“Hər dəfə də deyirdi ki, ərməni məni vura bilər?” – Şəhid tankçımızın QƏHRƏMANLIQ HEKAYƏTİ
30 oktyabr 2020 20:15 (UTC +04:00)

“Hər dəfə də deyirdi ki, ərməni məni vura bilər?” – Şəhid tankçımızın QƏHRƏMANLIQ HEKAYƏTİ

 

 


Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Albert Aqarunova həsr olunub.

 

***

 

Albert Aqarun oğlu Aqarunov. 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək, peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1987-ci ildə Aqarunov hərbi xidmətə çağırılıb və Gürcüstanda tank komandiri kimi xidmət keçib. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda işləyib.

 

Qarabağ müharibəsi başlayarkən Aqarunov könüllü cəbhəyə yazılıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Göstərdiyi şücaətlərdən qorxuya düşən ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.

 

Albert Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. 2019-cu ildə Bakının Nərimanov rayonunda ona heykəl qoyulub.

 

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Təltif 5 may 1998-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən şəhidin bacısı Sofiya Məmmədovaya təqdim olunub.

 

Əfsanə

 

Onu işıqlı simasını ilk dəfə dayımgilin ağ-qara televizorunun ekranından görmüşdüm. Tankın üstündən baxıb gülümsəyir, jurnalistin suallarını cavablandırmağa utanır, tez-tez müsahibə verə bilmədiyini qeyd edib, suallardan yayınmağa çalışır. Lakin müharibəyə nə üçün gəldiyini, kiminlə vuruşduğunu, məqsədinin nədən ibarət olduğunu da dəqiqliklə qeyd edir. Müharibənin axırına qədər vuruşacağını bildirir.

 

Əfsanəvi insanlar xalqın yaddaşında daha çox simaları ilə qalırlar. Xalq isə qəhrəmanlarını göstərdikləri şücaətdən, igidlikdən sonra bağrına basır, onu vətənin qəhrəmanı kimi qəbul edir. Xalq üçün yazılı tarixin dərinliklərinə getmək o qədər də maraqlı olmur. O, qəhrəmanının etdiyi əməllər haqqında əfsanələr, dastanlar qoşur, mahnılar bəstələyir. Bir sözlə, onun özünün yaddaşına özünəməxsus şəkildə nəqş edə bilir.

 

Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunov da xalqın qəlbində bu günə qədər də yaşayan, əfsanəyə çevrilən insanlardandır. Albertin şəhid olmasından sonra valideynləri dünyasını dəyişib. Onun digər bacı və qardaşları isə hazırda İsraildə yaşayırlar. Onun ailə üzvlərindən kimisə tapmaq üçün xeyli axtarış etməli oldum. Nəhayət, qardaşı Rantik Aqanurovla, xalasıqızı Aynur xanımla və döyüş dostları Hacı Əzimov, Ağababa Qasımovla söhbətləşməyə, Albert haqqında maraqlı əhvalatları dinləməyə, bu söhbətləri yazıya çevirməyə nail oldum. Söhbətimizə şəhidin qardaşı, ildə neçə dəfə İsraildən Azərbaycana gəlməyi, qardaşının məzarını ziyarət etməyi özünə borc bilən Rantik Aqanurovla başladıq:

 

- Ailədə 10 uşaq olmuşuq. Səkkiz qardaş, iki bacı. Evimizin ən kiçik uşağı Albert idi. Mən ondan beş yaş böyük idim. Əmircanda doğulub, orda yaşamışıq. O, çox sakit və heç kimlə işi olmayan bir uşaq olub. Kimsə ona toxunanda, onu sakitləşdirmək mümkün deyildi. Amma ümumən sakit, üzüyola oğlan idi. Vətəni çox sevirdi. Musiqi ilə məşğul olurdu. Demək olar ki, bütün musiqi alətlərində ifa etməyi bacarırdı. Ancaq musiqi ixtisası truba ifaçılığıydı. Məktəbi bitirəndən sonra Gürcüstanın Axalkalaki şəhərində hərbi xidmətdə oldu. 1989-cu ildə hərbi xidməti bitirib qayıtdı. O zaman artıq burada vəziyyət gərginləşirdi. Albert də 1991-ci ildən könüllü olaraq cəbhəyə yazıldı. Bizə bu haqda deyəndə ailəmizdə heç kim onun bu istəyinə qarşı çıxmadı. Çünki Azərbaycan bizim vətənimizdir. Ehtiyac olardısa, bizim hamımız, bütün qardaşlarım vətənimiz uğrunda döyüşməyə hazır idik, bu gün də hazırıq. Onun cəbhəyə yollanma xəbərinə, elə sonralar da bir az anam narahat oldu. Albert isə hər dəfə evə gələndə onu inandırıb əmin edirdi ki, hər şey yaxşı olacaq.  

 

Könüllü...

 

Bütün analar kimi, Albertin anası Liza xanım da övladı üçü narahat olur, onun yolunu gözləyir, evinin sonbeşiyinin sağ qayıdacağı günlərə ümid bağlayır. Rantik deyir ki, Albert cəbhədə olarkən onun haqqında həmişə yaxşı sözlər eşidirdilər. Həm cəbhə dostlarından, həm də komandirlərindən:

 

- O vaxt Albertə Müdafiə Nazirliyi tərəfindən bir neçə dəfə təşəkkürnamə də verilmişdi. Cəbhədə olanda cəmi ikicə dəfə evə gəlmiş, bir neçə gün qalıb yenidən cəbhəyə qayıtdı. Qəribədir ki, müharibə onu dəyişməmişdi. Elə həmişəki şən Albert idi. Müharibə haqqında, cəbhədən danışmağı isə sevmirdi. O vaxtı ailə üzvləri arasında pərdə vardı. Yeniyetmələr böyüklərə çox sözü demirdilər. Albertin sevdiyi qız olub-olmadığını bilmirəm. Bəlkə də olmuşdu, amma bu barədə bizə heç nə deməmişdi. Baxmayaraq ki, biz qardaşlar həm də bir-birimizlə qardaş yox, dost kimi idik. Albertin hamımızla münasibəti gözəl idi.

 

Albertin xalasıqızı Aynur xanım da söhbətimizə qoşulur. Albert şəhid olanda Aynurun cəmi on yaşı olub. Ancaq bununla yanaşı, Albert onun yaddaşında qəhrəman və yaraşıqlı oğlan, həssas, düşüncəli və ləyaqətli insan kimi qalıb.

 

- Çox xeyirxah və gülərüz insan idi. Dostlarına, yoldaşlarına həmişə kömək əli uzadıb. Bunlar təbii ki, söz xətrinə deyilmir. O, həqiqətən də yaxşı oğlan olub. Çox meloman və romantik, həssas, amma bir o qədər də qapalı insan idi. Ucaboy, yaraşıqlı idi. Şəkillərdə bir az fərqli düşüb, amma həyatda daha göyçək idi. Albertin necə insan olduğunu bilmək üçün onun bir neçə dəqiqəlik müsahibəsinə baxa bilərlər. Mən həmin müsahibədən Albert haqqında çəkdiyim musiqi klipində də istifadə etmişəm. Bilirsiniz ki, o, könüllü olaraq cəbhəyə gedib. Bu millətə, xalqa xidmət etməyi özünün borcu bilirdi. Onun haqqında ancaq xoş sözlər danışa bilərəm.

 

Xəbər

 

Albert cəbhədə olduğu aylarda evlərinə yalnız bir neçə dəfə gəlməyə macal tapır. Onun sonuncu gəlişi atasının ad günündən bir neçə gün sonraya təsadüf edir. Atası, qardaşları nə qədər arzulasalar da, Albert həmin gün evlərində gecələmir. Həm atasının ad günü üçün, həm də onun gəlişi şərəfinə qurulan məclisdə iştirak edəndən sonra yenidən cəbhəyə yola düşür. Ailə üzvlərindən, doğmalarından onu sonuncu dəfə görən insan isə elə qardaşı Rantik olur:

 

- Onun şəhid olacağını heç vaxt ağlımıza gətirməmişdik. Gündə olmasa da, həftədə 3-4 dəfə evə zəng vururdu. Hamını da sakitləşdirirdi ki, hər şey yaxşıdı. Həmişə deyirdi ki, ermənilər heç vaxt Şuşanı ala bilməzlər. Sonuncu dəfə 1992-ci ilin mart ayında evə gəldi. Atamın ad günü ayın 15-də idi. Albert isə 18-də gəlmişdi. Atamın ad gününü həmin gün qeyd etdik. Elə həmin gün onu mən apardım, vağzaldan yola saldım. Son sözü də yenə bu oldu ki, fikir eləməyin, hər şey yaxşı olacaq.

 

Şuşanın alınma xəbərini eşidəndə narahat olmağa başladıq. Ancaq yenə də inanmırdıq ki, Albertə nə isə ola bilər. Mayın 9-da isə hərbçilər gəlib onun şəhid olduğunu xəbər verdilər. Alberti dəfn etdik. İlini verən günün səhəri isə atam dünyasını dəyişdi. Ürəyi dözmədi... Albert kimi oğulu itirmək, əlbəttə, bütün ailəmiz üçün ağır idi. Albert bizim heç zaman yadımızdan çıxa bilməz. Onunla bağlı heç nəyi unutmamışam. İldə 2-3 dəfə onun ad günündə, anım günündə məzarını ziyarət etmək üçün mütləq Bakıya gəlirik.

 

Nə biz, nə də valideynlərim heç vaxt Albertin vətən uğrunda şəhid olması üçün peşmançılıq çəkmədik. O, bizim doğulduğumuz vətən uğurunda, Azərbaycanda şəhid olmuşdu. Bu, bizim üçün qürurlu hal idi. İndi Albert indi sağ olsaydı, mütləq yenidən cəbhəyə gedərdi. Onu saxlamaq mümkün olmazdı. İnanın ki, mənim özüm də Bakıda olsaydım, mütləq müharibəyə qoşulardım. Burada yaşayan bir çox azərbaycanlı yəhudilər, lazım gələrsə, vətən uğrunda döyüşməyə hazırdılar. Bizim üçün Azərbaycan hər zaman vətən olaraq qalacaq. Mənim qardaşım da, atam da Bakıda dəfn olunublar. O torpaqlar bizim üçün hər zaman əzizdir.  

 

Döyüş dostu

 

Albetlə bir məhəllədə doğulan, eyni məktəbə gedən, bir zavodda işləyən Ağababa müəllim sonradan onunla cəbhədə rastlaşır. Bir ekipajda döyüşən döyüşçülər müharibənin ən çətin vaxtlarında dostlaşıb, qardaşlaşırlar. Tale elə gətirir ki, Albertin ölümü də bu günə qədər də bu hadisəni unutmayan Ağababa müəllimin gözləri qarşısında baş verir. Bütün bunları xatırlamaq isə müsahibim üçün əlbəttə ki, çətin olur:

 

- Biz 1989-cu ildə ikimiz eyni zavodda işləmişik. Sexlərimiz yanbayan idi. Mən orda tez-tez Alberti görürdüm. Onun 20 yaşı olardı. Deyib gülən, çox ünsiyyətcil gənc idi. Hansı məclisə düşürdüsə, özünü orda kənar adam kimi aparmırdı. Yəni bizim onunla dostluğumuz elə zavoddan başladı. Sonra bir-birimizin evinə gediş-gəliş etdik. Elə oldu ki, mən 91-ci ildə könüllü olaraq orduya yazıldım. Üstündən on gün keçməmişdi ki, gördüm Albert də könüllü tankçı kimi gəlib. O vaxt tankçıları ayrıca bir yerə yığmışdılar, orda təlim keçirdilər. Biz onunla bir neçə gün o təlimlərə gedib-gəldik. Sonra bizi ekipajlara böldülər. Mən o zaman tank komandiri oldum, Albert nişanlayıcı-tuşlayıcı, Mustafayev Sərrac isə oldu sürücü-mexanik. 1992-ci il martın 5-də bizə tanklar verdilər. Tankları görən kim Albert qaçıb oturdu 533 nömrəli tankın üstündə. Kombatımız Hacı dedi ki, Albert niyə o tankı seçdin? Dedi, Hacı, 5-i qoyuram bir kənara, amma 33 yəhudi işarəsidi.

 

Biz artıq cəbhəyə yola düşməliydik. Dedim, Albert, gedək evdəkilərlə sağollaşaq, sonra yola çıxaq. İkimiz birlikdə əvvəlcə onlara gəldik. Onda Albertin atası da, anası da sağ idi. Anası bizi hərbi paltarda, silahla görəndə həyəcanlandı. Ancaq biz ona döyüşə getdiyimizi demədik. Dedik ki, təlimə gedirik. Liza xala çoxlu göy qutabı bişirmişdi həmin gün. Yol üçün xeyli qutab qoydu.

 

- Ağababa müəllim, Albert evin sonbeşiyi idi. Siz yola düşəndə anasının münasibəti necə oldu?

 

- Bütün analar kimi... narahat ola bilər, bəlkə nə zamansa Albertə getmə də deyər. Amma məhz həmin gün o, heç bir halda kövrəlmədi. Ümumiyyətlə, biz o dövrdə hamımız ailələrimizi başa salmışdıq ki, müharibəyə getmək bizim borcumuzdu, biz getməsək, kim gedib vətəni qoruyacaq. Albertgildən bizə gəldik. Bayram ərəfəsi olduğundan anam da şorqoğalı bişirirdi. O da bizə bir torba şorqoğalı qoydu. Biz artıq martın 8-də Şuşadaydıq. Orda çox qüvvətli, mərd və vətənpərvər uşaqlar döyüşürdülər. Onların bir çoxu - Adil, Əhməd, Xəqani, Mirkərim, Mahmud, Mamed, Mirələm, Arif, Bünyəmin, Nazim, Fərrux sonradan şəhid oldular. Aradan bu qədər zaman keçib, amma mən hər dəfə bu haqda danışanda birtəhər oluram. Qayıdıram yenə o illərə. Bilirsiniz, ən yaxşı dostluq müharibə illərində olur. Albert də, şəhid olanlar da mənim ən yaxşı dostlarım idilər. Müharibə elədir ki, sən yanındakı əsgərə, yanındakı da sənə inanmasa, döyüşmək mümkün deyil. 

 

Dağlarda mahnı

 

- Albertgilin ailəsində özlərini azərbaycanlılardan uzaq tutmaq kimi bir xüsusiyyət yox idi. Onlar bizimlə qaynayıb qarışmışdılar, bizim milləti çox sevirdilər. İndinin özündə də mən Albertin qardaşları ilə əlaqə saxlayıram. Həmişə deyirlər ki, Azərbaycan bizim vətənimizdir. Amma Albert tamam başqa adam idi. Zarafatcıl, deyib-gülən adam idi. Bildiyini heç kimdən əsirgəməzdi. Bəzən elə olurdu ki, sürdüyümüz tankda problem yaranırdı. O, həmin tankın sonuncu nasazlığını da aradan götürməsə sakitləşmirdi. Bəzən nəyisə başa salırdı, yarım saat keçirdi, yadımızdan çıxıbsa, səbirlə yenidən izah edir, başa salırdı. Onun nə vaxtsa, nədənsə bezdiyini görməmişəm. Onun şirinliyinə, zarafatlarına o qədər öyrəşmişdik ki, bir gün Alberti görməyəndə darıxırdıq.

 

Biz müharibədə bir otaqda yatırdıq. Çarpayılarımız da yanaşı idi. Yadıma gəlir, cəbhəyə təzə yola düşəndə o mənə dedi ki, inşallah mən nəyə qadir olduğumu cəbhədə göstərəcəm. Şuşada olanda bir qarmon tapmışdı. Boş vaxtımız olan kimi qarmonu götürüb muğamlarımızdan, xalq mahnılarından çalırdı. Musiqi dağlarda əks-səda verir, bizə də ləzzət edirdi. Hərdən sataşırdım ona deyirdim, arada yəhudi mahnısı da çal. Gülürdü.

 

Aprel ayında bizə xəbər çatdı ki, ermənilər artıq Albertin başına pul qoyublar. Nişanlayıcı kimi onun atdığı mərmilər heç vaxt boşa çıxmırdı, mütləq hədəfə dəyirdi. Aprelin 5-də o, 23 yaşını qeyd etdi, may ayında isə şəhid oldu. 23 yaşlı oğlanın, əlbəttə, xoşladığı, sevdiyi qız olardı. Amma bu barədə mənə heç nə deməmişdi, baxmayaraq ki, biz onunla hər sirrimizi bölüşürdük. Biz bir-birimizə cəbhə dostu kimi çox güvənirdik. Üzə deməsək də, ürəyimizdə bilirdik ki, hansı birimizə nə isə olsa, o birimiz onu tək qoymayacaq. Mən ona heç vaxt deyə bilməzdim, sən şəhid olsan, mən səni düşmən əlində qoymaram, nə də o, mənə deməzdi. Bu barədə bir-birimizə arxayın idik (kövrəlir)...

 

Quran və Tövrat

 

Alberti könüllü olaraq Qarabağı qorumağa aparan vətənpərvərlik eşqi, təpəri onu orada da idarə edirdi. Cəbhə yoldaşlarına doğma münasibəti, onlarla olan dostluq ünsiyyəti aradan bu qədər vaxt keçməsinə rəğmən Alberti unudulmağa qoymur. Onun şəkillərdən boylanan həlimlik yağan siması, yaşamaq eşqi ilə işıq saçan baxışları bu günə qədər dostlarının, cəbhə yoldaşlarının xatirindən çıxmır. Söhbətimizə Albertin batalyon komandiri Hacı Əzimov da qoşulur.

 

- Albert bizim batalyona Ağababa ilə birgə gəlmişdi. Hündürboy, gənc oğlan idi. Təmiz Azərbaycan dilində, Bakı ləhcəsi ilə danışırdı. Hərbi texnika sahəsində çox savadlı idi. Cəbhədə ailəli adamlar çox idi, Albert subay idi. Ona görə də kimsə bir neçə gün imkan tapanda ailəsinin yanına can atırdı. Tankların təmiri işini Albert öz üzərinə götürürdü. Mənə deyirdi, komandir, ailəli olanlara icazə ver, getsinlər, onları gözləyən var. Mən baxaram tanklara. Çox yanımcıl uşaq idi. Müharibəyə gəlməzdən əvvəl onun İsrailə getmək üçün vizası da vardı, gedib orda yaşaya da bilərdi. Amma getmirdi, deyirdi, qoyun bu ermənilərlə işimi bitirim, sonra gedərəm. Bir də onun bir arzusu vardı ki, zabit olsun. Albert şəhid olanda atası bizimlə məsləhət etdi, dedi, sizin şəhidləriniz harda dəfn olunursa, Alberti də orda dəfn edək. O, Azərbaycan xalqının oğludu, tək mənim oğlum deyil. Albert dəfn olunanda bir tərəfdə molla Quran oxuyurdu, o biri tərəfdə isə ravvin Tövrat...

 

Son arzu

 

Müharibə ilə ölüm əslində məna etibarı ilə eynilik təşkil edirlər. Müharibəyə yollanan hər bir əsgər ölümü təsəvvür edir, bunun qaçılmaz olduğu anlayır. Bu baxımdan, 23 yaşlı Albert də döyüşə yollanan gündən cəbhənin ən qaynar bölgəsində döyüşə-döyüşə dəfələrlə ölümlə üz-üzə gəlir, təhlükəli anlar yaşamışdı. 1992-ci ilin mayında isə bu təhlükəli anlardan biri onun həyatına son qoyur.

 

Ağababa müəllim çətinliklə yenidən söhbətimizə qoşulub, gənclik və döyüş dostunun, unudulmaz Albertin son anlarını, şəhidlik məqamını böyük ağrı və təəssüf hissi ilə xatırlayır:

 

- 1992-ci ilin may ayının əvvəllərində Şuşada çox ağır mövqe döyüşlərimiz oldu. Ayın 8-də saat 2-3 arası vəziyyət daha da şiddətləndi. Albertin bir xasiyyəti vardı. Mən onun bu xasiyyətini axıra qədər ona tərgidə bilmədim. Mərmini atırdı, atan kimi tankdan çıxıb baxırdı. Deyirdim Albert belə eləmə, güllə səni, məni tanımır. Vurarlar səni. O, sırf Bakı ləhcəsi ilə mənə deyirdi ki, alə, məni ərməni vura bilər?! Narahat olma. Sonuncu döyüşdə biz ikimiz də tankdan çıxıb, ətrafa göz gəzdirdik. Albert mənə dedi ki, sən arxaya bax, mən qabağı yoxlayım. Birdən gördüm ki, Albert tankın içinə düşdü. Elə bildim ki, o, nəsə görüb ona görə tankın içinə düşdü ki, vursun. Mən də onun ardınca tanka girdim. Gördüm Albertin başı irəliyə doğru əyilib, dedim yəqin tankın içində nəsə axtarır, əlimi ona vurub tərpədəndə gördüm başı hərəkətsiz halda sinəsinə düşdü. Yenə də fikrimə gəlmədi ki, onu vurublar. İrəliyə əyilib baxanda gördüm vurulub. Rabitə vasitəsi ilə xəbər verdim ki, Aliki vurublar, bilmirəm yaralıdı, yoxsa keçinib. Onu gəlib apardılar, mən başqa ekipaja keçdim. Şuşadan ayın 8-i axşam çıxdıq. Alikdən hələ bir xəbər yox idi. Sonra mənə xəbər verdilər ki, keçinib. Mən evə gələndə anasıgil bizə gəldi. Deyə bilmədim ki, Alik şəhid olub. Dedim, yaralıdı, hansısa hospitala aparıblar. Ayın 11-də Alberti dəfn etdik. Ondan sonra mən döyüş meydanından çıxdım, dedim daha döyüşmək istəmirəm. Kombatımız dedi ki, bəs Albertin intiqamını, qanını kim alacaq? Dedim, mən bacardığımı elədim. O, cavab verdi ki, yox hələ heç nə etməmisən. Elə bil onun bu sözü məni tutdu. 1992-ci ildən 1997-c ilin sonuna qədər cəbhədə oldum. Onda artıq baş leytenant idim.

 

Hər adama nəsib olmur ki, şəhid olsun. Albert öz şəhidliyi ilə sübut etdi ki, biz döyüşən xalqıq. Albert etnik baxımdan yəhudi olsa da bizimlə həmrəyliyini, bir olmasını, bu torpaq uğrunda vuruşub şəhid ola biləcəyini göstərdi. Albert cismən bizimlə deyil, amma ruhən həmişə bizimlədi. Özümü çox xoşbəxt hiss edirəm ki, onun kimi insanla döyüş dostu olmuşam. Aradan 27 il keçib, amma onu bu günə qədər unutmamışam. Yanımda olmasa da, Albert həmişə mənim qəlbimdə yaşayacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7342
avatar

Samirə Əşrəf

Oxşar yazılar