Soyumuzu qıranları necə cəzalandırmalı? -  ARAŞDIRMA
26 fevral 2011 11:37 (UTC +04:00)

Soyumuzu qıranları necə cəzalandırmalı? - ARAŞDIRMA

Yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin bu termini təklif edənə qədər dünya siyasətçiləri və hüquqşünasları bu cür cinayətlərə konkret bir ad verməmişdi. İlk dəfə 1944-cü ildə Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi surətdə məhv edilməsi siyasətini ifadə etmək üçün «soyqırım» terminini işlətdi. Yunan dilində genos – «nəsil, kök, soy» sözü ilə latın dilində caedo – «öldürürəm» sözlərinin birləşməsindən «genosid» termini belə yarandı. İndiyə qədər dünyanın bir çox ölkələri «genosid» terminini tərcümə etmədən orijinalda işlədirlər. Azərbaycanın siyasi və hüquqi leksikonuna isə 1990-cı illərdə «soyqırım» kimi daxil olan bu termin insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir.
Hansı dildə işlənməsindən asılı olmayaraq cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqi və ya dini qrupun soyunun, kökünün kəsilməsini əks etdirir.
Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri məlum «münasibəti» də bir millət olaraq kökümüzün kəsilməsinə yönəlmiş hərəkətdir.

Hər il bu ərəfədə cəmiyyətin fəallığı artır. Həm ölkə daxilində, həm də xaricdə ictimaiyyətimizin fəalları, mətbuat Xocalı həqiqətlərinin, ermənilərin soyqırım əməllərinin dünyaya tanıdılmasına istiqamətlənmiş tədbirlər təşkil edir. «Xocalıya ədalət» kampaniyası isə ictimai aktivliyin yeni səhifəsini açdı: ağıllı, düşünülmüş, mütəşəkkil şəkildə, faktlar və sübutlarla, müasir kommunikasiya vasitələrinin ən son imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin, soyqırım reallıqlarının dünyada tanıdılması, əlbəttə ki, bəhrəsini verəcək.

Ancaq onu da qəbul etməliyik ki, təkcə siyasi bəyanatlar, ictimai təbliğat və təşviqat materialları ilə ermənilərin tarixi cinayətlərinə görə cəzalandırılmasına və soyqırıma məruz qalmış xalqımızın pozulmuş hüquqlarının beynəlxalq miqyasda bərpasına nail ola bilməyəcəyik. Bundan ötrü bütün ictimai-siyasi tədbirlərlə yanaşı, həm də hüquqi müstəvidə bir fəaliyyət olmalıdır. Çünki soyqırım – bəşəriyyət əleyhinə olan bir cinayətdir. Bu cinayətə görə məsuliyyət və cəzalandırma da beynəlxalq hüquq müstəvisində həll olunmalı məsələdir.

Beynəlxalq hüquqda ilk dəfə soyqırımın cinayət əməli kimi cəzalandırılmalı olması 9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyada təsbit olundu. 12 yanvar 1951-ci ildə qüvvəyə minən Konvensiyanın 2-ci maddəsinə görə:
- Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli fəaliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

31 may 1996-cı il tarixli Qanunla Azərbaycan Respublikası BMT-nin adı çəkilən Konvensiyasına qoşulub. Bundan sonra Konvensiyanın tələblərinə əməl edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə eyni məzmunlu maddələr (Maddə 103. Soyqırım; Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə) daxil edilib. Bu hüquqi addımlarla Azərbaycan Respublikası özünü Konvensiyanın yurisdiksiyasında təsbit etdi. Öz ərazisində soyqırım cinayətinin qarşısının alınması və soyqırım cinayətini törədənlərin cəzalandırılması dövlət siyasətidir. Bu addımlar Azərbaycan Respublikasının beynəlxalq hüququn müstəqil subyekti olaraq öz yurisdiksiyasında baş vermiş soyqırım cinayətini törədənləri həm ölkədaxili, həm də beynəlxalq hüquq müstəvisində cəzalandırmasına hüquqi baza yaratmışdır.
26 mart 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanmış «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanı ilə isə ermənilərin 1813-1828-ci illərdən başlayaraq Azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətinə siyasi qiymət verildi. Nəinki o dövrün, hətta, bu günün prizmasından baxanda mükəmməl bir tarixi sənəd olan bu Fərmanın qəbulu ilə Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı 200 illik bir dövrdə törətdiyi bütün vəhşiliklərə siyasi-hüquqi münasibətini ortaya qoydu. Hələ 1993-cü ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti, sonrakı illərdə, o cümlədən, Milli Məclis, Ombudsman, ayrı-ayrı ictimai institutlar, əhali qrupları dünya ictimaiyyətinə müraciət edərək ermənilərin Azərbaycanlılara qarşı soyqırım siyasətini sübut edən faktları təsvir etmiş, bu vandalizmi pisləyərək, dünya birliyini ermənilərə qarşı sanksiyalar tətbiq etməyə, Azərbaycanlıların – soyqırım qurbanlarının haqqını tanımağa çağırırlar.

Bu gün də proses davam edir. İctimai-siyasi, beynəlxalq təbliğat müstəvisində fəal iş aparılır. Xocalı faciəsi də daxil olmaqla, Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırım cinayətlərinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun, diplomatik nümayəndəliklərimizin, xaricdəki diaspor və mədəniyyət mərkəzlərimizin fəaliyyəti dünyanın gözünü açmaq, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq, ermənilərin süni «əzilən» obrazını dəyişərək, həqiqi «cinayətkar, vandal, soyqırım törədən» obrazını yaratmağa yönəlib. Son 5 ildə aparılan məqsədyönlü, ardıcıl və ağıllı təbliğat öz təsirini göstərir. Bir sıra ölkələrin parlamentləri, ayrı-ayrı institutları Xocalı həqiqətlərini dərk edir, təəssüflənir, bəyanatlar verir, Azərbaycanlılarla həmrəy olduqlarını dilə gətirir.
Ancaq «dünyanın gözü» hələ də tam açılmayıb. Beynəlxalq aləm hələ də ikili standartlarından qurtula bilmir.
Bu ərəfədə daha bir ciddi addım atmağın, hüquq müstəvisində fəaliyyətə keçməyin tam zamanıdır. Ermənilər 100 il əvvəl baş verdiyini iddia etdikləri «soyqırım»ın Beynəlxalq Məhkəməyə çıxarılmasından ötrü dəridən-qabıqdan çıxırlar. Bu mövzunu araşdıranda internetdə rus və ingilis dillərində apardığımız axtarışlar göstərdi ki, erməni hüquqşünasları beynəlxalq hüququn buna yol vermədiyini özləri də dərk etdiy halda, «erməni soyqırımı»na hüquqi don geyindirmək üçün müxtəlif hüquqi kazuslar qurur, tarixin «hüquqi təkərini geri döndərmək» kimi sərsəm iddialara belə əl atırlar. Amma 100 ildən sonra «soyqırımın» baş verməsini o cür HƏYASIZCASINA QIŞQIRMAQ olarsa da HÜQUQ MÜSTƏVİSİNDƏ SÜBUT ETMƏK MÜMKÜN DEYİL!!!

Azərbaycanın qarşısında isə belə bir problem yoxdur. Ermənistan Respublikası 23 iyun 1993-cü ildə BMT-nin sözügedən Konvensiyasına qoşulub. Deməli, Beynəlxalq Məhkəməyə verilmək üçün tələb olunan subyektivliyə malikdir – bu ölkə Konvensiyanın yurisdiksiyası altındadır.
Ermənilərin – istər son 100 ildə Qərbi Azərbaycanda və Qarabağ, Şirvan, Gəncə, Quba, Bakı, Salyan və digər ərazilərimizdə fəaliyyət göstərmiş silahlı birləşmələrin, istərsə də bir dövlət olaraq Ermənistan SSR və Ermənistan Respublikasının Azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini sübut etmək üçün yetərincə fakt və əsaslarımız var. Dünya göz yumsa da bu faktlardan artıq xəbərdardır. Avropa Şurası Parlament Assambleyasından tutmuş BMT-nin Təhlükəsizlik Şurasına qədər, ermənilərin törətdiyi vəhşiliklər zaman-zaman dövlət başçılarımız, deputatlarımız, diplomatlarımız və ictimaiyyət nümayəndələri tərəfindən səsləndirilib. Ölkədaxili hüquqi müstəvidə – Azərbaycanın Baş Prokurorluğu tərəfindən xüsusilə Xocalı faciəsini ermənilərin soyqırım aktı olaraq törətmələri barədə kifayət qədər sübutlar toplanıb. Bütövlükdə 100 il davam edən bir proseslə yanaşı, təkcə Xocalı faciəsi – beynəlxalq hüquqda soyqırım kimi tanınması və Ermənistanın cəzalandırılması üçün tələb olunan faktları-sübutları verir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə, bir neçə saat ərzində – 7 min sakini olan - eyni dinə, eyni irqə, eyni millətə mənsub - Azərbaycanlılar yaşayan şəhərin yerlə-yeksan edilməsi, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə öldürülməsi, 487 nəfərin xəsarət alması, 1275 nəfərin – qoca, qadın və uşaqların əsir götürülməsi (onların da sonrakı taleyi naməlum olduğundan ölmüş hesab olunmalıdırlar – H.İ), öldürülənlərin yandırılması, qadınların və kişilərin əzalarının kəsilməsi, meyitlərin başının dərisinin soyulması və s. və i.a. hətta, bəşəriyyətin tarix boyu görmədiyi - faşistlərin belə törətmədiyi vəhşiliklərin törədilməsi inkaredilməzdir. Cinayətin törədilməsində təpədən-dırnağa silahlanmış erməni əsilli şəxslər, keçmiş SSRİ-nin 366-cı alayının şəxsi heyəti və hərbi texnikasından istifadə edilib. Bütün bu faktlar – video-foto görüntülər, sənədlər, şahid ifadələri, maddi sübutlar və s. bu kimi dəlillərlə sübut olunur. Cinayətin təşkili, təhriki və həyata keçirilməsində Ermənistan Respublikasının o vaxtkı və indiki rəhbərliyində – ən yüksək səviyyədə təmsil olunan şəxslər bilavasitə iştirak ediblər.

BMT-nin «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyasının 3-cü maddəsinə görə, soyqırım cinayətində təqsirli bilinərək bu əməlləri törətmiş şəxslər cəzalandırılmalıdır: a) soyqırım; (2-ci maddədə bu termin altında nəzərdə tutulan əməllər sadalanır – H.İ.); b) soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; c) soyqırım törətməyə birbaşa və açıq təhrik; v) soyqırım törətməyə yönəlmiş qəsd; e) soyqırımda iştirak. Xocalı faciəsində və ermənilərin Azərbaycanlılara qarşı törətdiyi digər cinayətlərdə bu sadalanan əməllərin hamısı var.
Konvensiyanın 4-cü maddəsində nəzərdə tutulur ki: «Soyqırım və yaxud 3-cü maddədə sadalanmış əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır».

Bu, o deməkdir ki, beynəlxalq məhkəmə qarşısında bu gün bilavasitə Ermənistan Respublikasına rəhbərlik edən şəxslərin dayanması və törədilmiş cinayətlərə görə məsuliyyət daşımasına beynəlxalq hüquq prinsipləri yol verir.

Beləliklə, nədən başlamalı və ya necə davam etməliyik?

Əlbəttə, ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımın dünyaya bəyan edilməsi və tanıdılması, sübuta yetirilməsi və pislənilməsinə yönəlmiş bütün addımlar dəstəklənməli və təqdir olunmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hətta, bir neçə ölkənin parlamentlərinin, siyasi və hökumət dairələrinin Azərbaycanlıların soyqırımını tanıması və ya erməniləri pisləyən qətnamələr qəbul etməsi yenə də arzuolunan hüquqi nəticə verməyəcək. Necə ki, dünyanın bir neçə ölkəsinin parlament və siyasi dairələri tərəfindən sayıqlanan «erməni soyqırımı» nəticədə Türkiyə Cümhuriyyətinə qarşı hər hansı hüquqi sanksiyaların tətbiqinə rəvac vermir. Bu, yalnız «məzlum erməni obrazının» yaradılması və uydurma «erməni soyqırımı faktı»nın dünyada 100 ildən sonra tanıdılması və sübut olunması məqsədini daşıya bilər. Ermənilərin əlində öz uydurma iddialarını sübut edə biləcək faktları yoxdur. Onların bir yolu var – beynəlxalq miqyasda «siyasi demaqogiya»! «Soyqırım» iddiası ilə Beynəlxalq Məhkəməyə müraciət etmək imkanlarının olmadığını ermənilər özləri də anlayırlar. Ancaq yenə də beynəlxalq səviyyəli mütəxəssisləri bu mexanizm üzərində gecə-gündüz işləyirlər.

Azərbaycanın isə buna ehtiyacı yoxdur. Bizə «məzlum obrazı» yaratmaq lazım deyil. Bütün zəruri hüquqi rıçaqlara malik dövlət kimi, BMT-nin Konvensiyasının 9-cu maddəsinə istinadən Beynəlxalq Məhkəməyə müraciət hüququnu heç kəs Azərbaycana qadağan edə bilməz. Cavabdeh olacaq dövlətin – Ermənistan Respublikasının Beynəlxalq Məhkəməyə razı olmayacağı ehtimalı da əhəmiyyətsizdir. Çünki, Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulur: «Razılığa gələn Tərəflər arasında bu və ya digər ölkənin soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətməyə görə məsuliyyətinə dair mübahisələr də daxil olmaqla, bu Konvensiyanın şərhi, tətbiqi və yaxud icrası ilə bağlı mübahisələr – mübahisə tərəflərindən hər hansı birinin tələbi ilə baxılması üçün Beynəlxalq Məhkəməyə verilir».
Dünyanın bağlı gözünü açmaq üçün görülən bütün digər tədbirlərlə yanaşı, bu addımı atmağa bizə nə mane olur? Bu sualı - sadəcə müzakirə üçün yox, düşünüb hüquqi mexanizmi qurmaq üçün - hüquq ictimaiyyətinin müzakirəsinə verək. AZƏRBAYCANA VƏ AZƏRBAYCANLILARA QARŞI SOYQIRIM TÖRƏTMİŞ ERMƏNİSTANI NECƏ CƏZALANDIRMALI?!
BİZ NƏYİ GÖZLƏYİRİK?!


P.S. Bu tarixi borcu gələcək nəsillərə ötürməyə haqqımız yoxdur!

Habil İsgəndərli,
hüquqşünas


[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar