İqbal Ağazadə: “Müsavat rəhbərliyinin söylədikləri qeyri-ciddi məsələlərdir” – MÜSAHİBƏ
19 yanvar 2010 13:30 (UTC +04:00)

İqbal Ağazadə: “Müsavat rəhbərliyinin söylədikləri qeyri-ciddi məsələlərdir” – MÜSAHİBƏ

Ümid Partiyasının sədri İqbal Ağazadənin APA-ya müsahibəsi

- Bəzi müxalifət partiyalarının liderləri parlament seçkilərində müxalifətin ümumi koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış etsə də, Müsavat Partiyası yalnız AXCP ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Bu mövqeyi necə qiymətləndirirsiniz?

- Hər bir siyasi təşkilat əməkdaşlıq edəcəyi partiyanı özü seçə bilər. Müsavat da hesab edir ki, AXCP ilə birliyi daha uğurlu alına bilər. Ona görə də mən onlara uğurlar arzulayıram. Onu da qeyd edim ki, bizimlə əməkdaşlıq etmək niyyətində olmayanlarla biz də əməkdaşlıq etmək niyyətində deyilik. Sadəcə, Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində bütün qüvvələrin səfərbər olunması tezisini irəli sürmüşdük. O tezisdən kənar qələbə modelini düşünənlər öz seçimlərində sərbəstdirlər.

- Sizcə, Müsavat Partiyasını bu yanaşması doğrudur?

- Hər bir yanaşmanı özündə subyektivlik var. Müsavatın mövqeyindən baxanda yəqin bunu doğru hesab edirlər. Bizim tərəfdən baxanda isə hesab edirik ki, bu gün resursların çox olması üçün qüvvələrin konsolidasiyası lazımdır. Daha böyük birliklə daha böyük işlər görmək mümkündür. Daha doğrunu isə parlament seçkilərini nəticələri ortaya qoyacaq. Kimin haqlı, kimin haqsız olduğu üzə çıxacaq.

- Müsavat Məclisinin iclasında İsa Qəmbər bir sıra müxalifət partiyalarını ayrı-ayrı dövlətlərə, agentura şəbəkələrinə işləməkdə ittiham etdi. Bu ittihamları necə qiymətləndirirsiniz?

- Mən bu məsələlərə nəzəri cəhətdən yanaşmaq istəmirəm. Bununla bağlı əllərində hansı məlumatlar varsa, Azərbaycan cəmiyyətinə xidmət edib məlumat versinlər, adlar çəksinlər və cəmiyyətin müzakirəsinə versinlər. Yoxsa hər kəs ittiham səsləndirə bilər. 2005-ci ildə də, 2003-cü ildə də, ümumiyyətlə 2000-ci ildən bəri Azərbaycanda satqın və qəhrəman elan olunmayan partiya qalmayıb. Hər bir partiya o birini tarixin müxtəlif dönəmlərində gah satqın, gah da qəhrəman elan edib. Bu ittihamları da həmin qəbildən hesab edirəm.

- Bu məsələyə Sizin yanaşmanız necədir?

- Mən hesab edirəm ki, bu məsələdə artıq əvvəlki illərdəki kimi Sovet düşüncəsi ilə yanaşmalar olmamalıdır. Kimsə Rusiyanın adamıdır, kimsə ETTELAAT-ın, kimsə hakimiyyətin... Bu kimi məsələlərə bir qədər praqmatik baxmaq lazımdır. Əgər məntiqi düşünsək, bu gün Rusiya burada siyasi dairələr içərisində agentura şəbəkəsi saxlaya bilirsə, deməli Amerika, Böyük Britaniya ondan da qabaq bu işi görür. Məsələlərə bu cür yanaşmanın sadəcə olaraq fərqli tərəfini görürəm. 1988-ci ildə də eyni yanaşma idi. Xalq hərəkatında kimin kimdən xoşu gəlmirdisə, deyirdi ki, bu rusların, İranın agentidir. İndi həmin dövrə qayıdıb insanlara eyni münasibəti bəsləmək doğru deyil. İndi bu tipli yanaşmalar çox geridə qalmış məsələlərdir. Mən Rusiyanın maraqlarını müdafiə edən siyasi qüvvələr deməzdim. Sadəcə, Azərbaycanın maraqlarını Rusiya ilə, İranla daha sıx münasibətdə görən siyasi qüvvələr ola bilər. Məsələn, mən Azərbaycanın maraqlarını daha çox Avropa Birliyi, İsrail və Türkiyə ilə yaxınlıqda görürəm. Bu o deməkdir ki, mən həmin ölkələrin agentura şəbəkəsinə xidmət edirəm? Bunu açıq bəyan edirəm. Necə olur, biri Rusiya ilə daha sıx münasibət qurmağın tərəfdarı olduğunu açıq bəyan edəndə o, agent olur, amma başqa biri Azərbaycanın inkişafının Avropa ilə bağlı olduğunu deyəndə sivil, demokrat, liberal düşüncəli insan olur? Bu cür yanaşma doğru deyil. Hər kəs Azərbaycanın marağını fərqli görür. Mən bunun “agentura şəbəkəsinə işləmək” kimi yarlıqlarla damğalanmasının əleyhinəyəm.

- Sizcə, Azərbaycanda Federal Təhlükəsizlik Xidməti, yaxud ETTELAAT-la əməkdaşlıq edən siyasi qüvvə varmı?

- Mən buna inanmıram, belə siyasi qüvvənin varlığından da məlumatsızam. Bu gün siyasi partiyalarla əməkdaşlıq ETTELAAT və ya FTX-yə nə verəcək ki? Hər kəsin mobil telefonu var, istənilən şəxsin danışıqlarını dinləmək mümkündür. Özü də Azərbaycanda bütün siyasi qüvvələrin mövqeyi bəllidir. Hansı məxfi məlumatlar var ki, həmin məlumatlar hansısa agentura şəbəkəsinə ötürülsün? Bu kimi fikirlər, məlumatlar qeyri-dəqiqdir. Bu əvvəllər ola bilərdi ki, informasiyaya giriş fərdlər vasitəsi ilə olurdu. İndi informasiyaya fərdlərlə deyil, texnologiya ilə daxil olmaq mümkündür. Bizim şəxsi yazışmalarımız belə istənilən kəşfiyyat orqanı tərəfindən izlənə bilirsə, hətta hərəkət trayektoriyamızı izləyə bilirlərsə, hansı agentura şəbəkəsindən söhbət gedə bilər? Hansı məlumatı biz agentura şəbəkəsinə verə biləcəyik? Bu gün polisin özündə belə müasir ölkələrdə agentura sisteminə yox, texnologiyalara üstünlük verilir.

- Sizdə belə məlumatlar olsa idi, onu cəmiyyətə açıqlayardınızmı?

- Məndə olsa idi, Azərbaycanın dövlətinin səlahiyyətli qurumlarına bu barədə məlumat verərdim. Əgər bunu açıqlamaq ictimaiyyət üçün daha böyük təhlükə törətməzdisə, bu məlumatı ictimaiyyətə də açıqlayardım. Azərbaycan dövlətinin maraqlarını satan kim olmasından asılı olmayaraq qanun qarşısında cavab verməlidir.

- Müsavatda belə məlumatlar varsa, nə üçün açıqlanmır?

- Buna Müsavat rəhbərliyi özü aydınlıq gətirməlidir. Onların söylədiklərinin ciddi olmadığı qənaətindəyəm. Azərbaycanda belə partiyalar yoxdur. Bunlar qeyri-ciddi məsələlərdir. İnsanlar ortaya açıq mövqe qoyur, tutaq ki, Azərbaycanın problemlərinin həllini Rusiya ilə yaxınlaşmaqda görür. Agent də özünü deşifrə edər? Mən deyirəm ki, Azərbaycanın inkişafını NATO-ya, Avropa və Amerikaya inteqrasiyada görürəm. Mən də özümü deşifrə edirəm? Bunlar hamısı boş, mənasız şeylərdir. Bu gün ABŞ-ın agentura sistemi yalnız xüsusi hakimiyyət orqanlarında yerləşdirilmiş öz vətəndaşları və yaxud başqa şəkildə istifadə etdiyi şəxslərdir. Başqa halda agent saxlamaq taktikasından heç kim istifadə etmir.

- Parlament seçkilərində iştirakla bağlı partiyalararası müzakirələr aparılırmı?

- Biz seçkilərə hazırlığa start vermişik. Ay yarımdan artıqdır ki, bir sıra partiyalarla müzakirələr aparırıq. Hələlik nəticəsi barədə bir şey deyə bilmərəm. Proses davam edir. Yəqin gələn ayın ortalarına kimi nəticələr bilinəcək. Hələlik həmin partiyaların adlarını demək istəmirəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar