Bir mücahidin ürək dağlayan həyat dramı - ARAŞDIRMA
25 aprel 2011 13:07 (UTC +04:00)

Bir mücahidin ürək dağlayan həyat dramı - ARAŞDIRMA



Azadlıq yolunun mücahidləri heç vaxt tarix yazmayıb. Onlar tarixi yaradıblar.

Zaqafqaziya Seyminin nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ilk parlamentimizin üzvü Hacı Mirzə Səlim Axund Axundzadə öz dövrünün görkəmli siyasi xadimlərindəndir. Zəngin tərcümeyi–halı, əzablı taleyi olan bu görkəmli şəxsiyyət haqqında tədqiqatçılarımız tərəfindən bu günə kimi ətraflı araşdırmalar aparılmayıb. Onun vətəndən didərgin düşəndən sonra qələmə aldığı “Xatirələr”i təkcə o dövrün ictimai-siyasi hadisələrini deyil, həm də tariximizin müəyyən dönəmini öyrənmək baxımından çox qiymətlidir.

Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Atası Mirzə İsmayıl Qasir (1805-1900) öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. Şirvandan Lənkərana köçəndən sonra “Üsuli-cədid” məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdu.

Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dediyi məktəbdə alıb. Məlumat üçün onu da qeyd edək ki, Cümhuriyyət dövründə Azərbaycan Ordusunun müdafiə naziri olan General Səməd bəy Mehmandarov da Qasirin sevimli şagirdlərindən biriydi.

H.M.S.Axundzadə “Üsuli-cədid”də fars və ərəb dillərini öyrənəndən sonra, o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Gimnaziyada təhsilini uğurla başa vuran Səlim bir müddət şəhər polis idarəsində, sonra isə yerli mülkiyyətçi Əsgərxan Talışinskinin yanında katib işləyir. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir.

Onun bu təhsili düz 8 il davam edib. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdandan sonra 1911-1916-cı illərdə Lənkəran şəhər gimnaziyasında islam dini və şəriət dərsləri ilə yanaşı, fransız dilindən də dərs deyib.

1916-cı ildə yenidən Türkiyəyə səyahət edən Hacı Mirzə Səlim Axund Axundzadə Rusiyada fevral burjua-demokratik inqilabı baş verəndən dörd ay sonra Lənkərana qayıdır. Müsavat Partiyasının yerli şöbəsinə üzv olur.

Hər yerdə olduğu kimi, fevral inqilabının təsirilə Cənubda da ictimai-siyasi canlanma başlayır. Yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə fəaliyyətini davam etdirirdi.

1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisə gedib, erməni və gürcülərlə “Seym”in işində iştirak edəcəyini bildirirlər...

...Üstündən illər keçəcək... Qürbətdə vətən üçün göyüm-göyüm göynəyən, yalnız əski xatirələrin ümidinə qalan 58 yaşlı Axundzadə ürəyini ağ kağıza boşaltmaqdan başqa çıxış yolu tapmayacaq. Mürgülü xatirələr oyanacaq... Gözlərini yumub, ömrün keşməkeşli və əzablı, həm də əziz olan günlərinə dönəcək. Köks ötürüb gözlərini açanda hər kirpiyindən bir damla yaş qopub, nurani çöhrəsindən üzü aşağı axacaq. Sonra o damcılar ağ vərəqlər üstünə qonanda Vaxtın mənzərəsi bütün təfərrüatı və rəngləri ilə görünəcək: “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib “Açıq söz” İdarəsinə getdim və “Xeyriyyə”də sakin oldum.

Məmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdə adları yadımda qalan yoldaşlarım bunlar idi: Məmməd Əmin bəy Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Ələsgər Mahmudov, Məmmədyusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qabulov. Gəncədə Yusif bəy Nəsibov (müəllif çox güman ki, Nəsib bəy Yusifbəylinin ad və soyadının yerini səhv salır – Z.S.) vaqona minib, bizə qatıldı. “İttihad” firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Heybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər bir münasib yerdə dayanıb, bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi...

Yanvarın 12-də günorta Tiflisə varid olduq...”

Türk qoşunlarının Azərbaycana gəlişi ilə bağlı Axundzadənin xatirələrində bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunları Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə Nuru paşa yolu dəyişib, başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük qüvvə hasil oldu. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin iştirakı ilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Və buna nail olur. Odur ki, sonralar Zəngəzur camaatı Hacı Mirzə Səlim Axund Axundzadəni Azərbaycan Cümhuriyyəti Parlamentinə deputat seçmişdi.

Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir. Hələ vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz-əməlli məşğul ola bilmir. Nəhayət, 1920-ci ilin aprel işğalından sonra o dövrün siyasi xadimləri, hökumət üzvləri kimi Axundzadə də zorən cəlayi-vətən olur. İrana gedir, Ərdəbildə məskunlaşır. Rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi Axunzadə də mübarizəni dayandırmır. Şərqdə-xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Azərbaycanı yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, İrandan Əfqanıstana gedir. Ötən əsrin 20-ci illərində Əfqanıstanda olan rusmeyilli Əmənullaxan Hacı Səlim Axundun bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.

Atası mühacirətə gedəndən bir il sonra Ayişə atasızlığa dözə bilməyib, dünyasını dəyişir. İki il sonra - 1923-cü ildə Axundzadənin sonuncu övladı Cəmilə xanım vəfat edir.

Öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalır. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doydurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun dalınca qaçaq yolla İrana getməyə qərar verir.

1924-cü ildə qaynı Maştağa bəy öz bacısını Lerik yolu ilə onun yanına - Ərdəbilə aparır. Əlbəttə, belə bir cəsarətli addım ona həyatı bahasına başa gəldi. Maştağa bəy Lənkərana qayıdan kimi onu həbs etdilər. Sorğu-sual o qədər də uzun çəkmədi. Maştağa bəyi gedər-gəlməzə - Sibirə sürgün etdilər. Və o, bir daha doğma yerlərə qayıtmadı. Orada vəfat etdi.

Bu boyda dərdin, nisgilin içində tale bir azca bu Vətən fədaisinin - Axundzadənin üzünə qımışdı, deyəsən...

3 il sonra - 1927-ci ildə tanrı ona bir oğul əta elədi. Adını İşıq (Rövşən) qoydular. O vaxt Hacı Səlimin 55 yaşı vardı. Taleyin oyunu bitmirdi, ayrılıq, həsrət yolları uzandıqca uzanırdı. Yeganə təsəlli balaca İşıq idi. Bəxt ona yelə sovurduğu ömür qazancının əvəzində ikinci bir oğul övladı qaytardı - Zahir bəyi...

1930-cu il idi. İrana gedəndən bir müddət sonra Ənzəli şəhərinə köçdü Hacı Səlim... Hökumət mədrəsəsində müəllimlik etməyə başladı.

Və günlərin bir günü əlinə qələm alıb gördüklərini, bildiklərini xatirat dəftərinə yazdı: “Bismillah ər-rəhman ər-rəhim!... İstərəm öz dirilik halətimi yazım...”

1930-cu il dekabrın 15-də Hacı Mirzə Səlim Axund Axundzadə 58 yaşında vəfat etdi. Onu Ənzəlidə dəfn etdilər.

Hacı Səlimin qardaşı Mirzə Səbini 1926-cı ildə Lənkəran dairə daxili işlər idarəsinin rəisi Parsayevin göstərişilə Bakıya köçürdülər. 11 ildən sonra Mirzə Səbini də həbs edib, sürgünə göndərdilər. O, 1943-cü ildə Daşkənd yaxınlığındakı həbs düşərgəsində vəfat etdi...

P.S. Hərdən məni bir vaqeə çox bərk düşündürür, Yurdunu və Millətini sevənlərə Vətən çox demirəm, niyə bir çimdik torpağını qızırğanır.
***
Keçmiş qüruba enən günəş kimidir. Batanda rənglərini özü ilə aparır.

Və Gələcək də qızaran dan yeri kimi gələndə gedişini özüylə gətirir.

Deməli, Vaxt da öz oxu ətrafında fırlanır.

Bu gün – böyründən keçib gəldiyimiz Dünən deyilsə, bəs nədir?...

...Hacı Mirzə Səlim Axund Axundzadənin ömrünün son illərində qələmə aldığı bu “Xatiratlar”ını nəzərdən keçirərkən bir daha əmin olduq ki, yazıya pozu yoxdu. Və bir də insanın yaddaş adlı müqəddəs xəzinəsi var. Məsələ o “xəzinə”də kimin nə qoruyub saxlamasında deyil, əsas mahiyyət tarixi dəyərlərdədir...

Yapon yazıçısı Yasunari Kovabata yazırdı ki, gülün gözəlliyini bir gül yüz güldən daha yaxşı göstərir. Deməli, zamanın da elə məqamları var ki, onun bircə gününü “görmək”, uzun-uzadı illər haqqında bəs deyincə təsəvvür yaratmağa kifayət edər...

Bu “Xatiratlar”ı oxuyanda həm də adamın yadına döyüşü bitirə bilməyən şəhid əsgər düşür.

Didərgin ruhların ərşə bülənd olan iniltili naləsini eşidirsən arabir.

Sən demə, “qoynunda yatdığımız odlu səngərin həm qalibi , həm də məğlubu” elə biz özümüzük...

Millət də fərdlər kimi böyük tarixi hadisələrlə bir yerdə olanda , ən birincisi , öz gücünün dilini öyrənir. Belə məqamlarda dalaşmaq da danışmaq sayağı asan olur...


Hacı Mirzə Səlim Axund Axundzadənin xatirələri
(ixtisarla)

...1918-ci il yanvarın 12-də Tiflisə varid olduq. (Azərbaycandan “Seym”in işində iştirak etmək üçün Tiflisə gedən nümayəndə heyəti nəzərdə tutulur - Z.S.) Bu inqilab zamanında hər tərəfdən Tiflisə camaat yığışmışdı. Belə ki, mənzil az tapılırdı. Bizimlə gələn yoldaşlar hərə bir tərəfə hərəkət edib, özləri üçün mənzil təyin etməyə getdilər. Məxsusən mənimlə olan müsavatçılardan Hacıbababəyov, Məlikyeqanov gedəndə dedilər ki, bu saat qayıdacaqlar. Amma geri dönmədilər. Nəhayət, “İttihad” firqəsinə mənsub olanlar 3 nəfər şəxs idi, onlar da hənüz öz adamlarını gözləyirdilər, üç saatdan sonra qəti surətdə şəhərə getməyi qərara aldılar. Sultan Məcid Qənizadə hörmətlə məni də avtomobilə mindirib, şəhərə apardı. O, yoldaşları ilə mənzil tutandan sonra məni də öz mənzillərində saxlamaq istədisə də, mən müsavatçı olduğum üçün kisrəti-cəhalətimdən onlarla oturmağı özümə cayiz görmədim.

...Məlum oldu ki, yoldaşlarımızdan çoxu “Oriyant” mehmanxanasındadır. Bir neçə gün “Oriyant” mehmanxanasında Mehdi bəy Hacıbababəyovun mənzilində qaldım.

...Bu vaxt “Seym”də müsavatçılar hamısı hazır olmadığı üçün bəzi yoldaşların ki, əslən vəkalət ünvanları yox idi, məclisdə səsimizin az olması münasibətilə onları müvəqqəti olaraq “Seym” üzvlüyünə qəbul elədilər. O cümlədən, Kərbəlayi Vəli Mikayılov ilə Mirzə Cəlal Yusif Qarabağini “Seym”də müvəqqəti üzv olaraq yazdılar. Bu iki şəxs ilə mən əvvəllər “Palas” mehmanxanasında, sonra isə İrəvan meydanındakı “Qafqaz” mehmanxanasında qaldıq. Cavad bəy Məlikyeqanov erməni dilində gözəl danışdığı üçün “Qafqaz”da erməni adına ona mənzil verilmişdi. Nəsib bəy Yusifbəyli də öz əyalı ilə bərabər bu mehmanxanada qalırdı.

Qeyd: Hər gün ermənilər “Qafqaz” mehmanxanasına gəlib qırx yaşından on dörd yaşınacan əsgər toplayırdılar. Mehmanxananın bütün işçiləri Cavad bəy Məlikyeqanovu erməni hesab edib və məni də ondan xəbər alırdılar ki, bu müsəlman mollası ilə sənin nə münasibətin vardır?

...Bir gün Cavad bəy mənə söylədi:
- Hacı axund! Bu gecə teatrda məlum olubdur ki, mən müsəlman və Müsavat firqəsinə mənsubam. Zənnimcə, hələ mehmanxanada bilməyirlər, mən bu gün axşam burdan xaric olacağam. Sən gecə buraya gəlmə. Beş gündür, Nəsib bəy də mehmanxanadan çıxıb.

Mən də orada qalmadım. Çünki burada qalmaq müsəlmanlar üçün qorxulu idi.

Şeytanbazarda müvəqqəti olaraq, çətinliklə “Təbriz” mehmanxanasında mənzil tədarük etdim.

...“Seym”də Çxaidze müvəqqəti olaraq sədr seçildi. Gəncəli doktor Həsən bəy Ağayev birinci müavin və bir nəfər erməninin ikinci müavin seçilməsi qərara alınandan sonra katibləri müəyyən etmək üçün məclis öz işini sabaha saxladı. Ertəsi gün Əli bəy Qandəmirov birinci katib, ikinci katib ermənilərdən, üçüncü katib isə gürcülərdən təyin olundu. “Seym” tamam-kamal dürüst olub vəzarət (nazir) bölgüsünü qurtarıb, bütün əhəmiyyətli yerləri gürcülər götürdülər. Xan Xoyskiyə maarif vəzarəti verildi.

...Bu vaxt Badkubə bolşeviklərin və ermənilərin əlində əsarətdə idi, hər gün istəyirdilər ki, Gəncəni də ələ keçirsinlər. İrəvan və Naxçıvan tərəfində camaat silahsız və köməksiz olduqları üçün hər saat, hər dəqiqə ermənilər müsəlmanları qırıb, arvad-uşaqlarını binamus edəndən sonra ya öldürür, ya da başlarını məscid divarlarına mıxlayırdılar. Bu faciə, ah və nalələr hər tərəfə dağılıb, kağız və qasid vasitəsilə Seymdə olan vəkillərə yetişirdi. Gürcülərin və ermənilərin hazır silahlı qoşunu var idi. Müsəlmanların həm əsgərləri yox idi, həm də pulları. Bundan başqa, bütün hərbi arsenal ermənilərin əlində və gürcülərin ixtiyarında idi. Dəfələrlə məclisdə söhbət olmuşdu ki, Nikolay öləndən sonra vərəsə kimi hər şey üç millət arasında bölünməlidir (gürcü, türk, erməni)... məhəl qoyan yox idi. Bu tərəfdən də İrəvan ətrafında olan nə qədər türk kəndləri var idisə , ermənilər qırıb, yandırıb, talan etmişdilər. Tiflisdə müsəlmanların elə təşkilat və idarələri yox idi ki, ermənilərin vəhşiliklərini cilovlasın. Və ya qaçıb gələn müsəlmanlara bir yarım çörək müavinət edə bilsinlər. Amma ermənilər Tiflisdə Şeytanbazarın arxasında bir hamam icarə edib, hər gün üç yüz manat verirdilər, tainki qaçqın ermənilər hamamda yuyunub , sonra onlara təzə libas paylayıb və mənzil verirdilər. Amma müsəlmanlar üçün belə bir iş əbədən mümkün deyildi. Bizim vəkillər çox götür-qoy edəndən sonra belə qərara gəldilər ki, məclisdən dörd nəfər seçilib, İstanbula getsinlər və türklərdən müavinət tələb etsinlər ki, Qafqaz müsəlmanlarını ermənilərin zülm və şərarətindən mühafizə etsinlər. Doktor Miryaqub, İbrahim bəy Dağıstanlı, Məhəmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov İstanbula yola düşdü. Məmməd Əmin özü də getdi.

...Nuru paşa öz qoşunu ilə Gəncəyə daxil olanda, hər bir nüqatda erməni izdihamı vardısa, hamısı pərakəndə düşdü. Nikolay zamanında Azərbaycan cəmi 2 quberniyadan ibarət idi: Gəncə və Bakı quberniyalarından. Bu iki quberniyadan əlimizdə qalan Gəncə şəhəri idi ki, Nuru paşa gələnəcən Gəncənin mərd və cəngavər camaatının hünər və mərdanəliklərinə görə, müsəlmanların əlində qalmışdı. Gəncənin içindən axan çay ermənilərlə müsəlmanların arasında sərhəd olmuşdu ki, şərq tərəfi ermənilərə, qərb tərəfindəki hissə müsəlmanlara müsəlliq omuşdu. Nuru paşa Gəncəyə gələndən bir gün sonra ermənilər külliyatən təslim olma elanı verib, bəzi əşrar qaçıb hökumətə təslim olur, bəziləri də Badkubə ,Qarabağ , Zəngəzur tərəfə qaçmağa üz qoymuşdu. Bu mətləb burada qalsın, Tiflisdə başıma gələn bəzi əhvalatları bəyan edim.

Zaqatala əhvalatı

O vaxtlar Zaqatala cəmi 400 evdən ibarət olardı. Burada müxtəlif millətlərin nümayəndələri yaşayırdı. O cümlədən, gürcülər... Öz havadarlarından əzyar və təlimat alan ermənilər gürcülərə əziyyət vermək xəyalında idilər. Gürcülər Tiflisdə olan Seymə ərizə verib, öz əmin-amanlıqlarını gürcü vəkillərdən müavinət istəmişdilər.

Bir tərəfdən də mühacir türk əsgərləri erməniləri hər bir surətdə öldürürdülər. Ələlxüsus, Anadoluda ermənilərin faciə və yaramaz hərəkatını görən mühacir türk əsgərləri nəhayət dərəcədə erməniləri öldürməyə iqdamatda olurdular. Təsadüfən eşidəndə ki, filan erməninin oğlu Türkiyə davasında olub və bir dənə Türkiyədən baydaq (bayraq) qarət edibdir ki, üstündə “La ilahə illəllah, Məhəmmədən rəsuləllah” yazılmışdır. Bu söz Zaqatala camaatını və türk əsgərlərini daha da qıcıqlandırıb, hökm verirlər ki, əgər o baydaq Tiflisdən Cara Talaya gəlməzsə, hər bir surətdə erməniləri qətli-amim edəcəklər...

