Gəncədə «Türkiyə həftəsi» keçirilib
24 sentyabr 2012 20:54 (UTC +04:00)

Gəncədə «Türkiyə həftəsi» keçirilib

Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov universitet haqda məlumat verdikdən sonra SAM-ın direktoru Fərhad Məmmədov iki ölkənin müvafiq qurumları tərəfindən analoji tədbirlər keçirildiyini bildirib: “Ötən il Türkiyədə “Azərbaycan həftəsi” keçirilib. Bu il isə Azərbaycanda analoji tədbirə start verilib. Bugünkü görüşdə siyasi, iqtisadi, sosial, humanitar və qarşılıqlı məlumatlandırma həyata keçirilir. İnanırıq ki, bu tədbirlər hər iki ölkə ictimaiyyəti üçün maraqlı olacaq, qarşılıqlı anlaşmanı daha da yaxşılaşdıracaq”.

Tədbirdə çıxış edən “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı Türkiyə-Azərbaycan münasibətlərində medianın rolundan danışıb. V. Mahirqızı bildirib ki, istənilən ölkələrarası münasibətlərin ən çox görünən tərəfi mediadır: “Siyasilərin, iqtisadçıların, dövlət adamlarının gördüyü işləri, qurduğu münasibətləri media yazmasa, kimsə bilməz. Ona görə medianın bu məsələlərdə çox ciddi önəmi var. Mən qısa şəkildə Türkiyə mediasının Azərbaycana diqqəti ilə bağlı bəzi şeyləri demək istəyirəm. Xatırlayıram ki, 1990-cı ildə Azərbaycanda qanlı 20 Yanvar hadisələri baş verəndə Türkiyənin “Zaman” qəzetinin manşetində “Azərbaycanda qardaşlarımızı qırdılar” başlığı altında yazı dərc edilmişdi. Həmin vaxt Azərbaycanda 20 Yanvar faciəsinin baş verdiyini dünya ictimaiyyəti “Zaman” qəzetindən duymuşdu. Çünki Azərbaycan sovet rejimi altında bu hadisəni dünyaya çatdıra bilməzdi. Daha sonra Azərbaycana TRT, “Anadolu Zaman” və digər türk mediası gəldi”.

V. Mahirqızı bu ilin fevralında Türkiyədə keçirilən Xocalı yürüşünü də xatırladıb: “Mən də daxil olmaqla Azərbaycandan çox da böyük olmayan nümayəndə heyəti Türkiyəyə getdik, 100 mindən çox insanın iştirakı ilə Taksim meydanında Xocalı soyqırımı ilə əlaqədar yürüş keçirildi. O zaman Azərbaycanla və Xocalı soyqırımı ilə bağlı məlumatın dünyaya çatdırılmasında ən böyük rolu Türkiyə mediası oynadı. Həmin günlər içərisində Türkiyə mediasında bütün manşetlər Azərbaycanla bağlı idi”.

V. Mahirqızı bəzi məsələlərdə Türkiyə və Azərbaycan mediası arasında müəyyən qarşılıqlı mübahisələrin olduğunu da qeyd edib: “Bu, tamamilə təbiidir. Mətbuatın bir işi ölkəsinə, millətinə xidmət, digər işi isə tiraj yığmaq, oxunmaqdır. Ona görə bəzən tiraj üçün də bu məsələlərdən istifadə olunur. Amma millətdən, vətəndən bu məsələlər üçün istifadə olunmaz. Bir də baxırsan ki, xırda məsələlər üstündə mübahisələr düşür. Sonuncu elə “Möhtəşəm yüzyıl” serialında Azərbaycanla bağlı niyə belə deyildi, Səfəvilərlə bağlı niyə elə oldu, “Yahşi Cazibə” serialında Azərbaycan qadını niyə belə göstərildi və s. Təbii ki, dünyanın bir çox ölkəsi ilə bağlı belə incikliklər olmur. Rusiyada da azərbaycanlıları müxtəlif şəkildə təqdim edirlər, amma heç vaxt buna təəccüblənmirik. Yaxud bu məsələ İranla bağlı olanda təəccüblənmirik. Türkiyədən nəsə olanda isə təəccüblənirik, bunlar bizi ağrıdır. Çünki Türkiyə Azərbaycana qardaş ölkədir. Ona görə azərbaycanlıların bu təəssüfünü və təəccübünü Türkiyə mediası son dərəcə təbii qarşılamalıdır. Eyni zamanda Azərbaycanda da müəyyən məsələlər olanda Türkiyədə eyni qarşılanır. Bu çıxışdan öncə mən APA İnformasiya Agentliyinin saytına baxdım, gün ərzində Türkiyə-Azərbaycan münasibətləri bağlı 70 xəbər vermişik. Dünyada ikinci belə ölkə yoxdur ki, biz onunla bu qədər ilgilənək. Bayaq Bülənt Aras çıxışında yaxşı bir ifadə işlətdi ki, türk insanı xəbərlərdə Azərbaycan adı eşidəndə xüsusilə diqqət edir. Amma mən onların burda olmağından istifadə edib deyim ki, xəbərlərdə Azərbaycan adının çəkilməsi çox az olur. Bu görüşlər elə ona xidmət edir ki, Türkiyə mətbuatında Azərbaycanla bağlı xəbərlər artırılsın. PKK terrorunda şəhid olmuş hər bir türk əsgəri ilə bağlı xəbər Azərbaycan mediasının baş xəbəridir. Biz istərdik ki, Azərbaycan Ordusunda şəhid düşmüş hər bir Azərbaycan əsgəri ilə bağlı xəbər də Türkiyə mediasının xətti ilə dünya miqyasına çıxsın. Yəqin ki, bu gediş-gedişlər, qarşılıqlı anlaşmalar buna da xidmət edəcək”.

Tədbirdə “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan münasibətləri” və “Azərbaycan-Türkiyə münasibətləri regional kontekstdə” mövzuları ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar