Sven Alkalay: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - MÜSAHİBƏ
Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın APA-ya müsahibəsi
- Azərbaycana səfərinizin məqsədi nədir, ikitərəfli əlaqələri necə dəyərləndirirsiniz?
- Bosniya və Herseqovinadan ilk dəfədir ki, Azərbaycana yüksək səviyyəli səfər edilir. Biz belə bir görüşün keçirilməsinin vacibliyini hiss etdik. Məqsəd əsasən iqtisadi sahədə əməkdaşlığı genişləndirmək, birgə fəaliyyət aparmaq üçün mövcud imkanları müzakirə etməkdir. Yüksək səviyyəli səfərlər olmasa da, indiyə kimi sıra beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif görüşlər keçirmişik.
- Keçmiş Yuqoslaviya ərazisində yaradılmış digər ölkələrlə müqayisədə Bosniya və Herseqovinanın Azərbaycana marağının bir qədər gecikməsinin səbəbi nədir?
- Mən bunu gecikmə adlandırmazdım, bu, vaxt azlığı ilə bağlıdır. Bosniya və Herseqovina hazırda NATO və Avropa İttifaqına üzv olmaq yolundadır, əsas diqqətimiz bu istiqamətə yönəlib. Azərbaycanla münasibətlərimiz 1999-cu ildən qurulub. Sadəcə olaraq, yüksək səviyyəli görüşə vaxt tapa bilməmişdik. Bəzi beynəlxalq tədbirlər çərçivəsində azərbaycanlı həmkarımla görüşmüşəm, lakin yüksək səviyyəli görüş olmamışdı.
- Ölkəniz nə vaxt NATO və Avropa İttifaqına tamhüquqlu üzv olacaq?
- NATO-ya üzvlüyümüzün son mərhələsindəyik, bir neçə məsələ həll olunduqdan sonra biz NATO-nun tam səlahiyyətli üzvü olacağıq. Bu məsələnin 2014-2016-cı illərdə həll olunacağını düşünürəm. Avropa İttifaqına üzvlüyümüzün isə 2020-ci ildən tez olacağını gözləmirik. Aİ hazırda genişlənmənin qarşısını alır, Xorvatiyanı üzv qəbul etdikdən sonra genişlənmə prosesi dayandırılıb.
- Azərbaycanla hansı sahədə əməkdaşlıq Bosniya və Herseqovina üçün maraqlıdır?
- Mən Bakıda prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşlər keçirdim. Biz əsasən siyasi aspektlər üzrə müzakirə apardıq. Bununla yanaşı, iqtisadi əməkdaşlığın perspektivlərini, əsasən sərmayə qoyuluşu, ticarət dövriyyəsinin yaradılması və inkişafı, bunun üçün lazımi sənədlərin qəbul olunması məsələlərini müzakirə etdik. Sahələrə gəldikdə, biz enerji, farmakologiya, turizm sahələrini müəyyənləşdirmişik, sərmayələrin qorunması və təşviqi, ikiqat verginin aradan qaldırılması üzrə sənədlərin hazırlanıb qəbul olunmasını vacib sayırıq. Yaxın 6 ay ərzində hər iki ölkənin ekspertləri səviyyəsində müxtəlif görüşlər keçiriləcək, düşünürəm ki, iyun ayına kimi nazirlər səviyyəsində hansısa səfər həyata keçiriləcək.
Bakıda keçirdiyim görüşlərdə həmçinin mədəniyyət, idman, humanitar sahədə əməkdaşlıq barədə də müzakirələr aparıldı. Bakı ilə Sarayevo SSRİ və Yuqoslaviya mövcud olduqları dövrdə qardaşlaşmış şəhərlər idi. Biz bu əlaqələrin bərpa olunmasını da müzakirə etmişik. Yaxın zamanlarda Bakı meri Sarayevoya gedəcək.
- 2008-ci ildə BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı qətnamə qəbul olunarkən Bosniya və Herseqovina bitərəf qalmışdı. Bu məsələdə ölkəniz öz mövqeyini müəyyənləşdiribmi?
- Dağlıq Qarabağ münaqişəsi Bakıda keçirdiyim görüşlərdə müzakirə olunub. Bu, çox vacib məsələdir. Bosniya və Herseqovinanın mövqeyi çox aydındır - biz bu məsələdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Ölkəmiz 2011-ci ildən BMT Təhlükəsizlik Şurasının üzvüdür. Üzvlük müddəti ərzində də Bosniya və Herseqovina bu mövqeyində qalacaq Azərbaycanı dəstəkləməyə davam edəcək.
- Bakı və Sarayevoda qarşılıqlı şəkildə səfirliklərin açılması gözlənilirmi?
- Bu məsələ gündəmdədir. Azərbaycan tərəfi bildirdi ki, Sarayevoda diplomatik ofis açmaq niyyətindədir, Bosniya və Herseqovinanın Azərbaycandakı səfirinin iqamətgahı isə Ankaradadır. Biz də burada səfirlik açmaq məsələsinə baxa bilərik.
- Bosniya və Herseqovinada Azərbaycan diasporu varmı?
- Dəqiq bilmirəm, amma Azərbaycanda 100-ə yaxın bizim vətəndaşımız çalışır. Ümid edirəm ki, əlaqələrimiz inkişaf etdikdən sonra biznes əlaqələri qurulacaq, bizim vətəndaşlarımız Azərbaycanda, sizin vətəndaşlarınız isə Bosniya və Herseqovinada çalışacaq.
- Humanitar sahədə əlaqələrin perspektivi varmı?
- Bəli. Keçirdiyim görüşlərdə mədəni əlaqələri müzakirə etdik, bir neçə mədəni tədbir keçirmək barədə razılığa gəldik. Gələn aydan başlayaraq Azərbaycandan Sarayevoya nümayəndələr gələcək. Yayda Sarayevoda böyük film festivalı keçiriləcək. Avropada böyük nüfuza malik bu festivala Azərbaycan prodüserlərini də dəvət etmişik.
- Bakı haqqında təəssüratınız necədir?
- Bakıda ilk dəfədir oluram, ona görə də müqayisə edə bilmərəm. Amma şəhərin çox yerində gördüyüm inşaat işləri, bütün dünyada baş verən iqtisadi böhran dövründə belə işlərin aparılması məndə maraq doğurur.
594