Lətif Hüseynovun məruzəsi BMT İnsan Haqları Şurasının Məsləhətçi Komitəsində
25 yanvar 2011 12:08 (UTC +04:00)

Lətif Hüseynovun məruzəsi BMT İnsan Haqları Şurasının Məsləhətçi Komitəsində

L.Hüseynovun sessiyada “İtkin düşmüş şəxslər” məsələsi ilə bağlı hazırladığı yekun məruzənin geniş müzakirəsi olub. Müzakirədə müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Komitə məruzənin baxılmaq üçün İnsan Hüquqları Şurasının bu ilin martında keçiriləcək 16-cı sessiyasına təqdim edilməsi barədə qərar qəbul edib.


Bu barədə APA-ya məlumat verən L. Hüseynov məruzəsində itkin düşmüş şəxslər problemini əhatəli tədqiq etdiyini bildirib. Məruzədə silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması, münaqişələr zamanı bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqələrin bərpa edilməsi, itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün mövcud olan beynəlxalq və milli mexanizmlərin fəaliyyəti, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının qorunması, itkin düşmüş şəxslərlə bağlı cinayətlərin istintaqı, müharibə zamanı həlak olan şəxslərin cəsədlərinin axtarılması, müəyyənləşdirilməsi və ailə üzvlərinə qaytarılması kimi məsələlər araşdırılıb. L. Hüseynov əsas diqqəti bu mühüm problemin humanitar aspektlərinə yönəldib, problemin həlli ilə bağlı dünyada tətbiq olunan qabaqcıl təcrübəni geniş işıqlandırıb.


Məruzədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4600-dan artıq azərbaycanlının itkin düşdüyü xüsusi qeyd olunub.


L. Hüseynov məruzədə dövlətlərə ünvanlanan bir sıra tövsiyələrin əksini tapdığını bildirib. İlk növbədə vurğulanıb ki, dövlətlər beynəlxalq humanitar hüquq normalarına və insan hüquqlarına ciddi əməl etməlidir. Onlar silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısını almaq üçün qabaqcadan lazımi tədbirlər görməlidirlər. Silahlı münaqişə nəticəsində itkin düşmüş qohumunun taleyi və harada olması barədə məlumat almaq məruzədə mühüm insan hüquqlarından biri kimi qiymətləndirilib. Dövlətlər onların ərazisində itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün bütün zəruri tədbirləri görməli və bu barədə müvafiq dövləti, eləcə də həmin şəxslərin ailə üzvlərini məlumatlandırmalıdırlar. İtkin düşmüş şəxslərlə bağlı yol verilmiş bütün ciddi pozuntular səmərəli surətdə araşdırılmalı və təqsirli şəxslər cəzalandırılmalıdırlar. Məruzədə vurğulanıb ki, müharibə dövründə həlak olmuş şəxslərin cəsədləri axtarılmalı, toplanmalı və mümkün qədər tez bir zamanda ailə üzvlərinə qaytarılmalıdır. Məruzəçinin fikrincə, silahlı münaqişə zamanı itkin düşmüş mülki şəxslərə müharibə qurbanları statusu verilməli, onların ailə üzvlərinin statusu itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin statusuna bərabər tutulmalıdır.


L. Hüseynov məruzəsində həlak olanların kimliyinin müəyyənləşdirilməsi məqsədilə müasir elmi metodlardan istifadənin zəruriliyini qeyd edib, bununla bağlı bir sıra ölkələrin təcrübəsindən maraqlı misallar gətirib. Dövlətlərə tövsiyə olunub ki, itkin düşmüş şəxslər problemi barəsində geniş maarifləndirmə işi aparsın. Kütləvi informasiya vasitələri sözügedən problemə və itkin düşmüş şəxslərin ailə üzvlərinin üzləşdikləri problemlərə dövlətin və ictimaiyyətin diqqətini cəlb etməlidir. Nəhayət, məruzədə itkin düşmüş şəxslər üzrə BMT-nin xüsusi məruzəçisinin təyin olunması tövsiyə edilib.


Qeyd edək ki, L. Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinə 2008-ci ildə seçilib. O, Komitənin 18 ekspertindən biridir. Bu il onun yenidən üç il müddətinə Komitəyə seçilmək üçün namizədliyi irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar