Səfir: “Münasibətlərin normallaşması prosesinin tıxanmasının səbəbi Ermənistandır”- MÜSAHİBƏ
01 mart 2010 17:30 (UTC +04:00)

Səfir: “Münasibətlərin normallaşması prosesinin tıxanmasının səbəbi Ermənistandır”- MÜSAHİBƏ

“Türkiyə parlamentinin bu şərtlərlə protokolları təsdiqləməsini gözləyə bilmərik”

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcın APA-ya müsahibəsi


- Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından sonra Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yarandı. Münasibətlərin hazırkı durumu sizi qane edirmi?


- 2009-cu ildə Türkiyənin Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində atdığı addımlar Azərbaycanda narahatlıq yaradıb. Ancaq Türkiyə prezidentinin, baş nazirinin, Böyük Millət Məclisi sədrinin, TBMM xarici işlər komissiyası sədrinin açıqlamaları başda olmaqla, bütün səviyyələrdə Türkiyədən verilən mesajlar narahatlığı ortadan qaldırıb. Zənn edirəm ki, baş nazirimizin Vaşinqton və Moskva ziyarətlərində Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsi, Dağlıq Qarabağla bağlı danışıqlarda irəliləyiş olmadan Ermənistanla sərhədləri açmayacağımızı ifadə etməsi, münaqişəni beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarması iki ölkə arasında etibarı təzələdi, hətta gücləndirdi. Son olaraq baş nazirimizin bu il fevralın 22-də Madriddə bir suala verdiyi cavabı xatırlatmaq istəyirəm. Baş nazirimiz son dövrlərdə Türkiyənin israrlı təşviqi ilə Dağlıq Qarabağ müzakirələrində bir hərəkətlənmə olduğunu, ancaq Minsk Qrupunun ədalətli bir həll təklif etməsinin vacibliyini, münaqişə həll olunmadan TBMM-də protokolların ratifikasiya olunmayacağını söyləyib. Bundan başqa, o, münaqişənin həll olunduğu an Türkiyə ilə Ermənistan arasındakı problemlərin də böyük ölçüdə həllini tapacağını vurğulayıb. Türkiyə ilə Azərbaycan arasında münasibətlər mükəmməl səviyyədədir, hətta keçən il baş verənlər əlaqələrimizi daha da gücləndirib.


- Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarından sonra bu sənədlərin TBMM-də təsdiqlənməsi də qeyri-mümkün görünür və tərəflər bir-birini günahlandırır. Bundan sonra hansı addımlar atılacaq?


- Ermənistan Konstitusiya Məhkəməsinin qərarını xoşməramlı saymırıq. Dediyimiz kimi, məhkəmə qərarı qəbuledilməz ön şərtlər və məhdudlaşdırıcı şərhlər ehtiva edir. Türkiyə istər müzakirə prosesindəki konstruktiv mövqeyinə, istərsə də imzalanan protokolların ruhuna sadiq qalmağa davam edəcək. Eyni qərarlılıq və xoş məramı Ermənistan hökumətindən də gözləyirik. Ermənistan Konstitusiya Məhkəməsinin qərarını sadəcə, hüquqi-texniki detallar kimi qəbul edə bilmərik, bu, eyni zamanda ölkə rəhbərliyinin siyasi iradəsini göstərən bir sənəddir. Halbuki önəmli olan protokolları həyata keçirməyə hazır olan bu siyasi iradənin mövcud olmasıdır. Təəssüf ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Ermənistan rəhbərliyində bu istiqamətdə siyasi iradənin olduğuna dair inamımızı zəiflətdi. Biz Ermənistanın öz xoş niyyətini göstərən addımlar atmasını, münasibətlərin normallaşması üçün səmimi siyasi iradənin varlığını göstərən yazılı təminat verməsini gözləyirik.


- Bu vəziyyətin yaranmasında Azərbaycan tərəfinin etirazlarının rolu varmı?


- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin tıxanmasının səbəbi Azərbaycan deyil, Ermənistandır. Təəssüf ki, Azərbaycanda belə bir qənaət yarandığını görürəm. Sanki Azərbaycan 2009-cu ildə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlara etiraz etməsəydi, Türkiyə şərtsiz olaraq bu prosesə davam edəcəkdi. Bu, yanlış düşüncədir. Belə mövqeyi qəbul etmirik. Bu şəkildə düşünənlərin Türkiyəni və türk xalqını kifayət qədər tanımadığını düşünürük. Hər şeydən əvvəl Türkiyə çox güclü, zəngin və dərin diplomatiya ənənəsi olan, milli mənafelərini beynəlxalq arenada uğurla müdafiə edən ölkədir. Bəzi dostlarımız Ermənistanla müzakirələr başlayanda Türkiyənin bu bölgədə kifayət qədər diplomatik təcrübəsinin olmadığını söyləmişdilər. Ölkəmiz bölgəsini çox yaxşı tanıyan, mənafelərini hər yerdə realizə edən güclü bir dövlətdir. İkinci tərəfdən, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra tamamən öz istəyi ilə başqa heç bir hegemon ölkənin etməyəcəyi bir şeyi edərək Ermənistanla sərhədlərini bağlayıb. 1993-cü ildə sərhədlərin bağlanması üçün azərbaycanlı qardaşlarımızın hər hansı tələbi olmuşdumu? Bu gün də Ermənistanla müzakirələrin bu mərhələyə gəlməsində Azərbaycandakı narazılıqların təsiri yoxdur. Onsuz da Türkiyə Azərbaycana hər sahədə yardım etmək və dəstək vermək iradəsinə sahibdir.


- Ermənistan tərəfi yalnız Türkiyə protokolları təsdiqlədikdən sonra bu sənədləri ratifikasiya edəcəyini açıqlayıb. Ermənistanın belə bir şərt irəli sürməsi nə qədər doğrudur?


- Yuxarıda vurğuladığım kimi, əsas olan protokolların həyata keçməsi üçün tərəflərdə siyasi iradənin mövcud olub-olmamasıdır. Türkiyədə bu iradə var. Türkiyə hökuməti imzalanmadan dərhal sonra protokollar haqqında ictimaiyyəti məlumatlandırmaq prosesinə başlayaraq sənədləri TBMM-ə yolladı. Türkiyə tərəfinin prosesi gecikdirməyə çalışmaqla suçlanması tam əsassızdır. Halbuki Ermənistan Konstitusiya Məhkəməsi qərarı 3 ay gecikdirdi, erməni tərəfi sənədin parlamentdə təsdiqlənməsi prosesində hələ də Türkiyədən geridədir. Bu şərtlərdə Ermənistanın Türkiyənin ratifikasiyasını gözləməsini və bunu şərt kimi irəli sürməsini doğru saymırıq .


- Protokollar hər iki ölkənin parlamentində qəbul edilməsə nə olacaq?

- Bu şərtlər altında TBMM-in protokolları təsdiqləməsini gözləyə bilmərik. Bu durumda münasibətlərin normallaşmasına dair müzakirələrin davam etməyəcəyini düşünürəm. Təbii olaraq, bu prosesi tıxayan tərəf biz olmayacağıq. Amma mən bu prosesin uğurla başa çatacağına inanıram. Bölgədə sülh, sabitlik və asayişə böyük ehtiyac var. Uşaqlarımıza düşmənçilik, kin və nifrət miras qoymaq onlara ediləcək ən böyük pislikdir.


- 24 aprel yaxınlaşır və digər dövlətlərin protokolları təsdiqləməsi istiqamətində Türkiyəyə təzyiqi artacaq. Bu təzyiqlərə qarşı hansı mövqe nümayiş olunacaq?


- Türkiyə uzun illərdir uydurma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparır. ABŞ prezidenti Barak Obamadan əvvəl də bu prosesi keçmişik, mövqeyimiz həmişə eyni və açıq olub. Bundan sonra da belə olacaq. Yəni təzyiqlərə boyun əyməyəcəyik. Uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar layihəsinin qəbul olunması ABŞ-ın marağına uyğun deyil. Obama 24 aprel çıxışında “soyqırım” ifadəsini işlətsə, tarixdə “erməniləri qazanan prezident” kimi yox, “türkləri itirən prezident” kimi tanınacaq. Türkiyə bölgəsində çox güclü və müttəfiqlərinin itirməyə hazır olmadığı bir ölkədir. ABŞ Konqresində məntiqin və rasionallığın hakim olacağına, Amerikanın milli mənafelərinin ön plana çıxacağına inanırıq. Bu qərar layihəsini təklif edənlərin ABŞ-ın bu bölgədəki mənafelərinə xəyanət etdiyini, xalqlar arasında kin və nifaq toxumu əkdiklərini, bölgədə sülh və sabitliyə zərər verdiklərini düşünürük. Tarixçilərin işini siyasətçilər görməməlidir.


- Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiymətində indiyədək razılaşma əldə olunmayıb. Hətta bu, “Nabucco” layihəsinin reallaşmasında problemlərin yaranmasının səbəblərindən biri kimi göstərilir.


- Azərbaycanla Türkiyə arasında təbii qazla bağlı uzun müddətdir davam edən müzakirələr haqqında çox spekulyasiya edilir. Bəzi dairələrdə ticari məsələlər siyasi məsələlərlə qarışdırılır, hətta fərqli şərhlər verilir. Bilirsiniz ki, müzakirələrdə bir paket çərçivəsində müxtəlif mövzulara toxunulur. Əsasən, “Şahdəniz” layihəsinin birinci fazasından alınan təbii qazın qiymət reviziyası, “Şahdəniz” layihəsinin ikinci fazasından alınacaq qazın qiyməti və həcminin təsbiti və Türkiyədən keçərək Avropa bazarlarına satılacaq mavi yanacağa tətbiq olunacaq tranzit tariflərinin müəyyənləşməsi ilə bağlı müzakirələr aparılır. Enerji və təbii sərvətlər naziri Taner Yıldızın da ifadə etdiyi kimi, Türkiyə tərəfindən uyğun təkliflər edilib, Azərbaycan tərəfinin bunu qiymətləndirməsi gözlənilir, sonra isə razılaşma əldə ediləcək. Bir yanlışlığı düzəltmək istəyirəm. “Nabucco” layihəsi Türkiyə tərəfindən dəstəklənir. Ancaq Türkiyə-Azərbaycan təbii qaz müzakirələri ilə “Nabucco” layihəsi arasında rəsmi bir əlaqə yoxdur, tərəflər “Nabucco” layihəsinə dair məsələləri müzakirə etmir.


- Azərbaycanla Türkiyə arasında hansı yeni layihələrin reallaşması nəzərdə tutulurmu?


- Türkiyə-Azərbaycan münasibətləri hərtərəflidir. Ancaq biz bununla kifayətlənmək istəmirik, yeni layihələrin həyata keçirilməsinə səy göstəririk. Reallaşdırmağı nəzərdə tutduğumuz layihələr arasında güzəştli ticarət müqaviləsinin bağlanmasına nail olmaq, ticarət həcminin artırılması, mədəniyyət sahəsində tədbirlər də var. Məsələn, yaxın günlərdə Elçin Əfəndiyevin “Mahmud və Məryəm” adlı əsəri əsasında Türkiyə-Azərbaycan müştərək filmi istehsal ediləcək. Çəkilişlərin 90 faizi Azərbaycanda aparılacaq.


- Azərbaycan və Türkiyə universitetlərinin diplomlarının qarşılıqlı tanınması ilə bağlı müzakirələr hansı səviyyədədir?

- Diplomların qarşılıqlı tanınması adətən ölkələrin ali təhsil qurumlarının səlahiyyətində olan texniki məsələdir. Azərbaycan-Türkiyə universitetlərinin diplomlarının qarşılıqlı tanınması məsələsində ciddi irəliləyiş olub. Tibb və hüquq fakültələrinin diplomlarının tanınmasına gəlincə, bu fakültələrin diplomlarının tanınması dünyanın hər yerində problemdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar