“Əsgəri addımlarla önümüzdən keçəndə gözlərimdən yaş gəlirdi…” – TARİX   
10 may 2020 16:30 (UTC +04:00)

“Əsgəri addımlarla önümüzdən keçəndə gözlərimdən yaş gəlirdi…” – TARİX  

Heydər Əliyev deyirdi: Əsas məsələ ondadır ki, belə hərbi istiqamətli məktəbin yaradılması mənim hələ o zaman gözlədiyim nəticəni indi çox uğurla doğruldur. İndi Naxçıvanski adına olan bu hərbi məktəb suveren Azərbaycanın milli ordusunun və hərbi kadrlarının bazasına çevrilib.

Əslində, bu addım Azərbaycanın tarixində dövlətçilik naminə mütləq görüləcək işin yekun mərhələsi idi. Və biz indi, dönüb arxaya baxsaq, dəqiqliklə bu mənzərəni görərik... 1918-ci ildən Əliağa Şıxlinski tərəfindən başlanmış milli hərbçi kadrların yetişməsi ilə bağlı məqamın sona çatdırıla bilinmədiyini... sonra... 1941-1945-ci illərdə M.C.Bağırovun axına qarşı gedərək azərbaycanlılardan ibarət milli diviziyaların təşkilində böyük rol oynamasını, lakin məcburi tərxis əmrinə mütləq tabe olmasını... 26 il keçəndən sonra yenə də sovet məkanında H.Əliyev tərəfindən milli hərbi məktəbin yaradılması və dondurulması faktı... Nəhayət ki, yalnız və yalnız H.Əliyevin HƏRBÇİLƏR yetişdirmək üçün əvvəl orta, daha sonra ali təhsil məktəbləri açaraq onu qorumağa qüdrəti çatdı. Azərbaycan üçün ən vacib, həlli çox müşkül olan işi təkcə o görə bildi. O istəyirdi ki, içindəki yiyəlik hissi ilə Azərbaycanı qoruyacaq zabitlər öz millətimizdən, soyadları isə Əli, Vəli, Məmməd olsun.

XIX əsrdə çar Rusiyası bizi hərb sənətindən mümkün qədər uzaq saxladı. Azərbaycan türklərinə etibar edilmədiyindən onlar hərbi mükəlləfiyyətə cəlb edilmirdilər. Böyük sərkərdə adını daşıyacaq hərbçilərimiz də başqa dövlətin bayrağı altında tanınırdı. Bu məlum dövlətlər Azərbaycanın müstəqil dövlət olmasına, müstəqil ordu yaratmasına imkan vermirdilər. XIX əsrdə ölkəmizin Rusiya ilə İran arasında bölünməsi də həmin məqsədə xidmət edirdi. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra, hərbi nazirlik öz milli ordusunu yaratmaq yolunda əsaslı iş aparsa da və bu işin başında Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi sərkərdələr dayansa da, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, yəni SSRİ-nin işğalından sonra milli ideallar naminə görülən işlər kimi, bu cəhd də yarımçıq qaldı. XX əsrdə bolşeviklər bu ənənəni bir başqa cür davam etdirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulmuş milli ordunu və onun ən yaxşı kadrlarını məhv etmiş bolşeviklər, türk oğullarını tikinti və arxa təminat üzrə digər batalyonlara cəlb etməklə, onları əsl hərb sənətindən uzaqda saxlayırdılar. Düşünülmüş siyasət idi.

1920-ci ildə Sovet hakimiyyəti öz ordu və donanmasını yaratsa da, 1922-ci ildə Zaqafqaziya respublikaları orduları Xüsusi Qafqaz Ordusunun diviziyalarına çevrildi. Daha sonra məlum 1937-1938 repressiya illəri azərbaycan türkü olan hərbçiləri də bu maşından xüsusi canfəşənlıqla keçirtdi. Təbii ki, məqsədli şəkildə. Gələcəyə türk xalqından olan yüksək çinli zabit saxlamaq... az qala Pyotru unutmaq demək idi. Baxmayaraq ki, Böyük Vətən müharibəsi dövründə Azərbaycandan 600 mindən çox adam səfərbər edildi, azərbaycanlılardan ibarət Milli diviziyalar yaradıldı və Sovet İttifaqı Qəhrəmanları da yetərincə oldu. Lakin bizə bu da məlumdur ki, hətta qəhrəmanlıq və itki ilə qələbə çalaraq Berlinə qədər gedib çıxmış milli diviziyamız müharibədən sonra məcburi təxris edildi. Məqsəd slavyan diviziyalarından fərqli olaraq, milli diviziyaların, başqa millətlərin izini bu qəhrəmanlıqdan silmək idi. Qeyd edək ki, həmin proses də bizdə hərbə oyanmış marağı azaltdı. Amma SSRİ-nin ən rəşadətli qələbələrində danılmaz azərbaycanlı hərbçi faktoru vardı. Nə qədər danılsa da, bu qəhrəmanların əfsanəvi şücaətini tam ört-basdır etmək mümkünsüz idi. Ancaq bütün bunlar Azərbaycanın gələcəyi üçün məhz milli hərbçi kadrların mövcudluğu da deyildi. Yenidən azərbaycanlıların hərb sənətinə yiyələnməsinə ciddi maneələr yaradılırdı. Çünki nə vaxtsa öz milli mənsubiyyətinə, doğma torpaqlarının sərhədlərini qorumaq instinktinə qayıdış qorxusu vardi. İllah da ki, kökümüzün TÜRK, dinimizin müsəlman, ilk və son missiyamızın TURAN olduğunu biz unutsaq da, onlar unutmurdular. Pyotrdan üzü bəri bütün xristianlar bu qorxu ilə bizləri bütün üsullarla yox eləməyə, yaxud da ki, zərərsizləşdirməyə böyük cəhd göstərərək, məqsədlərinə nail olurdular. Bu, o dərəcədə hiss olunan idi ki... biz bununla hətta, təəccüblənmədən barışırdıq. Ya beynəlmiləl ailə tərkibi, ya da milli mənsubiyyətinə tam yadlıq mütləq idi... Həm də bu vəzifə, səlahiyyət sahibləri üçün müsbət sayılacaq şərt idi. Belə zamanda milli mənafe üçün yetişəsi kadr, əlbəttə ki, mümkünsüz idi. Milli oyanış əlamətləri hiss edilən respublikaların, xüsusilə Azərbaycanın rəhbərliyinə qarşı təzyiqlər vardı. Mərkəz hər dəfə bu xalqı qorxutmaq, özünə tabe etmək üçün xüsusi üsulla məhz Dağlıq Qarabağ məsələsini ortaya atırdı. Ermənistan erməniləri və Azərbaycan DQMV-dəki erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edirdilər. Antitürk əhvalı zaman-zaman qızışdırılırdı. Həmçinin 60-cı illərdə də.

1964-cü ildə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyi bayram ediləndə bu, geniş ictimai-siyasi kompaniyaya çevrildi. Azərbaycan tarixçilərindən bu bayramın keçirilməsinin əleyhinə çıxanlar oldu. Qeyd edək ki, əslində, milli azadlıq uğrunda mübarizə aparan bu nəsil 60-cı illərin əvvəllərindən artıq formalaşmışdı. Azad fikirli öncüllər gəncləri gizli dərnəklərdə siyasi mübarizə ruhunda tərbiyələndirirdilər. 1962-ci ilin dekabrın 17-də 95 nəfərin iştirakı ilə gizli yığıncaqda Milli Azərbaycan Qərargahı da təşkil edilmişdi. 1969-cu ilin martında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasında tarixçilər bəyan etdilər ki, Azərbaycan XIX əsrin əvvəllərində Rusiyaya birləşməmiş, onu çar Rusiyası zəbt etmişdir. Bu çıxışa görə görkəmli alimlər uzun müddət təzyiq və təqibə məruz qaldılar. Düzdür, Heydər Əliyev hakimiyyətinin ilk ilinin ilk plenumunda tarixçilərin bu addımını çox kəskin tənqid etdi. Qeyd edək ki, Heydər Əliyev heç bir vaxt yaranmış vəziyyətə və şəraitə görə hərəkət etmir, vəziyyəti ancaq öz baxışı, həmçinin nəzarəti altında saxladığı, həmçinin vacib bildiyi anda qərar qəbul edirdi. Kəskin tənqidi münasibətindən sonra o, məhz bu tarixçilərin digər millətlər tərəfindən də vurulduğunu görüb, taktikanı dəyişdi. O, Heydər Əliyev idi. O, özü-özünün tarixçisi idi. O, hər zaman tarixin yazıldığını unutmurdu. Tarix isə sabah deməkdir. Bu fərdlərin xilası, müdafiəsi çox çətin və mümkünsüz idi. Birinci səbəb onların millətçi və türk olması idi. Lakin güclü fərdlər - o fərdlər ki, üst qatda liberal... dərin qatlarda isə milliliyini, sabaha məxsus olduğu millətin işıqlı addımlarıyla çıxmağın mütləqliyinə əmin olduğu üçün təhlükəli... vacib işlər görən güclü fərdlər vardı. Bu güclü fərdlərin ən güclüsü isə Əliyev idi. O Əliyev ki, Dövlət Təhlükəsizlik Komitəsinin ilk azərbaycanlı sədri pilləsinə danılmaz istedadı ilə çıxdı. Ancaq adı ilə dəhşət və vəhşət doğuran DTK-nın ən böyük fiquru ola-ola, Sovet quruluşunun bizi daima öz asılılığında saxlayan qüdrətli hakimiyyətinin özündən əvvəlki icraçılarına rəğmən, milli zəmində təhlükə doğuranları hədəfdən çıxararaq məhv etmək təhlükəsindən qorudu... hər halda, minimuma endirdi. Bunu hansı fəndlə, ağılla, manevrlə etdi, önəmli deyil. Önəmlisi budur ki, milli qabarmalar... azad insan və millət dərki boğulmadı, mərkəz üçün nümunəvi oyun nümayiş etdirilərək, müəyyən zamanda fəaliyyətləri dondurulmaq bahasına olsa da, saxlanıldı, qaldı. Qaldı ki, nə vaxtsa yaşayacağımız müstəqil məmləkətin vətəndaşı kimi bizlərə azadlığı daddırsınlar. Kökümüzdən və missiyamızdan hali etsinlər. Qalsınlar ki, etsinlər... Etdilər də.

Azərbaycanda 1969-cu ilə qədər fəaliyyət göstərən Bakı şəhəri Ali Soveti adına Ali Ümumqoşun Komandirləri məktəbində əsas postları, yəni idarəçilik və rəhbər statusu ruslara və ermənilərə məxsus idi. Məktəb rəisinin siyasi işlər üzrə müavini Avakyan idi. Hətta Azərbaycanda nə vaxtsa hərbi məktəbin yaranması üçün görülən işlər haqqında məlumat da Moskvaya o və onun qan qardaşları tərəfindən ötürülürdü. Bu məktəbdə azərbaycanlılar qəti qəbul edilmirdi. Avakyan çox nadir hallarda beynəlmiləl ailələrdən olan azərbaycanlıların qəbulunda güzəştə gedirdi. Eynilə Bakıdakı Kirov adına Ali Dənizçilik Məktəbi də bu proqramla işləyirdi. Bu məktəb isə tamamilə rusların səlahiyyətində idi və burada, ümumiyyətlə, azərbaycanlı istisnası yox idi. Ancaq 1969-cu ildən Azərbaycanda olan Hərbi Məktəblərdə azərbaycanlıların qəbulunun mütləqliyi tapşırığından sonra bu proses başlandı. Bütün müqavimətlərə rəğmən, 1969-cu il hərbi-tədris müəssisələri üçün gənclərin seçilməsi problem kimi qeyd edilərək, əsas məsələ kimi Azərbaycan KP MK-nın Qeydləri, yəni Azərbaycan millətindən olan gənclərin hərbi məktəblərə seçilməsinə diqqətin olmaması, yaxud yayınması problem kimi qaldırılır. Həmçinin hərbi peşənin vacibliyindən silahlı qüvvələrdə zabit peşəsinin şərəfli peşə olması təbliğinin lazımınca aparılması tapşırılır.

Daha sonra... Azərbaycan KP MK-nın 21 oktyabr 1969-cu il tarixli büro iclasında Naxçıvan və Dağlıq Qarabağ vilayət komitələrinə, həmçinin Bakı, Əlibayramlı (indiki Şirvan), Kirovabad (indiki Gəncə), Şəki və s. rayon komitələrinə hərbi çağırışlarda siyasi orqanlarla birgə gənclərin hərbi məktəblərə və hərbi qulluğa cəlb edilmələriylə bağlı vətənpərvərlik ruhunda hazırlığın qənaətbəxş olmadığından onun yüksək səviyyədə olması tələb edilir. Hərbi məktəblərə gənclərin cəlbi üçün ucqar kəndlərdən belə seçilmələri də tapşırılır. 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi seçilən Heydər Əliyev bütün yeni iqtisadi, siyasi, mədəni inqilabi baxışları ilə bir spektrdə görünməsi məsləhət bilinməyən milli strategiyanı da düşünürdü. Mərkəz - Moskva onu özününkü bilsə də, bu qəbildən olan qadağan edilmiş şərtləri ona xatırlatmamış olmazdı. Heydər Əliyev isə artıq 1-ci addımı atmaq üçün düşünülmüş planı həyata keçirirdi. O planı ki, deyəsən, çoxdan düşünülmüşdü. Biz indi elə bu məqama işiq salacağıq.

O addıma ki, məhz 18-ci ildə milli yunkerlər məktəbinin banisi olan məşhur sərkərdəmiz Ə.Şıxlinskidən sonra 71-ci ildə H.Əliyev tərəfindən totalitar rejimin sərt məngənəsində ikinci belə bir məktəb yaradıldı. Bunun təxirəsalınmaz bir vəzifə, iş kimi gündəmdə saxladığını isə onun hələ 69-cu ilə qədərki fəaliyyəti, həmçinin həmin ildəki plenum və büro iclaslarındakı çıxış və qeydlərindən sezmək mümkün idi. Və indi görürük ki, burda o qədər də dərin sözaltı məna axtarmaq gərək deyilmiş. Hər şey mahiyyət etibarıyla yetərincə aydın deyilmişdi. Əslində, bu, onun artıq atacağı addımlar üçün bir xəbərdarlıq siqnalı idi. O addımlar ki, məhz məxsus olduğu millətin sabahı naminə öz milli ordusu - zabiti və əsgəri olmalıdır kimi gizli həqiqət naminə atılırdı. Təbii ki, vətən və millət hissi olanlar üçün. Bununla bərabər, böyük imperiyaya - onun siyasətinə, sərt formada olmasa da, etiraz - əks mövqe idi. Bunu digərləri daha tez anladı. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsi yolunda daha ciddi maneələr yaradıldı. Məqsədində israrlı olan Əliyev bütün elm sahələrində milli kadrların yetişdirilməsi ilə bərabər, bəlkə də, daha vacib bildiyi hərbdə qeyri-millətlərin çoxluğunu eləbelə qəbul edə bilmirdi. Hətta partiya, sovet fəallarının yığıncağında, fəhlələrlə görüşlərdə belə O, azərbaycanlı gənclərin peşə seçimində zabitlik peşəsini unutmamağmı məsləhət görürdü. Valideynləri, müəllimləri bu istiqamətə - tam açıqlaya bilmədiyi məqsədə yönəltmək üçün maksimum anlaşma aparırdı. İstədiyi nəticəni ala bilmədiyini görəndə Heydər Əliyev böyük riskə gedərək Maarif Nazirliyi sistemində çalışan qrup ilə görüşərkən respublikada hərbi təyinatlı məktəbin yaradılması mütləqliyini açıq söyləmişdi. Və şəxsən maarif naziri Mehdi Mehdizadəyə tapşırmışdı ki, tezliklə Mərkəzi Komitəyə bu barədə təklif bildirsin. O, hətta bu məktəbin qərar layihəsini hazır şəkildə vermişdi.           Əslində bu, gizli şəkildə imperiya oyunlarının ziddinə gedərək, millətçi damğasını qazanmaq bahasına olsa da, gizli formada vassallığa etiraz idi. Öz hərbi təyyarəçisi, öz zabiti, öz generalı olan TÜRK ORDUSU yaratmağın nə olduğunu kim bilməsə də, Heydər Əliyev də bilirdi, Moskva da. Ancaq AÇIQ OYUN zamanı yetişmədiyindən Əliyev bunu aşağıdan gələn təklif kimi, Maarif Nazirliyinin təşəbbüsü kimi səciyyələndirdi. Çünki bilirdi ki, bu məsələlər yuxarı dairələrdə - mərkəzdə sakit qarşılanmayacaq.                              1970-ci ilin avqustunda isə eyni israrla Respublika Hərbi Komissarına Azərbaycan Milli Diviziyasının ilk komandiri general Cəmşid Naxçıvanskinin 75 illiyi ilə əlaqədar olaraq MK-ya müraciət etməyi tapşırmışdı. Azərbaycan Respublikasının hərbi komissarı general-mayor Murtuz Quliyev və siyasi şöbənin rəisi, polkovnik Abbasovun Azərbaycan KP MK-ya ünvanladığı 12 avqust 1970-ci il tarixli 72 nömrəli məktubunda Azərbaycan xalqının böyük oğlu, ilk diviziya komandiri, peşəkar hərbçi Cəmşid Naxçıvanski haqqında arayış təqdim edərək, onun misilsiz xidmətlərini nəzərə alaraq müəyyən tədbirlərin keçirilməsi üçün köməklik göstərilməsini xahiş edirdi. Təbii ki, cəmisi bir neçə gündən sonra H.Əliyevin imzası ilə Azərbaycan KP MK bürosunun “Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında” qəraqı respublika mətbuatında dərc olunur. Hətta bu qərarın bir maddəsində göstərilirdi: “Yeni yaradılacaq respublika hərbi təyinatlı orta internat məktəbə də Cəmşid Naxçıvanskinin adı verilsin”.

 1971-ci il 16 iyun tarixli məktubla Azərbaycan Respublikasının maarif naziri Mehdi Mehdizadə Azərbaycan KP MK-ya məktub göndərir.

“Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə

 Azərbaycan KP MK Bürosunun 29 aprel 1971-ci il tarixli 3 nömrəli “Partiya, sovet, komsomol təşkilatlarının respublika hərbi komissarlıqlarının gənclərin sovet ordusu sıralarında xidmətə hazırlanması və hərbi məktəblərinin kompleksləşdirilməsi üzrə işi haqqında” qərarının 7-ci bəndini icra edərək, Maarif Nazirliyi, Azərbaycan SSR hərbi komissarlığı və Azərbaycan LKGİ ilə razılaşdırılmış “Bakı şəhəri Zığ qəsəbə 2 nömrəli 8 illik internat məktəbinin respublikanın hərbi təyinatlı orta internat məktəbi kimi yenidən qurulması” barədə qərar layihəsini təqdim edir”.

Bakı şəhərində Zığ qəsəbəsi kimi göstərilən rayon, əslində o zaman Şaumyanin adını daşıyırdı. H.Əliyevin təkidi ilə bu ad qərar layihəsində Zığ qəsəbəsi kimi rəsmiləşdi. Bu soyadlı məkanda Naxçıvanski məktəbi, ən azı, məramına görə yerləşə bilməzdi. Sovet quruluşunun bütün beynəlmiləlçilik tələblərinə rəğmən!.. Cəmi bir neçə gündən sonra H.Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın bürosu bu layihəni müzakirə edərək qərara alır:

 1. Azərbaycan SSR Maarif Nazirliyinə 1971-1972-ci tədris ilində Bakı şəhər Zığ qəsəbəsindəki 2 nömrəli 8 illik internat məktəbinin respublikanın hərbi təyinatlı orta internat məktəbi kimi yenidən qurulmasına icazə verilsin.

2. Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Respublika hərbi təyinatlı orta internat məktəbinin şagirdlərinin təchizatının pulsuz təmin edilməsinin maliyyələşdirilməsi məsələlərinə baxsın və həll etsin.

3. Göstərilən məktəb üzərində hamilik Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun komandirləri Məktəbinə tapşırılsın.

4. Maarif Nazirliyinə Azərbaycan SSR Hərbi Komissarlığı ilə birlikdə 3 ay müddətində “Respublika hərbi təyinatlı orta internat məktəbi haqqında acagnama” nin hazırlanması və təsdiq edilməsi tapşırılsın.

Və çox kiçik zaman fasiləsindən sonra düşünülmüş 2-ci addım atılır. İxtisaslaşdırılmış bu hərbi məktəbə Azərbaycanın böyük sərkərdəsi, həmçinin keçmiş SSRİ-nin də yetərincə tanıdığı general Cəmşid Naxçıvanskinin adı verilir.

Bu, sadəcə cəsur bir generalın adının əbədiləşdirilməsi, yaxud onun adına layiq olacaq kursantlar üçün mayak da deyildi... Bu, məxsus olduğu millətin sərkərdələr sülaləsinə məhz bu nöqtədən baxışı və onların yenidən yaddaşların - oyanmalı olan genlərinin qaysağını qopartmaq idi. Bu, Zamanı üçün mümkünsüz sayılacaq iş idi. Bu, konkret milli şüurları formalaşdırmaq üçün nəzərdə tutulmuş tapşırıq idi.

...Və lazım bildiyi zaman, yaxud məkanda ata Əliyev deyirdi:

“Kim bu təşəbbüsə qarşı çıxır, o, bizdən deyil. O, Azərbaycanı sevmir, onun gələcəyinə inanmır”.

Sual qaçılmazdır...

 Maraqlıdır, niyə məhz Naxçıvanski? Niyə Kəngərli generalının işığında? İllah da ki, burda erməni faktoru qaçılmazdır... Şıxlinskisi, Mehmandarovu, Xoyskisi olan xalqın hərbi məktəbi niyə onların adını daşımadı? Kim idi Cəmşid Naxçıvanski?

 Rus İmperiyasında babasından özünə qədər general rütbəsi alıb, imperiyanın bütün müharibələrində xüsusi şücaət göstərərək ordenlərə, mükafatlara layiq görülən hərbi nəslin davamçısı... məşhur Kəlbəli xanın nəslindən, kəngərlilərin son nümayəndəsi.

Bəli, bu o Naxçıvanski idi ki, 18-ci ildə Türk qoşunları Azərbaycanın əlahiddə korpusu ilə birgə Bakını ermənilərdən - düşmənlərdən təmizləyəndə onların içərisində Azərbaycanın müstəqilliyi uğrunda vuruşurdu. Qarabağda erməni daşnaklarına qarşı vuruşan alay da Naxçıvanskinin idi. Sovet Azərbaycanının Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun Şuşaya təcili teleqram göndərərək Bakıya milli ordu hissələrinin təşkilinə çağırdığı da alay komandiri polkovnik-leytenant Naxçıvanski idi. Elə həmin vaxtda Milli diviziya yaradan Naxçıvanski Birləşmiş Komandirlər Məktəbinin rəisi oldu. Ali Akademiya təhsilindən sonra Moskvada saxlansa da, Azərbaycan generalı xan Naxçıvanski kimi, o da repressiyaya məruz qaldı...məhv edildi. Və indi, məhz onun adının əbədiləşdirilməsi sadəcə hansısa generalın bəraətinin təsdiqi yox, Azərbaycan deyilən məmləkətin hərbi strategiyasında xan Naxçıvanskilərin yolunu davam etdirməyin bu millətin məhz borcu - sülaləni yaşatmaq məcburiyyəti idi. Çəkinməyək... Hərb sənətinə maraq bizdə öldürülmüşdü. Hələ indi-indi hərbçiliyin - qəhrəman türk əsgəri olmağın şərəf, milli özünüdərkdən keçəndən sonra kişilik olduğunu anlayırıq.

O isə hələ o zaman bilirdi ki... ulu bir xalqın nə vaxtsa işğal içində çabaladığı, həmçinin gələcəkdə müstəqil şəkildə özüözünü qorumağı üçün bu addımlar, gec olsa da, heç olmasa onun zamanında atılmalıydı... atıldı.

Bəli... Moskva müdaxilələri və sualları başlandı. Sovet İttifaqı, vahid sovet xalqı olan yerdə... İllah da İkinci Dünya müharibəsindən sonra... O zaman ki hər bir gənc böyük SSRİ-nin istənilən hərbi məktəblərində təhsil ala bilər... Suvorov, Naximov adına hərbi məktəblər olan yerdə bu məktəbin nə olduğunu anlasalar da, qəbul edə bilmirdilər.

Yoxlamalar... israrla məktəb bağlamaq əmrləri... hətta xüsusi etiraz! Bu, böyük xəbərdarlıq idi. Hədsiz narazılıq isə Əliyevin Azərbaycanda milli hərbi kadrlar yetişdirmək istəyi idi. Necə ola bilərdi ki, Azərbaycan öz hərbi məktəbini yaratsın? SSRİ Maarif Nazirliyindən dəfələrlə gələn yoxlama briqadaları ittifaqda səs-küyə səbəb qeyri-qanuni açılmış bu məktəbin bağlanılması əmrinə etiraz edən Əliyevə “Siz bunu nə üçün edirsiniz?” sualına o cavab verməli idi. Əliyevin isə cavabı qaçılmaz həqiqət kimi dəmir məntiqə söykənən reallıq idi. Bunu inkar etmək, ya da düzəliş vermək mümkün deyildi.

Cavab belə idi:

“Sovet ordusunda, daha doğrusu, hərbi məktəblərdə məhz azərbaycanlı gənclərin - o gənclərin ki, uzunömürlülük genləri və fiziki sağlamlığı digər millətlərin nümayəndələrindən müsbət mənada çox fərqlidir... onların sayı orduda həddən artıq azdır. Səbəb isə sizin göstərdiyiniz kimi, onların rus dilini bilməməsi faktorudur. Bu məktəbin, prinsipcə orta ümumtəhsil məktəbi olmaqla yanaşı, əsas məqsədi Rusiyadakı hərbi məktəblərə hazırlamaqdır. Bütün təlim-tərbiyə qəsdən elə qurulub ki, bu məktəbin şagirdləri ali hərbi məktəblərə hazırlıqlı olsunlar. Sovet ordusu üçün həm fiziki, həm də hərbi biliklərə mükəmməl yiyələnsinlər. Böyük SSRİ-ni qorumaq üçün!”

Aydındır ki, bundan sonra bütün cəhdlərə rəğmən Azərbaycandakı bu ilk hərbi təyinatlı məktəbin bağlanması mümkün olmur. 1971-ci ildə Cəmşid Naxçıvanski adma hərbi məktəb, ilk vaxtlarda çox çətin olsa da, sonralar neçə əsrlər davam edən hərbi peşədən uzaq düşmüş azərbaycanlıların bu peşəyə yiyələnmək həvəsini və mütləqliyini qaytardı. Bu məktəbun sabahkı məzunları artıq azərbaycanlı olacaqdı. Rusiyada minbir zülmlə təhsilini başa vurub az qala ruslaşmağa məcbur olan azəri hərbçilərdən fərqli olaraq, bu zabitlər hərb sənətində ilk kövrək addımlarını və bərkimiş hərbçi yerişlərini öz doğma torpağında atdığından daha inamlı və yiyəlik hissinə daha yaxın olurdular. Sonrakı təhsilini harda davam etdirməsindən asılı olmayaraq, yenidən yiyəsi olduğu torpağa QAYIDIŞ mütləq idi. Özünün öz məmləkətində, öz torpağında gərəkliyinin təsdiqi üçün. Nəticə əvvəldən hesablanmışdı. Bu güclü fərdin çox uzaq gələcək naminə gördüyü işlərin ən vaciblərindən biri və ən əsaslısı idi. Nə vaxtsa müstəqil olacaq məmləkətin, düzü o illərdə bu çox fantastik görünə bilərdi, amma hər hansı bir dövlətin qüdrəti onun ordusundadır - orduda isə peşəkar zabit korpusu olmalıdır həqiqətini bilən Əliyevin ən böyük addımlarından biri idi. Sonralar Müstəqil Azərbaycanın Prezidenti olan Heydər Əliyev deyəcəkdi:

“...indi mən hərbi hissələrdə, döyüş bölgələrində, cəbhədə olarkən zabitlərlə rastlaşdım. Çoxları mənə tanışdır. Naxçıvanski adına hərbi məktəbin məzunlarının hamısı ilə görüşmüşdüm... Mən hər dəfə 13, 14, 15 yaşında oğlanların orda hərbi paltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən keçib gedən görəndə gözlərimdən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə yaxşı ki, biz bu işləri vaxtında görmüşük... Bu iş indi Azərbaycanın bu günü üçün nə qədər lazımmış!”

Bayrağı qəbul edənin Andı: “Namusuma və canıma and içirəm ki, bu müqəddəs keşikdə bir saniyə də olsun gözümü ondan ayırmayacağam. Onu həmişə uca tutacam. Rənginin əvəzi qanım olsun. Parçasının əvəzi canım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanımdan tər-təmiz saxlayacağam. Ağacını milli imanımla bərk tutacam. Baftası iman dolu qanımda namus, çökməz çiyinlərimdə ən şərəfli məsuliyyət olaraq qalacaqdır. Bu bayrağı məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. Keşiyini bir ibadət kimi tutacağam. İçdiyim bu anda sadiq qalacağımı göstərmək üçün bayrağımı öpür və təhvil alıram”.

Bu gün bu kursantlar müstəqil məmləkətin bəlli sərhədlərini qorumaq, dövlətinin güclü ordusunun zabiti olmaq mütləqi iyindən başqa daha mühüm, geri qaytarmağa məhkum olduğumuz itirilmiş torpaqlarımız naminə çox çətin, ancaq şərəfli bir həyat tərzi seçiblər. Mən qəsdən peşə sözünü işlətmirəm. Onlar müstəqilliyini yenidən qazanmış dövlətimizin bütövlüyünü təmin etmək naminə düzgün seçim edərək Əliyevin etimad və inamını doğrultmaq üçün TÜRK ZABİTİ adını doğrultmaq məramındadırlar. Dünən onların sayı 49 idi, bu gün isə yüzlərlədir.                                              

Məhz peşəkar kadrların hazırlanması mütləqliyi bir ölkə cavabdehi kimi, onsuz da onun diqqət və marağında idi. Ancaq xüsusi səy və ehtiyacla 1971-ci ildə Bakıda Cəmşid bəy Naxçıvanski adma hərbi kadrlar yetişdirəcək məktəb açmaqla o, məhz milli kadrların - yiyəlik hissini formalaşdıracaq azərbaycanlı zabitlərin - bu məmləkəti nə vaxtsa bütövləşdirəcək peşəkarların yetişməsi üçün bu addımı atdı. Maneələr çox idi. Həm kənardan, həm də daxildəki yad millətlər yetərincə möhkəm müqavimət göstərirdilər. Bütün maneələrə, səddlərə baxmayaraq, xüsusən 60-cı illərdən respublikada milli zabit kadrları yetişirdi. Ancaq onlar vətənə yox, SSRİ-yə xidmət edirdilər. Azərbaycanlı zabitlər Əfqanıstanda beynəlmiləl borclannı yerinə yetirərkən, Rusiya ilə Çin sərhəddini qoruyarkən həlak olurdular. BuŞ qaçılmaz idi. Sonradan güclə olsa da yetişməsi mütləq olduğuna əmin olan ata Əliyev bu mərhələdən keçməyin zəruriliyini hamıdan tez anlamışdı. Ona görə gizli qatları hələ indi açılan o vaxtkı səylər Müstəqillik Dövrünün ilk illərində bizi milli hərbi kadrların istisnasından xilas elədi və ən azı minimum itgi ilə biz vəziyyətdən çıxdıq. Vaxtıyla Azərbaycanın şimal bölgələrinin birində bu hərbi məktəbin filialının açılışı bizim istədiyimiz nəticəni vermədi. Bizim milli şüura xidmət etməyən nəticə... Əslində başqa nəticə də gözləmək düzgün deyildi. Çünki məkan düsturu diqtə etməli idi. Milli kadrlar yox - başqa millətdən olan hərbçilər, əslində sovet ideologiyasının əsas hissəsi idi. Bu addım isə bizim milli şüura xidmət etmirdi. Təbii ki, böyük səbr və manevrlə bu filial uzun müddət, hətta indiki ordumuzda izi qalsa da ləğv edildi. Neçə illik fasilədən sonra Hərbi məktəbin digər, məqsədə daha uyğun bir bölgəmizdə, təmiz türk qanlı hərbçilər yetişdirmək üçün filialı açılacaqdı. Bakıda yox, strateji baxımdan vacib bilinən yerli hərbçi kadrların mükəmməl şəkildə artırılması  üçün, məhz Naxçıvanda... Ancaq bu hələ gələcəkdə olacaqdı... Daha sonralar, türk dünyasının yetirdiyi bu nəhəng şəxsiyyət Kremldə böyük vəzifə tutduqdan sonra tarixi düşmənlərimiz görmədiyimiz, görmək istəmədiyimiz düşmənlərimizin əli ilə, lap elə içərimizdəki manqurtların dəstəyi ilə müxtəlif yollarla mübarizə aparmağa başladılar. Və Ermənistanda “beynəlxalq” erməni terrorizmi torunda Heydər Əliyevi aradan götürmək üçün baş çatladılırdı. H.Əliyev deyirdi: “Açıq deməsələr də, bəzi rəhbər işçilər vasitəsilə mənə çatdırmışlar ki, biz gərək Ermənistanla Azərbaycanın xəritəsini dəqiqləşdirək. Guya burda müəyyən səhvlər var. Mən isə hamıya deyirdim ki, bizim sərhədlərimiz məlumdur və heç nəyi dəyişməyə ehtiyac yoxdur”.       “Daşnaksütyun” partiyası isə bəyan etmişdi:

“Heydər Əliyev aradan götürülməzsə, QARABAĞ bizə vətən yox, məhbəs olacaq”.    Və ermənilər 60-cı illərdə özlərinə tarixi vətən saydıqları Naxçıvanın işğalı ssenarisinin məhz Əliyev tərəfindən alt-üst edilməsini yəqin ki, heç bir zaman unuda bilməyəcəklər. Bu fakta Naxçıvanın 90-cı illərdəki müdafiəsini də əlavə etsək, ermənilərin baxışlarını açıqlamamaq da olar. Hələ 1969-cu ildən “Qarabağ” ssenarisinin çoxdan yazıldığını bilən Heydər Əliyevin milli ordu yaratmaq cəhdinin o zaman kimləri və niyə narahat etməsinin də, müstəqil məmləkət qura bilmək yuxusunu belə görməyənlərin (Moskvanın manqurtlaşdırdığı nakəslərin) də qəzəbinin səbəbi aydındır. Bu türk oğlunun Kremldəki fəaliyyəti və təbii ki, Azərbaycan təəssübü onun ordakı düşmənləri ilə barabər erməni lobbisini, içimizdəki Əliyevə qarşı yaradılmış qrupun fəaliyyəti milli şüurun formalaşması naminə görülən bir sıra məsələləri nəinki inkişaf etməyə qoymadı, hətta tamamilə üstündən xətt çəkdi. “Türk oğlu Kremli də fəth etdi” - acısını yaşayanlar onu Kremldən uzaqlaşdırandan sonra da sakitləşmədilər. Vaxtı ilə onun respublikada gördüyü dövlət əhəmiyyətli işlərə kölgə salmaq taktikasına keçdilər. Əslində elə məqsəd də onun məhz bu dövlət üçün etdiklərini yox etmək idi.                     

1989-cu ildə C.Naxçıvanski adma hərbi məktəb daha çox tənqid hədəfinə məruz qalır. Hətta Respublika Maarif Nazirlyi burada təmizlik işləri aparır, uzun illər bu təhsil ocağına rəhbərlik etmiş və bir növ Əliyev tapşırığını yerinə yetirən Rauf Quliyev vəzifədən azad edilir. Təbii ki, yeni təyinat digər tapşırıq yerinə yetirməli idi. Valeh Bərşadlının gəlişinə qədər məktəb güclə əldə etdiyini, demək olar ki, itirmək təhlükəsində idi. Bərşadlı bu məktəbi tamamilə dağılmaq təhlükəsindən xilas etdi. İstər Moskva, istərsə də bədxah qonşularımız C.Naxçıvanski adma Hərbi Liseyin gələcəyini görürdülər. Onlar yaxşı bilirdilər ki, hər hansı bir xalqın, dövlətin gücü onun ordusundadır. Ordunun əsasını isə onun zabit korpusu təşkil edir. Haçansa Azərbaycan müstəqil bir dövlət olarsa, bu, düşmənlərimiz üçün böyük təhlükə olacaqdı. Odur ki, Azərbaycana qarşı torpaq iddiası irəli atılanda milli şüuru formalaşdıran bu hərbi məktəb faktoru yaddan çıxa bilməzdi.                

Əvvəlcə C.Naxçıvanski adına ixtisaslaşdırılmış orta hərbi məktəb, sonra ali komandirlər məktəbi, daha sonra Hərbi Lisey, Dənizçilik məktəbi, Aviasiya məktəbi... nəhayət, pedaqoji institutda xüsusi kurs — ali hərbi təhsil... Və indi... əgər o zaman bu məktəb yaradılmasaydı, yaxud da hərbi milli kadrların — zabitlərin mütləqliyi gündəmdə belə israrla durmasaydı... konkret olaraq indiki müharibə şəraitində kimlərdən, hansı millətdən olan əsgər-zabitlərdən yiyəlik hissi uma bilərdik?                                    Sonralar H.Əliyevin Moskvadan Naxçıvana gəlməsi və sərhəddə mövcud olan ağır vəziyyətin stabilləşdirilməsi istiqamətində apardığı işlərin, illah da ki, Türkiyə ilə olan əsrlik ayrılıqdan sonra qardaş münasibətlərini bərpa etməsi tezliklə, xüsusi olaraq hərbi və blokada məsələlərində öz bəhrəsini verdi. 1992-ci ilin mayında Naxçıvan ilə Türkiyə arasında Sədərək-Dilucu “Ümid” körpüsünün açılışı oldu. Bəlkə də o elə məhz bu addımla bizim Naxçıvanı itirməyimizin qarşısını aldı. Və H.Əliyev faktoru ermənilərin Naxçıvan işğalı planını 60-cı illərdən sonra 3-cü dəfə, yəqin ki, axırıncı dəfə alt-üst etdi. Azərbaycanın digər ərazilərinin işğalı fonunda Naxçıvanın müdafiəsi böyük Azərbaycanın bərpası üçün ermənilərə təhlükəli və psixoloji bir fakt oldu.

         1997-ci ildə Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr tarixli sərəncamında “Respublika ixtisaslaşdırılmış internat məktəbi”ni müasir standartlara uyğunlaşdırmaq məqsədi ilə həmin məktəbin “Cəmşid Naxçıvanski adma Hərbi Lisey” adlandınlmasına qərar verilir. 1998-ci ildə isə Azərbaycan ordusunun peşəkar hərbi kadrlara olan tələbatını daha mükəmməl ödəmək, ərazi etibarıyla Azərbaycandan təcrid olunmuş Naxçıvanın müdafiə qüdrətini daha da yüksəltmək, gənclərin hərbi təhsil alması üçün Cəmşid Naxçıvanski adma Hərbi Liseyin Naxçıvan filialının açılması qərarını verdi ata Əliyev.   Bu, həm də qədim Naxçıvan torpağının gənclərinə genlərində xan Naxçıvanskilərin davamçısı olmaq şansını oyatdı. Maraqlı bir fakt: həm Bakıda Naxçıvanski adma Hərbi Liseyin, həm də Naxçıvan filialının ilk məzunlannın sayı 49 nəfər idi. Fərq onda idi ki, Bakının 1973-cü il məzunlarından 5 nəfər, Naxçıvanın 2001-ci il məzunlannm isə hamısı ali hərbi məktəblərə daxil olmuşdu. Blokadada yaşayan Naxçıvan və naxçıvanlılar üçün bu, həm də son Kəngərli generalının yenidən hərbçilər sülaləsini yaratmaq şücaətini göstərmək imkanı idi. Bu məsuliyyəti tamlığı ilə dərk edən Naxçıvan hərbçiləri blokada şəraitində belə düşmənin qıcanmış dişləri, dəfələrlə hücum cəhdinin qarşısını əsl xan Naxçıvanskilər kimi dəf etmiş... bir qarış belə torpaq itgisinə imkan vermədilər. Bu günə kimi də məmləkətin bu sərhədləri əsgər və zabitlər tərəfindən nümunəvi şəkildə qorunur. “Azərbaycanı azərbaycanlılar qorumalıdır” fikrini söyləyən general, əslində Milli Qüdrətli Ordu yaratmaq arzusunda idi.

“Mənim üçün hər bir əsgər, döyüşçü, zabit Azərbaycan vətəndaşlarinin hər birindən qiymətlidir, daha yüksəkdir”. Bu, Əliyevin Azərbaycan hərbçisinə verdiyi qiymət idi. İnanırıq ki, hərbçilərimiz bu qiyməti tam doğruldacaq! ...Və bütöv Azərbaycanın bərpasından sonra azərbaycanlı gənclərin əksəriyyəti xan Naxçıvanskilərin davamçısı olacaq, bu qiyməti qazanmaq üçün azərbaycanlılarda hərbçi ləyaqətinə ehtiramın formalaşdığını da görəcəyik. Onda hər bir gəncimiz dövlətin əsas gücünü göstərən möhtəşəm ordusunun zabiti olmaq şərəfini qazanmaq arzusu ilə yaşayacaq. Bax onda bu dövlətin torpaqları bir daha heç bir təcavüzə məruz qalmayacaq. Çünki bu qürurlu zabitlər öz millətimizdən, soyadları isə Əli, Vəli, Məmməddir.

Elə o da bunu istəyirdi...   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5685
avatar

Mehriban Ələkbərzadə

Oxşar yazılar