Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti
09 iyul 2020 20:15 (UTC +04:00)

Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti

Tofiq Qafar oğlu Rzayev. 1945-ci ildə Oğuz rayonunun Yaqublu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Sumqayıt şəhərinə gəlib, burada Texnologiya texnikumuna daxil olub. Gənc yaşlarından idmana böyük həvəs göstərib. Güləş, xüsusilə sambo ilə məşğul olub. Dəfələrlə yarışlarda iştirak edib, SSRİ miqyasında uğurları ilə şöhrət qazanıb.

Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı illərdə sambo üzrə keçirilən yarışların qalibi olub. Sonralar SSRİ idman ustası adına layiq görülüb.

Yetirmələri bir çox ölkələrdə sambo ad çıxarmış idmançılardır.

Qarabağ müharibəsi başlayanda əlinə silah alıb, torpaqların müdafiəsinə qalxıb. Şuşanın işğalından əvvəl Şuşada yerləşən ən iri batalyonlardan biri olan 500 nəfərlik Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsinin (Qarabağ batalyonu) komandiri olub. Doğulduğu rayonun adı ilə Tofiq Oğuz kimi tanınıb.

Sonuncu dəfə Laçın dəhlizində başından yaralı vəziyyətdə görünüb. Sağ qalıb-qalmaması haqda heç bir məlumat yoxdur. 2010-cu ildə şəhidlik statusu alıb.

***

Qapıdan girib, salamlaşıram. Yayın istisində otaqdakı sərinlik xeyli rahatlıq gətirir.

Həyat yoldaşı Güləsər xanım, oğlanları Polad, Qafar, cəbhə dostları Fəxrəddin, Seyidlə birgə Tofiq Oğuzun həyatından, döyüş fəaliyyətindən danışacağıq. Tofiq Oğuzun divar boyu düzülən fotolarına baxıram. Güləsər xanımdan qəhrəmanımızın neçə övladı olduğunu xəbər alıram.

 

Qəhrəman

- Üç övladımız olub. İki oğlan, bir qız. Qız ortancılımız olub. Tofiq gedəndə böyük oğlum Polad üç yaşında, qızım yaş yarımlıq, balaca oğlum isə hələ doğulmamışdı. Tofiq 1992-ci il aprelin 28-də axşam evdən cəbhəyə getdi, aprelin 29-da isə kiçik oğlum dünyaya gəldi.

Söhbətimizin bu yerində telefon zəngi gəlir. Məlum olur ki, Tofiq Oğuzun Amerikada yaşayan bacısı da bizimlə söhbətə qoşulmaq istəyir. Ancaq telefon danışığı alınmır. Söhbətə Tofiq Oğuzun cəbhə yoldaşı Fəxrəddin Sadıqovla davam edirik:

- Rəhmətlik Tofiq bəylə mən 1992-ci ildə Şuşada tanış omuşam. İlk dəfə onu görəndə soruşdum ki, idmançısan? Cavab verdi ki, bəli. Çünki cüssəli, hündürboylu adam idi. Elə bil bədəni qranitdən yonulmuşdu. Onun sağlam bədənində həqiqətən də sağlam ruhu, vətəni üçün döyünən ürəyi vardı.

Bizim orda əsas məqsədimiz torpağı, vətəni qorumaq idi. Döyüşçülərin də böyük əksəriyyəti könüllülərdən ibarət idi. Mən Tofiq bəy kimi şəhid olmadım, amma bu gün çox əziyyət çəkirəm. Keçmişi xatırlamaq ağırdı... Əgər mən də şəhid olsaydım, sözsüz ki, mənim övladlarım da ən xoş günlərində məni axtaracaqdılar. Biz sağ qalsaq da, məğlub olduğumuz üçün çox sıxılırıq. Tənələr bizi çilik-çilik edir. Mən bütün müsahibələrimdə Tofiqin adnı çəkirəm. Ona görə ki, may ayının 8-də Şuşadan salamat çıxan minlərlə insan Tofiqin ruhuna borcludurlar. Bu gün mənim də borcumdur ki, Tofiq haqqında danışım. Tofiqin ölümü həm də mənim içimdə ən böyük yükümdür. Biz onunla bir il bir yerdə döyüşmüşük. Həddindən artıq intizamlı, hərbə meylli, tələbkar adam idi. O, mənim üçün əsl türk oğlu, Kirs dağı, Savalan, Dəli dağdı. Tofiq mənim içimdə belə yaşayır.

Bayaqdan susqun oturan, babasının adını daşıyan evin sonbeşiyi Qafardan atası haqqında danışılanların fonunda hansı hisslər keçirdiyini soruşuram:

- Təbii ki, qürur hissi keçirirəm. Çünki atam 47 yaşında cəbhəyə könüllü gedib. İstəsə, getməyə də bilərdi. Mən onun üzünü görməmişəm, o da mənim. Atam cəbhəyə çatanda mənim doğulmağımı ona xəbər veriblər.

- Atanızı görə bilməməyinizi nə ilə kompensasiya etmisiniz?

- Beləcə danışılanlarla. Ən çox da anamın danışdıqları əsasında bir ata obrazı yaranıb. Rastlaşdığım döyüş yoldaşları, qonşular, qohumlar hamısı onun haqqında müsbət şeylər danışıblar. Ürəyimdə onun nisgili, əlbəttə, olub. Amma bu o demək deyil ki, mən onun yaşadığı ömrə görə məyusluq keçirirəm. O, qəhrəman olub.

 

Vətən

Güləsər xanım deyir ki, Tofiq Oğuz cəbhəyə getməzdən əvvəl sambo ilə məşğul olub. Onlar 1988-ci ildə tanış olub, ailə qurublar.

- Sambo üzrə respublika dərəcəli hakim idi. O vaxt SSRİ-də gedən sambo yarışlarına hakim kimi dəvət olunurdu. O, cəbhəyə gedəndə biz qayınanamla bir yerdə yaşayırdıq, ondan sonra da 12 il qayınanamla birgə olduq.

Biz ailə quranda Qarabağ məsələləri artıq başlamışdı. Tofiq ilk dəfə Şuşaya tibbi yardım aparmaq adı ilə getdi. Bəlkə də planlı şəkildə getmişdi. Bilmirəm. Bunları mənimlə bölüşmürdü. Bir müddət qaldı orda. Evə bir də 1992-ci ilin mart ayının 14-də - böyük oğlumuz Poladın ad günündə gəldi. İki gün qalıb, getdi. Sonra bir dəfə də gəldi. Sonuncu dəfə həmin il aprelin 25-də gəldi...

Müharibənin içərisindən keçib gələn insanların bir çoxu ilə ünsiyyətdə olmuşam. Qəribədir ki, onların gözlərində izah olunmaz qəmginlik, kədər olur. Döyüşün, od-alovun içindən keçib gələn insanların sonrakı həyatlarında nə qədər xoşbəxt olub-olmadıqlarını söyləmək çətindir. Xanımından Tofiq Oğuzun müharibədən sonra xasiyyətində hansısa bir dəyişikliyin olub-olmaması ilə maraqlanıram. Axı o da böyük döyüşlərin, əməliyyatların içərisindən keçmişdi. Qarşısında yüzlərlə insanın gözü bağlanmış, ürəyinin səsi susmuşdu.

- Müharibə onu dəyişmədi. Sadəcə olaraq, əvvəlkindən daha çox qayğılı olmuşdu. Fiziki cəhətdən həmişəki kimi güclü idi. Bu fiziki görünüş bəlkə də adamı aldada bilər, amma daxilən durulmuş, saflaşmışdı. Çünki gözünün qarşısında şəhid olan, yaralanan döyüşçülər üçün keçirdiyi hisslər və yaxud da iştirak etdiyi əməliyyatlarda yaşadığı həyəcanlar hamısı onun xarakterinə hopmuşdu. Yaşadığı o hisslər, ab-hava onu qəddarlaşdırmaq əvəzinə, gün-gündən durultmuşdu. Tofiq vətənin nə olduğunu bilən adam idi.

Fəxrəddin bəy söhbətimizə qoşulur:

- Yadıma gəlir, Ramiz Qəmbərovla Nəriman şəhid olan yerə çatıb Nərimanın meyitini ordan çıxartmaq istəyəndə, ermənilər bizi atəşə tutdu. Baxdım ki, silahımdakı güllələr qurtarıb. Nərimanın sinəsindəki avtomatı götürdüm, onda da güllə bitmişdi. Onda yanımdakı Amil adlı döyüşçüyə dedim ki, Amil, bilmək olmaz burdan hansımız sağ çıxacayıq, amma işdir, sən sağ qalsan, Şuşaya çatanda deyərsən ki, Nəriman qəhrəman idi, son gülləsinə qədər vuruşmuşdu. İndi də bu sözlərim yadıma düşəndə üşüyürəm...

 

Dönməmək

Söhbətimizə Tofiq Oğuzun bacısı Əntiqə xanım ailəsi ilə birgə qoşulur. Əntiqə xanımın həyat yoldaşı İshaq bəy deyir ki, Tofiq Oğuzla qohum yox, həm də əqidə yoldaşı olublar:

- O vaxtın insanları romantik idilər. İndi Fəxrəddin müəllim danışarkən də həmin romantikanı hiss etdim. Soyuq, rasional düşüncəli insanlar döyüşə, ölümə aparcaq addımları atmaya bilirlər. Amma romantik olanların sevgisi başqa olur. Sevgisi yüksək olanların isə fədakarlığı da ayrıdı. Ona görə də Tofiq bəydə onun boyu, cüssəsi, görkəmi ilə uyuşmayan qəribə bir duyğusallığı, romantika vardı. Tofiq torpağa olan məhəbbətini özünə götürdüyü Oğuz təxəllüsü ilə də sübut etmişdi. Bakıya gələndə bizə də gələrdi mütləq. Son gəlişində bizə gəldi. Rəhmətlik Məmməd Aslan da bizdə idi. Onda Tofiqlə Məmməd Aslan xeyli söhbət etdilər, şəkillər də çəkdirdik. O şəkillər indi də bizim evimizdə xatirə kimi durur. Həmin gün mən Nihal Adsızın vətənpərvərlik haqqında olan bu şeirindən bir bənd dedim:

Qəhrəmanlıq, nə yalnız bir yüksəliş deməkdir.

Nə də günəşlər kimi parlayıb, sönməməkdir.

Bunun üçün ölümə bir atılış gərəkdir,

Atıldıqdan sonra da, bir daha dönməməkdir!

İndi özüm də kövrəlirəm. Onda da kövrəlmişdim... Bu şeir səslənən zaman mən gördüm ki, Tofiq kimi cüssəli bir insan da qəhərləndi və onun üzündəki, qollarındakı tüklər biz-biz oldu. Bilmirəm. Mən onun ölümünə hələ də inanmıram, inanmaq istəmirəm. Xatirəsi isə hər zaman qəlbimizdədir. Tofiq mənim üçün ölümə atılan və dönməyən qəhrəmanlardan biridir. İnanıram ki, Tofiq və onun kimi oğulların qəhrəmanlığı tariximizdə, mili salnaməmizdə, dərsliklərdə öz yerini alacaq.

 

Son patron

Qarabağ müharibəsindən sonra saçına həna qoymayan, toylarda qol qaldırıb oynamayan, susub bir kənardaca nisgillə ətrafa boylanan, bir dərdi-səri olanda deməyə qardaş tapa bilməyən minlərlə şəhid bacısından biri də qardaş dərdi ilə qəribçilikdə yaşayan Əntiqə xanım danışır:

- Tofiqlə on iki yaş fərqimiz vardı. O, məndən böyük idi. Amma buna baxmayaraq, mən ailə qurandan sonra belə onunla aramda çox gözəl dostluq yarandı. Biz o qədər mehriban idik, ən xırda problemdən tutmuş böyüyünə qədər hamısını bir-birimizə açıq, rahat deyə bilirdik. Yadıma gəlir ki, o Bakıya gələndə biz gecə uşaqları yatırdıb, səhərə qədər oturub söhbətləşirdik. Çox təmkinli və qətiyyətli idi. Bəlkə də bu idmançı olmasından irəli gəlirdi. Ümumiyyətlə, ürəyimdə onunla bağlı həmişə narahatlığım vardı.  Sonuncu dəfə bizə gələndə biz yanaşı oturmuşduq, mən də həmişəki kimi sanki ona sığınmışdım. Birdən onun yaxasında bir patron gördüm, dedim, qaqaş, bu nədi? Dedi, o mənimdi. Sona an üçündür, hər şey ola bilər. Mən onda patronu onun sinəsindən çəkib götürdüm. Elə bildim ki, patronu götürməklə onu qoruyacam. Dedim, hara gedirsən, harda döyüşürsən, döyüş, amma sənə özünü vurmaq üçün patron lazım olmasın. Bu, bizim sonuncu görüşümüz oldu. Tofiqlə bircə dəfə sonradan telefonla, bir də ikinci oğlu olanda söhbət etdik. Mənə zəng vurub dedi ki, bacı, bilirsən, mənim bir oğlum da oldu.

Əntiqə xanım deyir ki, Tofiq Oğuz qətiyyətli və prinsipial adam olub. Dediyindən heç zaman dönməyib. Onun istədikləri həyata keçməyəndə, kimlərsə tərəfindən pozulanda çox əsəbiləşərmiş, Bir az da bəlkə cəmiyyətə, ətrafa görə həddindən artıq sərtliyi, mühafizəkarlığı vardı:

- Mən İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olanda çox əsəbiləşdi, amma sonradan mənə hədiyyə alıb gətirmişdi. Yəni xarakteri nə qədər tünd olsa da bir o qədər də vicdanlı və ədalətli idi. Qohumlarının arasında da barışdırıcı, sosiallaşma xasiyyəti vardı. Heç bir qohumun dərdinə laqeyd qala bilməzdi. Biz atamızı çox erkən itirmişik, ona görə də Tofiq anamıza çox bağlı idi. Onu çox istəyirdi. Amma son illər mənə qarşı çox mehriban idi. Mən yaşda qardaşlarımdan çox kiçik idim, amma buna baxmayaraq, məni sanki ana yerində görürdülər.

- Qardaşınızla bağlı ən çox hansı situasiyaları xatırlayırsınız?

- Çox şeylər olub. Amma niyəsə son görüşümüz məndə həm hüznlü, həm də işıqlı hisslər yaradır. Onu iki həftə bundan əvvəl yuxuda görmüşəm. O qədər aydın yuxu idi ki, sanki həqiqətən də sağ idi və bizim yanımıza gəlmişdi. Yalandan emosionallıq etmək istəmirəm, amma Tofiqin adı gələndə mən həmişə kövrəlirəm. O, mənim sözümün bitdiyi yerdi. O, mənim həm qürur zirvəmdi, həm də kədər. Mənim qədər bu ağrını, kədəri heç kim hiss edə bilməz. Mənim digər qardaşlarım da rəhmətə gedib, amma Tofiq mənim üçün bir başqadır. İndi də bir addım atanda ürəyimdə Tofiqlə məsləhətləşirəm, elə bilirəm o, hardansa məni görür, duyur, eşidir. Tofiqdən sonra mən atamı, anamı, hər kəsi unutmuşam. Onun adı mənim üçün hər kəsdən birinci gəlir (kövrəlir).

Tofiq bəyin ailəsi ilə görüşməzdən əvvəl oğlu Polad etiraf etdi ki, atasının döyüş dostlarının çoxu onun haqqında xatirələrini danışmaq istəyir. Ancaq o, reportajımız barədə yalnız iki dostuna xəbər verib. Onlardan biri isə susqun, kədərli baxışlarla bizi dinləyən Mirseyid də keçmiş döyüşçüdür. Seyid bəy də Tofiq Oğuzla tanışlığını xatırlayır:

- Tofiq Oğuzla 1992-ci ildə Şuşaya gələndə tanış olmuşam. O, təkcə hərbçi yox, həm də bir tərbiyəçi, müəllim idi. Bizimlə hərtərəfli söhbət edirdi. Biz Şuşada məktəb binasında qalırdıq. Uşaqların çoxu da könüllü gəlmişdi. Hamımız saqqalı idik. Bir dəfə bizi sıraya yığıb dedi: Biz bura könüllü gəlmişik, hərbi nizam intizama, qaydalara da əməl etməliyik. Saqqalarınızı təraş edin, üst-başınızı və xüsusən qaldığınız məktəbin həyətini təmiz saxlayın. Bura təhsil ocağıdır. Buranı çirkləndirmək olmaz. Onda biz ətrafımıza baxdıq, gördük doğurdan da hər tərəf tərtəmizdir. Amma ondan bir gün qabaq pis vəziyyətdə, səliqəsizlik idi. Tofiq gecə hamı yatandan sonra məktəbin həyətini təmizləmiş, yığışdırmışdı. Bizə dedi ki, mən bunu nümunə kimi etdim ki, siz də belə davam edəsiniz. Sərt idi. Onun əmrini yerinə yetirməmək mümkün deyildi. Səhəri gün hamı saqqalını təmizləmişdi. Amma mən yox. Onda ona dedim ki, mən seyidəm əvvəldən saqqalda olmuşam. Güldü, üstümə çox gəlmədi.

Xocalı alınanda səhərə qədər ağlamışdı. Biz səhər gördük ki, o, çox sarsılmışdı. Sonuncu dəfə mən Şişqaya deyilən yerdə postda olanda onunla ratsiya vasitəsi ilə danışmışam. Bu, mənim onunla son söhbətim oldu.

 

Ata payı

Şuşanın son günü, qanlı döyüşlər gedən ərəfədə Tofiq Oğuz yaralanır. Ancaq döyüşməyə davam edir. Əsgərlərinə işarə edir ki, siz çıxın, düşmən növbəti dəfə hücuma keçsə, mən onların qarşısını tək saxlayacam. Ancaq sonrakı hadisələr göstərir ki, Tofiq Oğuz döyüş meydanından sağ xilas ola bilmir. Onun şəhid olması və ya əsir götürülməsi haqqında heç kimdə müfəssəl məlumat olmur. Güləsər xanım deyir ki, Tofiq Oğuza itkin statusu 2000-ci ildə, şəhidlik statusu isə 2010-cu ildə verilir. Oğlu Polad da atası haqqında eşitdiklərini belə nəql edir:

- Mən bildiklərim, öyrəndiklərim də bu qədər olub. Atam sonuncu döyüşdə başından və çiynindən yaralanıb. Ətrafında 7 nəfər adam olub. Onlara deyib ki, siz çıxın, mən tək döyüşə bilərəm. Sizi qoruyacam. Amma uzaqlaşandan sonra havaya atəş açın, bilim ki, sağ-salamatsınız. Həmin əsgərlər ordan uzaqlaşandan sonra atam olan yerdə güclü atışma başlandığını eşidiblər. Yəni atam istəsəydi, ordan çıxa da bilərdi. Çünki yerimə qabiliyyəti olub, yarası da o qədər dərin olmayıb. Amma çox qan itirib. Ordakı əsgərlərin birinə “soyuqdur, üşüyürəm” sözlərini deyib...

Güləsər xanım böyük oğlu Poladın atası gedəndən onun üçün etdiyi xiffətdən, ona qarşı duyduğu həsrətdən bəhs edir.

- Polad boyu atası kimi uca görünsün deyə yastıqları üst-üstə qoyub üstündə əyləşirdi. Qayınanamla birlikdə qalırdıq, o, hər dəfə nahar vaxtı nənəsini ağladırdı, ona deyirdi ki, nə olsun atam yoxdu, mənim atamın da payını ayır. Arvad çox ağlayırdı, deyirdi, bunlar məni öldürəcəklər. Qızımın iki yaşı tamam olmuşdu, qəfildən oyuncaqlarla oynadığı yerdə, yuxudan durandan sonra atasını axtarırdı, deyirdi, ana, atam xəstələnib, onu harasa apardılar.

Mən dörd il Tofiqi axtardım, dörd ildən sonra yox.  Bunun da səbəbi oldu. 1996-cı ildə atam rəhmətə getdi. Bir gün yuxuda gördüm ki, atam bağımızın içindəki oturacaqda oturub, bir az sonra Tofiq də hərbi paltarda bağın içindən keçib, onun yanında əyləşdi. O yuxudan sonra Tofiqi axtarmadım, bildim ki, artıq o, həyatda yoxdu.

Tofiq Oğuzun ailə üzvləri ilə sağollaşıb, çıxıram. Yolboyu qəhrəman haqqında eşitdiyim söhbətlərin təsirində oluram. Özünü ölümə sipər edən insanın torpaq, vətən uğrunda göstərdiyi təmənnasız xidmətin qarşılığında yazacağım yazının süjetini qururam. Və qəfildən yadıma, Poladın atası haqqında dediyi son cümlələr düşür:

Mən xoşbəxtəm ki, o cür kişinin, ləyaqətli komandirin oğluyam. Atamın yoldaşlarının dediklərindən eşitmişəm ki, o, yaralı olanda yarasını bağlamaq, qanını kəsmək üçün heç nə tapmayıblar, sonunda məcbur qalıb bayrağımızı onun alnındakı yaraya bağlayıblar. Atam sağlığında uğrunda döyüşdüyü vətənin bayrağına bükülüb. Mənim üçün bundan böyük fəxr ola bilməz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 34201
avatar

Samirə Əşrəf

Oxşar yazılar