Əl-hasil, Tiflisdəki gürcü və erməni təşkilatları Türk Ədəmi Mərkəziyyət Firqəsindən rəsmi müavinət etməyib, Zaqatalaya nümayəndə göndərmək lazımdır - demişdilər.

Mayın 2-də iclas oldu. Əslən Zaqatala mahalından olan İslam bəy Qabulov (Moğol türk camaatının ən böyük xanədan və famil sahibləri Qabulovlardır ki, elm, ticarət sahəsində böyük nüfuz sahibləridir. Çox qonaqpərvər, şərafətli bir nəsildir ki, kökü Qax mahalındandır. O da felən Zaqatalanın Seymdəki vəkili idi. İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub və rusca da yaxşı bilirdi) və mənim adıma etimadnamə yazıldı. Zaqatalaya getmək, oranın hökumət işlərinə baxmaq, gürcü və ermənilərin asudəliklərini təmin etmək bizə tapşırıldı. Hökumət dairəsində lazım idi ki, bizə gündəlik məxaric versinlər, amma heç bir şey vermədilər. Bizim Zaqatalaya getməyimiz artıq dərəcədə əhəmiyyətli olduğu üçün hərəkət etməyimizə hökumət, gürcü və erməni camaatı tərəfindən təkid olundu.

Əlqərəz, mayın 2-si saat 11-də vaqonla yola düşdük. Bu vaqon bəzi yerlərdə sürətlə hərəkət etsə də, lazımi anlarda əndazədə sürətlə yol getməyirdi. Axırlarda məlum oldu ki, stansiyonda dayanan zaman quldurlar istəyirlərmiş ki, vaqonlara daxil olsunlar. Amma mühafizəçilər mane olublar. Səhərisi gün axşama iki saat qalmış Zikov adlı bir məkana yetişdik ki, bura da Gürcüstan dəmir yolunun axırıdır və Gürcü torpağı burada tamam olur.

...İslam bəy sabah üçün Cara dürüşgə (fayton) tutdu. Sübh saat 8-də hərəkət edib, gecədən 2 saat keçmiş Cara daxil olduq.

Əvvəlcə varid olduğumuz məkan müsəlman ədliyyəsi idi və ədliyyənin də rəisi Bayram Niyazi adında bir möhtərəm zat idi. Bu şəxs Azərbaycan Cümhuriyyəti zamanında Zaqatala camaatı tərəfindən deputat seçilmişdi.

Qeyd: Erməni və gürcülərlə bir neçə dəfə görüşüb onları sakitləşdirdik. Müsəlmanlarla da görüşdük, söhbətlər apardıq. Sonra Qaxa getdik. 5 gün orada qaldıq. İslam bəyin burada bir qardaşı vardı, adı Hacı Mahmud idi, çox dindar və əhli-mərifət adamlardan sayılırdı. Sonra camaatın tövsiyənaməsini alıb, dübarə Cara qayıtdıq. Bu zaman xəbər yetişdi ki, ...hər tərəfdə gürcülər müsəlmanları görürlərsə, dərhal həbsə alırlar. Bu xəbər məni bərk vəhşətə saldı. İslam bəydən ayrılmaq məcburiyyətində qaldım. İslam bəyə izhar elədim ki, sənin libasın tamam xristian libasıdır, özün də rus dilində məndən yaxşı danışırsan, ona görə sən gedə bilərsən. Amma məni gürcülər bu halda görsələr, dərhal tutub həbsə salarlar... İslam bəy razılaşdı. Mən Şəkiyə getməyə hazırlaşdım. O, dürüşgəyə minib mənimlə xudahafizləşdi və Tiflis tərəfə yola düşdü.

Mən də Carda tək qalmağı rəva bilməyib, Şəkiyə doğru üz tutdum. Bu vaxt məlum oldu ki, iki nəfər Car əhlindən camaat tərəfindən Şəkiyə nümayəndə gedir. Ona görə ki, gürcülər bir növ türklərin acığına müsəlmanların əleyhinə hərəkət edirlər. Bəs lazımdır ki, Car və Zaqatala camaatı arasında birlik yaransın ki, məqamında bir-birlərinə kömək və imdad edə bilsinlər. Tanışım olmadığı üçün mehmanxanaya yola düşdüm.

...Bu münvalla 21 gün Şəkidə qaldım...

Mətləb burada qalsın. Yoldaşım İslam bəyin əhvalatından zikr etmək istəyirəm:

Mən Şəkidə olan zaman Cara kağız yazıb, İslam bəyə göndərdim. Xahiş etdim ki, Tiflisə gedəndə yoldaşlardan mənim gündəlik zəhmət haqqımı alıb göndərsin. Tainki Şəki yolu Ucara açılanda, mən də hərəkət edib Tiflisə gedəcəm.

