Səfir: “Azərbaycan Fələstini həmişə müdafiə edib” - MÜSAHİBƏ
20 aprel 2011 10:57 (UTC +04:00)

Səfir: “Azərbaycan Fələstini həmişə müdafiə edib” - MÜSAHİBƏ

Fələstin Muxtariyyətinin Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri Nasser A. Kareemin APA-ya müsahibəsi


- Cənab səfir, Azərbaycan-Fələstin münasibətləri son bir neçə ildə inkişaf etməyə başlayıb. Bu yaxınlarda Bakıda Fələstin səfirliyi fəaliyyətə başlayıb, rəsmi səfərlər olub. İkitərəfli əlaqələrin hazırkı mərhələsini neçə qiymətləndirirsiniz və hansı sahələr əlaqələrimizi daha da inkişaf etdirə bilər?

- “Azərbaycan-Fələstin münasibətləri yeni inkişaf etməyə başlayıb” ifadəsi yalnız diplomatik əlaqələrimizə şamil oluna bilər. Azərbaycanda Fələstin səfirliyi yeni açılıb. Amma Azərbaycanla Fələstin arasında ümumi münasibətlərin qədim bir tarixi var. Nəzərə almaq lazımdır ki, ölkələrimizi müştərək din, adət-ənənə və tarix birləşdirir. Biz bu münasibətləri dərinləşdirmək istəyirik. Bunun üçün yaxşı bünövrə də var. Azərbaycan həmişə Fələstini beynəlxalq qurumlarda, o cümlədən BMT-də müdafiə edib. Bu siyasət indi də davam edir. Fələstin isə, öz növbəsində, Azərbaycanı Qarabağ məsələsində müdafiə edir. Bizi birləşdirən həm də o cəhətdir ki, Azərbaycan və Fələstin müsəlman ölkələri olsalar da, dünyəvi cəmiyyətlərdir. Fikrimcə, iki ölkə arasında iqtisadi-ticarət, həmçinin elmi və humanitar münasibətlərinin böyük potensialı var. Biz indi iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmalıyıq. Hazırda Bakıda Fələstindən olan tələbələr təhsil alır. Bizim tibbi kadrlara, mühəndislərə və digər ixtisas sahiblərinə ehtiyacımız var. Azərbaycan bu sahələrdə böyük elmi potensiala malikdir. Məmnuniyyətlə etiraf edim ki, vaxtilə mənim bəzi qohumlarım da Bakıda təhsil alıblar. Bundan savayı, mədəniyyət , turizm və informasiya mübadiləsi sahəsində də yaxşı perspektiv var. Mən fikir vermişəm - azərbaycanlılar Fələstin barədə daha çox məlumatlıdır və bu, daha çox beynəlxalq media qurumlarının Fələstin probleminə diqqəti sayəsində mümkün olur. Amma fələstinlilər Azərbaycan barədə bir o qədər də geniş məlumata malik deyillər.


- Cənab səfir, bildiyimizə görə, Fələstin rəhbəri Mahmud Abbasın Bakıya səfəri nəzərdə tutulur. Bu səfərin tarixi və gündəliyi bəllidirmi?

- Cənab prezident İlham Əliyev Fələstinli həmkarını Bakıya dəvət edib və bu dəvət məmnuniyyətlə qəbul edilib. Dövlətlərarası səviyyədə səfər həyata keçirmək vaxt və ciddi hazırlıq tələb edir. Biz indi hazırlıq işləri ilə məşğuluq. Hazırda dəqiqi tarixi söyləmək çətindir, amma səfər ilin sonuna kimi baş tutmalıdır. Məni Azərbaycana Mahmud Abbas səfir təyin edib və təyin edərkən bu səfəri hazırlamağı tapşırıb. İndi bizim səfirlik tam gücü ilə bu səfərin hazırlığı ilə məşğuldur.


- Cənab səfir, Fələstin problemi yarım əsrdən çoxdur dünya ictimaiyyətini narahat edir. Bu vaxt kəsiyində müxtəlif sülh planları müzakirə edilib. Bu yaxınlarda isə yeni İsrail-Fələstin sülh planı barədə mətbuat və siyasi dairələrdə rəylər səslənməyə başlayıb. İddia olunur ki, bu plana əsasən, İordaniya ərazilərinin bir qismi Fələstinə güzəştə gedilməli və bundan sonra Fələstinin müstəqilliyi elan olunmalıdır. İsrail sərhədlərinin isə dəyişilməz qalması təklif olunur. Bu plan nə dərəcədə real və uzun müddətli sülhü təmin etmək iqtidarındadır?

- Bəhs etdiyiniz plan əslində İsraildəki sərt xətt tərəfdarlarının bir ideyasıdır. Bizim İordaniya ilə heç bir problemimiz mövcud deyil, qonşumuza heç bir iradımız, o cümlədən torpaq iddiamız yoxdur. İordaniya torpaqlarını Fələstinə qatmaq ideyası əsassızdır və əslində bu, mövzunu dəyişmək niyyəti daşıyır. Əslinə qalsa Fələstin-İsrail təmaslarında belə bir plan heç müzakirə də olunmur. Fələstin əraziləri İordaniya deyil, İsrail tərəfindən tutulub və biz də İsraildən torpaqlarımızdan geri çəkilməsini tələb edirik. İordaniya həmişə bizi dəstəkləyib və yanımızda olub. Bəhs olunan plan İsraildəki radikal siyasi azlığın ideyasıdır. Bu plan qəbuledilməzdir və İsrail 1967-ci ilin sərhədlərinə geri çəkilməlidir.

Hazırkı İsrail-Fələstin münasibətlərinə gəlincə, danışıqlar faktiki dayandırılıb. Biz təmasların bərpa edilməsini istəyirik. Fələstin torpaqlarında yəhudi məskənlərinin tikintisi isə hökmən dayandırılmalıdır. Davamlı sülhə aparacaq yeganə yol müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Hələ ötən il BMT-dəki nitqində Amerika prezidenti Barak Obama açıq dedi ki, bu ilin sentyabr ayına kimi müstəqil Fələstin dövləti qurulmalıdır. Müstəqil Fələstin dövləti ideyası bütün dünya tərəfindən dəstəklənir.


- Cənab səfir, hazırda ərəb aləmində baş verənlər dünyanın diqqət mərkəzindədir. Misir, Liviya, Suriyada cərəyan edən olaylar müxtəlif cür yozulur. Siz ərəb ölkələrində baş verənləri necə qiymətləndirirsiniz? Bu inqilabdır, çevrilişdir yoxsa demokratik hərəkat?

- Bir Fələstin səfiri kimi mənə başqa ölkələrdə baş verən hadisələri şərh etmək çətindir. Biz digər ölkələrin daxili işlərinə qarışmaq niyyətindən uzağıq. Hər bir ölkə unikaldır və hər bir cəmiyyətdə hadisələrin özünəməxsus inkişaf dinamikası var. Ona görə, burada ümumi bir yanaşma tətbiq etmək çətindir. Biz sadəcə istəyirik ki, bütün proseslər sabitlik çərçivəsindən çıxmasın və zorakılıq baş qaldırmasın. Çox ümid etmək istərdim ki, uzun müddətli perspektivdə mövcud proseslərdən gələcəkdə fayda götürülə bilər. Bilirsiniz, güclü ərəb dünyası güclü Fələstin anlamına gəlir. Bizim istəyimiz odur ki, indi çətin dövrünü yaşayan ərəb dövlətləri düzgün istiqamət tutub siyasi və iqtisadi cəhətdən tərəqqiyə nail olsunlar. Bu, Fələstinə yalnız fayda gətirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar