Sərhəd siniri
13 aprel 2009 16:00 (UTC +04:00)

Sərhəd siniri

Zahid Oruc, Milli Məclisin deputatı

Türkiyə-Ermənistan danışıqları kontekstində Azərbaycan cəmiyyətinin yaşantıları başadüşüləndir. Etiraf edək ki, bu, ictimai fikri xeyli silkələdi və bəlkə də xeyirə oldu. Zatən ziyanlı görünən hadisənin xeyirli tərəfini tapmaq və ya ona çalışmaq, onu var eləmək gərəkdir. Yaşanan son proseslərin kontekstində irəliyə çıxan məqam odur ki, biz vətəndaşlıq mövqeyini qabarıq şəkildə nümayiş etdirdik. Cəmiyyət ondan əvvəlki dönəmlərdə siyasi əlamətlərinə, ideoloji baxışlarına, fərqli media stilinə görə nə qədər parçalanıb bölünmüşdüsə də, bu məsələ ətrafında vahid bir platforma üzərində hərəkət edə bildi.

Başqa ölkələrdə həsəd apardığımız bu cəhət bizim indiki halımızda özünü qabarıq göstərərək Azərbaycanın beynəlxalq aləmə yeni bir təqdimatını vermiş oldu. Biz sübut etdik ki, lazım olan zaman kütləvi informasiya vasitəsi də, siyasi spektrin bütün kəsimi də, vətəndaşı da öz ölkəsinin birinci simasının çağırışı ətrafında birləşə bilir, yaxud onun aksent etdiyi diplomatik dilə köklənir. Başqa bir tərəfdən, Ermənistanla sərhədlərin açılması məsələsi belə bir fikri gündəmə gətirdi ki, həmin sərhədlər təkcə coğrafi xarakter daşımır. O daha artıq dərəcədə ermənilərin ötən yüzillərdə apardığı düşmənçilik siyasətinin nəticəsi olaraq düşüncələrdə, ideallarda, baxışlarda, mənəvi ruhda özünə kök salmış sərhədləri pozmuş olur, təfəkkürləri qarışdırır və ciddi nifaq salır. Ona görə bu məsələdə ehtiyatlı olmaq gərəkdir. Sərhədlərin açılması əməliyyatı, yeni sərhədlərin yaranması ilə əvəz oluna bilməz. Sovetlər dönəmində türk dünyasının arasına çəkilən tikanlı məftillər o mənəvi birliyi poza bilməmişdisə, indiki addımların bunu zədələmək qorxusu varsa, deməli, həqiqətən ehtiyatlı olmağa dəyər. Artıq Türkiyənin siyasi elitası bu məsələnin fərqində olduğunu özünün son günlərdəki bəyanatları ilə göstərməyə çalışır. Düşünürəm ki, bu ictimai protestlər müəyyən bir məsələdə iqtidarları yönləndirmiş oldu. Heç kəs üçün sirr deyil ki, ictimai narahatlıqlar müəyyən fazalardan keçir. Əvvəlcə o özünü bu cür protest kimi göstərir, sonra onun yerini qəzəb tutur, daha sonra o kinə çevrilə bilir, sonda isə onun yerini çox təəssüf ki, pessimizm əvəzləyir. Bundan sonra isə müxtəlif fəsadlar başlayır. Yaranmış pessimizm müstəvisində yad maraqlar, düşmən niyyətlər öz siyasətlərini apara bilirlər. Onun üçün də bir kimsə milli ruhu həmin o pessimizmə yuvarlayaraq, uzun onilliklər və ya yüzilliklər boyu türk dünyasının üzərində öz maraqlarını bərqərar etmək istəyənlərə meydan verməli deyillər. Çünki bu ideallardan geri çəkilmə, bu mənəvi qırıqlıq və psixologiyada yaranan çatlar başqa bir addımlarla bərpa oluna bilmir. Keçdiyimiz yolun bir daha dəyərləndirilməsi, millətin özünün varlığına bir daha qayıtması, onun yaşantılarını təzədən sərf-nəzər eləməsi də xeyirə oldu. Hər bir halda düşünməliyik ki, bugünkü dönəmdə sərhəd amilindən daha çox, türk dünyasının maraqları məsələsini Azərbaycanın addımları önə çıxara bildi. Bunun alt qatında, yəni cəmiyyət həyatında parçalanma kimi görünən o tendensiyalardan dolayı kimlərsə öz narahatlığını dilə gətirir. Kimsə düşünür ki, biz türk dünyasına qarşı çox getdik, Türkiyənin siyasətini bizim maraqlarımızla əlaqəli girovluqda saxlamağa çalışdıq. Belə deyil. Biz ilk növbədə onun üzərində dayandıq ki, bu türk etnosunun kultuna xələl gətirməsin. Çünki bir türk idealları ortadadır. Bu məsələdə şairindən yazıçısına, sıravi vətəndaşından məmuruna qədər hər kəsin düşüncəsində problem yaransa, milli kimliyindən "qaçış" baş verər. Ayrılan qardaşların üzərinə gəlmək imkanları artar və bizim birliyi parçalayandan sonra təkləyərək zərbə vurmaq, əzmək şansları yüksələr. Azərbaycan bu dönəmdə öz çıxış yolunu nədə görməli olar: onda yeganə hərb yolu qalır. O kontekstdəki müttəfiqlikdən kənar silahlı əməliyyatlara başlayırıq, onda hərb meydanında şanslarımız böyümür. Bu günlərdə Bernar Fasye söylədi ki, Dağlıq Qarabağda yaşanan iqtisadi böhran fonunda ermənilər onsuz da həmin torpaqları verməli olacaqlar. Bu, Vyanada ermənilər tərəfindən süngü ilə qarşılanmışdı. Amma bu sözün həqiqət yükü ortadadır. Bu regionla tanış olanlar bilirlər ki, ermənilərin özünü məruz qoyduğu izolyasiyadan çıxması onların xeyrinədir. Burada Türkiyə pəncərə rolunu oynaya bilməz.

İstənilən halda bu məsələ ətrafında mənfi maraqların geniş tirajlanmasına, ictimailəşməsinə yol vermək də cinayət olardı. Etiraf edək ki, buna cəhdlər var və çoxdan bəri türk dünyasının maraqlarına qarşı addım atmaq istəyən qüvvələr də fəallaşıblar. Osmanlı dönəmindən, yaxud Şah İsmayıl Xətai zamanından türk dünyasının içərisində olan qarşıdurmaların gündəmə gətirilməsi, Sovet İttifaqının ilk illərində Türkiyə ilə münasibətlər, hətta yəqin Türkiyə Ermənistanla tarixi düşmənçilik münasibətlərini Azərbaycan ərazilərini Ermənistana təslim etməklə və ya bu təslimçilikdə müəyyən rol oynamaqla yoluna qoymağa çalışır kimi iddialar əsassızdır. Rusiyapərəstlərin mövqeyinin güclənməsi, hər hansı etnik zümrələrin türkün üzərinə gəlməsi üçün kiməsə yol açmamaq gərəkdir.

Prezident İlham Əliyev tərəfindən ən sərt platformanın ifadə olunması fəxarət doğurucu hadisə idi. Adətən ölkənin birinci siması elə bir siyasət yürüdür ki, onun çevrəsində hər hansı siyasi qüvvə daha kəskin mövqeni dilə gətirsin. Səlahiyyətləri və missiyası etibarilə onun dili daha artıq diplomatik olur. Lakin ölkə rəhbəri bu məsələlərdə Azərbaycanın güzəşt limitini doğma qardaşımıza belə işarə etdi. Bu, çox vacib məqamdır. Yəni çərçivə göstərildi. Xüsusilə beynəlxalq dairələr onun ölçüsünü götürdülər ki, Azərbaycanın etirazı təkcə Türkiyə iqtidarına qarşı deyil, daha artıq dərəcədə beynəlxalq aləmədir ki, bizim maraqlarımızı aşağılayaraq regionda yeni geosiyasət və hər hansı başqa arxitektura tərtib etmək qeyri-mümkündür. Şübhəsiz ki, bu, Azərbaycanın önəmini artırdı və sərhəd problemi məsələsindən bizi önə çıxarmış oldu. Təsadüfi deyil ki, ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti ilə danışır və regionun gələcəyi ilə bağlı mövqeyini ifadə edir. Bu, çox mühüm hadisədir. Sərhəd məsələsində Qarabağ konfliktini qabartmaqla onu sübuta yetirdik ki, gələcək addımları da buna kökləyəcəyik. Əslində, Prezidentin bu addımlarına rəğmən hər kəs, Türkiyənin siyasi iqtidarı da onu görmüş oldu ki, cənab İlham Əliyev Türkiyənin prezidenti və ya baş nazirinin yerində belə addımlar atmazdı. Çünki Azərbaycanın indiyə qədərki siyasətində elə hal olmayıb ki, bizdən istifadə edərək Türkiyənin üzərinə gedilsin. Şübhəsiz ki, bizim sərhəd məsələsinə belə həssas yanaşmağımızın bir özəlliyi də ondan ibarətdir ki, bu, dünyada görünmüş hadisədir. Məsələn, bu gün ABŞ-İran münasibətlərini misal göstərsək deməliyik ki, şah rejiminin devrilməsindən sonra on illərdir ki, Ağ Ev İrana yönəlik ən sərt "dəmir pərdə" siyasətini aparmaqdadır. İqtisadi münasibətlər yox, ticari əlaqələr mövcud deyil, diplomatik tanımazlıq var, soyuq müharibə mövcuddur və sair. Deməli, izolyasiya etmək, onu müəyyən sanksiyalara məruz qoymaq nümunəsini Qərb yaradıb. İndi biz Barak Obamadan tələb edə bilmərik ki, o, İranla münasibətlərini yaxşılaşdırsın və ticari münasibətləri qursun ki, bəlkə bununla etimad mühiti yaransın.

Yekun olaraq bu mürəkkəb prosesin aşağıdakı nəticələrini vurğulamaq olar:

- Ermənistanın Türkiyə vasitəsilə Qərblə yaxınlaşmasının dərhal işğalçılıq siyastinə müsbət təsirinə bağlanan illüziyalar qısa bir müddətdə dağılardı. Əksinə, artan yeni iqtisadi imkanlar fonunda bu ölkə dinc yanaşı yaşama prinsiplərini daha çox pozmağa və ərazi iddialarını həyata keçirməyə böyük stimul qazanacaqdır;

- Azərbaycanın Rusiya ilə yaxınlaşmaq üçün bu prosesi bir kampaniya olaraq apardığını iddia edənlər unudur ki, ölkəmizin Türkiyə ilə münasibətləri korlamaq fonunda Kremlə yaxınlaşması onun birqütblü siyasətin təzyiqinə könüllü tabe olması anlamına gəlir. Xarakterinə və siyasi dünyagörüşünə görə müstəqil kurs aparan İlham Əliyevin belə bir perspektivə can atması kəsərli arqument deyil;

- “Türkiyənin sərhəd məsələsi ilə başlanan diplomatik fəallığı onu Qarabağ danışıqlarında əsas oyunçuya çevirib” deyənlər, proses başa çatdıqdan sonra səhnəyə bu stratejinin həqiqi müəlliflərinin çıxdığını görəcəkdilər;

- Sarkisyan özü də bilmədən həqiqəti söyləyərək deyirsə ki, sərhədlərin bağlanması səbəb yox, nəticədir, deməli Dağlıq Qarabağ münaqişəsini bu prosesdən kənarda qoymaq Türkiyə siyasi diplomatiyası üçün səhv olardı;

- Sərhədlərin açıq olmamasının Ermənistanı Rusiyaya daha çox bağladığını iddia edənlərin dəqiq zəmanətləri yoxdur ki, bu blokada götürülmüş olsa, Ermənistan-Rusiya əlaqələrinin səviyyəsi aşağı düşəcəkdir;

- ABŞ və Avropa Birliyi əslində Cənubi Qafqazı vahid bir planda götürərək növbəti mərhələdə Azərbaycanın Ermənistanla müəyyən lokal sərhəd açılışı əməliyyatlarını tələb edəcəkdir ki, guya iqtisadi-ticari əməkdaşlıq vasitəsilə konflikt tənzimlənəcəkdir. Bu təhlükənin Azərbaycan qarşısında qoyulmaması üçün Türkiyənin indiki addımı ehtiyatlı olmalıdır. Xatırladaq ki, hələ zamanında Bill Klinton Azərbaycan prezidenti Heydər Əliyevə Qazax rayonu ərazisindən Ermənistanla ticari münasibətlərə getmək xahişində bulunmuşdu. Avropa Birliyi isə buna bənzər təklif fonunda bizə o vaxt 1 mlrd.dollardan artıq mükafat vəd etmişdi. Ulu Öndərin kəskin etirazı hər kəsin xatirindədir;

- Ən nəhayət, İran və Gürcüstanın bu məsələdə pozucu mövqe tutması, guya bizim maraqların qoruyucuları kimi hərəkət etmələri başadüşüləndir. Çünki regionda qüvvələr nisbətinin dəyişməsi onları belə hərəkətlərə vadar edir və s.

Türkiyə siyasi dairələri xarici siyasətini saxta "erməni soyqırımı" üzərində qurmalı deyil. Bu, çox yanlış olardı. Bundan ötrü Azərbaycan kimi bir ölkəni itirməyə dəyməz. Bizi əvəz edəcək ölkə yoxdur. Sərhəd açmaq əməliyyatı ilə Ermənistanı Rusiyanın təsir dairəsində çıxarmaq müşkül məsələdir. Türkiyə Ermənistan üçün Rusiya ola bilməz. Rəsmi Kreml də istənilən an belə layihələri darmadağın edə bilər.

İş elə gətirib ki, sərhəd türk dilində "sınır" kimi ifadə olunur. Əslində bu, o deməkdir ki, o millətin sinir sistemidir. Çox kəskin addımlar, kəskin toxunmalar şübhəsiz ki, həmin siniri ağrıdır. Bu məsələdə ehtiyatlı olmağın gərəkliliyi buna bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258

Oxşar yazılar