"Ailəmi yox, Vətəni seçəcəyəm dedi və..." - Ocaq Əmanəti
02 dekabr 2021 17:03 (UTC +04:00)

"Ailəmi yox, Vətəni seçəcəyəm dedi və..." - Ocaq Əmanəti

“Teymur üçün torpaq həm qeyrət, həm namus idi. Dedi, ana, məni seçim qarşısında qoymayın, onsuz da Vətəni seçəcəyəm və Vətəni də seçdi”.

Lent.az xəbər verir ki, bu sözləri APA TV-nin “Ocaq Əmanəti” verilişində şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbasova deyib.

O deyir ki, mənə ana sözünü deyən ilk övlad, ananın şirinliyini daddıran övladdır: “Mənim evimə ilk diplom gətirən, ilk nəvə sevincini yaşadan övladdır və axırda mənim evimə şəhidlik gətirən, mənə şəhid anası adını verən övladdır”.

Vətən müharibəsində şəhid olan Teymur Abbasov sözün əsl mənasında igiddir. Qəhrəmanımız 25 fevral 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Ailənin böyük övladı olan Teymurun özündən başqa iki qardaşı, bir bacısı var.

Teymuru şəhidliyə aparan yol Vətən sevgisindən gəlib keçib. Erkən yaşda dünyasını dəyişən atası - Feruz Abbasov millətinə nə qədər bağlı olubsa, Teymur da o qədər torpağına heyran olub...

Şəhidin oğlu Feyruz Abbaslı deyir ki, atam mənim qəhrəmanım idi: “Atam bizi əsl kişi kimi böyütmək istəyirdi və elə edirdi”. 

Teymur Abbasov balaca oğlu Siruzu isə “atam balası” deyə çağırıb. Deyir ki ataları ikisini də eyni qədər istəyib.

Son görüşlərindən danışan şəhidin yoldaşı deyir ki, ürəyimdə qaldı, mən onu doyunca qucaqlayıb bağrıma basa bilmədim.

Teymurun 2 gün doğmaları ilə əlaqə saxlamamağı onlarda bir təşviş, narahatlıq yaradıb. Sonda Mənzil İstismar Sahəsinin əməkdaşlarının Teymurun yaşadığı mənzilə baş çəkməkləri ailədə bir şübhə yaradıb. Elə bu şübhədən sonra da həqiqətlər ortaya çıxıb.

Şəhidin qardaşı Tural Abbaslı şəhid xəbərini necə eşitdiklərini deyir: “Zəng gəldi ki,  hərbi çağırış idarəsinə gedin, təqribi bildik ki, şəhid olub”.

Həyətə girəndə oğlu əmisindən soruşub ki, ata bir də müharibəyə gedəcək, o da deyib ki, yox. Bu sözlə oğlu anlayıb artıq atası şəhiddir...

Teymur Abbasov şəhid olsa da, özündən geriyə 2 oğul əmanət qoyub. Anasına, nənəsinə, əmilərinə ən böyük təsəlli də elə onların varlığıdır. Bu ailənin nəşəsi sayılan, gələcəyin iki əsgəri, ağıllı övladlar əminik ki, atalarına layiq övlad olacaqlar.

Şəhidin həyat və döyüş yolu haqqında məlumatı “Ocaq Əmanəti” verilişinin tam versiyasını izləyərək öyrənə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6270
avatar

Oxşar yazılar