Emin Həsənli: “Bu faktı geniş təbliğ edib inamsızlıq yaratmaq olmaz....” - MÜSAHİBƏ
25 fevral 2011 16:33 (UTC +04:00)

Emin Həsənli: “Bu faktı geniş təbliğ edib inamsızlıq yaratmaq olmaz....” - MÜSAHİBƏ

Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində 7 hərbçinin ölümü geniş diskussiyalara yol açıb. Dünyanın ən müasir, güclü ordularının da belə faktlardan sığortalanmadığını deyən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Lent.az-a müsahibəsində bu məsələ ətrafında fikirlərini bölüşür.

- Azərbaycan Silahlı Qüvvələrində baş verən son faciəvi hadisəni necə dəyərləndirirsiniz?

- Əsgərimizin öz əsgər yoldaşlarını qətlə yetirməsi dərin təəssüf doğuran hadisədir. Dünyanın ən müasir, güclü orduları da belə faktlardan sığortalanmayıb. Dəfələrlə ABŞ və Böyük Britaniyanın ordularında belə hadisələr baş verib. ABŞ-da bir neçə il əvvəl bir hərbçi 10-dan çox əsgər yoldaşını qətlə yetirib. İnsan olan yerdə cinayət hadisəsi tarixən olub, bu gün də olur, gələcəkdə də olacaq. Mülki həyatda il ərzində xeyli yol qəzaları olur və insanlar bu qəzalarda həyatlarını itirirlər. Əsgərin əlində silah var və təəssüf ki, bəzən bu silahdan əsgər yoldaşına qarşı davranır. Ordu mövzusuna iqtidar-müxalifət prizmasından baxmaq doğru deyil. Orduya münasibət həssas olmalıdır.

- Ancaq fakt baş veribsə, ona münasibət konkret necə olmalıdır?

- Mən demirəm ki, bu kimi faktlar gizlədilməlidir. Bu məsələ araşdırılmalıdır və araşdırılacaq. Həmin an Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə bəyanat verdilər. Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğu bölgədə yoxlama aparır. Ali Baş Komandan, Prezident məsələyə reaksiya verdi. Ordu quruculuğu birbaşa Ali Baş Komandanın diqqəti və nəzarəti altındadır. Ali Baş Komandan bölgələrə səfərləri zamanı hərbi hissələrə baş çəkir. Millət vəkilləri, mətbuat və QHT nümayəndələri də tez-tez hərbi hissələrdə olurlar. Bu, yaxşı ənənədir və davam etdirmək lazımdır. Keçən il ordu ilə bağlı ordu ilə bağlı çox yüksək əhval-ruhiyyə vardı. Mübariz İbrahimov və Fərid Əhmədovun atdığı addımlar, qəhrəmanlıqları çox böyük ruh yüksəkliyi gətirmişdi. Biz unutmamalıyıq ki, o cür zabitləri, gizirlərimizi məhz ordu yetişdirib. O təlimləri onlara Azərbaycan zabitləri öyrədib.
Ordunun 90 illiyi ilə bağlı hərbi parad da bizim hamımızı sevindirdi. Ali Baş Komandanın rəhbərliyi ilə 2 il dalbadal Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və Daxili Qoşunların birgə keçirdiyi hərbi təlimlər bizi çox sevindirdi. Azərbaycan ordusu daim düşmənə layiqli cavab verir. Cəbhə bölgəsində müqayisə etsək, düşmən bizdən 3-5 qat daha artıq itki verir.
Bir məqamı da qeyd edim. 2 ay öncə cəbhə bölgəsində 20-dən artıq düşmən əsgəri öz aralarında yaranmış ziddiyyət nəticəsində qətlə yetirildi. Ermənistan Müdafiə Nazirliyi bunu 2-3 nəfərin ölümü kimi qələmə verməklə kifayətləndi. Amma Ermənistan mətbuatında belə ikili mövqe ortaya qoyuldu, dünya və Azərbaycan mətbuatı itkilərin əslində daha böyük olduğunu yazdı. Amma dünya ölkələrində, o cümlədən düşmən ölkədə ordudakı faktlara həmişə daha həssas yanaşma sərgilənib. Öz ordularındakı mənfi halları gizlətməyə, qarşı tərəfdəki halları isə şişirtməyə cəhd göstərib.
Belə məsələlərdə vicdanın senzurası olmalıdır. Biz bilməliyik ki, yazdığımız hər bir mövzu, bildirdiyimiz hər bir fikir ümumilikdə Azərbaycan xalqında orduya olan inamı zədələyə, valideynlərdə narahatlıq yarada, ictimaiyyətdə çaşqınlığa səbəb ola bilər. Bizim məkrli bir düşmənimiz var və onun bölgədə, dünyada çox böyük havadarları var. İranın “Səhər” telekanalı bu mövzunu məqsədli şəkildə geniş yayır. Bölgədə İranın, o cümlədən digər qonşularımızın Azərbaycana münasibəti də bəllidir. Bəllidir ki, Ermənistana nə cür dəstək verirlər. Azərbaycanın müstəqilliyinin qorunması üçün ən böyük vasitə Silahlı Qüvvələrimizdir, bunu heç birimiz yaddan çıxartmamalıyıq.

- Belə halların aradan qaldırılması üçün nə etmək lazımdır?

- Bu məsələyə vətəndaş mövqeyindən yanaşmalıyıq. Təbii ki, cinayəti törədən cəzalanmalıdır və cəzasını almalıdır. Məsuliyyət daşıyan şəxslər cəzalarını almalıdır və ortada da Ali Baş Komandanın iradəsi var. Bu proses yekunlaşanda təbii ki, aidiyyatı şəxslər cəzalarını alacaqlar. Amma ordu məsələsinə, zabitlərin indiyə qədər gördükləri işə xüsusi həssaslıqla yanaşılmalıdır. Unutmaq lazım deyil ki, gənc yaşlarından, hətta hərbi liseydə 14 yaşdan başlayaraq bu insanlar ömürlərinin 30 ilini məhz Silahlı Qüvvələrə, Vətənin müdafiəsinə həsr edirlər. Onların övladları 11 il ərzində bəlkə 5-6 dəfə məktəb dəyişirlər. Görün, belə hallarda mətbuatın və cəmiyyətin birdən-birə ordunun üzərinə düşməsi necə təsir edir? Bütünlüklə ordunun hədəfə alınması düzgün deyil. Bütünlükdə ordu quruculuğuna kölgə salan məlumatların verilməsi, ölüm faktlarının şişirdilmiş halda cəmiyyətə təqdim edilməsi ordunun nüfuzuna və dövlətimizin imicinə vurulan zərbədir. Bəzi jurnalistlər və ekspertlər bilərəkdən, ya da bilməyərəkdən buna yol verirlər. Bəzi insanlar bunu vətənpərvərliyə, dövlətə xidmət kimi başa düşürlər və hesab edirlər ki, belə faktlar ortaya çıxarılmalıdır ki, bunun qarşısı alınsın. Fakt varsa, buna münasibət olmalıdır. Lakin bəzi şəxslər bunu düşünülmüş formada çatdırmağa, siyasi məqsədlərini həyata keçirməyə çalışırlar. İllərlə aparılan iş bundan ibarətdir, ordu siyasətdən kənarda tutulsun. Biz də buna çalışırıq. Ordu siyasi maraqlar mövzusundan uzaqda olmalıdır.
Biz 20-yə qədər QHT bununla bağlı xalqa müraciət etdik. O müraciətdən sonra 50-dən çox QHT-nin təmsilçiləri bizə müraciət ediblər ki, onlar da bu müraciətə qoşulurlar. Bir çox KİV təmsilçiləri də bu müraciətə qoşulduqlarını bildirirlər. Ayrı-ayrı millət vəkilləri də bu müraciətə qoşulduqlarını bəyan edirlər.
Biz bir anda hissə qapılmamalıyıq ki, mövzu yalnız ordudur. Necə öz ailəmiz haqqında məsələyə həssas yanaşırıqsa, ordu, dövlət haqqında məsələyə ondan da artıq həssas yanaşmalıyıq. Bizim ən böyük güvənc yerimiz ordudur. Unutmamalıyıq ki, bu gün güclü hərbi təhsil müəssisələrimiz var və öz zabit kadrlarımızı hazırlayırıq. Hərbçilərimiz beynəlxalq sülhyaratma prosesində çox yaxından iştirak edirlər. Kosovada, İraqda, Əfqanıstanda hərbçilərimiz sülhyaratma prosesində iştirak ediblər. İndi də bu proses İraq və Əfqanıstanda davam etdirilir. Bir müddət əvvəl Azərbaycana səfər edən ABŞ dövlət katibinin müavini də bunu xüsusi vurğuladı. ABŞ prezidenti, dövlət katibi, müdafiə naziri dəfələrlə bizim beynəlxalq təhlükəsizliyin təmin edilməsində, antiterror koalisiyasında iştirakımızı yüksək qiymətləndiriblər. NATO-nun rəhbərliyi də hərbçilərimizə yüksək qiymət verib, hərbçilərimizin yerli əhali ilə davranışı təqdir olunub. Biz belə müsbət halları yaddan çıxarmamalıyıq. Bu gün bizim beynəlxalq standartlara cavab verən müasir hospitallarımız var. Bu gün çox müasir kazarmalarımız tikilir. Zabitlərimiz tez-tez beynəlxalq tədbirlərdə, NATO-nun təlimlərində iştirak edirlər. Xüsusən qardaş Türkiyə, ABŞ, Avropa, Pakistan, Çin, Ukrayna, Belarusla ikitərəfli və çoxtərəfli əməkdaşlıq var. Bu gün Azərbaycanın özünün Müdafiə Sənayesi Nazirliyi var və dünyada gedən bütün silah sərgilərində istehsal məhsulları ilə iştirak edir, layiqli yer tutur. Bunlar hamısı nailiyyətlərdir. Orduya bu qədər əmək sərf edilib, iş görülüb. Təbii ki, iş olan yerdə nöqsan, çatışmazlıq da olacaq. Son cinayət faktı isə arzuedilməzdir. Lakin bu fakt geniş təbliğ etməklə böyük məyusluq, inamsızlıq hissi yaratmaq olmaz. Azərbaycan ordusu dəfələrlə cəbhə bölgəsində müxtəlif istiqamətlərdə düşmənə layiqli cavab verərək yerində oturdub, böyük itkilərə məruz qoyub. Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrini gözləyir. Zabitlər də mətbuatı izləyir, cəmiyyətin içərisində olurlar. O insanların da ailələri, qohumları var və mətbuatda yazılanlar təbii ki, onlara da təsir edir. Təsəvvür edin ki, ömürlərinin böyük hissəsini ordu quruculuğuna həsr etmiş insanların əməklərini birdən birə şübhə altına almaq ədalətsizlikdir.

- Orduda belə hallar bir daha təkrarlana bilərmi?

- İnanırıq və böyük ümid hissi var ki, bu hallar bir daha təkrarlanmayacaq. Biz hamımız da orduya dəstək olmalıyıq. Orduda belə hal olanda bəzi mətbuat orqanları orduda keçmişdən bu günə qədər baş verən bütün mənfi halların xronikasını araşdırmağa başlayırlar. Niyə müsbət tərəfləri də vermirlər? Obyektivlik onda olardı ki, mənfi tərəfləri deməklə bərabər, müsbət tərəfləri də qeyd edəydilər. Bildirirlər ki, orduda cəzasızlıq mühiti var. Doğru deyil. Hər il nöqsana yol vermiş xeyli zabit cəzalandırılır, həbs edilir, rütbəsi alınır. Hətta sübut olundu ki, yuxarı səviyyədə general rütbəsi belə alınır. Hərbi Prokurorluq, Hərbi Məhkəmə, xüsusi xidmət orqanları, Müdafiə Nazirliyinin öz rəhbərliyi orduya nəzarət edir. Müdafiə Nazirliyinin özünün Hüquq İdarəsi var, yeni Təhqiqat İdarəsi yaradılıb, Tərbiyəvi İşlər İdarəsi var. Belə faktlar təhlil edilir, onu törədən səbəblər axtarılır, o səbəblərin aradan qaldırılmasına çalışılır. Biz çalışmalıyıq ki, cəmiyyətdə, orta məktəblərdə, baxçalarda, ailələrdə də xeyli işlər aparaq. KİV-lər də vətənpərvərlik mövzusunda xeyli işlər aparmalıdırlar. Əsgərliyə 18 yaşında gəlirlər. 18 yaşına qədər biz onu hazırlamalıyıq, zabitlərin işi təlim verməkdən ibarətdir. Bütünlükdə bu proses tək ordunun üzərində ola bilməz, bütün cəmiyyət bu işlə məşğul olmalıdır.
İnanıram ki, bütün bu işlərin nəticəsi olaraq biz hamımız gözlədiyimiz qələbəyə gəlib çatacağıq. Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan tapşırıqları yerinə yetirməyə qadir və layiqdir. Öz ordusunu sevməyən, yetirtməyən xalq başqasının ordusunu yedirtməyə məhkumdur. Biz öz ordumuzu sevirik, onlar bizim öz balalarımızdır. Bir daha deyirəm ki, 7 övladımızın itirilməsi ağır faktdır. Amma biz yenə də məyusluq hissinə qapılmamalı və ordumuza dəstək olmalıyıq. Ən böyük stressi zabitlər, hərbçilər çəkir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar