Elmira Axundova: “AzərTAc-a baş direktor getsəm, ailəmi saxlaya bilməyəcəkdim” - MÜSAHİBƏ
10 fevral 2010 10:45 (UTC +04:00)

Elmira Axundova: “AzərTAc-a baş direktor getsəm, ailəmi saxlaya bilməyəcəkdim” - MÜSAHİBƏ

“Persona” rubrikasının qonağı millət vəkili, filologiya elmləri namizədi, Yazıçılar Birliyinin üzvü, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, “Şöhrət” ordeni laureatı Elmira Axundovadır. Elmira xanım bizimlə söhbətdə jurnalist, deputat kimi fəaliyyətindən, ailə həyatından, planlarından söz açdı.

- Deputatlıq jurnalist Elmira Axundovanın həyatında nələri dəyişib?

- Məsuliyyət artdı, sərbəstliyim bir az azaldı, məhdudlaşdırıldı. Mən jurnalist kimi həmişə sərbəst fəaliyyət göstərirdim. Jurnalistlərin bir çoxu həmişə mənə deyirdilər ki, biz sənə qibtə edirik, sən uzun illər müxalifətyönümlü “Azadlıq” radiosunda işlədin, "Literaturnaya qazeta"da, “Obşaya qazeta”da işlədin, tənqidi material yazdın, amma eyni zamanda Heydər Əliyev kimi şəxsiyyət sənə hörmət etdi, səni “köhnə və vəfalı dost” adlandırdı. Deyirdim ki, yəqin ona görədir ki, Heydər Əliyev o zamankı iqtidar tərəfindən hücuma məruz qalanda mən həmin cəsarətlə, həmin sərbəstliklə onun haqqında obyektiv materiallar çap edirdim. Naxçıvana getməkdən, ondan müsahibə götürməkdən qorxmurdum. Bu, mənə jurnalist kimi maraqlı idi. Heydər Əliyevi Yazıçılar İttifaqının, Anarın adından yazıçıların 9-cu qurultayına dəvət etməyə qorxmadım. Amma tənqidi mövzular da tapırdım. Məsələn, dövlət məmurlarının özbaşınalığı haqqında yazmışdım, müxalifət liderlərindən böyük müsahibələr götürmüşdüm. Bu, o demək deyildi ki, onların mövqeyində idim. “Azadlıq” radiosunda işləyəndə Moskva bürosunda divarda bir şüar vardı. Yazılmışdı ki, sənin şəxsi mövqeyin heç kim üçün maraqlı deyil. Bu, Qərb jurnalistikasının əsas meyarıdır. Jurnalist cəmiyyətdə müxalifət və iqtidar arasında vasitə, körpüdür, şəxsi fikirlərimiz heç kimə maraqlı deyil. Biz sadəcə siyasətçilərin, müxalifətin, iqtidarın, böyük yazıçıların, ziyalıların fikirlərini cəmiyyətə çatdırırıq. Mən həmişə bu meyarlarla işləmişəm.

Deputat olan zaman meyarlar dəyişdi?

- Deputat seçildikdən sonra ilk illər elə bu istiqamətdə də fəaliyyət göstərirdim. Qanunları təftiş edirdim, tənqidi ruhda çıxışlar edirdim. Sonra gördüm ki, bu və digər nazir, məmur hansısa çıxışıma görə məndən inciyib. Belə olan halda mənim seçicilərimə zərbə dəyirdi. Sonra da həmin nazirin yanına gedəndə deyirdi ki, məni tənqid edirsən, indi də seçicilərin üçün xahiş edirsən. Bəlkə də bunu açıq demirdi, lakin davranışından inciklik duyulurdu. Bir-iki dəfə elə olandan sonra mən bir az ehtiyatlı tərpənməyə başladım. Hərdən məndən soruşanda ki, Elmira xanım, sizin səsiniz az, ya da daha yumşaq eşidilir, deyirəm ki, əvəzində seçicilərimin problemlərini daha yaxşı həll edə bilirəm. (gülür)

Hansısa kəndə qaz çəkilməsi, yollar, məktəb tikilməsi mənim üçün daha sərfəlidir. Bu prinsiplə yaşayıram. Amma o demək deyil ki, tənqid etmirəm. Parlament iclasında hansısa qanunda çatışmazlıq görürəmsə, mən həmişə iradlarımı səsləndirirəm.

- Tərcümeyi-halınızla tanış olarkən “Azadlıq” radiosunun rus bölməsinin müxbiri olduğunuz halda 1995-ci ildən Azərbaycan Prezidenti Yanında Əfv Komissiyasının üzvü olmağınız da diqqətimi çəkdi...

- Heydər Əliyev tərəfindən 1995-ci ilin mayında Əfv Komissiyası yaradılanda ilk tərkib cəmi 7 nəfərdən ibarət idi, 2000-ci ildə Əfv Komissiyasının tərkibini genişləndirdilər, indi 17 nəfədir. Cəmiyyətin nümayəndələri kimi mən, Zəlimxan Yaqub və Şeyxülislam Allahşükür Paşazadə o komissiyada təmsil olunurduq, digər 4 nəfər dövlət məmuru idi. 1995-ci ildə Əfv Komissiyasının üzvü olmağımla bağlı xəbəri Moskvada ezamiyyətdə olanda eşitdim. Həmin vaxt "Literaturnaya qazeta"da işləyirdim, həm də “Azadlıq” radiosunun müxbiri idim. Mənə Bakıdan zəng edib bu xəbəri verdilər.

Bir məsələni də qeyd edim. Heydər Əliyev müxalifətyönlü mətbuatla əlaqə qurmağa çalışıb, müxalifət mətbuatı ilə danışmağı bacarır, müxalifətyönümlü jurnalistləri də özü ilə səyahətə aparırdı. Bir maraqlı məqam heç vaxt yadımdan çıxmır. Heydər Əliyev xarici səfərlərə gedəndə mən və “Azadlıq” radiosunun Azərbaycan bölməsinin müxbiri, mərhum Elmira Əmrahqızı da onu müşayiət edən jurnalist korpusunda olurduq. Bir dəfə Avropa ölkələrindən birində idik, Heydər Əliyevin görüşdən çıxmasını gözləyirdik. Heydər Əliyev görüşdən çıxanda həmin ölkənin prezidentinə dedi ki, görürsünüz, onlar müxalifətdirlər, mənə qarşı yazırlar, amma həmişə onları özümlə aparıram. Bir dəfə də maraqlı epizod Türkmənistana səfərimiz zamanı oldu. Prezidenti müşahidə edən jurnalist qrupunda yenə də mən və Elmira Əmrahqızı vardı. Bizi Aşqabadda qarşılayıb mehmanxanaya apardılar. Türkmənistan Xarici İşlər Nazirliyinin (XİN) işçisi gəlib bizdən soruşdu ki, siz “Azadlıq” radiosunda işləyirsiniz? Vəsiqəmizi göstərdik. Soruşdu ki, siz prezidentlə gəlmisiniz? Az qala bizi milisə aparsın. Axırda prezidentin mətbuat xidmətinin rəhbəri Səlahəddin Quliyev gəldi. Səyahətin axırına qədər bizə şübhə ilə baxırdılar. Sonra başa düşdük ki, niyə bizə şübhə ilə yanaşırlar. O dövrdə və yəqin ki, elə bu dövrdə də “Azadlıq” radiosunun Türkmənistanda yayımı qadağan olunub. Biz isə “Azadlıq” radiosunun işçiləri olaraq Heydər Əliyevlə Türkmənistana gəlmişdik. Bu da onlar üçün sensasiya kimi oldu.

Türkmənistandan geri qayıdanda bunu təyyarədə Heydər Əliyevə danışdım, dedim ki, heç inanmadılar ki, biz sizinlə gəlmişik. O qədər güldü ki... Eldar Namazov son müsahibələrinin birində qeyd edir ki, Heydər Əliyev müxalifətdən nəinki çəkinmirdi, həmişə deyirdi ki, müxalifət də, müxalifyönümlü mətbuat da lazımdır və onları qoruyurdu. Başa düşürdü ki, demokratik cəmiyyətdə bunlar lazımdır. Mən bu fikirləri təsdiq edirəm.

- Əfv Komissiyasının üzvü olduğunuz dövrdə “Azadlıq” radiosunda 2000-ci il parlament seçkilərini tənqid etdiyiniz doğrudurmu?

- Bəli, 1998-ci il prezident seçkilərini də tənqid etmişdim, Etibar Məmmədovdan da böyük müsahibə götürmüşdüm. Mən demişdim ki, seçkiləri iqtidar çox pis aparıb. Biz jurnalistik və həmişə cəmiyyətin güzgüsü olmalıyıq. Tənqid etmək olar, mən də bir çox hadisələrə tənqidi ruhda yanaşırdım. Təhqir etmək olmaz. Bizim mətbuatımız təhqirlə tənqidi həmişə qarışdırır. Heç kimin ünvanına “quldur”, “yırtıcı”, “soyğunçu” demək olmaz. Belə şeyləri oxuyanda inciyirəm. Məsələn, hesab edirdim ki, Əbülfəz Elçibəy layiqli, çox gözəl insandır, amma prezident ola bilməz, çünki təbiətcə rəhbər deyil, çox yumşaq, çox liberaldır. Sonu da necə oldu? Bu çox gözəl insan 1 ilin içərisində idarəetməni tamamilə itirdi. Lakin mən jurnalist kimi çalışırdım ki, Əbülfəz Elçibəydə də müsbət cəhətlər tapım və Moskvada onun haqqında yazı çap edəndə ancaq müsbət şeyləri qabartdım. Axı bu bizim simvolumuzdur, prezidentimizdir. Prezident seçkisinə qədər qarşılıqlı ittihamlar ola bilər. Ancaq prezident seçkisi yekunlaşandan sonra seçilən şəxs bizim prezidentimizdir. Prezident isə dövlətin, dövlətçiliyin simvoldur. Ona hörmətlə yanaşmaq lazımdır.

- Bəs jurnalistikaya gəlişiniz necə olub?

- 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Unitversiteti-red.) filologiya fakültəsini bitirib, AzTV-yə, “Xəbərlər” redaksiyasına gəldim. 3 il işlədim. Brejnyev dövrü idi, ona durğunluq dövrü deyilirdi. Bəlkə də bu, Azərbaycan üçün durğunluq illəri deyildi, amma jurnalistika üçün durğunluq illəri idi. Jurnalistikada sərbəstlik yox idi. Əsasən də “Xəbərlər” proqramında bu və ya digər partiya plenumlarıyla, qurultaylarıyla bağlı açıqlama və müsahibələr götürülürdü. Brejnyev belə dedi, ay nə yaxşı dedi... Çox maraqsız göründü və mən jurnalistikadan tamamilə getdim. Yazıçılar İttifaqında işə qəbul olundum. Mən durğunluq dövründə 10 il ədəbiyyatın içərisində oldum. O zaman ədəbiyyatın durğunluq illəri deyildi, ən qaynar illəri idi. Çoxlu dekadalar, görüşlər keçirilir, xarici ölkələrdən yazıçılar gəlirdi. Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi nəhənglərlə dost oldum, onların köməkçisi işlədim, bədii tərcüməçi oldum. Məni 30 yaşımda, 1984-cü ildə SSRİ Yazıçılar İttifaqına qəbul etdilər. Məni SSRİ Gənc Yazarlarının 7-ci qurultayında Baba Vəziroğlu ilə birgə nümayəndə olmuşam. Baba Vəziroğlu, Afaq Məsudu, Saday Budaqlının əsərlərini rus dilinə tərcümə etmişəm. Moskva, Leninqrad jurnallarında tərcümələrim çıxıb. Çox gözəl dövr idi.

- Jurnalistikaya qayıdışınız necə oldu?

- 1987-ci ildə Sabir Rüstəmxanlının rəhbərliyi ilə “Azərbaycan” qəzeti işıq üzü görməyə başladı, milyonlarla tirajı vardı. O vaxt Bayram Bayramov Qarabağ Komitəsinin sədri idi, mən də Bayram Bayramovun Cəlil Məmmədquluzadə haqqında “Karvan yolu” romanını rus dilinə tərcümə etmişdim, xoşuna gəlmişdi. Bayram müəllim də hörmət əlaməti olaraq məni “Azərbaycan” qəzetinin redkolleqiya üzvü etdi. «Azadlıq» və «Azərbaycan» ilk müstəqil qəzetlər idi. Mən fəxr edirəm ki, «Azərbaycan» qəzetində yazılarım çıxmağa başladı və onu bütün respublika oxuyurdu. Mən Nəcəf Nəcəfovu müdafiə etdim, Vəzirova qarşı bir məqalə yazdım. Qarabağ müharibəsi, bizim dərdlərimiz haqqında məqalələrim çıxmağa başladı. Bu yazıları Anar gördü. O vaxt da "Literaturnaya qazeta"nın müxbiri yox idi. Bu, o zaman SSRİ-də oxunan yeganə qəzet idi. Anarın və mənim qarşılıqlı istəyimlə "Literaturnaya qazeta"nın müxbiri oldum. Anar mənim haqqımda xasiyyətnamə yazdı, qəzetdə məni 8-9 ay sınaqdan keçirdilər. Mən onlar üçün məqalə yazır, reportaj göndərirdim, ancaq ştatda deyildim. 1990-cı ilin noyabrında "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin olundum. Jurnalistikaya çox maraqlı qayıdışım oldu. Birdən-birə ədəbiyyatşünaslıqdan, tərcüməçilikdən beynəlxalq jurnalistikaya gəldim. 1993-cü ildə isə Dmitri Dadaşidze adlı bir nəfər vardı, o, “Azadlıq” radiosunun Azərbaycan üzrə müxbiri idi. O dedi ki, sənin yazıların Moskvada çox bəyənilib, istəyirlər ki, sənin kimi müstəqil bir insan “Azadlıq” radiosunun müxbiri olsun. Mən əvvəlcə istəmirdim, israrla xahiş etdi. Bir-iki dəfə reportaj verəndən sonra gördülər ki, yaxşı alınır. “Azadlıq” radiosunda işləməyə başladım. 1990-2002-ci illərdə, 12 il “böyük jurnalistika” ilə məşğul oldum. 2003-cü illərdə jurnalistikadan getdim. Çünki 2002-ci ildə “Azadlıq” radiosunda ermənilər mənə qarşı böyük hücum kampaniyası təşkil etdilər. Konqresə yazdılar ki, Elmira Axundova tarazlığı saxlamır və azərbaycanpərəst qüvvələrə işləyir. Rus jurnalistikasından gedişimə gəlincə, “Obşaya qazeta”da işləyirdim. Onun baş redaktoru Yeqor Yakovlyev idi. Ona “demokratik rus jurnalistikasının atası” deyirdilər. Yeqor Yakovlyevin qəzeti müxalifyönümlü idi və Çeçenistanda olan hadisələri rus iqtidarının mövqeyinə zidd işıqlandırır, Vladimir Putini tənqid edirdi. Mən də bu qəzetdə Azərbaycana qarşı hücumları dəf edə bilirdim. Mən ilk jurnalist idim ki, “20 Yanvar” metrosunda dəhşətli partlayış olan zaman böyük məqalə yazdım və bu partlayışın arxasında Zori Balayanın dayandığını vurğuladım. Zori Balayanı terrorçu adlandırdım. Qəzetdə 150 nəfər işləyirdi, hamısı da püxtələşmiş jurnalistlər idi. Yeqor Yakovlyev çox qoca idi, bir az yorulmuşdu. Mənə deyilənə görə, ona 2-3 milyon dollar təklif etdilər ki, qəzeti satsın. O da bu pulları götürdü. Dedilər ki, qəzeti Sankt-Peterburqun bankiri alıb. Əvvəl qəzeti bir ay bağladılar, hamımıza dedilər ki, heç birinizlə müqavilə bağlanmayacaq. Qəzetin adı dəyişdirildi, sonra da qəzet tamamilə bağlandı. 150 nəfər küçəyə atıldı. Bundan sonra jurnalistikadan, xüsusən rus jurnalistikasından tamamilə iyrəndim. Başa düşdüm ki, Rusiya jurnalistikasında heç bir söz azadlığından, heç bir sərbəstlikdən söz ola bilməz. Ondan sonra qərara gəldim ki, jurnalistikadan tamamilə gedim. Sonra mənə rus agentliklərindən, o cümlədən dostlarım zəng edirdilər, iş təklif edirdilər, ancaq mən dedim ki, sizdə sərbəstlik yoxdur, hər şey sifarişlidir. Bir daha heç vaxt jurnalistikaya qayıtmadım və qayıtmayacağam. Lakin ürəyim istəyəndə köşə yazılarımı çap elətdirirəm, ədəbi portret, resenziya janrında yazıram, «Zerkalo»da, «Exo»da, «525»-ci qəzetdə çap olunuram. Çünki jurnalistika tək peşə deyil, bu artıq sənin həyat tərzindir.

- Bəs ailəniz necə bir ailə olub?

- Atam yarı türk, yarı talışdır. Atamın atası türk olub, anası da 1918-ci ildə Şamaxıdan Masallıya köçüb. Mənim anam Anna Qordiyenko ukraynalıdır, sonradan müsəlmançılığı qəbul edib, Ayna xanım olub. Ata nənəmin 4 gəlini olub. Onu da nəzərə çatdırım ki, atamın atası, babamız çox tez rəhmətə gedib, onu Yardımlıda qaçaqlar öldürüblər. Nənəm bu 4 uşağı tək böyüdüb, ona görə də atamgil nənəmə çox böyük sevgi ilə yanaşıblar.

- Yeri gəlmişkən, atanız ananızla necə tanış olub?

- Atam hərbçi olub, SSRİ-də müxtəlif yerlərdə qulluq edib. Atam anamla Moskvada tanış olub. 1930-cu illərdə Bakıya gəlib, bir müddət Bakıda yaşayıblar. Nənəm də eşidəndə ki, atam ukraynalı həyat yoldaşı ilə Bakıya gəlib, o da Bakıya gəlib. Atam evdə yaşca ən böyük uşaq olub. Anam mənə danışırdı ki, kirayədə qalırdıq. Nənəm gəlir, anama baxır, deyir ki, ya mən, ya da o. Atam da dinməz-söyləməz onu avtovağzala aparır, yola salır. Yəni atam anamı seçir. Amma nənəm anamın əlində öldü. Nənəm sonralar 3 gəlinin içərisində hamısından çox Aynanı istəyib. Anamı bütün Masallı əhli, Mollaoba, Boradigah qəsəbəsi indi də yada salır. Atam Mollaoba kəndində anadan olub. İnsanlar indi də onun qonaqpərvərliyini, mülayimliyini, Ukrayna borşunu indi də yada salır. Hətta Şeyxülislam Allahşükür Paşazadə də anamın borşunu yada salır. Şeyxülislam atamın çox sevimli yetirməsi olub. Atam Buzovna məscidinin axundu Hacı Əhməd ilə Allahşükür Paşazadəni vaxtilə Özbəkistandakı İslam Universitetində oxumasına yardımçı olub. Atam dindar adam idi. 1959-cu ildə Bakıya köçüb, o zaman çox dindar idi. Həmişə namaz qılardı. Nənəm də namaz qılardı. Sərbəst vaxtını da həmişə Təzə Pir məscidində keçirirdi.
Tələbəlik illərində Şeyxülislam həmişə Lənkərana qayıdanda 1 gün bizim evdə qalar, anamın borşundan yeyər, bizimlə söhbət edib, sonra evə qayıdardı. Ona görə də Şeyxülislamı 12-13 yaşımdan tanıyıram, mənim gənclik dostumdur. Atam tələbəlik illərində Şeyxülislama əl tutduğu üçün Şeyxülislam da, Hacı Sabir də həmişə ona hörmət edirdilər. Atamın ömrünün sonuna qədər Şeyxülislam həmişə ona bir ata kimi hörmət edib. Harada məni görür, camaatın arasında əl uzadıb məni saxlayır, deyir ki, bunun atası mənim kasıb vaxtımda mənə kömək edib, yaxşı yeməkxanalarda yedirdib, cibimə pul salıb, mənə himayədarlıq edib.

- Siz Moskvada anadan olmusunuz?

- Moskvada Ramensk qəsəbəsində anadan olmuşam. Çox maraqlıdır ki, mən anadan olduğum yerlərə baxmağa cəhd etmirəm. Neçə il Moskvada işlədim, dəfələrlə getdim, oranı axtarmadım. Amma məndən 15 yaş böyük olan qardaşım və 12 yaş böyük bacım Moskvada oxuyub, ali məktəbi qurtarıblar. Uşaqlıq, gənclik illəri orada keçmişdi, onlar elə bil ki, Moskvanı daha çox sevirdilər və ora getdilər. Mən isə 5-6 yaşımdan Bakıya gəldim. Ona görə də vətənim Azərbaycandır, Bakını çox sevirəm. Moskvanı da çox sevirəm, orada çoxlu tanışlarım var, qardaşım, qızım orada yaşayır. Qızım orada oxuyub və sonra da orada qalıb. Amma Moskvada 1 həftə, 10 gündən sonra qala bilmirəm, deyirəm ki, yox, Bakıya getməliyəm.

- Evin kiçik uşağı olmusunuz?

- Bəli.

- Bəs ata və ananız hansı dövrdə Moskvada yaşayıb?

- 1940-cı illərdə Moskvada olublar. 1959-cu ildə Bakıya köçmüşük. Böyük qardaşım, bacım Moskvada oxuyublar. Bacım Azərbaycanda institutu qurtarıb, sonra Moskvaya aspiranturaya gedib, orada da qalıb. Böyük qardaşım isə orta məktəbi əvvəlcə Moskvada, sonra Lənkəranda oxuyub. Ali məktəbi də Moskvada bitirib. Moskva ilə Bakı arasında qalıblar. Yeri gəlmişkən, qardaşım Əli Qafarov Azərbaycanın ilk professional kinodramaturqlardan biri idi, çox istedadlı nasir idi, bacım isə – Tamila Qafarova – Azərbaycan televiziyasının ilk diktorlarından biri idi, rus dilində verilişlər aparırdı, sonra «Möcüzələr adası» bədii filmində teleqrafçı qız rolunu oynayıb. İkisi də cavan vaxtlarında dünyasını dəyişiblər.

- Atanız İkinci Dünya Müharibəsində iştirak edib?

- İştirak edib, bir neçə dəfə də yaralanıb, ikinci qrup əlil olub. Mayor Fərman kimi tanıyırdılar, çox cəsur bir insan idi. Həmkəndliləri danışır ki, bir dəfə müharibə dövründə cəbhədən məzuniyyətə gəlib. Görür ki, camaat aclıq çəkir, yeməyə heç nə yoxdur. O vaxt mayor böyük rütbə olub. Deyir ki, axı burada anbar var, içərisində də hər şey var. Deyirlər ki, həmin anbardakını ehtiyat kimi saxlayırlar. O da qayıdır ki, bundan ağır gün olacaq. Anbara gəlir, orada bir baş leytenant növbə çəkirmiş. Baş leytenant deyir ki, olmaz. Vəsiqəsini göstərir, anbardakı bütün ərzağı camaata paylayır. Bunu indi də qocalar yada salır, deyirlər ki, o olmasa, acından qırılardıq.

- Elmira xanım, filologiya fakültəsini seçməyiniz öz arzunuzla olub?

- Mən Bakıda ali məktəbə sənəd vermək istəmirdim, Moskvada oxumaq istəyirdim. Yaxşı oxuyurdum, istəyirdim ki, Moskva Dövlət Universitetinin roman filologiyasına sənəd verim. Məktəbdə oxuya-oxuya fransız dilində sərbəst danışırdım. Atam qoymadı. Dedi ki, 4 uşaqdan 3-ü Moskvadadır. Məndən 3 yaş böyük Tofiq də Moskvada Tibb Universitetində oxumağa getmişdi. Atam dedi ki, mən ananla tək qalacam? Mən də etiraz əlaməti olaraq ali məktəbə sənəd vermədim, texniki məktəbdə stenoqraf-makinaçılıq oxumağa başladım. 1 il orada oxudum. Sonra mənə dedilər ki, gərək burada əlaçı olasan, yoxsa 3 il işləməlisən ki, ali məktəbə daxil olasan. Mən texniki məktəbdə fənlərin hamısını 5-lə oxudum. Sonra da fikirləşdim ki, atam qoymur, sənədlərimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verdim və elə həmin il qəbul olundum. Universiteti qırmızı diplomla bitirmişdim, bir dənə də «dörd»üm olmadı.

- Bəs nə zaman ailə həyatı qurmusunuz?

- Ali məktəbi qurtarıb, 23 yaşımda AzTV-yə gəldim. AzTV-də «Ekran» sənədli filmlərin yaradıcılıq birliyi vardı. Onlar Moskva üçün sənədli filmlər hazırlayırdı. Orada həyat yoldaşımla tanış oldum. O, məndən 15 yaş böyük idi. Amma cavan görünüşlü, enerjili, qəşəng insan idi. Beləliklə, 1977-ci ildə bir-birimizə rast gəldik, elə həmin il də evləndik.

- Neçə övladınız var?

- İki övladım var. Qızım Lalə Moskvada rejissor kimi işləyir, həm də ali məktəbdə kino tarixindən dərs deyir. Əvvəlcə diplomatiya ixtisasını seçmişdi, Bakıda ali məktəbi qurtarmışdı, sonra Azərbaycan Xarici İşlər Nazirliyi onu aspiranturaya göndərdi və o, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti kimi ali məktəbdə aspiranturanı qurtardı, elmlər namizədi oldu. Amma sonra fikrini dəyişdi, dedi ki, diplomat olmayacağam, atam kimi rejissor olacam. 2 il ali rejissorluq kursunda oxudu. O kurslara yalnız ali məktəbləri qurtaranları qəbul edirlər. Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Anar, Vaqif Mustafayev də o kursları qurtarıb. İndi bir ssenari üzərində işləyir, böyük bir kino çəkmək istəyir, axtarışdadır.

Oğlum Azərbaycandadır, Azərbaycandan heç yana getmək istəmir. Bizneslə məşğuldur, işləri pis getmir. Kiçik bir firması var, özü üçün işləyir. Anadangəlmə biznesmendir. Mən xaricə gedəndə onun üçün bir “pristavka” və balaca bir televizor gətirdim. O vaxt 6 yaşı vardı. Həmin vaxt o “pristavka”lardan burada yox idi. O zaman hələ həyat evində, ata evində yaşayırdım. Xaricdən geri qayıtdım. Gördüm ki, qapını bir uşaq döyür, Həbibi axtarır. Məni görəndə qaçır. Bir neçə uşaq qapını döydü və bu hal təkrarlandı. Axırda yoldaşımdan soruşdum ki, bu uşaqlar niyə gəlib gedirlər. Ramiz dedi ki, sən onun biznesini kəsmisən. Sən demə, “pristavka”nı və televizoru eyvana qoyub, bir-bir uşaqları çağırır, bir dostu da uşaqlardan pul alırmış. Deməli, 6 yaşından biznesini axtarırmış. (gülür)

Yeri gəlmişkən, bu böyük, qəşəng evi də Heydər Əliyev mənə 2003-cü ildə bağışlayıb. Yoxsa mən belə evdə heç vaxt yaşaya bilməzdim. Adi jurnalist idim, mənim nə gəlirim vardı? Bu ev üçün xahiş də etməmişəm, sadəcə, bilirdi ki, biz köhnə evdə yaşayırıq. 2003-ci ilin aprelində - 3-ü ya 4-ü idi - evimə zəng etmişdi. Dedi ki, dövlətçilik haqda, mənim haqqımda çox yazırsan, ermənilərlə Rusiya mətbuatında vuruşursan, sənə ev vermək istəyirəm. Bu evdə onun ruhu var. Allah onu qəni-qəni rəhmət eləsin!

Heydər Əliyevdə maraqlı bir xüsusiyyət vardı. O, insana bir dəfə vəzifə təklif edirdi. Sən imtina etdinsə, heç vaxt sənə növbəti dəfə təklif etməzdi.

- Sizə vəzifə təklif edib?

- 1994-cü ildə Heydər Əliyevin müşaviri Qabil Hüseynli mənə dedi ki, Heydər Əliyev istəyir ki, sən bizimlə işləyəsən. Mən də dedim ki, elə sizinlə işləyirəm, Heydər Əliyevlə həmişə səfərlərə gedirəm. O vaxt AzərTAC-ın baş direktoru ya istefaya, ya da təqaüdə gedirdi. Mənə Heydər Əliyev adından baş direktorluq təklif etdilər. Düzü, qorxdum. Dedim ki, vay, mənim kitabım bağlandı. Çünki mən “Azadlıq” radiosunda yeni işləməyə başlamışdım. 1991-1994-cü illərdə Azərbaycanda maddi vəziyyət çətin idi, maaşlar az idi. Mən isə həm "Literaturnaya qazeta"dan rus rublu ilə yaxşı maaşım və qonorar, həm də “Azadlıq” radiosunda dollarla maaş alırdım. Ayda 500-600 dollar həmişə olurdu, amma qonorarla 1000 dollara qədər qalxırdı. Ailəmi də saxlaya bilirdim. O vaxt mənim yoldaşım artıq pensiyaya getmişdi və 9-10 “şirvan” alırdı. Düşündüm ki, AzərTAC-a baş direktor getsəm, ailəmi saxlaya bilməyəcəm. O vaxt “Azərtac”ın direktoru da səfərlərə gedirdi. Fikirləşdim ki, maaşımı da, bu səfərlərə getməyi də itirəcəm, AzərTAC-da faktiki bir məmur olub, nə qazanacam? Həm də istəyirdim ki, jurnalist kimi çalışım, bu həyat mənim üçün maraqlı idi. Ona görə də bu təklifi qəbul etmədim. O vaxt "Literaturnaya qazeta" və “Azadlıq” radiosu kimi iki böyük KİV-də, o cümlədən “Delavoy Mir” qəzetində də işləyirdim. Dedim ki, məni o mətbu orqanlarda kim əvəz edə bilər, amma AzərTAC-da baş direktor məmurdur, hamı məmur işləyə bilər. Qabil Hüseynli dedi ki, o halda “Bakınskiy Raboçiy”, yaxud “Azərbaycan” qəzetini götür, onu da istəmədim. İkinci dəfə mənə “Bakınskiy Raboçiy” qəzetini 2003-cü ildə təklif etdilər. Yenə də imtina etdim. Ondan sonra mənə heç vaxt vəzifə təklif etmədilər.

- Deputatlığa yolunuz necə başladı?

- “Obşaya qazeta” bağlandı, “Azadlıq” radiosundan getdim. Jurnalist fəaliyyətindən bezmişdim. Tədricən həm Rusiyada, həm Azərbaycanda jurnalistika 4-cü hakimiyyət kimi öz dayaqlarını, nüfuzunu, inamını itirir. Bu, ayrıca böyük mövzudur. Mən bu barədə dəfələrlə məqalələrlə çıxış etmişəm. Nə qədər yazırsan, kimisə tənqid edirsən, əks-səda yoxdur...

Kitablar üzərində işləməyə başladım. 2005-ci ildə parlament seçkiləri oldu. Düşündüm ki, təcrübə toplamışam, nüfuzum, hörmətim var, jurnalistika da siyasətdir, bütün siyasi liderlərlə ünsiyyətdə olmuşam, hamı məni tanıyır, niyə deputat olmayım? Məmurların arasında da böyük hörmətim var, onlar məni həmişə Heydər Əliyevin yanında görüblər, mən seçicilərimin müəyyən problemlərini həll edə bilərəm. Kənddə atama görə böyük hörmətlə yanaşırdılar. Onun ruhu qələbəmin 50 faizini təşkil etdi. Hörmətli adamlarla məsləhətləşdim, onlar da mənə xeyir-dua verdilər.

Bu 5 il ərzində müəyyən işlər gördüm. Bölgəmizdə 5-6 məktəbin inşasını plana sala bildim, 10 kilometrlərlə yollar çəkildi, seçki dairəmdəki bütün kəndlərlə elektron ATS-lər qurulub, idman zalları üçün ləvazimatlar alınıb. Neçə nəfərə pensiya, əlillik məsələsində kömək etdim. Masallıda Böyük Vətən Müharibəsi əlillərinə “Oka” maşını vermirdilər, ancaq Qarabağ əlillərinə belə maşınlar verirdilər. İlham Əliyev 2008-ci ildə Masallıya gələndə prezidentə dedim ki, mənim dairəmdə 12 Böyük Vətən Müharibəsi əlili var, onlar da tədricən bu dünyadan gedir. Dedim ki, neçə dəfə nazirə müraciət etmişəm, bildirib ki, “Oka” maşınlarını Qarabağ əlillərinə verirlər, imkan olanda 1 maşın da Böyük Vətən Müharibəsi əlillərinə ayırırlar. Belə də, onlar heç 10 il ərzində də bu maşınlarını ala bilməyəcək, dünyadan köçüb gedəcəklər. Prezident də köməkçisi Əli Əsədova dedi ki, bax, Elmira xanım xahiş edib, ona 10 maşın verin. O maşınların hamısı mənim dairəmə çatmadı, 5-6 “Oka” verdilər. Əhəd Abıyev də bu işə qoşuldu, bir maşın artdı. Səhəri rayona 11 maşın gəldi. Rayonda böyük bayram idi.

- Yeri gəlmişkən, siz Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvü idiniz...

- İki ildən sonra nümayəndə heyətindən çıxdım. Nümayəndə heyətindən bir nəfər çıxmalı idi. Soruşdular ki, kim çıxmaq istəyir. Mən 1 il əvvəl də xahiş etmişdim ki, məni nümayəndə heyətindən çıxarsınlar. Birincisi, mən ehtiyatda idim, əsas heyətdə deyildim. Biz hamımız səfərə gedirdik, amma sonuncu 2 səfərə mən getmədim, həyat yoldaşım xəstə idi. Həyat yoldaşım çox vaxt yataqda olur, əsa ilə gəzir. Axı nümayəndə heyətinin üzvləri hər 3 ayda bir dəfə bir həftə xaricdə qalırlar. Mən 2 il nümayəndə heyətində olduğum müddətdə 10 dəfə xaricə getməli oldum.

- Ancaq belə deyirlər ki, nümayəndə heyətindən çıxarıldığınız üçün sizin yerinizə gələn Aynur Camalqızı ilə söz-söhbətiniz olub...

- Biz Aynur xanımla dostluq edirik, zəngləşirik, mehriban münasibətlərimiz var. Bunlar əsassızdır. Amma mən onu da demişdim ki, qurumsuz qalmayım, məni hansısa quruma salın. MDB Parlamentlərarası Assambleyasına üzv seçdilər. Mən indi orada sosial-siyasət komissiyasının üzvüyəm. İldə iki dəfə qısa müddətə səfərdə oluram. Açığı, daha aeroportlardan, təyyarələrdən bezmişəm. 50-dən çox ölkədə olmuşam – ABŞ-dan tutmuş Çin və Yaponiya qədər. İnanın mənə, indi istəyirəm evdə, ya bağda oturub yaradıcılığımla məşğul olum.

- Hüseyn Abdullayevin məsələsi parlamentdə müzakirə olunarkən onun deputat mandatından məhrum edilməsinin əleyhinə səs verdiyiniz üçün təzyiqlərə məruz qaldığınız nə dərəcədə doğrudur?

- Bunlar hamısı cəfəngiyyatdır. Mən özümə qarşı heç bir hücum hiss etməmişəm. Yeri gəlmişkən, mənim yoldaşım qocaman rejissorlardan, AzTV-ni quranlardan biridir. Televiziya 1956-cı ildən fəaliyyətə başlayıb, yoldaşım 1957-ci ildən AzTV-yə gəlib. O, televiziyanın, «Ekran»ın, sənədli filmlərin qurucusu, Azərbaycanda 1969-cu ildə Səttar Bəhlulzadə haqqında çəkilən ilk rəngli sənədli filmin müəllifidir. Parlamentdə Hüseyn Abdullayevlə bağlı həmin səsvermədən yarım il sonra yoldaşımın 70 illiyi ilə əlaqədar ona prezident təqaüdü verildi. Bir şey olsa, yoldaşıma prezident təqaüd verərdi? Bu faktdır.

- Qüdrət Həsənquliyev parlamentdə həmkarınızdır. Niyə onunla münaqişəli vəziyyət yaranıb?

- Bu münaqişəli vəziyyəti o yaratdı. Qüdrət Həsənquliyev səhər iclasında əfv institutuna kölgə salan çıxış etdi. Mən söz aldım və şəxsiyyətə keçmədən onun çıxışına münasibət bildirdim. Dedim ki, Qüdrət Həsənquliyevlə razı deyiləm. Mən neçə ildir ki, Əfv Komissiyasının üzvüyəm. Fakt da gətirdim ki, Əfv Komissiyası 1995-ci ildən fəaliyyət göstərir, 8 minə yaxın insan azadlığa buraxılıb, statistikaya əsasən, onlardan 10-15 nəfəri təkrar cinayət törədib. Bu da o deməkdir ki, insanları azadlığa buraxanda düzgün seçim edirik və onlar da bizim inamımızı doğruldur. Mən burada ağır söz dedim? Əfv institutunu müdafiə etdim. Sonra mən iclasdan getdim. Mən olmaya-olmaya xanıma qarşı Milli Məclisdə təhqiramiz sözlər işlədəsən ki, bu həmin Elmira Axundovadır ki, mənim qardaşımın killerini hər bir komissiyada azadlığa buraxmağı tələb edir, Elmira Axundova parlamentdə oturmağa layiq deyil. Qadın haqqında belə sözlər deyilərmi, şəxsiyyətin təhqirinə keçilərmi? Bizim komissiyada bir məsələ bir dəfə qalxır. Qüdrət Həsənquliyev isə deyir ki, hər iclasda onun qardaşını öldürəni azadlığa buraxmağı təkid edirəm. Mən də ona cavab verdim, vəssalam.

- Yaradıcılığa gələk. Elmira Axundova siyasi detektiv janrında nə dərəcə uğur qazana bilib? Məsələn, Çingiz Abdullayev onun yaradıcılığına necə qiymət verir?

- Çingiz Abdullayev mənim əsərlərimə çox böyük qiymət verib, bunu ondan soruşa bilərsiniz. Bu yaxınlarda hətta bir müsahibə verib. Deyib ki, mən fəxr edirəm ki, bizim ədəbiyyatda Anar, Elmira Axundova kimi insanlar var. Amma mənim janrım başqadır. Çingiz Abdullayev detektiv janrda yazsa da, o, daha çox bədii təxəyyülə yer verir. Mənim siyasi detektiv janrında yazdığım kitablar jurnalistika fəaliyyətimin məntiqi davamıdır. Mən 3 kitab yazmışam. “Gecə yarısı qətl” kitabının yazılmasında da İsa Nəcəfova kömək etmişəm. Bu 3 kitab əvvəlcə Moskvada adi məqalə şəklində çıxmışdı. “Naşirin ölümü” 1996-cı ildə "Literaturnaya qazeta"da məqalə şəklində dərc olunmuşdu, sonra kitab şəklində çıxıb. “Şüşə saray”, “Gecə yarısı qətl” kitabları arxivlərdə iş, istintaq materialları ilə tanışlıq, istintaqçılarla danışmaq nəticəsində yazılıb. Kitabdakıların hamısı tarixi personajlardır və öz adları ilə çıxış edirlər, heç bir bədii təxəyyül yoxdur. Bu siyasi detektiv janrı bizim ən yeni tariximizin bədii formada təcəssümüdür, çox böyük və gərgin zəhmətdir. Hər bir kitab 5-6 ilə başa gəlir. Bizim cavanlarımız o hadisələrdə yaşamayıblar, bəzi məqamları bilmirlər. Məsələn, “Naşirin ölümü” kitabında “KQB”-nin sirlərini açmışıq. “KQB”-nin “Qara Yanvar”da fəaliyyətini olduğunu ortaya qoymuşuq. Əjdər Xanbabayevin ölümündə və başqa qətllərdə “KQB”-nin əli olduğunu yazmışıq. Hər insan bunu yazmazdı. Demirəm ki, mənə ölüm hədələri olurdu, amma Moskvadakı həmin insanlardan mənə mesajlar gəlirdi. Mən sonralar, 2003-cü ildə Heydər Əliyev haqqınla kitab yazmağa başlayanda Moskvaya getdim və Siyasi Büronun keçmiş üzvlərinin hamısı ilə görüşə bildim. Yevgeni Pirmakov, Aleksandr Yakovlyev, Nikolay Rışkov və digərləri mənə müsahibə verdi. Amma Vladimir Kryuçkova, SSRİ “KQB”-nin sədrinə zəng açdım, o müsahibədən imtina etdi. Mən bir neçə dəfə təkid etdim ki, mənə niyə müsahibə vermirsiniz? Dedi ki, Elmira Axundova “KQB” haqqında çox pis kitab yazıb, mən onunla danışmaq istəmirəm.
“Şüşə saray” da orqanlarda yüksək vəzifədə işləyən insanlar haqqında yazılıb.

- İsgəndər Həmidovun da bu kitabda adı çəkilib...

- İsgəndər Həmidovdan başqa kitabda çoxlu insanların adları var. Onların bəziləri indi də işləyirlər. Mən onlar haqqında da istintaq materialını necə var, elə də verdim. Bu kitablar cəsarət tələb edir. Mən kitabları ona görə yazdım ki, bu, tarix kimi qalsın. Çünki bizim insanlar bədii, dedektiv formanı sevir. Amma bunlar sırf sənədli kitablardır. Ondan sonra özümdə güc tapdım ki, “Heydər Əliyev: Şəxsiyyət və Zaman” adlı böyük bir roman yazım. 4 cildi hazırdır, indi 5-ci cild üzərində işləyirəm. Heydər Əliyevin gəncliyi, “KQB” dövrü, Moskvada işləməyi əksini tapıb. 250 nəfər insanla söhbət etmişəm, 300-yə yaxının kaset durur. Bu kitab ən böyük xatirələr toplusudur. Heydər Əliyevin cəmiyyət üçün açılmayan tərəflərini bu kitabda göstərmişəm. Fəxrlə deyə bilərəm ki, keçən il mənim “Heydər Əliyev: Şəxsiyyət və Zaman” kitabımı Anar məndən xəbərsiz, 5-ci və 6-cı cildi gözləmədən Heydər Əliyev mükafatına təqdim edib. Mən namizədlər siyahısında birinci yerdə idim. Düzdür, o mükafatı mən almadım. Amma namizədlər siyahısında birinci yerdə durmağım mənim üçün böyük qələbədir. Bu kitabım Yazıçılar Birliyi tərəfindən qiymətləndirilib. Bu kitab üzərində iş davam etdirilir, hələ 2 il də işləyəcəyəm. Çox maraqlı müsahibələr almışam, əlimdə cəmiyyətə məlum olmayan materiallar var. Heydər Əliyevin həyatından elə məqamlar tapmışam ki, heç kimdə yoxdur və olmayacaq. Ona görə ki, o insanların bir hissəsi artıq dünyadan köçüb. Daha heç kim bu müsahibələri verə, xatirələri söyləyə bilməz. Məsələn, keçmiş baş nazirimiz Həsən Seyidovla 3 gün, 3 gecə söhbət etdik. Çox maraqlı müsahibələr verdi, indi rəhmətə gedib. Naxçıvanın birinci katibi, 10 il bu vəzifədə işləmiş Kamran Hüseynov, Heydər Əliyevlə 10 il bir yerdə işləmiş, bütün mədəniyyət sahəsini kurasiya etmiş Azad Şərifov, Moskvada Qorbaçovun ən yaxın ideoloji silahdaşı olmuş Aleksandr Yakovlyev və başqalarının adını çəkmək olar. O cümlədən Primakov, Baybakovu qeyd etmək olar. Bu yaxınlarda Moskvada keçmiş Lenin kitabxanasında mənim kitabımın təqdimetmə mərasimi olub, onu Heydər Əliyev Fondunun Moskva filialı keçirtdi. Məşhur rus publisisti, siyasi bioqrafiyanın ustadı Roy Medvedyev çıxış edib. O, Brejnev, Andropov haqqında kitab yazıb. Roy Medvedyev qoca insandır, əsa ilə o təqdimata gəlib və deyib ki, siyasi liderlər arasında yazılan kitablar arasında Elmira Axundovanın kitabına birinci yeri verərdim. Bu, mənim üçün ən böyük qiymətdir. Bunu həyatımın ən böyük layihəsi sayıram. Eldar İsmayılov mənim kitablarım haqqında məqalə yazıb.

- Jurnalist kimi mənbələrə çıxış imkanlarınız da diqqət çəkir...

- İsa Nəcəfov vaxtilə mənə kömək etmişdi. O vaxt İsa müəllim baş prokurorun birinci müavini işləyirdi, biz onunla çox məhsuldar işlədik. İnşallah, əməkdaşlığımızı davam elətdirəcəyik, planlarımız var.

- Jurnalist kimi münasibət qurmaq nə dərəcədə sizə asan, yaxud çətin olub?

- Bu, çox böyük məharət tələb edən işdir. Mən çalışırdım ki, heç kiminlə münasibəti korlamayım. Görürsən ki, “KQB” haqqında yazdım, “KQB” rəhbəri mənə müsahibə vermədi. Bu, mənim uğursuzluğumdur. Biz «etibarlı mənbə» sözlərini yazmırdıq. Çalışırdıq ki, mənbə dəqiq olsun. Amma o zaman məmurlar informasiyaya daha açıq idilər. Məsələn, İsa Nəcəfov Əjdər Xanbabayevin işini açan bir insan idi. Bu iş onun kuratorluğunda idi. Mən onun yanına gəlib deyəndə ki, belə bir kitab üzərində işləmək istəyirəm, məmnuniyyətlə arxivləri mənim üçün açdı. O jurnalistin işini qiymətləndirə bilirdi. Lakin mən Heydər Əliyev haqqında yazanda “KQB”-yə getdim, çox çətinliklə arxivləri açdılar, bəzi şeyləri isə heç açmadılar. Məsələn, Heydər Əliyev 1967, 1968-ci illərdə Moskva üçün hesabatlar hazırlayıb. Onu mənə vermədilər, sonra başqa yolla onları tapa bildim. «KQB» öz sirlərini saxlaya bilir.

Mənim yadımdadır, Qabil Hüseynli indi müxalifətdədir, dövlət müşaviri işləyən dövrdə onun jurnalistlərlə əlaqələrini çox yüksək qiymətləndirirəm. Qabil Hüseynliyə istənilən an zəng açsaydın, istənilən suala cavab verə bilərdi. Heç vaxt yadımdan çıxmaz. 1994-cü ilin oktyabrında prokurorluğa hücum olanda gecə səhərə qədər Qabil Hüseynli ilə əlaqə saxlayırdım, məlumat verirdi, mən də “Azadlıq” radiosuna ötürürdüm. O vaxt Tofiq Abbasov vardı, mətbuat katibi, o da professional insan idi. Xarici işlər naziri Həsən Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və başqaları... Mətbuatla çox gözəl işləyirdilər. O vaxt jurnalistlərə işləmək daha asan idi və hətta bir dəfə biz bunu İtaliyada Heydər Əliyevə çatdırdıq. Bizi Heydər Əliyevin görüşlərinə demək olar ki, buraxmadılar. 2-3 dəqiqədən sonra çıxarırdılar. Heydər Əliyev də güldü, dedi ki, siz elə bilirsiniz ki, hamı jurnalistlərə Heydər Əliyev kimi işləməyə yaxşı şərait yaradır, mən sizi yanıma buraxıram, siz də saatlarla qulaq asırsınız, danışıqlarımda əvvəldən axıra kimi oturursunuz, hər yerdə belə şərait yoxdur. Bir dəfə ABŞ-ın senatoru (adı yadımdan çıxıb) Bakıya gəlmişdi. Hamımız oturub qulaq asırıq, Heydər Əliyev də danışır. Axırda senator dözmədi. Dedi ki, cənab Heydər Əliyev, axı mən istəyirəm ki, bəzi şeyləri sizinlə təklikdə danışım. Heydər Əliyev güldü, bizə işarə elədi ki, gedin. Biz asta-asta çıxmağa başladıq, Heydər Əliyev gördü ki, çıxmaq üzrəyik, dedi ki, görürsünüz də, elə insanlar var ki, söz azadlığı haqqında çox danışırlar, amma təcrübədə əməl etməyə hamı hazır deyil.


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2780

Oxşar yazılar