“Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışını yüksək dəyərləndirirəm, bunu çox böyük sevinclə qarşıladım”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, bu, bir daha Prezident İlham Əliyevin Azərbaycan xalqının sağlamlığına, rifahına nə dərəcədə ciddi yanaşdığını göstərir: “İndiki vəziyyətdə dünyada ölkələr nəinki maska ixracı həyata keçirir, hətta maska istehsalı avadanlıqlarının da ixracına qadağa qoyub. Məhz Prezident öz şəxsi nüfuzundan istifadə edərək xaricdən bu avadanlıqların alıb gətirilməsinə nail oldu, cəmi iki həftə ərzində bu istehsal sahəsi yaradıldı. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Bu, ilk növbədə Azərbaycanın daxili tələbatına yönələcək. Bu, çox böyük bir nəailiyyətdir”.
Millət vəkili nəzərə çatdırıb ki, Sumqayıt Kimya Sənaye Parkı da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə açılıb: “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu o deməkdir ki, bu müəssisə Sumqayıt Kimya Sənaye Parkı üçün nəzərdə tutulan güzəştlərdən faydalanacaq. Eyni zamanda istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır, Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. O cümlədən qısa müddət ərzində 6 spirt zavodunda dezinfeksiya vasitələrinin istehsalına başlanılıb və artıq satışa verilir. Bu, Prezidentin qısa müddətdə intizamı yüksək səviyyədə təmin etdiyini ortaya qoyur, Prezidentin bu addımları Azərbaycan xalqını sevindirir”.
Millət vəkili qeyd edib ki, açılış zamanı Prezidentə STEAM-Azərbaycan layihəsi barədə də məlumat verilib: “2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir. Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur. Bu da Azərbaycanda qısa müddətdə bu sahədə ciddi uğurlar qazanıldığını göstərir”.
T. Kərimli qeyd edib ki, dövlət başçısının Azərbaycan xalqına müraciətinə də toxunub: “Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, tibbi maska ilə bağlı ölkəmiz idxaldan asılı olub, iki həftə ərzində dövlətin də dəstəyi ilə bu istehsal sahəsini yaratmaq mümkün olub. Bu da tibbi maska qıtlığının aradan qaldırılmasına imkan yaradacaq. Hətta inkişaf etmiş dünya ölkələrində tibbi maska və dezinfeksiya vasitələri sahəsində qıtlıq var. Lakin Azərbaycan artıq bu sahədə öz ehtiyaclarını ödəyə biləcək, Azərbaycan xalqı qoruyucu vasitələrlə təmin olunacaq. Artıq hər kəs bu məsələyə məsuliyyətli yanaşmalıdır. Dövlət başçısı onu da qeyd etdi ki, süni qiymət artımı olarsa, həmin şəxslər ciddi şəkildə cəzalandırılacaq. Çünki qiymət artımına heç bir əsas yoxdur, kifayət qədər maska istehsal ediləcək. Prezident eyni zamanda sahibkarlıq mühitinin inkişafına, özəl sektora qayğı ilə bağlı da fikirlərini bildirdi. Bu məqsədlə ayrılan vəsaitin sahibkarlara çatdırılacağını açıqladı. Dövlət başçısı bir daha tələb etdi ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Qeyd etdi ki, neftin qiyməti 2 dəfə ucuzlaşsa da, amma dövlət onları köməksiz qoymayacaq. Prezident Azərbaycan dövlətinin qabaqlayıcı tədbirlər gördüyünü, insanların sağlamlığını qorumağın əsas vəzifə olduğunu vurğuladı. İndiyə qədər koronavirusla bağlı yoluxmaların qısa müddətdə üzə çıxarılması üçün 45 min test keçirilib. Bu istiqamətdə müvafiq addımlar atılmaqdadır ”.
Millət vəkili dövlət başçısının aprelin 5-dən Azərbaycanda qüvvəyə minmiş karantin rejiminə riayət edilməsini bir daha tövsiyə etdiyini də xatırladıb: “Karantin rejiminin pozulması hüquqi məsuliyyət yaradır. Çünki əhalinin sağlamlığını qorunması üçün bu, çox vacibdir. Hazırda 20-yə yaxın xəstəxanada koronavirusa yoluxan xəstələr müalicə alır. Br neçə gün əvvəl Prezident İlham Əliyevin açılışında iştirak etdiyini “Yeni klinika”da da koronavirusa yoluxan xəstələrin müalicəsi nəzərdə tutulur. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar. Dövlət başçısı çıxışında həkimlərimizin peşəkarlığını da xüsusi qeyd etdi. İnşallah, inanırıq ki, dövlət başçısının da tövsiyəsinə uyğun olaraq, aprelin 20-nə qədər davam edəcək karantin rejiminə əməl olunacaq və bu bəlanın qarşısı alınacaq”.
T. Kərimli hazırda 4 500 nəfərin karantində olduğunu söyləyib: “Dövlət başçısının da qeyd etdiyi kimi, karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər. Hesab edirəm ki, dövlətimizin bu sahədə atdığı addımlar təqdirəlayiqdir. Dövlət başçısının çıxışında qeyd etdiyi bir məqama da toxunmaq istəyirəm. Koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaq. Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Dövlət başçısı nəzərə çatdırdı ki, ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bir sözlə, dövlət başçısının əhalinin sağlamlığının qorunmasına nə dərəcədə yüksək səviyyədə və həssaslıqla yanaşdığı ortadadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb, yaşı 65-dən yuxarı 176 nəfər əfv edilib. Dövlət başçısına bu humanist addımı üçün də təşəkkür edirəm. Mən bir neçə dəfə Milli Məclisdə çıxışlarımda bu məsələni qaldırmışam. Prezident 65 yaşından yuxarı məhbusları əfv edərək çox humanist bir addım atdı. Bizim isə üzərimizə düşən vəzifə odur ki, hamımız - iqtidarlı, müxalifətli bütün cəmiyyətimiz əlbir olaraq və bu bəlanı birgə aradan qaldıraq, hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı qaydalara da riayət edək”.