hesab edirəm ki, indiki mərhələdə fərdi şəkildə və yaxud qaçqınların hüquqlarını müdafiə edən təşkilatlar beynəlxalq hüquqi instansiyalara artıq müraciət edə bilərlər. Lakin Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdəki vəziyyətinə nəzər salsaq hələlik başqa formada, diplomatik gedişlər çərçivəsində fəaliyyəti davam etdirmək daha məqsədəuyğun olardı. Bu, Azərbaycanla Ermənistan arasında barışığın əldə olunması istiqamətində mümkün yollardan biridir. Qeyd edim ki, hüquqi qərarlar da eyni qətnamələr kimidir. Yəni onların səmərəli olması və onların həyata keçməsi üçün gərək ortalıqda siyasi iradə olsun. Hazırda biz danışıqlar mərhələsindəyik. Eyni zamanda hesab edirəm ki, bu danışıqları mümkünləşdirmək üçün bəlkə də bütün məsələləri masanın üzərinə qoymaq düzgün olmazdı. Hər şeyin öz vaxtı var. Lakin indidən artıq bu dediyim fikirləri inkişaf etdirmək, bu haqda düşünmək olar. Yaxşı olardı ki, qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə edən təşkilatların sayı artsın və onlar indidən bu şəxslərin şəxsi dosyelərini tərtib etsinlər ki, gələcəkdə onlara vurulmuş ziyanın hesablayaraq ödənilməsini tələb edə bilsinlər.


- Cənab hakim, ümumilikdə bu gün Belçikadan Azərbaycan necə görünür?

- Belçikada Azərbaycan çox az tanınır. Bunun üçün də işləmək lazıdır. İki ölkə arasındakı əlaqələri inkişaf etdirmək, iki xalqı bir-birinə yaxınlaşdırmaq üçün yeni və çoxsaylı təşkilatlar yaranmalıdır. Bu gün Azərbaycan və Belçika parlamentləri arasında dostluq qrupu fəaliyyət göstərir. Fikrimcə, hər iki ölkənin millət vəkilləri arasındakı təmaslar və görüşlərin sayı artırılmalıdır. Bundan başqa Azərbaycanın buradakı səfirliyi də iki ölkənin yaxınlaşması istiqamətdə mühüm işlər görməlidir. Yaxşı olardı ki, adi insanlar və əsasən də gənclərdən ibarət müştərək səfər qrupları təşkil edilsin. Azərbaycan fərqli sərgilər, tədbirlər təşkil etməklə belçikalılara özünün mədəni zənginliyi və potensialını nümayiş etdirə bilər. Məsələn, Azərbaycanda 430-a qədər bitki var ki, bunlar Belçikada yoxdur. Mən bunu biləndə çox təəccübləndim. Sizin ölkəniz çox zəngin ölkədir və bir çox sahələrdə Belçikaya da örnək ola bilər. Üstəlik Azərbaycan gözəlliyi, təbiəti və zəngin tarixi ilə seçilən Qafqaz regionunun bir parçasıdır. Bəlkə də biz çox hallarda hər şeyi yalnız bir bucaq altında görürük, amma siz fərqliliyiniz, rəngarəngliyiniz baxımından bizə də çox şeylər öyrədə bilərsiniz. Məsələn, Belçika da bir çox Avropa ölkəsi kimi erməni məsələsində həssasdır. Amma fikrimcə, əsl demokratik yanaşma odur ki, hər iki tərəfi eşidə biləsən.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar