Türk oğlu quldur Razinin xəzinəsi Bakıdadır? - ARAŞDIRMA
09 avqust 2010 17:30 (UTC +04:00)

Türk oğlu quldur Razinin xəzinəsi Bakıdadır? - ARAŞDIRMA

Camaat bu mağaranın həmin quldurun gah sığınacaq yeri, gah var-dövlətini gizlətdiyi xəzinə, gah da düz Xəzərə qədər uzanan lağıma giriş olması haqqında danışır...

Razinin gizli mağarası

…Altında iri mağaranın olduğu açıq-aydın görünən o dağın üstündə indi hansı bəxtəvərinsə villası durur. Camaat bu mağaranın həmin quldurun gah sığınacaq yeri, gah var-dövlətinin gizlədildiyi xəzinə, gah da düz Xəzərə qədər uzanan lağıma giriş olması haqqında danışır. Deyirlər, adlı-sanlı dəli kazak köhnədən «Razin», indi Bakıxanov qəsəbəsinin ərazisi hesab olunan bu dağın döşündə düşərgə salıb, özü də oturub düz zirvədə. Kişi buranı əbəs yerə seçməyibmiş: arxeoloq dostum deyir ki, hələ XI-XII əsrlərdə həmin dağın təpəsində bir müdafiə qalası varmış…

…Yalnız adı taleyimizdən keçən leytenant Şmidtdən sonra həm adından, həm də əməllərindən yan ötə bilmədiyimiz növbəti qəhrəmanın kim olduğunu yəqin ki, bildiniz. Söhbət Stepan Razindən gedir…

…1671-ci ildə Hamburqda çıxan «Şimal Merkurisi» qəzetində o dövr üçün görünməmiş operativliklə bir məqalə dərc olundu. Məqalənin müəllifi ingilis taciri Tomas Hebdon təkcə Rusiyanı deyil, həm də Səfəvi dövlətini bir-birinə vuran, əməlləriylə Avropanı bölgədən qaçaq salan dəlisov kazak Stepan Razinin Kremlin qənşərində edamını təsvir edirdi: «Quldurun əlləri dəyirmi lövhəyə mismarlanmış, ayaqları ağır zəncirlə dar ağacına bərkidilmişdi. Ancaq bu adamın vüqarı hamını heyrətə salırdı, görkəmindən bilinirdi ki, ölümdən qorxmur… Əvvəlcə əllərini, sonra ayaqlarını, axırda başını kəsib beş tikənin hərəsini bir payaya keçirdilər. Bədəni isə axşam itlərə atıldı…».

Üsyançı Stepan Razin ömrünü belə başa vurdu. Ancaq o, 1671-ci ilin 6 iyununa qədər bir ucu Krım, o biri ucu Osmanlı, Səfəvi İmperiyası olmaqla böyük bir ərazidə atamanlıq eləmiş, qarşısına çıxan kəndləri, şəhərləri çapıb-talamış, böyük var-dövlət sahibinə çevrilmiş, o qədər böyümüşdü ki, hətta axırda Moskvanı belə tutmaq xəyalına düşmüşdü. Əlqərəz, uzun məsələdi…

Anası türk olan Stenka

Ona görə də, əvvəlcə Stenkanın keşməkeşli həyat yolunun lap əvvəlinə qayıdaq. Ondan başlayaq ki, varlı kazak olan Timofey özüylə hərbi səfərlərin birindən, tarixi mənbələrdə «əsir türk qızı» kimi xatırlanan bir qadın gətirir və onunla evlənir. 1630-cu ildə doğulan Stenka bu türk qadından olan üç oğulun ortancılıydı və təhsil almasa da, çox qabiliyyətli uşaq olub. Müasirləri onun tatar, türk dili də daxil olmaqla düz 8 dildə sərbəst danışdığını yazırlar. Hərbi xidmət zamanı Krım tatarları və Osmanlı türkləri ilə müharibələrdə iştirak eləyən Stepan 1658-ci ildə bir neçə kazakla Moskvaya göndərilir, Don kazaklarının rəsmi nümayəndəsi kimi Krım tatarlarına qarşı birgə döyüşmək üçün kalmıklarla danışıqlar aparır. Tarixi mənbələrdə Razinin bu danışıqlarda böyük diplomatik bacarıq nümayiş etdirdiyi haqda məlumatlar var. 1662-ci ildə Stepan Timofeyeviç ataman olur. Bundan sonra gənc ataman dəfələrlə Krımda türklərə və tatarlara qarşı döyüşlərdə iştirak eləyir. 1665-ci ildə knyaz Dolqorukov onun böyük qardaşı İvanı rus-polyak müharibəsindən fərar etdiyi üçün asdırır. Deyilənlərə görə, əslində Stepanı sonrakı əməllərə sövq eləyən də məhz bu hadisə olub. Belə ki, gənc ataman təkcə Dolqorukovdan yox, bütün kübarlardan qardaşının qisasını almaq qərarına gəlir və 1667-ci ildə 600 nəfərlik kazak dəstəsi ilə Donboyu yaşayan varlı kazakları talamağa başlayır. Razinin dəstəsi qısa müddət ərzində 2 min nəfərə çatır, 30-dan çox qayıq əldə eləməklə real qüvvəyə çevrilir. Özü də maraqlıdır, təkcə ruslar yox, tatarlar, kalmıklar, həmçinin digər türkdilli kəndlilər də ona qoşulurlar. Rus folklorunda Razin haqqında rəvayətlər də məhz bu illərdən yaranmağa başlayır. Qəddarlığına baxmayaraq, sadə xalq Stepanı sevir, əziz-əziz «batyuşka Stenka» adlandırır, onu gülləkeçirməz, xəncərkəsməz qəhrəman hesab edir.

Çar-kazak sözbirliyi?

Rus salnamələrində «Persidskie poxodı» adlandırılan bu basqınların tarixi bəlli olduğu kimi, Səfəvi İmperiyasında aparılan savaşların məqsədindən söhbət düşəndə də yalnız «quldur Razinin varlanmaq istəyi» önə çəkilir. Belə məlum olur ki, Razini buralara çəkib gətirən yalnız var-dövlət qazanmaq arzusu olub. Ancaq bu basqınları kazakların özbaşınalıqları kimi qəbul eləmək də düzgün deyil. Əvvəla Razin Azərbaycanı və Bakını talan eləyən ilk «qaranquş» deyildi. Rus arxivlərində 17-ci əsrə dair «Don işləri» adlanan salnamələrdə Don kazaklarının Abşerona hücumları barədə kifayət qədər məlumatlar var. Məsələn, 1647-ci ildə Həştərxandan bir neçə gəmiylə dənizə çıxan kazak dəstələri Xəzərin qərb sahillərində talanlar törədərək, ticarət gəmilərinə hücumlar eləmişdilər. Adıçəkilən salnamənin 1647-ci il yanvar ayına aid fəslində oxuyuruq: «Kazaklar Bakıdan neft aparan İranın Fərabad şəhərindən olan tacirdən 700 tümənlik mal talayıblar, tacirin özünü isə girov götürərək 130 tümənə dəyişiblər».

Bu hücumların rus boyarlarının və Moskva hökumətinin xeyir-duası ilə həyata keçirildiyi müasir tarixşünaslıq üçün sirr deyil. Bu baxımdan, 20 il sonra Razinin dəstəsinin də rus çarının təhriki ilə Səfəvilər ərazisinə basqınlar düzənlədiyini düşünmək mümkündür. Bu fikri məşhur fransız səyyahı və zərgəri Şarden də təsdiqləyir. Onun iddiasına görə, çar Aleksey Mixayloviçlə Razinin əlaqəsi olub və atamanın Xəzər sahillərinə hücumları çarın təhriki ilə həyata keçirilib. Şardenə inansaq, məlum olur ki, hələ II Şah Abbasın dövründə – 1664-cü ildə İsfahana Moskva dövlətinin adından iki səfir və başlarında 800 nəfərlik bir nümayəndə heyəti gəlir. Şah gələnlərin həqiqətən diplomatik heyət olduğunu düşünüb onları böyük ehtiramla qarşılayır. Ancaq sonradan məlum olur ki, gələnlər diplomatik adla Səfəvi dövlətində gömrük rüsumu ödəmədən alver eləmək istəyən tacirlərdir. Saraya məlumat verilir ki, rus elçiləri gömrük haqqı ödəmədən ölkə ərazisində başqa mallar istisna olmaqla yalnız 80 min tümənlik, yaxud təxminən 4 milyon livrə yaxın samur dərisi satıblar. Şah Abbas bu yalandan qeyzlənir və alverçiləri ölkədən qovur. Səfəvi İmperiyasına səfəriylə bağlı xatirələrində Şarden yazır: «Bundan sonra Çar Aleksey Mixayloviç qisas məqsədiylə kazakları İrana hücuma təhrik edir».

Şəxsən mən fransız səyyahın bu versiyasını o qədər də ciddi saymıram. Hər halda, ortada yalnız sadə bir qisas məsələsi dayanmaz. Hələ onu da nəzərə alsaq ki, Stepan Razinin hücumu vaxtı, yəni 1667-ci ildə artıq II Şah Abbas ölmüşdü, Səfəvilərə Süleyman şahlıq edirdi, o zaman məsələnin kökündə daha dərin mətləblərin yatdığı məlum olar. Mövzuyla bağlı bu sahədə avtoritet hesab etdiyim Şafareviçin «Sosializm dünya tarixində hadisə kimi» traktatında maraqlı bir məqam var. Şafareviç yazır: «Münserə qarşı çıxan Lüterin məntiqi qarşısında da baş əyilməlidir. Lüter deyirdi ki, o, İslahatlar dövrünün uğurlarını öz adına çıxmaqla hakimiyyətdəki qara qüvvələrin arzusunu yerinə yetirir. Ümumiyyətlə, tarixə adını yaza bilmiş qiyamçıların demək olar, hamısı hərəkatın müəyyən dövrlərində mövcud rejimlə əlaqədə olurlar».

Akademikin «Rusiyanın gələcəyi varmı» məqaləsində isə axtardığımızı tapırıq: «Əslində, I Pyotra qədər artıq Rusiya İmperiyasının gələcək planlarının nədən ibarət olacağı təxminən bəlli idi. Kazakların basqınlarından tutmuş Moskva dövlətinin apardığı ayrı-ayrı müharibələrədək hər şey buna rəvac verirdi».

Bu baxımdan, təbii ki, Razinin Səfəvi dövlətinə hücumları bəzi məqamlarda rus çarının xeyrinəydi. Şarden də bununla bağlı yazır ki, «kazakların İrana keçmələriylə çar bu idarəolunmaz cameədən canını qurtaracağını düşünürdü».

Qızılbaş-kazak döyüşləri

Stepan Razinin Xəzərin qərb sahillərinə ilk hücumu 1667-ci ilə təsadüf edir.
Dərbəndlə Şamaxı arasındakı şəhərlər, kəndlər dağıdılır, yerli əhalidən xeyli əsir və qənimət götürülür. Sara Aşurbəylinin «Bakının tarixi» kitabından oxuyuruq: «1200 nəfərlik kazak dəstəsi bir sıra şəhərləri dağıdır, xeyli əsir götürür. Əsirlər arasında yerli xanlardan birinin qızı da olur».

Rusiya Ordusunda xidmət keçən hollandəsilli Lüdviq Fabrisiusun xatirələrində əsir götürülmüş bu azərbaycanlı qızın acı taleyi haqqında məlumat var. Bu hadisə Razinin İrana birinci hücumundan əvvələ təsadüf edir. «Əcnəbilərin Stepan Razin üsyanı barədə qeydləri» kitabından oxuyuruq: «Ancaq əvvəlcə Stenka qeyri-adi üsulla gözəl və kübar bir tatar qızını qurban verib. Bu qızı o, 1 il əvvəl əsir götürübmüş və onunla ər-arvad kimi yaşayırmış. Beləliklə, səfərdən əvvəl səhər tezdən yuxudan oyanan kimi biçarə qadına ən gözəl paltarını geyinməyi əmr eləyir və deyir ki, yuxuda su tanrısı İvan Qorinoviçi görüb. Tanrı ona bildirib ki, artıq 3 ildir uğur qazanmasına baxmayaraq, Yaik (1775-ci ildə II Yekaterinanın əmriylə «Ural» adlanacaq – İ.Tumas) çayına heç bir qurban verməyib. Onda Stenka ona bu illər ərzində qazandığı ən böyük uğurunu qurban verməyi vəd edib. Ona görə də, ataman «mənim bu illər ərzində qazandığım ən böyük mükafatım bu qızdır, onu da sənə qurban verirəm» deyərək, xan qızını çaya tullayır.
Abbasqulu Ağa Bakıxanov bu qızın Salyan xanının qızı olduğunu güman edir. Çünki 50 il sonra Salyan sultanı Həsən bəyin xanımı Qabilə xanım I Pyotrun zabitlərini nahara dəvət edərək öldürtmüşdü. Güman ki, bununla o, illər əvvəl öldürülmüş qohumunun qisasını alıb.

Beləcə, dəlisov kazak xan qızını çaya tullayandan sonra Səfəvilərin dənizkənarı şəhərlərinə hücuma başlayır. İrana birinci böyük yürüş 1668-ci ilin martında düzənlənir. 40 dibi yastı qayıqda 6 min nəfərlik qoşunla Gilan vilayətinə, xüsusən Rəşt şəhərinə hücum eləyən kazaklar buradan xeyli qənimət və əsir götürərək tələsik qayıqlara qayıdırlar. Bundan sonra isə maraqlı hadisə baş verir. Razin birbaşa İsfahana şahın yanına elçilərini göndərib, Səfəvilərin itaəti altında yaşamaq istədiklərini bildirir. Rus mətnlərində bu barədə belə yazılıb: «Причем он давал самые решительные заверения, что его люди будут вести себя как настоящие шахсивен». Bəli, Razin şahı inandırmağa çalışır ki, «onun adamları özlərini əsl şahsevən kimi aparacaqlar». Təbii ki, şah öz torpaqlarında bu cür nadinc adamların olmasını arzulamır və cavabı xeyli ləngidir. Stenka başa düşür ki, Səfəvi hökmdarı bununla vaxt udmaq istəyir. Ona görə də, elçilər geri qayıdan kimi Fərabad şəhərinə hücum əmri verir və burada böyük qırğınlar, talanlar törədir.

Razinin Azərbaycanda taladığı kəndlər sırasında Maştağanın adı tarixdə daha çox xatırlanır. 1669-cu ilin aprelində kazaklar bu kəndə hücum eləyərək 150-yə yaxın kişi, qadın, uşaq əsir, qənimət kimi xeyli qızıl-gümüş, 7 min baş qoyun götürürlər. Onlar bütün qənimətləri Çilov adasına aparıb orada bölüşdürürlər.

O dövrlər Həştərxanda olan holland dənizçisi Strüis isə Razinin Bakının özünə hücumundan yazır: «Onlar qəfil hücum elədiklərindən müqavimətlə rastlaşmırlar və əllərinə keçəni yandırır, dağıdırlar. Kazaklar şəhərdən xeyli qızıl, gümüş götürdükdən sonra şənliyə başlayırlar və sərxoş olana kimi içirlər. Özlərinə gələn sakinlər 6 minlik dəstəyə hücum edərək kazaklardan xeyli adam qırırlar. Deyilənə görə, Razinin dəstəsindən yalnız 400-500 adam xilas ola bilir».

Razinin Səfəvi dövlətində sonuncu döyüşü Səngi-Muğan adası yaxınlığında olur. Şahın göndərdiyi qüvvəylə qarşılaşan kazaklar abordajla şahın bütöv bir donanmasını Xəzərdə batırırlar: ağır donanma gəmiləri yüksək manevrli kiçik kazak gəmiləriylə bacara bilmir. Razin növbəti hücumun olacağından çəkinib dəstəsini Həştərxana çəkir. Bundan sonra isə onun rəhbərliyi ilə Rusiyanı ağuşuna almış kəndli üsyanı başlayır…

Üsyançının sonu

1669-cu ilin avqust-sentyabr aylarında Dona qayıdan Razin Kaqalnik qalasını tikir və özünə yeni tərəfdarlar toplamağa başlayır. Moskva yolundan azmış atamanı cəzalandırmaq üçün müxtəlif üsullara əl atır, Dona göndərilən çörəyi kəsir, ancaq heç nəyin xeyri olmur: Razinə qoşulanların sayı durmadan artır. 1670-ci ilin mayında kazakların «böyük çevrəsi»ndə ataman Razin əvvəlcə Volqanı, sonrasa Rusu tutacağını, xəyanətkar boyarları cəzalandırıb sadə insanlara azadlıq verəcəyini açıqlayır. Elə həmin ilin yayından kəndli müharibəsi başlayır. Müharibə dövründə təbliğatın hansı əhəmiyyət kəsb elədiyini anlayan Razin şayiə buraxır ki, guya ölmüş vəliəhd Aleksey və patriarx Nikon da onlara qoşulub. Beləcə, qısa müddətə Volqaboyunda Həştərxan, Çariçın, Saratov, Samara Razinin əlinə keçir. Tutulan şəhərlərdə kazak üsuli-idarəsi tətbiq edilir. 1670-ci ilin oktyabrında Simbirsk döyüşləri vaxtı Stenka yaralanır və Kaqalnikə qayıdır. Bundan istifadə eləyən hakimiyyətə sədaqətli kazaklar qəfil hücum eləyib Stenkanı və qardaşı Frolu əsir götürürlər…

…Razinin məğlubiyyəti təkcə Rusiyanı, Səfəviləri deyil, bütün Avropanı sevindirir. Zarafat deyildi, bir dəlisov kazakın ucbatından Volqa İpək yolunun qarşısı kəsilmişdi. Ona görə də, Razini sözün əsl mənasında yavaş-yavaş öldürdülər. Onun dəhşətli edamını görən qardaşı Frolu da dar ağacının altına çəkib gətirəndə «mənim çara sözüm var» deyə qışqırır. Bu zaman ayaqları və əlləri kəsilsə də, hələ sağ olan Razin gözlərini açıb qardaşına deyir: «Kəs səsini, köpək!» Bu, Stenkanın sonuncu sözü olur. Qardaşına isə aman verilir və çarın hüzuruna gətirilir. Frol Stepan Razinin xəzinəsinin yerini bildiyini deyir və düz 5 il çarın adamlarının başını bu bəhanəylə aldadır. Ancaq Don sahillərini, Volqaboyunu gəzməkdən canları boğazlarına yığılan xəzinə axtaranlar sonda onun xəzinənin yerini bilmədiyi haqda çarı məlumatlandırırlar. Frol edam olunur…

Razinin xəzinəsi Bakıda ola bilər

…Stepan Razin haqda material toplayanda rus tarixşünaslığında ona müxtəlif münasibətlərin olduğunu gördüm. Bəzi müəlliflər Stenkanı bacarıqlı diplomat, böyük sərkərdə kimi təqdim edir, adına yazılan vəhşilikləri, məsələn, Azərbaycan xanının qızını çaya atmasının uydurma olduğunu deyirlər. Hətta bu məsələdə xeyli qabağa gedib Razinin Şamaxıya hücum etmədiyini yazanlar da var. Çünki hesab olunur ki, dəniz sahilindən bu qədər uzaqlaşıb hansısa şəhərdə döyüşlər aparmaq ümumiyyətlə onun təcrübəsində olmayıb. Digərləri isə əksinə, Stepan Razini sadəcə, bir quldur, uğursuz üsyançı kimi təsvir edirlər. Ancaq bunlarla belə nəzərə almaq lazımdır ki, bu adam orta əsrlərdə tarixə möhürünü vurmuş bir şəxsdir. Elə yalnız onu xatırlayaq ki, yüzilliklər keçsə də, hətta Azərbaycanın özündə belə «Razinin xəzinəsi»ni axtaranlar olub, var və olacaq. Yeri gəlmişkən, materialı hazırlayarkən hörmətli dostum arxeoloq İdris Əliyevdən «Bakıxanov» qəsəbəsindəki dağın döşündə yerləşən və Stepan Razinin mağarası olduğu deyilən yerdə tədqiqat işlərinin aparılıb-aparılmadığı ilə maraqlandım. İdris müəllim bu sahədə ümumiyyətlə, hər hansı tədqiqatın olmadığını söylədi. Kim bilir, bəlkə elə Stepan Razin xəzinəsini burada – Bakıda qoyub gedib?..

İlham Tumas

ilham_tumas@mail.ru
# 2352

Oxşar yazılar