Müsavat Məclisinə yeni sədr seçildi
26 dekabr 2010 18:39 (UTC +04:00)

Müsavat Məclisinə yeni sədr seçildi

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilir. APA-nın məlumatına görə, hazırda Məclis sədri postu boş olduğundan, iclasa partiyanın başqanı İsa Qəmbər sədrlik edir. Əvvəlcə gündəlik elan olunub və iclas başlayıb. Çıxış edən Məclisi üzvlərindən biri Məclis sədri vəzifəsinə namizədin sayının azlığından narazılığını bildirib.

İ. Qəmbər isə deyib ki, o da namizədlərin sayının çox olmasını istəyib, lakin namizəd cəmi bir nəfər olub: “Məclis sədri vəzifəsinə namizədliyini irəli sürməyən dostlarımızın sonradan narazılıq etməsi isə başadüşülən deyil”.

Daha sonra partiyanın Divan və Məclis üzvlüyünə seçkilərin keçirilməsi məsələsi müzakirə olunub. İ. Qəmbər qeyd edib ki, Vurğun Əyyub xaricdə – Türkiyədə olmasına baxmayaraq, Divan üzvü olaraq qalır.

Daha sonra elan edilib ki, Müsavat Partiyasının Məclisindəki 26 yerə 35, Divandakı 3 yerə isə 6 namizəd var. Divan üzvlüyünə namizədliyini Tofiq Yaqublu, Tural Abbaslı, İkram İsrafil, Sevinc Hüseynova, Vəfa Cümşüdlü və Hamlet Səfixanlı irəli sürüb.

Çıxış edən partiyanın Divan üzvü Nüşabə Sadıxlı partiya Divanının digər üzvü Adil Qeybullanın ünvanına bəzi tənqidi fikirlər səsləndirib. N. Sadıxlı A. Qeybullanın mətbuata açıqlamasında onun ünvanına dediyi sözləri “siyasi mədəniyyətdən uzaq” adlandırıb: “O deyib ki, Nüşabə xanım oyuna salınıb. Bu nə deməkdir?”

Müsavat başqanı İsa Qəmbər isə N. Sadıxlının fikirləri ilə razılaşaraq, adını çəkmədən A. Qeybullanın ünvanına bəzi tənqidlər səsləndirib. İ. Qəmbər bildirib ki, partiyada Məclis sədrliyinə namizədliyini vermək üçün hər kəsə bərabər şərait yaradılıb: “Bəziləri “konsensus” deyərkən başqa şey nəzərdə tutub. Konsensus o deyil ki, “əgər siz məni seçirsinizsə, bu, konsensusdur, razılaşmasanız konsensus deyil”. Bu nə məntiqdir, nə yanaşmadır? Bu cür mənasız, məntiqsiz yanaşma ilə özlərini hörmətdən salırlar. Müsavat kimi partiyanın şərəfi, ləyaqəti ilə oynamaq şərəfsizlikdir. Hər bir müsavatçı partiyanın seçkili orqanına namizədliyini irəli sürə bilər. Kimlərinsə getməsi ilə Müsavat Partiyasına heç nə olan deyil. Gedənləri də, getməklə bağlı anons verənləri də görmüşük. Müsavatın şərəfi, ləyaqəti ilə oynamayın”.

Sonra Müsavat Partiyasının 2011-ci il üçün fəaliyyət planı açıqlanıb. Planı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı elan edib. Fəaliyyət planına partiyanın növbəti qurultayının keçirilməsi, 2011-ci ilin “Müsavat ili” elan olunması, partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə əlaqədar fəaliyyət və digər məsələlər daxildir.

“AXCP-Müsavat” seçki blokunun fəaliyyətinə xitam verildikdən sonra AXCP ilə əməkdaşlığın şəraitə uyğun olaraq davam etdirilməsi də fəaliyyət planına daxildir. Bununla belə, planda Müsavat Partiyasının AXCP ilə birləşməsi ilə bağlı müddəa yer almayıb.

Müsavat Məclisinin üzvü Qubad İbadoğlu isə partiyanın 2010-cu il ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı bəyanatını səsləndirib. O, sualları cavablandırarkən bildirib ki, müvafiq qurumlar enerji daşıyıcıları və nəqliyyatda gediş haqlarının artırılması üçün Tarif Şurasına müraciət edib.

İclasda VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Təşkilat Komitəsinin sədri seçilib.

Qurultayın konkret hansı tarixdə keçirilməsi ilə bağlı qərar verilməsə də, partiyanın ali toplantısının 2011-ci il aprel, yaxud may ayında keçirilməsi planlaşdırılır.

Daha sonra Müsavat başqanı İsa Qəmbər hesabat xarakterli çıxış edib. O, 2010-cu ildə Milli Məclisə seçkilər keçirildiyini xatırladaraq, parlamentdə real müxalifət olmadığını deyib.

O, 2010-cu ildə Müsavat Partiyasından gedənlərlə bağlı danışaraq, bunun partiyaya heç bir mənfi təsiri olmadığını söyləyib: “Ancaq gərək gedənlər də özlərinə hörmət qoysunlar, partiyanı nüfuzdan salmağa çalışmasınlar”.

İ. Qəmbər partiyadan gedənləri yorulmuş adamlar adlandırıb: “Bu yorğunluqdan istifadə edərək onları tələyə salırlar”.

O, 2010-cu ildə partiyadan gedənlərlə hazırda istefa anonsu verənlər arasında bir əlaqə tapdığını da bildirib.

İ. Qəmbər “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin 2001-ci ildə ona verdiyi “Jurnalistlərin dostu” mükafatından imtina etdiyini açıqlayıb.

Müsavat başqanı partiyanın gələn il keçiriləcək qurultayı ilə bağlı da danışıb: “Gələn il keçiriləcək qurultayda partiyanın yeni başqanı seçiləcək, buna heç kimin şübhəsi olmasın. Partiyanın Nizamnaməsi qüvvədədir. Müsavat həmişə ilklərə imza atıb, yeniliklər, müsbət təcrübələr gətirib. Bu dəfə də belə olacaq, Nizamnamənin eyni şəxsin iki dəfədən artıq seçilməməsi maddəsi qüvvədə qalacaq. Mən isə Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərəcəyəm”.

İ. Qəmbər Müsavatla AXCP-nin birləşməsi məsələsinə də toxunub: “Bəzi qüvvələr guya Müsavatın verdiyi sözün üstündə durmadığını iddia edir, bu vaxt mənim 2010-cu ilin iyulunda səsləndirdiyim təklifi xatırladırlar. Həmin təklifin videogörüntüləri internet saytlarında da var, istənilən şəxs baxa bilər. Mən Rəsulzadə-Elçibəy yoluna bağlı olan təşkilatların birliyini təklif etmişəm. Mən bu təklifi səsləndirərkən AXCP-ni də, KXCP-ni də, digər vətəndaş cəmiyyəti təşkilatlarını da nəzərdə tutmuşam”.

İ. Qəmbər bildirib ki, AXCP ilə Müsavatın birləşəcəyi təqdirdə ölkədə vəziyyət avtomatik dəyişməyəcək: “Bu iki təşkilatın birləşməsi ilə ölkədə avtomatik dəyişiklik baş verməyəcək. Bu dəyişiklik baş versəydi, 7 noyabr parlament seçkisi vaxtı birləşib blok yaratmışdıq, həmin vaxt baş verərdi”.

2011-ci ildə Müsavat Partiyasının 100 yaşının tamam olacağını bildirən İ. Qəmbər bu yubileyin ölkədə yüksək səviyyədə qeyd ediləcəyini vurğulayıb.

Daha sonra çıxış edən Müsavat başqanının müavini Tofiq Yaqublu da AXCP ilə birləşmək məsələsinə toxunub. O, AXCP ilə Müsavat Partiyasını sünni-şiə müsəlmanlarına bənzədib.

İclasda Müsavatın Sumqayıt şəhər təşkilatının sədri İkram İsrafil rəhbərlik etdiyi təşkilatın Məclisə ünvanladığı məktubu oxuyub. Məktubda AXCP funksionerlərinin və tərəfdarlarının İ. Qəmbərin 2010-cu ilin iyulunda səsləndirdiyi təklifi kontekstdən çıxarmaqla bir sıra fikirlər səsləndirməsi tənqid edilib. İ. İsrafil Müsavat Partiyasının Nizamnaməsinə dəyişiklik edilməklə, İ. Qəmbərin növbəti dəfə başqan seçilməsini də təklif edib.

Bundan sonra Məclis sədri, Məclis üzvü və Divan üzvü postlarına seçkilər keçirilib.

Məclis sədri postuna Arzu Səmədbəyli seçilib. O bu vəzifəyə yeganə namizəd olub.
İkram İsrafil, Tofiq Yaqublu və Tural Abbaslı isə Divan üzvü seçiliblər.

Bundan başqa, Məclis üzvlüyündə boş olan 26 yeri tutmaqdan ötrü namizədliyini irəli sürmüş 36 nəfərdən 9-u partiyanın bu orqanına seçilib. Məclisdə 17 yer boş qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar