Gecikən mesaj, 24 günlük ata həsrəti, bitməyən sevgi nağılı – ŞƏHİD MAYORUN XANIMI DANIŞIR
11 iyun 2019 16:05 (UTC +04:00)

Gecikən mesaj, 24 günlük ata həsrəti, bitməyən sevgi nağılı – ŞƏHİD MAYORUN XANIMI DANIŞIR

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid mayor Rasim Məmmədovun evindən hazırlanıb.

 

Mayor

 

Rasim Əbdül oğlu Məmmədov 1977-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olub. 1994-cü ildə Cəhri kənd orta məktəbini bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi “tank qoşunları komandiri” ixtisası üzrə bitirib. Müxtəlif hərbi vəzifələrdə xidmət göstərən mayor Rasim Məmmədov 18 aprel 2015-ci ildən şəhid olduğu günə qədər N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışıb. Rasim Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə (ölümündən sonra) təltif edildi.

 

Ailə

 

Şəhid mayor Rasim Məmmədovun evinə daxil olanda bir-birlərinə sarmaşıq kimi sarılan üç nəfərlik ailə ilə qaşırlaşıram. Evin yuxarı başından mayorun iki cüt hərbi geyimi asılıb. Başqa bir tərəfdə isə bütün şəhid ailələrində olduğu kimi, Rasim Məmmədova aid kiçik guşə yaradılıb. Yaxınlaşıb, diqqətlə mayorun əllərinin həniri ilə son dəfə isinmiş əşyalara baxıram. Son izi saxlayan telefon, qol saatı, cib dəsmalı, eynək və başqa əşyalar üçrəngli bayrağın üzərində yan-yana sıralanıblar. Üç nəfərlik ailə isə bu son əşyaların daimi gözətçisi, nəzarətçisidirlər.

Şəhid mayorun həyat yoldaşı Samirə xanım qeyd edir ki, Rasim Məmmədovun xeyli hərbi ədəbiyyatı da olub: “Rasim hərbə dair köhnə-yeni nə ədəbiyyat tapırdısa, həm Azərbaycan dilində, həm də rus dilində mütaliə edərdi. Dəfələrlə kitab oxuduğu yerdə yuxuya getdiyinin şahidi olmuşam. Şəhid olandan sonra əşyalarımızı Horadizdən Bakıya gətirəndə, ona məxsus üç sandıq kitabı hərbi hissəyə bağışladım”.

 

Bağlılıq

 

Samirə xanıma həyat yoldaşı haqqında keçmiş zamanda danışmaq olduqca ağırdı. Asim anasının boynunun arxasındakı kresloda özünə yer edir. Qızı, 16 yaşlı Aysu isə söhbətə yaxın ola bilmək, atası haqqında danışılan, söylənilən hər sözü yaxşı eşidə bilmək üçün uzağa düşmək istəmir, döşəmədə anasının ayaqlarının altında bardaş qurur. Samirə xanım mən gəlməmişdən əvvəl hazır qoyduğu şəkil bağlamasına göz gəzdirə-gəzdirə danışır: “Rasimlə 17 il evli olduq. Harda oldusa, biz də onunla bərabər yaşadıq. Elə olurdu ki, bir ildə üç rayon dəyişirdik. Bakıda da yaşaya bilərdik, amma Rasim bizə, biz də ona bağlı idik. O, bizsiz qala bilməzdi. Buna görə də yaşadığımız rayonlardakı çətinliklərimizə baxmayaraq, onu heç vaxt tək qoymağa ürəyim gəlməyib. Bəzən elə olub ki, günlərlə su tapmamışam, buzu qırıb, buzla paltar yumuşam, amma Rasimdən ayrılıb şəhərə gəlməyi ağlıma da gətirməmişəm. Hərdən mənə deyirlər ki, sənin uşaqların atasına çox bağlı imişlər. Əslində, bu, mənim üçün normaldır. Çünki biz dördümüz bir-birimizdən başqa heç kimi görməmişik, həmişə bir yerdə olmuşuq. Buna görə də kənara istək, sevgi dağıda bilməmişik. Sevgimizi ancaq dörd nəfər arasında bölüşdürmüşük. Rasim biləndə ki, beş dəqiqə işdən tez çıxacaq, o, həmin beş dəqiqəsini bizə sərf edib, zəng vurub deyib ki, - bu gün beş dəqiqə artıq vaxtımız var, hazır olun. O qədər Rasimi evdə görməmişdik ki, onu evdə görəndə qəribə hisslər keçirirdik. Bayramlarda, ad günlərində süfrə hazırlayırdım, amma heç vaxt  ailəvi bir süfrə arxasında otura bilməzdik. Çünki əlamətdar günlərin heç birində Rasim bizimlə olmurdu. Zəng vurub deyirdi ki, - siz yeməyinizi yeyin, mən sonra gələcəm. Hərdən bizi yarımçıq qoyub getdiyinə görə ürəyimdə ondan küsüb, inciyirəm...

 

Sevgi

 

Rasim Məmmədovla həyat yoldaşı qohum olublar. Oğlansayağı böyüyən Samirə xanım, nə zamansa öz xalası oğlunun onu sevəcəyini, onlara elçi göndərəcəyini ağlına da gətirməyib. Qohum-əqrəbadakı qızlar ordan-burdan Rasimin ona olan sevgisinin xəbərini gətirsələr də, o, inanmır: “Biz çox yaxın və mehriban qohum olmuşuq. Amma sevgi barədə heç vaxt düşünməmişəm. Bir gün Rasim məni bir kənara çəkib dedi ki, səndən xoşum gəlir, elçi göndərəcəm. Özümü necə itirdimsə, ona sillə vurdum. Sonralar həmişə deyirdi ki, o sillənin yeri hələ də ağrıyır. O sözlərdən və sillədən sonra demək olar ki, hər gün bizə gəlib-getməyə başladı. Bir gün isə qonşuya toya getmişdik, qayıdanda eşitdim ki, xalam bizə elçi gəlib. Mənim onda 16 yaşım vardı. Ağlım kəsənə qədər həmişə atamın, qardaşlarımın çiynində gəzmişdim. Elçilikdən sonra nişanımız oldu. Nişan gələndə mən qoz ağacının başında qoz yeyirdim. Lap “Çalıquşu” filmindəki kimi, bacılarım, gəlinimiz gəlib məni çağırırdılar ki, düş, aşağı, bu gün sənə nişan gəlib. Bir il nişanlılıq müddətində onu sevdim. Ailə qurandan, uşaq doğulandan sonra da bizim bir-birimizə olan sevgimiz azalmadı. Yadıma gəlir, bir dəfə evə divan almağa gedəndə o, divanı iki nəfərlik yox, üç nəfərlik götürdü ki, üç nəfərlik divan alsam, sən divanın o  başında, mən də bu başında oturaram. İstəmirəm biz bir-birimizdən aralı oturaq. O, həmişə qapıdan çıxanda uşaqlara deyirdi ki, sizi allaha, ananı isə sizə tapşırıram. Onu heç vaxt incitməyin”.

 

Ürəyədamma

 

Rasim Məmmədov nə qədər savadlı, müasir insan olsa da, məktub saxlamağı sevməz, hətta bundan narahatlıq hissi keçirərmiş. Elə buna görə də o, ailə qurandan sonra evdəki məktubların hamısını atmağı təklif edir. Samirə xanım həmin günləri xatırlayır: “Toyumuzdan əvvəl tez-tez məktublaşırdıq. Amma sonra Rasim məktublarımızın hamısını cırıb atdı. Dedi ki, heç vaxt məktub saxlama, məktub ayrılıq gətirir. Bir də heç vaxt bizim gözümüzdən öpməzdi. Əvvəllər evə gələndə o qədər yorğun olurdu ki, divanda oturduğu yerdə yuxulayırdı. Son vaxtlar isə gecə yarısına qədər oyaq qalırdı. Deyirdim, dur get, yat. Cavab verirdi ki, yatmaq istəmirəm, vaxtı gələndə çox yatacağıq. Axır vaxtlar çox həssas olmuşdu, sanki baş verəcəkləri hiss edirdi. Şəhid olmamışdan 1-2  ay qabaq isə sanki işarə ilə, eyhamla deyirdi ki, mən öləndə sənin heç bir çətinliyin olmayacaq. Həyatındakı yeganə yoxluq məndən ibarət olacaq, mənə görə əziyyət çəkəcəksən. Amma nə vaxtsa şəhid olsam da, sən həmişə mənim qolumun altında olacaqsan. Elə bilmə ki, biz bir də heç vaxt görüşməyəcəyik. Bu dünyada olmasa da, o dünyada yenidən birləşəcəyik”.

Bayaqdan sakitcə bizi dinləyən uşaqlar söhbətin bu yerində qəhərlənirlər. Tez-tez anasının çiyninin üstündən boylanan Asim, indi onun kürəyinin arxasında gözdən itir. Aysu isə göz yaşından dumanlanan baxışlarını təmizləyib, deyir: “Atam həmişə bizə deyərdi ki, vaxt gələcək, mən olmayacam. Güclü olmağı öyrənin. 13 yaşım olan gün atamı çox gözləmişdim ki, gəlib mənimlə birgə tortumu kəssin. Amma o, çox gec gəldi. İncik-incik gecikməsinin səbəbini soruşanda mənə dedi ki, bəs atasız uşaqlar nə etsin? Onların atası heç vaxt yanlarında olmur. O, həmişə mənə “dəli balam” deyirdi. Sirrimi, sözümü həmişə onunla bölüşürdüm”.

 

Qisas

 

Rasim Məmmədov orta məktəbi bitirəndən sonra tarix müəllimi olmaq istəyir. Ali məktəbə sənədlərini verir və qəbul olunur. Lakin hərbçi atası Əbdül kişinin Qarabağ müharibəsində yaralanması, ömürlük yatağa məhkum olması onu müəllim olmaq fikrindən daşındırır. O, tarixdən dərs deməyi, tarixi yazmaqla əvəz edir: “Rasimin 12-13 yaşı olanda atası qəlpə yarasından ağır yaralandı. İyirmi dörd il yataq xəstəsi oldu. Beldən aşağı hissəsi işləmirdi. Qayınatam çox nəhəng, əzəmətli insan idi. Yaralandığı zaman əynində olan hərbi paltarlar bu gün də bizim evimizdədir. Rasimə atasından keçən vətən sevgisini dəfələrlə hiss etmişdim. Bütün hallarda, biz qadınıq. Qorumaq hissi, instinkti bizdə güclüdür. Bu baxımdan, bəzən Rasim yorğun-arğın evə gələndə, günlərlə ayağından çıxarmadığı çəkmələrin ipləri ayağında iz salanda ona deyirdim ki, hər yerdə olmağın vacibdir? Bir az geridə dayan, özünü irəli atma. O isə cavab verirdi ki, mən çəkilim, o, çəkilsin, bəs kim irəli getsin?! Yəni əvvəllər onu hərbə çəkib aparan atasının qisasını almaq istəyi olsa da sonradan bu istək vətənə sevgi ilə əvəz olundu. Biz həmişə elə bilirdik ki, Rasim üçün hər şeydən birinci bizik, amma o şəhid olandan sonra anladıq ki, onun üçün birinci vətən olub”.

 

Müharibə

 

Samirə xanım, 2016-cı ilin aprel döyüşlərinin onlara gəlib çatan tərəflərini, həyəcanlı günlərini xatırlayır: “Axırıncı yaşayış yerimiz Fizulinin Horadiz kəndi oldu. Bizim heç nədən xəbərimiz yox idi. 1-15 hərbçi ailəsi ilə bir binada qalırdıq. Söz vaxtına çəkər, aprelin 1-də elə gün axşama dönənə yaxın yoldaşı hərbçi olan qonşu qadın gəlib dedi ki, vəziyyət yaxşı deyil, silah səsləri güclənsə, zirzəmidə gecələyək. Bizim evin zirzəmisi vardı. Oranı nəzərdə tuturdu. Düzü, çox təəccübləndim. Dedim, ola bilməz. Axı Rasim mənə heç nə deməyib. Zəng vurdum Rasimə, güldü, dedi: “Səninlə aprel zarafatı ediblər. Qorxulu heç nə yoxdur”. Səsində o qədər rahatlıq vardı ki, heç nə hiss etmədim. Amma sən demə o, vəziyyəti bilirmiş, məni qorxutmamaq üçün elə deyib. 3-4 qonşu ailə ilə gecə saat üçə qədər bizdə oturduq. Saat 3-dən sonra gələn atışma səslərindən hiss etdik ki, artıq müharibə başlanıb. Gecə olsa da güllələrin işığından hər tərəf gündüz kimi aydın görsənirdi. Başımızın üstündən güllələr uçurdu. Saat dörddə hamımız zirzəmiyə düşməli olduq. Düşə-düşə gördük ki, havadakı vertolyotun arxasından od tökülür. Səhəri gün Rasimlə bir də danışdım. Dedim, burdakıların hamısı Bakıya gedirlər, biz getmirik, səni gözləyəcəyik. Mənə dedi: “İstəmirsənsə, getmə, qal”. Amma mənə belə desə də, dostunu öyrədib ki, sən get, bir adla bizimkiləri Bakıya yola sal. Ondan sonra elə ev paltarında taksiyə minib, Bakıya gəldik. Bu günə qədər də özümü bağışlaya bilmirəm ki, gərək gəlməzdim, qalardım orda. Bəlkə mən qalsaydım, ona heç nə olmazdı... Bilərdi ki, mən evdəyəm, mənə görə gələrdi”.

 

Gecikən mesaj

 

Mart ayının 30-da mayor axşam gec saatda evinə gəlir. Uşaqları çoxdan yatmış olsalar da inadla onları yuxudan oyadıb, söhbət edir, öpüb-oxşayır. Sonra valideynlərinə zəng vurub, onlarla söhbət edib, 1 saatlıq yuxulayır. Gecə saat 1-də son dəfə ailəsi ilə görüşüb, evdən çıxır. İkinci Qarabağ müharibəsinin ən məşum günlərindən onun ailəsinə pay düşən zamanı kino lenti kimi xəyalında, fikrində canlandıran Samirə xanım yaddaşının ən qaranlıq künclərinə tərəf ağır-ağır irəliləyir: “Onunla son danışığımız aprelin 3-də oldu. Mənimlə danışanda elə ürəkdən gülmüşdü ki, neçə illərdi biz bir yerdə yaşasaq da mən hələ Rasimin o cür ürəkdən güldüyünü eşitməmişdim. Dedi: “Balam, biz heç kimin edə bilmədiyini etdik”. Onda artıq Lələ təpə alınmışdı. Məni bərk-bərk əmin etdi ki, Bakıda qalın, özüm gələcəm. Ancaq ilk dəfə idi ki, mənə tapşırdı ki, mən sənə zəng vurmamış, sən mənə bir də zəng etmə”.

 

Gecə saat 2-də Samirə xanım dözməyib, yenidən həyat yoldaşına zəng vurur. Mayor bir kəlmə ilə cavab verir: “Salamatlıqdır, narahat olmayın”. Bundan sonra isə onun telefonuna həmişəlik zəng çatmır.

 

Səhəri günü yuxudan oyanan ailə evlərində qaldıqları qohumların təlaşlı olduğunu, ora-bura qaçışdığını, baxışların onlardan gizləndiyini duyur. Aprelin 4-də səhər saat doqquza on dəqiqə işləmiş Rasim Samirə xanıma mesaj yazır: “Oğluma da, qızıma da deyərsən ki, atası ilə fəxr edə bilərlər”. Lakin şəbəkə yaxşı işləmədiyindən həmin mesaj onun ailəsinə Rasim Məmmədov şəhid olandan bir neçə gün sonra çatır. Mesaj yazılandan 15 dəqiqə sonra isə mayor Rasim Məmmədov şəhid olur.

 

Ağır səfər

 

Horadizdən dayısıgilə ev paltarındaca gələn, tezliklə geri evinə qayıdacağını arzulayan Samirə xanım cəbhədən gələn ağır xəbərlərdən narahatlıq keçirsə də, ərinin şəhid olmasını unamır. Nigarançılıqla döyülən qapı səslərinə, gələn telefon zənglərinə qaçır. Ancaq hər dəfə də gözlədiyi adamın nə səsini eşidir, nə də üzünü görür. Növbəti zəng isə Naxçıvandan Rasim Məmmədovun ailəsindən olur: “Səhər təzəcə açılmışdı ki, rayondan zəng gəldi. Dedilər, qayınatanın vəziyyəti ağırdı. Sonra qaynımın yoldaşı gəldi ki, onunla rayona gedim. Aeroporta çatanda gördüm Rasimin əmiləri, bir də dayım oturublar. Bugünkü kimi yadımdadır ki, hamısının rəngi qapqara qaralmışdı. Rasimin əmiləri bizi görəndə ağladılar. Onda mən bildim ki, Rasim şəhid olub. Sonrasını xatırlamıram. Təyyarədə mənə içirdilən dərmanların sayı-hesabı yox idi. Amma elə bil ki, təyyarə bizi aparmırdı, mən təyyarəni çiynimə alıb aparırdım. Bir də Asimin təyyarəyə minəndən düşənə qədər dediyi “ata nə olar, qayıt gəl” sözlərini heç vaxt unuda bilmirəm.

Cəhriyə çatıb həyətə girəndə ucu-bucağı görünməyən mağarın qurulduğunu görəndə tam əmin oldum ki, Rasim daha qayıtmayacaq. Onda çöküb qaldım bir tərəfdə. Bəlkə də saatlarla mən elə o vəziyyətdə qaldım. Həmin günün səhəri tabutu gətirdilər. Üzünə baxmaq istəsək də icazə vermədilər. Dedilər, şəhidin ruhunu narahat etmək olmaz. Ondan sonra Asim körpə canı ilə atasını dəfn mərasiminə qədər müşayiət etdi. Bəzən mənim halım pis olurdu. Asim tez gəlib qucağıma sığınıb, məni sakitləşdirirdi. Mən deyirdim Rasimsiz bir gün qala bilmərəm, amma dörd ildir onsuz qalıram, onsuz nəfəs alıram”.

 

Rasim Məmmədov şəhid olandan sonra atası oğlunun yoxluğuna cəmi 24 gün tab gətirə bilir. 24 gündən sonra dünyasını dəyişib, oğlunun yanında dəfn olunur. Söhbətimizin əvvəlindəcə danışmaqdan boyun qaçıran Asim sona qədər susur. Amma atasının “anam, qızım” adlandırdığı Aysu, atasını tez-tez yuxuda gördüyünü, onu bir dəqiqə belə yaddan çıxarmadığını vurğulayaraq, atası haqqında ürək sözlərini, ağrılarını yazdığı dəftərçəni sinəsindən qoparıb, mənə tərəf uzadır: “Mənim atam Rasim Məmmədov mərd, igid insan idi. O, canını, ailəsini düşünmədən özünü torpaq uğrunda fəda etməyi bacardı. Atamın tabutu gələndə bütün Naxçıvan bir ağızdan “biz hamımız Rasimik Məmmədovuq” deyib qışqırdılar. Bir övlad üçün bütün el-obanın mayor Rasim Məmmədov olmaq istəməsindən böyük fəxr ola bilməz!“  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4139
avatar

Samirə Əşrəf

Oxşar yazılar