On gün sonra İslam bəydən bu cavabı aldım: “Vaqona minib, üç stansiya hərəkət etmişdik ki, gürcü polisləri məni həbs edib, məhəlli hökumət idarəsinə apardılar. Məndən başqa iki nəfər oranın müsəlman rəislərindən də tutmuşdular. Naçalnik mənə xitabən dedi ki, siz Seymdə vəkilsiniz. Bu ətrafda gürcüləri soyub qarət ediblər. Qəti surətdə lazımdır ki, Siz də mənimlə həmin yerə gedəsiniz. Əlacsız qalıb 4 nəfər faytona minib cəngəllik və dərə boyu hərəkət edirdik. Birdən 4 nəfər atlı qəflətən zühur etdi. Bizi girov götürüb xəlvəti bir dərəyə aparıb soydular. Bütün paltar, saat və pullarımızı aldılar. Olub-qalan nəyimiz vardısa qarət edib, hər kəsə bir dənə köynək və tuman verdilər...”

***

...İslam bəy Qabulov onu da yazırdı ki, bir həftədir Carda zatül-cənab (sətəlcəm - Z.S) və qulunca mübtəla olmuşam, bir həftədir özümü müalicə edirəm. Xoş sənin halına və ağlına ki, bu xüsusda mənimlə yoldaşlıq etməyib, bu gözlənilməz bəladan xilas oldun. Bütün raportları Tiflisə göndərmişəm. Pul gələrsə, sizə təqdim edəcəyəm, vəssalam...

...Bu minvalla mən 21 gün Şəkidə qaldım...

Şəkidən Tiflisə müraciət etmək lazım idi ki, əvvəlcə Ucar stansiyasına gəlib, sonra Gəncəyə yetişib və oradan da Tiflisə getmək olardı. Şəkidən isə Ucara gəlmək üçün yollar çox qorxulu idi. Soyğunçuluq olduğu üçün nə fayton tapılırdı, nə də gəlib-gedən var idi. Mən gecə-gündüz iztirab və təşvişdə idim ki, nə təhər Tiflisə gedim... Daimi olaraq əyanlarla, vilayətin tanınmış adamları ilə məsləhətləşirdim. Ələlxüsus, Mirzə Fərəculla ağa ilə getməyim barədə yollar arayırdıq... Tainki xəbər gəldi ki, yollar bir növ əmin-amanlıqdır. Bu heyndə Şəkinin camaatından bir dəstə və onların başçıları Mirzə bəy Qasımov da Tiflisə getmək istəyirdilər. Bu həmin Mirzə Məhəmməd bəy Qasımov idi ki, keçmiş zamanlarda Ərəş mahalında pristav olub, özü də çox böyük hörmət-izzət sahibiydi. Camaat ona 25 min manat pul toplayıb vermişdi ki, bəs Tiflisdən lazım olan ləvazimat alıb Şəkiyə göndərsin, yaxud gətirsin...

...Rəcəb ül-mərcab ayının 8-də 6 fayton yığılıb birlikdə yola düşdük. Ətrafdakı adamlar – o cümlədən Ağa Mirzə Fərəculla məni nəhayət dərəcədə Mirzə Məhəmməd bəy Qasımova tapşırdı ki, yolda məndən muğayat olsun. Qasımov zarafatla cavab verdi ki, mənim əfəndilər və hacılardan acığım gəlir. Zatən onları sevmirəmsə də, lakin bu Hacı Axundu sima və əmvarının məqsədilə bərabər gözəl olduğu üçün, bu alicənab şəxsi ən səmimi qəlbdən sevib, ehtiram göstərəcəyəm və xidmətində duracağam.

Sübh tezdən Şəkidən hərəkət edən faytonları sürücülər sürməyə başladılar. Yol boyu hər kənddə və hər yerdə bizə xəbər verirdilər ki, Ərəş mahalının yaxınlığında – böyük körpünün yanında olan darısqal yolda adamları soyurlar, o yol qorxuludur. Həm də çox vaxt soyduqları adamları öldürürlər. Buna görə də Xanabad kəndinin yaxınlığında dayanıb, Mirzə Məhəmməd Qasımov kəndin kəndxudasından adam istədi. Həm də kəndxudanı xeyli məzəmmət elədi ki, nə üçün gərək bu yol itminan olmasın... Kəndxuda öz bacısı oğlunu 9 nəfər silahlı ilə bizə qoşub və əmr verdi ki, hərgah sizin yolunuzu kəsib, camaatı soymaq istəsələr, müqavimət göstərin, adamı qorxutmaq üçün yox, şəxsi yolkəsənləri güllə ilə vurun. Bu qədər bilin ki, tüfəng atılıb, güllə səsi gəlsə, mən özüm əlli atlı ilə sizin yanınızda olacağam. Qətiyyən qorxmayın, vəssalam, allah amanında!

Piyadalar bizdən qabaq yola düşdü. Bizsə, on beş dəqiqə çay içib istirahət etmək üçün Xanabadda əyləşib, sonra faytonlarla hərəkətə başladıq. (Xanabad ilə qorxulu körpünün arası təqribən ağac yarımdan azdır) Piyadalara yetişəndə özümüz faytondan enib, onları mindirdik. Biz də yavaş-yavaş payi-piyada hərəkət etdik.

Bir xeyli yol qət edəndən sonra onlar düşdü və biz faytona mindik. Bu minvalla bir əndazə istirahət edə-edə hərəkət edirdik.

...Qorxulu məkana yarım ağac yol qalmışdı. Gördük ki, dağın başından qoyun kimi bir sürü aşağıya tərəf hərəkət edir. Məlum oldu ki, bunlar adam soyanlardır. Bizim faytonları görüb, bizləri soymaq üçün gəlib dağın aşağısında körpünü və başqa möhkəm məhəllələri tutub, bizim hərəkət etdiyimiz yolları bağlamaq istəyirlər.

Əvvəla, faytonlar xoşbəxtçilikdən tez hərəkət eləyirdi. Bizimlə bir yerdə köməyə gələn piyadalar cəld yeriməyə başladılar. Sən demə, oğrular da bunu başa düşüb, sürətlə bizim yolumuzu bağlamaq üçün bənd-bərəni kəsməyə cəhd göstərirlərmiş. Bizlər də faytondan düşdük, qabağa keçib, dağın bir tərəfində durduq. Ələlxüsus, mən hamıdan qabağa keçdim. Bizim piyadalar bir neçə mərkəzləri tutub, səngər elədilər. Quldurlar da aşağıya enib, özlərinə səngər qurdular. Bu vaxt bizim piyadalarla quldurlar bir-birini tanıdıqları üçün başladılar söhbət eləməyə. Quldurlar bizim piyadaları məzəmmət edirdilər ki, siz nə üçün gəldiniz və nə səbəbə qoymadınız ki, bizlər mənfəətbərdar olaq. Bizim piyadalar da onlara ədəblə cavab verdilər. Bu vaxt mən lap aşağıya düşüb, başladım onlara nəsihət verməyə: “Əzizlərim, Sizlər nə üçün bu cür qəbahət yapırsınız. Mən bir il yarımdır çöllərə düşüb, siz camaat üçün asudəlik istəyib, sizlərin mənfəəti üçün gecə-gündüz əlləşirəm. Tiflisdən gəlib Zaqatala və Şəkidə olan məlumatları toplayıb Tiflisdəki heyəti-ictimaiyyə üçün xəbər aparıram. Aya, sizlərdən nə məlumat aparım? İndi mən hazıram. Hər kəs məni soymaq istəyirsə, gəlsin. Mən söz verirəm ki, heç bir söz deməyib və müqavimət göstərməyəcəyəm. Amma vaxtında Sizlər üçün bu cür pis hərəkətlər artıq mərtəbədə oturacaqdır. Təqsir sizlərdə deyil, günah bizlərdədir ki, sizlər kimi anlamaz, alçaq camaatın xeyrinə ev-eşikdən avara olub, çöl-biyabanlar dolanıb, sizlərin gələcəyi üçün bir yaxşı gün qurmaq istəyirik ki, özünüz və övladlarınız dinc və asudə yaşasın. Amma sizlər yırtıcı canavar kimi çöllərə tökülüb, biçarə camaatı soyursunuz. Sizin üçün can verib, özünə diriliyi haram edən insanları da qarət etməyə başlayırsınız. Eyib olsun sizlərə! Baxın erməni camaatına ki, heç biri bir erməniyə də toxunmur. Ar olsun sizlər kimi nakəs insanlara!

Mən sözümü bitirər-bitirməz gördüm ki, onlardan biri səsləndi:

- Ay Hacı axund, bizim sizinlə işimiz yoxdur. Siz təşrif aparın.

Mən dübarə yenə də məzəmmət etməyə başladım. Bu vaxt yoldaşlarım cürətlənib yaxına gəldilər. Onlar da başladılar quldurlara nəsihət verməyə. Bu vaxt quldurlar bizi müşayiət edənlərə üz tutub, başladılar məzəmmət etməyə ki, sizlər dürüst adamlarsınızsa, nə üçün pul alıb, bunları aparırsınız? Piyadalar cavab verdilər ki, biz heç kəsdən pul almamışıq. Bu qonaqlar yolun qorxulu olduğunu söylədilər və bizdən kömək istədilər. Odur ki, biz də insaniyyət üzrə onları buraya gətirmişik. Bizə yuxarıdan tapşırıblar ki, hər cür tələfat ilə olsa, bu həzəratı himayə edib, onların soyulmağına mane olaq.

