ABŞ Ermənistanı nə vaxt İranın gününə qoyacaq? - ŞƏRH
19 oktyabr 2010 19:44 (UTC +04:00)

ABŞ Ermənistanı nə vaxt İranın gününə qoyacaq? - ŞƏRH

Səfər zamanı atom-nüvə proqramına görə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiya rəsmi Bakı ilə müzakirə olunub. Amerikalı qonağı prezident İlham Əliyev və başqa rəsmilər qəbul edib.
S.Levi Azərbaycandan Türkiyəyə yola düşəcək. Səfərdən öncə nazir müavini bildirmişdi: «İrana qarşı sonuncu sanksiyanın təsirini diqqətlə izləyir. Tehran hakimiyyətinin qanunsuz fəaliyyəti ilə bağlı, özəlliklə xüsusi sektorda yarada biləcəyi təhlükəyə dair informasiya mübadiləsi edirik».

«The Wall Street Journal» qəzeti yazır ki, enerji ehtiyatları ilə zəngin olan Azərbaycanı İranla etnik və mədəni köklər də bağlayır, odur ki, bu yaxınlıq İslam Respublikasına benzin tədarükündə də önəmli ola bilər.

«Azərbaycan İran üçün Ankaraya nisbətən potensial tədarükçüdür. İran əhalisinin dörddə biri etnik azərbaycanlıdır. Rəsmi statistikaya əsasən, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollar təşkil edib. İran hakimiyyəti bu rəqəmi 10 dəfə artırmaq niyyətindədir».

«The Wall Street Journal»-ın yanlışlıqlarına düzəliş edib, sanksiyaya Azərbaycan Respublikasının münasibəti ilə bağlı bəzi mülahizələri irəli sürək.

Azərbaycanla İranı etnik və mədəni köklər bağlasa da bu yaxınlıqdan nə Quzey Azərbaycan, nə də Güney Azərbaycandakılar indiyə kimi xeyir görməyib. İki ölkə arasında ticarət dövriyyəsi isə İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddi Hüseyninin sözlərinə görə, 500 milyon dollar təşkil edib. Odur ki, bu əsasla Azərbaycanın İslam Respublikasını dəstəkləyə biləcəyi barədə qəzetin yürütdüyü mülahizə boşboğazlıq təsiri bağışlayır.

Qərbdəki bəzi KİV bu sayaq «mədəni, etnik qohumluğu» əsas göstərməklə respublikamızı İrandakı geriçi rejimlə eyniləşdirməyə çalışır.

Dünyəvi, layiq dövlət olan Azərbaycan Respublikası Qərblə inteqrasiyaya üstünlük verir və bu yöndə siyasət yürüdür. Qeyd edilməlidir ki, Azərbaycan, ABŞ başda olmaqla Qərbin antiterror koalisiyasının fəal üzvlərindəndir.

İran hakimiyyətinə qarşı sanksiyaya respublikamızın qoşulması məsələsinə gəldikdə isə ilk növbədə nəzərə almaq lazımdır ki, İran hakimiyyəti İsraildən çox Azərbaycanı özünə təhlükə hesab edir. Bu başqa məsələnin mövzusu olduğundan onun üzərində çox qalmırıq.

Azərbaycan Respublikası da BMT-nin üzvüdür. Ona görə də onun qəbul etdiyi sənədlərin icrasında da müəyyən məsuliyyəti var. Ancaq sözügedən yasağa onun qoşulması üçün bir sıra önləyici təhlükəsizlik tədbirləri görülməlidir. Azərbaycan üçün qoruyucu qalxan planı hazırlanmalıdır. Niyə?

Birincisi, ölkəmizin ərazisi işğal altındadır. İşğalçı Ermənistan isə İran İslam Respublikası ilə hərbi əməkdaşlıqda daxil olmaqla bütün sahələr, o cümlədən enerji daşıyıcıları sahəsində də əlaqələri genişləndirir. Bu baxımdan, İranın ermənilərdən Azərbaycana qarşı yenidən hərbi əməliyyatlara və ya buna bənzər fəaliyyətə başlamaq üçün istifadə etməyəcəyinə kim təminat verəcək? Yaxud İran respublikamızda «erməni» adı ilə pozuculuq işləri görsə, bunun qarşısını almaq üçün Azərbaycanın təhlükəsizliyinin qorunmasına kim yardım edəcək?

İkincisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasında, Ermənistanla yanaşı, Rusiyanın da önəmli rolu olub. Elə Xocalı faciəsində 366-cı motoatıcı alayın törətdiyi vəhşilikləri xatırlamaq yetər.

Üçüncüsü, daha yaxın olduğundan İslam Respublikasının Azərbaycanda terror törədə biləcək qüvvələrinin olması ehtimalı yox deyil. Ehtimal edilən bu terrorun qarşısının alınmasında Azərbaycan dövlətinə hərtərəfli ediləcəkmi?

Dördüncü, Azərbaycanın enerji daşıyıcıları bazarından biri də İrandır. Bu sahədə respublikamıza dəyəcək zərəri kim ödəyəcək? Yaxud yeni bazar təklif olunacaqmı?

Və s...

Fikrimizcə, İranın Şimaldan blokadaya alınmasına Bakıdan deyil, Moskvadan və Yerevandan başlamaq lazımdır. Çünki Yaxın Şərqə münasibətdə Rusiya ilə İslam Respublikasının münasibəti oxşardır. Bu baxımdan Moskvanın İrana münasibəti və əməli fəaliyyəti rəsmi Vaşinqtonunku kimi, bir sıra səbəblərə görə daha sərt olmalıdır. Çünki İslam Respublikası Rusiyaya ABŞ-dan daha yaxındır. Atom bombalı İran hakimiyyəti perspektivdə RF ərazisində də çeşidli terror aksiyaları keçirə bilər. Son illər Rusiya ərazisində İranın mədəni sahədə göstərdiyi fəaliyyət bu ehtimalın təsadüfi olmadığını deməyə əsas verir.

Rusiya, Ermənistan və Gürcüstanın sanksiyaya qoşulacağı halda Azərbaycan bu hüquqi aktı dəstəkləsə, o zaman prosesdən az itki ilə çıxmaq mümkündür.

Sonda bir xatırlama. BMT-nin İranla bağlı qətnaməsinə Azərbaycan da dolayısı ilə qoşulacağı ehtimalı az deyil. Ancaq unutmayaq, axı Azərbaycan torpaqlarının işğaldan azad olması ilə bağlı BMT 4 qətnamə qəbul edib. İrana qarşı sanksiyaya Azərbaycanın qoşulmasını istəyən ABŞ oxşar addımı Ermənistana qarşı nə vaxt atacaq?

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar