“Azərbaycan öz gücünə arxayın olmalı, öz işini planlaşdırmalıdır” - MÜSAHİBƏ
19 mart 2009 13:30 (UTC +04:00)

“Azərbaycan öz gücünə arxayın olmalı, öz işini planlaşdırmalıdır” - MÜSAHİBƏ

Akif Nağı: “Türkiyə səfirliyi qarşısında aksiya keçirmək fikrimiz var”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının Lent.az-a müsahibəsi

- Türkiyə-Ermənistan münasibətlərinin son durumunu necə dəyərləndirirsiniz?

- Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində hərəkət edir. Türkiyənin hansı məqamda geri çəkiləcəyini demək çətindir. Xarici işlər naziri Əli Babacan da etiraf etdi ki, Qarabağ onlar üçün ikinci dərəcəli məsələdir. Yəni, onlar daha çox Ermənistanla münasibətləri normallaşdırmağa üstünlük verirlər. Bu da Türkiyə iqtidarının bir neçə il əvvəl elan etdiyi siyasi xəttin nəticələridir. Türkiyə uzun müddət Azərbaycan – Dağlıq Qarabağ amilini nəzərə alaraq, Ermənistanla münasibətlərə müəyyən məhdudiyyətlər qoyurdu. İndi isə artıq hesab edirlər ki, bu istiqamətdə addım atmağın vaxtı çatıb. Məncə, Türkiyə bir neçə amilin təsiri altında bu addımı atır. Əgər Azərbaycan tərəfi müharibə yolu ilə torpaqların azad olunmasına başlasa, o zaman Türkiyə hökuməti də cəmiyyətdən çəkinər.

Digər tərəfdən, qondarma soyqırım məsələsi Ermənistan tərəfindən həmişə Türkiyəyə qarşı ittiham kimi sürülüb. Bununla da Ermənistan beynəlxalq aləmdə Türkiyənin proseslərə inteqrasiya olunmasına az-çox maneə törədir. Digər amillər də var. Ancaq Türkiyənin beynəlxalq proseslərə inteqrasiyası Ermənistanla bağlı atdığı addımdan sonra da sürətlənəsi deyil. Çünki Avropa dövlətləri Türkiyəni öz ailəsində görmək istəmirlər. Ümumilikdə, Türkiyənin belə bir vəziyyətdə bu addımı atması qədim tarixi olan, dünya siyasətində müəyyən rol oynayan bir dövlət üçün qəbul olunmazdır, başucalığı gətirmir. Türkiyə az vaxtdan sonra bu addımının divident gətirmədiyini görüb, peşman olacaq. Azərbaycana gəlincə, bu hadisələr bir daha onu göstərir ki, hətta ən yaxın dosta, ən yaxın müttəfiqə də tamamilə arxayın olmaq olmaz. Azərbaycan öz gücünə arxayın olmalı, öz işini planlaşdırmalıdır. Türkiyənin addımına baxmayaraq, öz haqq səsini ucaltmaqda, öz haqq yolundan dönməməlidir.

- Ermənistan-Türkiyə münasibətlərindəki istiləşmə Türkiyə-Azərbaycan münasibətlərinə nə dərəcədə təsir edə bilər?

- Artıq belə təsirlər özünü göstərib. Təbii ki, hər iki tərəfin rəsmiləri yalnız diplomatik ifadələrlə kifayətlənib və həm Türkiyə tərəfi, həm də Azərbaycan tərəfi münasibətlərin pisləşmədiyini, gərginləşmədiyini nümayiş etdirir. Bu, normal bir münasibətdir. Biz istəməzdik ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər gərginləşsin. Ən azından ona görə ki, ortada Ermənistan faktoru var. Ən azından Ermənistanın sevinməməsi üçün bu münasibətlər saxlanılmalıdır. Ancaq inciklik, narazılıq əlamətləri hiss olunur. Əsrlərlə Azərbaycan cəmiyyəti ilə Türkiyə cəmiyyəti arasında heç kəsin poza bilməyəcəyi münasibətlər yaranıb. Ancaq indi Türkiyə hakimiyyətinin bu addımları ilə Azərbaycan cəmiyyətində Türkiyə haqqında mənfi fikir formalaşır. Hətta mənim müşahidələrimə görə, türkiyəlilər özlərini Azərbaycanda çox narahat hiss etməyə başlayıblar. Türkiyədən olan iş adamları, tələbələr də bu vəziyyətdən narahatdırlar. Məsələn, ticarət obyektlərində adamlar türkiyəlilərə qarşı açıq şəkildə öz narazılıqlarını bildirirlər. Bu da təbiidir. Bu, Türkiyə iqtidarının atdığı addımlara Azərbaycan cəmiyyətinin reaksiyasıdır. Bütün bunlar isə narahatedicidir.

- Mətbuatda “Türkiyə Azərbaycanı itirir” başlığı ilə yazı çap olunmuşdu. Sizcə, Azərbaycan Türkiyəni, yoxsa Türkiyə Azərbaycanı itirə bilər?

- Azərbaycanla Türkiyə arasındakı əlaqələr, münasibətlər o qədər dərin köklərə malikdir ki, bu ölkələrin, xalqların bir-birini itirməsi qeyri-mümkündür. Hesab edirəm ki, burada itirməkdən söhbət getmir. Ancaq təhlükəli, xoşagəlməz vəziyyətin yaranmasından danışmaq olar. Ona görə də çalışmaq lazımdır ki, həmin vəziyyət yaranmasın. Çünki belə olarsa, əvvəlki vəziyyəti, münasibətləri bərpa etmək üçün on illər lazım olacaq. Türkiyə hakimiyyəti bunu nəzərə almalıdır.

- Bu məsələdə günahkar, yaxud səbəbkar kimdir?

- Türklərdə bir “dəngə” sözü var. Hesab edirəm ki, əsas səbəb AKP hökumətinin dəngələri düzgün müəyyənləşdirə bilməməsidir. Məsuliyyət də məhz onların üzərinə düşür.

- Bu məsələlərlə bağlı Qarabağ Azadlıq Təşkilatının hansısa aksiyalar keçirməsi mümkündürmü?

- Türkiyə səfirliyi önündə aksiya keçirmək fikrimiz var. Bu məsələ demək olar ki, təşkilatın hər həftə keçirilən İdarə Heyətinin iclasında ürək ağrısı ilə müzakirə olunur. Biz bir sıra digər təşkilatlarla da bu məsələni müzakirə edirik. Aksiyaların keçirilməsi gündəmdədir. Əgər bu məsələdə Türkiyə hakimiyyəti real addımlar atarsa, yəqin təkcə bizim təşkilat deyil, digər qurumlar da öz etirazlarını bildirəcək. Ancaq bu etiraz aksiyaları da Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin tamamilə pozulmasına, kəsilməsinə yox, Türkiyə iqtidarının yanlış yoldan çəkilməsinə yönəlməlidir. Biz buna çalışmalıyıq ki, Türkiyə iqtidarı indiki yoldan çəkilsin.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422

Oxşar yazılar