...Əlqərəz, ortalıqda xeyli kinayəli sözlər, sual-cavablar oldu. Nəhayət, bizim piyadalarla quldurları barışdırmağa iqdam elədik.

Bunları barışdırandan sonra yenə də başladılar bir-birinə gileylənməyə, quldurlar dedilər ki siz pul almısınız. Bizim piyadalar and-aman elədilər ki, bizim əbədən belə niyyətimiz olmayıb. Quldurlar dedilər ki, əgər iş belədirsə, daha bundan o tərəfə getməyin, qonaqlarla xudahafizləşin.

Belə də oldu. Biz piyadalarımıza zəhmət haqqı verə bilmədik. Yoldaşlarımızın bu hadisədən bir əndazə xoşları gəldi...

...Qada-bala canımızdan uzaq. Böyük təhlükədən xilas olub, piyadalarımız yolkəsənlərlə bərabər öz yerlərinə tərəf getdilər. Bizlər də faytona minib, körpüdən keçib Ərəş mahalına gəldik. (Qorxulu dərədən Ərəşin özünə dörd vers olar) Əlqərəz, sonra öyrəndik ki, bəs tikə ovsanaya düşüb. Yolkəsənlər bizi öldürmək niyyətindəymişlər.

...Nahar vaxtı Ərəşin bir nəfər əkabir qocalarından mənimlə süfrədə qabaq-qənşər oturmuşdu. Özü də bıçağımı götürüb əlində oynadırdı. Xəyalıma gəldi ki, bıçağımı alıb cibimə qoyum. Bir az xəcalət çəkdim. Sonra qəza namazına getdim, qayıdanda gördüm ki, qoca kişi aradan çıxıb. Daha iş işdən keçmişdi. Qoca mənim bıçağımı çırpışdırıb aradan çıxmışdı. Faytona minib Ağdaşa yola düşdük. Yol boyu bizlərə heç bir asudəlik yox idi. Çünki gözlərimiz qorxmuşdu. Ələlxüsus qüruba yaxın daha çox vahimələnirdik. Uzaqdan hər yerdə göl və qaraltı görəndə dərhal ürəklər çırpışıb iztirab edirdi ki, bəlkə quldur və ya oğrudur. Mirzə Məhəmməd bəy Qasımov çox iztirab və təşvişdəydi. Çünki 250 min manatacan Şəki kooperativlərinin pulu onun cibindəydi.

Ağdaşa gecə vaxtı varid olduq. Məşhur Səmədovların evində mənzil elədim.

Əlhasil, mətləbdən uzaq oldum.

Böyük çətinliklə Tiflisə gələ bildim. Ertəsi gün Seymə getdim. Bu müddətdə, hərəkət edəndə çox korluq çəkib aylıq almamışdım. Hökumət də yol xərci verməmişdi.

Gələndən sonra 2 aylıq vəzifəmin məvacibini alandan sonra, nə illah elədimsə də hər gün üçün lazım olan otuz manatı bizə versinlər, əbədən bir manat vermədilər. Nə qədər Nəsib bəyə, Əmin bəyə, Xan Xoyskiyə də müraciət elədimsə də, bir nəticə hasil olmadı. Bu gün - sabaha salıb işimi yubatdılar.

...Bəli, Romaşvili tərəfində Müsavat firqəsinin nümayəndəsi kimi Cara və Zaqatalaya nümayəndəlik sifətiylə etdiyim səfərin müxtəsəri təfsilatı bundan ibarətdir.

Qeyd: Yoldaşım İslam bəy Qabulov idi ki, əvvəlcədən zikr etdiyim kimi gürcü ajanları tərəfindən yolda soyulub, bir təhər aradan çıxıb Qaxa qayıtmışdı. O, daha Tiflisə - Seymə gəlmədi. Seymin işindən istefa verib, Müsavat firqəsindən xahiş etmişdi ki, Carda ibtidai–ali məktəbin rəyasətini ona verib və bütün ləvazimatını İslam bəyə təslim etsinlər.

Elə belə də oldu.

Seym dağılıb, yeni hökumət qurulandan sonra - yəni təzə hökumətimiz Gəncə şəhərində olanda mən İslam bəy Qabulovla görüşə bildim.

İslam bəy bəzi cüzi işlərini qaydaya salmaq üçün Gəncəyə gəlmişdi. Orada qısa bir mülaqatımız oldu:

Azərbaycan torpağına türbət demişəm,
Şoran sularına Şərbət demişəm ,
İlqarından dönənə lənət demişəm-
Mən öz ilqarımdam dönən deyiləm!


Müəllifdən: Yazıda istifadə olunan fotoşəkillər mətbuatda ilk dəfə yayılır
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703

Oxşar yazılar