Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu bronxoektatik xəstəliyi ilə bağlıdır.
Belə ki, son zamanlarda soyuq hava şəraiti insanlar arasında mütəlif növ virusların yoluxmasına səbəb olur. Bu xəstəliklər özünü kəskin öskürək və hərarətlə biruzə edir. Maraqlısı odur ki, bəzi insanlar soyuqdəyməni bronxoektatik xəstəliyi ilə qarışdırır.
Bəs, görəsən, bronxoektatik xəstəliyi nədir?
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri İlqar Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, bronxoektatik xəstəlik – patoloji genişlənmiş və deformasiyaya uğramış bronxların xroniki geridönməz irinli ilthabi xəstəliyidir.
Onun sözlərinə görə, bronxoektatik xəstəliyin təsnifatı müxtəlif kriteriyalara görə aparılır:
“Belə ki, etiologiyasına görə xəstəlik birincili, yəni anadangəlmə və ikincili, qazanılmış olur. Eyni zamanda, quruluşuna görə silindrik, torbavari və qarışıq, yayılmasına görə isə tək-tək və çoxsaylı ola bilər. Bundan əlavə, bronxoektatik xəstəlik kliniki gedişinə görə bronxitik mərhələ, əhəmiyyətli dəyişikliklər mərhələsi, fəsadlar mərhələsinə bölünür.
Bronxların genişlənməsi və bronxial möhtəviyatın evakuasiyasının ləngiməsi ilthabın inkişafına təkan verir. Bronxların divarında baş verən geridönməz dəyişikliklər bronxoektaziyа ilə nəticələınir. Bronxoektaziya əsasən kiçik bronxlarda inkişaf edir. Bronxoektatik xəstəliyi anadangəlmə və qazanılmış qruplara ayırmaq olar. Anadangəlmə faktorlara genetik meyillilik (кistik fibroz - mukovissidoz), alfa1-antitripsin çatışmazlığı (hərəkətsiz kirpiciklər sindromu), bronxial ağacın qüsurları (Uilyam-Kembel sindromu), ağciyərlərin kistoz hipoplaziyası (polikistoz), birincili immun çatışmazlığı aiddir. Qazanılma faktorlara isə respirator traktın xroniki infeksion xəstəlikləri, respirator traktın infeksion zədələnmələrinin qeyri-adekvat və ya natamam müalicəsi və yad cisim daxildir”.