Siyavuş Novruzov: “Yaddan çıxarmasınlar ki...” - MÜSAHİBƏ
27 yanvar 2011 14:11 (UTC +04:00)

Siyavuş Novruzov: “Yaddan çıxarmasınlar ki...” - MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsi


- Hazırda mətbuatda ən çox müzakirə olunan mövzulardan biri hicab məsələsidir. Sizcə, Azərbaycanda hicab problemi varmı?

- Ölkəmizdə hicab problemi yoxdur, bu məsələ süni şəkildə yaradılıb. Azərbaycan vətəndaşının hansı formada gəzməsi ilə bağlı nə Nazirlər Kabineti, nə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, nə də başqa rayon icra hakimiyyətləri rəhbərlərinin qərarı var. İstənilən insan istədiyi formada geyinib şəhərdə gəzə, ibadət yerinə gedə, ibadət edə, namaz qıla, oruc tuta bilər. Çünki Azərbaycanın Konstitusiyasına görə vicdan azadlığı var. Azərbaycanda tolerantlıq bütün dünyaya nümunə göstərilir. Azərbaycanda dini dözümlülük çox yüksək səviyyədədir, bütün dinlərə hörmət və ehtiramla yanaşılır. O şeylərin qarşısı alınır ki, sırf təxribatdır, separatizmlə bağlıdır, ayrı-ayrı kəşfiyyat orqanlarının əlində alət olan sektalardır və s. Konkret müəssisə və təşkilatlara gəldikdə, dünyanın hər yerində orta məktəblərdə, bəzi ölkələrdə isə ali məktəblərdə də məktəbli forması tətbiq edilir. Hətta bəzi ölkələrdə dərsə hicabla getmək istəyənlər üçün ayrıca məktəb təşkil olunub. Ancaq ümumilikdə dünya ölkələrinin məktəblərində forma tətbiq olunur və bu bizdə də belədir. Şagird də məktəbə həmin məktəbin müəyyənləşdirdiyi formada getməlidir. Məsələn, Azərbaycanda türk liseyləri var. Həmin türk liseylərində məktəbli geyiminin vahid standartı var. Digər orta məktəbin forması ilə türk liseyinə getmək olmaz. Yaxud, türk liseyinin forması ilə digər məktəbə getməyə icazə verilmir. Əslində, vahid məktəbli geyiminin üstünlükləri çoxdur. Vaxtilə şagirdlərin hərəsi məktəbə bir geyimdə gəlirdi. Zəngin yaxşı, kasıb yoxsul kimi geyinirdi. Bu isə uşaqlara psixoloji təsir göstərirdi. Məktəbdən kənarda necə istəyirlər geyinsinlər. Məktəbə isə şagird vahid məktəbli formasında gəlməli və hər kəs buna tabe olmalıdır. Bu, kiminsə dini mövqeyinə, inancına qarşı deyil. Necə ki, məktəbə cins şalvarda gəlmək olmaz, eləcə də hicabla gəlmək olmaz. Bəzən cəmiyyətdə əsassız olaraq çaşqınlıq yaratmağa cəhd göstərirlər ki, guya hicaba qadağa qoyulub. Hiss olunur ki, bu məsələdə başqa məqsədlərə xidmət etmək cəhdləri var.


- İranın dini liderləri, daha sonra isə deputatları hicab mövzusunda bəyanatlarla çıxış ediblər. Hətta deputatlardan biri hicab məsələsinə görə Azərbaycan iqtidarını kəskin tənqid edib.

- Azərbaycanda dinə inam, dinə etiqad hətta SSRİ dövründə belə İrandan çox-çox yüksək səviyyədə olub, indi də belədir. Azərbaycanlılar həmişə etiqadı olublar. Özü də bu, kor-koranə şəkildə olmayıb, azərbaycanlılar düşüncəli şəkildə İslam dininə ibadət ediblər. İranda isə din İslama, islami dəyərlərə deyil, sadəcə olaraq bir qrup adamın hakimiyyətdə qalmasına və İran xalqının, müəyyən qrupların əzilməsinə, onların təsir altında saxlanmasına xidmət edir. Əgər bu gün əsl müsəlman olan azərbaycanlıların yaşadığı ərazilər ermənilər tərəfindən işğal olunursa, azərbaycanlı əsirlərə olmazın işgəncələr verilirsə və bu gün də özünü İslam dövləti adlandıran, özünü İslamın dayağı sayan İran həmin Ermənistana ən çox kömək edən dövlətdirsə, deməli, tam əks şey görürük. Yaxud, Ermənistan prezidentini qucaqlayıb sağ üzündən, sol üzündən elə öpürlər ki, heç doğma müsəlmana belə münasibət göstərməyiblər. Onda hansı dəyərdən danışırlar? Sadəcə, bu gün Azərbaycanın müstəqilliyini, ölkəmizin regionda aparıcı dövlət olmasını gözü götürməyənlər din pərdəsi altında bir neçə adamı – hansı ki, onların dinə aidiyyəti yoxdur - qızışdırılır. Həmçinin İranın bəzi KİV-i və ayrı-ayrı qurumları da belə hərəkət edir. Onlar yaddan çıxarmasınlar ki, ABŞ və başqa dövlətlər tərəfindən İrana qarşı təzyiqlər olarkən, məhz Azərbaycan prezidenti bəyanat vermişdi ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı təxribat, təcavüz üçün istifadə olunmayacaq, belə şey gözlənilmir. Lakin bunun müqabilində İran, bu dövlətin ayrı-ayrı qurumları Azərbaycan ərazisində təxribatlar törətməyə çalışır. Bunların hamısı mənasızdır. Çünki Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikanı quran, ilk dəfə operanı yaradan xalqdır. Əgər dinə xidmət etmək istəyirlərsə, Peyğəmbərimizin (ə.s.) kəlamlarına əməl etsinlər. Həmin kəlamın birində deyilir ki, “Bir gün elmlə məşğul olmaq, qırx il ibadət etməkdən üstündür”. Yəni, İranda molla alnını qırx il möhürə döyüncə, bir gün məktəbə, universitetə getsin, orada bir elmlə məşğul olsun. Yaxud başqa bir kəlam: “Alimin mürəkkəbi, şəhidin qanından üstündür”. Peyğəmbərimiz (ə.s.) və “Qurani-Kərim” elmə, inkişafa, tərəqqiyə üstünlük verir. Daha demir ki, bir neçə molla hakimiyyəti ələ keçirib xalqı cəhalətdə, savadsızlıqda boğsun. Ona görə də hesab edirəm ki, biz Peyğəmbərimizin (ə.s.) kəlamlarından və “Qurani-Kərim”dən irəli gələn müddəaları yerinə yetirməliyik, daha hansısa dövlətin mollasının, axundunun dediyini yox... İslam dininin, müsəlmanların istinad etdiyi mənbə yalnız “Qurani-Kərim”dir, Peyğəmbərimizin (ə.s.) nəsihətləridir, imamlarımızın tövsiyələridir. Bundan sonra isə müsəlman-hüquq məktəblərində həm şəriət, həm də digər məsələlərlə bağlı qəbul olunmuş qərarlar, ümumi normalar var. Bundan kənar kimsə nəyəsə müdaxilə edirsə, kimsə öz düşüncəsini yeritmək istəyirsə, mənasızdır.


- Qeydiyyatsız fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri və bir neçə üzvünün həbs olunması ilə bağlı da İran tərəfdən müdafiəedici açıqlamalar olub. Buna münasibətiniz necədir?

- Bu gün Azərbaycan Konstitusiyasında da, “Siyasi partiyalar haqqında” qanunda da açıq şəkildə göstərilib ki, din dövlətdən ayrıdır. Hətta din xadimləri seçkili qurumlara - parlamentə, bələdiyyələrə seçilə bilməzlər. Çünki din ayrı, siyasi sistem ayrı şeydir. Bir sözlə, ölkədə dini adla siyasi partiya ola bilməz. Belə bir partiya yaradıb ona üzvlər toplamağın özü Azərbaycan qanunlarına ziddir. İkincisi, qeydiyyatdan keçmiş, keçməmiş partiya təmsilçisi, yaxud sədri olmaq onun törətdiyi bu və ya digər cinayət əməlini sığortalamır. Yəni, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir. O baxımdan kiməsə qahmar çıxmaq düzgün deyil. Həm də adına İslam sözü əlavə etməklə məsuliyyətdən yayınmaq olmaz. Azərbaycan əhalisinin 90 faizindən çoxu müsəlmandır, hamısı da İslam dininə inanır. Məlum məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır, hüquqi qiymət veriləcək. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə odur ki, İran Azərbaycanın işlərinə qarışmasın. Biz də deyə bilərik ki, İranda gündə nə qədər adam asılır, şaqqalanır. Niyə? İndi biz məsələn, gedək İranda hansısa oğrunu, narkotik daşıyanı müdafiə edək? İndi İranda milliyyətcə azərbaycanlı olan neçə-neçə siyasi məhbus var, onlara qarşı təxribatlar törədilir. Həmçinin, Azərbaycanın mənəvi dəyərlərinə, tarixi abidələrinə ziyan vurulur. Ona qalsa, biz də İranla bağlı min söz deyə bilərik. Özü də bizim dediklərimiz daha doğrudur və həqiqətə söykənir, nəinki İranın burada kimlərisə axtarıb müdafiə etməsi...


- Müsavat Partiyasından dörd tanınmış şəxs, partiyanın Sumqayıt rayon təşkilatından isə 15 nəfər istefa verib. Hakim partiyanın təmsilçisi kimi Müsavatda baş verənləri necə qarşıladınız?

- Bilirsiniz, siyasi partiya siyasi arenada fəaliyyət göstərməkdən ötrüdür. Yəni, şərait yaradılıb ki, insanlar öz siyasi əqidəsini, siyasi düşüncələrini açıqlasın, təklif və rəylərini həyata keçirsin. Siyasi partiya cəmiyyətdə gedən dəyişikliklərə, dünyada gedən dəyişikliklərə uyğunlaşmalıdır, islahatlar aparmalıdır. Bu gün Müsavat Partiyası və onlara oxşar bəzi partiyalar var ki, günün reallıqları ilə yaşamır, uyğunlaşmır, bununla da cəmiyyətin müvafiq tələblərinə cavab verə bilmir. Çünki bu partiyalar, o cümlədən Müsavat bir neçə şəxsin inhisarına alınıb. Nəticədə orada olan insanlar sözünü deyə bilmədiyindən, istefa verib gedirlər. Ümumiyyətlə, Müsavat Partiyasında bu cür hallar çox olub. Məsələn, 2000-ci ildə bu partiyadan olan iki şəxsi - Vaqif Səmədoğlu və Şirzad Əyyubovu Müsavatdan xaric elədilər. Deyirdilər ki, nəyə görə İsa Qəmbər, Arif Hacıyev parlamentə seçilməyib, siz seçilmisiz? Nə hüquqi, nə mənəvi, nə psixoloji əsası olmadığı halda parlamentə seçildiyinə görə onları partiyadan çıxardılar. Partiyanı inhisara almış adamlar yalnız şəxsi maraqlarını həyata keçirməyə çalışırlar. “Mən olmadımsa, sən də olmamalısan” prinsipiylə yaşayırlar. Bəzi ölkələrdə partiya sədri, lideri görəndə ki, partiyanı irəli apara bilmir, öz maraqlarını qurban verərək geri çəkilir. Bunu öz əqidə yoldaşları və partiyası üçün edir. Bu gün Müsavat Partiyasında belə ideologiya həyata keçmir. Müəyyən adamlar da o partiyanın gələcəyinin olmayacağını başa düşərək, oradan uzaqlaşır, fəaliyyətlərini ayrı-ayrı siyasi təşkilatlarda qurmağa çalışırlar. Müsavat Partiyasında istefa prosesi davam edəcək, yaxın aylarda bu cür qopmaların sayı daha da artacaq. Beləliklə, bu partiyada bir-iki adamdan başqa heç kim qalmayacaq.


- Müsavat başqanı İsa Qəmbər partiyanın bu ilin birinci yarısında keçiriləcək qurultayında namizədliyini irəli sürməyəcəyini bəyan edib...

- İnanmıram ki, bu partiyanın qurultayı keçirilsin, çünki qurultaya qədər orada heç kim qalmayacaq.


- Ümumiyyətlə, İsa Qəmbərin Müsavat başqanlığından getməsinə münasibətiniz necədir?

- Gedir-getsin, getmir-getməsin, daha bunu ictimai müzakirəyə çıxarmağın adı nədir? Getmək istəyən gedər. Daha bunu hər gün qəzetlərə çıxarıb müzakirə aparmağa nə ehtiyac var? Qəzetlərdə də biri deyir “getsin”, o biri deyir “getməsin”, başqa biri deyir “gedəcək”. Mənasız və məzmunsuz müzakirələrdir və bunların hamısı bekarçılıq əlamətləridir. Partiyanın seçkidən başqa digər funksiyaları da var. Partiya kadrlar yetişdirməli, alternativ layihələr hazırlamalı, digər ictimai işlərlə məşğul olmalı, lazım gəlsə, ağac da əkməli, hətta humanitar aksiyalar həyata keçirməlidir. Daha partiyanın tək işi qəzet səhifələrində bəyanat verib hökuməti söyməkdən ibarət deyil. Ancaq bu gün haqqında danışdığımız partiyalar üzərlərinə düşən və Nizamnamədə göstərilən funksiyaların heç birini yerinə yetirmirlər, demək olar ki, heç nə eləmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar