Azərbaycan parlamenti 94 yaşında
07 dekabr 2012 10:13 (UTC +04:00)

Azərbaycan parlamenti 94 yaşında

Azərbaycan parlamentinin təsis olunmasının 94-cü ildönümüdür.

Azərbaycan parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tədqiqatçı Nəsiman Yaqublunun APA-ya verdiyi məlumata görə, əslində parlamentin açılışı dekabrın 3-də olmalı idi: “Lakin erməni və rus millətçiləri hər vasitə ilə buna mane olurdular. Onlar istəmirdilər ki, Azərbaycan xalqı özünün müstəqil seçimli orqanını formalaşdırsın. Lakin ingilis generalı Tomsonun da ciddi müdaxiləsindən sonra bu böyük tarixi olay baş verdi və yalnız Azərbaycanda deyil, eləcə də bütün müsəlman Şərqində demokratik prinsiplərə əsaslanan ilk parlamentimiz fəaliyyətə başladı”.


N. Yaqublunun sözlərinə görə, ilk parlamentin tərkibi müxtəlif millərdən, müxtəlif partiyaların təmsilçilərindən ibarət olub: “Milliyyətindən, dinindən asılı olmadan hər bir vətəndaş seçimli orqanda təmsil edilə bilərdi. Odur ki, bu parlamentdə azərbaycanlılarla yanaşı, ölkədə yaşayan ruslar, ermənilər, almanlar, polyaklar və digər milli azlıqların nümayəndələri vardı. Həmin vaxt Azərbaycan əhalisi 2 750 000 nəfər idi. Bunun 1 900 000 nəfərini müsəlmanlar, 500 000 nəfərini ermənilər, 230 000 nəfərini isə rus təşkil edirdi. Ümumi qaydaya görə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə ilə təmsil olunmalı idilər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar parlamentdə təmsil edilirdi: Müsavat və bitərəflər 38 nəfər, İttihad 13 nəfər, Əhrar 6 nəfər, Sosialistlər bloku 13 nəfər, partiyasızlar 4 nəfər. müstəqillər 3 nəfər, erməni fraksiyası 5 nəfər, Daşnaksutyun fraksiyası 6 nəfər, azlıqda qalan millətlər fraksiyası 4 nəfərlə parlamentdə təmsil olunurdu. Bu rəqəmlərdən bir daha aydın olur ki, Azərbaycanda əsl demokratik cəmiyyət formalaşırdı”.


Tədqiqatçı bildirib ki, parlamentin açılışında Məhəmməd Əmin Rəsulzadə tarixi nitqlə çıxış edib: “Məhəmməd Əmin Rəsulzadə dedi: “Möhtərəm millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm. Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi... Bir kərə yüksələn bayraq, bir daha enməz!” Üzeyir Hacıbəyli isə parlamentimizin açılışından belə yazırdı: “Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi... Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi... Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endiriləməz!” - dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!””


Azərbaycan Parlamentinin ilk sədri Əli Mərdan bəy Topçubaşov, sədrin müavini isə Həsən bəy Ağayev idi.

Azərbaycanın ilk parlamenti 17 ay fəaliyyət göstərdi. Lakin bu 17 ay müddətində Azərbaycan xalqının həyatında çox önəmli rol oynadı. Bu müddətdə 270-ə qədər qanun layihəsi hazırlanıb müzakirəyə çıxarıldı, onlardan 230-u qəbul edildi. Özü də bu qanunlar sadəcə kağızlarda qalmırdı, tez bir zamanda insanların həyatında hiss edilirdi.
# 805

Oxşar yazılar