Alimlər müntəzəm gecə istirahətinin olmamasının ürəyin işinə pis təsir etdiyini, həmçinin ateroskleroza səbəb ola biləcəyini müəyyən ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatın müəllifi Vanderbiltin epidemiologiya üzrə dosenti Kelsi Fulldir. Onun sözlərinə görə, bu iş sayəsində alimlər ilk dəfə ateroskleroz və qeyri-kafi yuxu arasında əlaqəni sübut edə biliblər.
Tədqiqatda heç bir ürək-damar xəstəliyi olmayan 45-84 yaş arası iki min xəstə iştirak edib. Onların hamısı oyaqlıq və yuxu müddətini təyin edən xüsusi bilək cihazları taxıblar. Xəstələr həmçinin gündəlikləri doldurublar və alimlərin yuxu, tənəffüs, ürək dərəcəsi, oyanma və yuxuya getmə mərhələlərini ölçən bir gecə araşdırmasında iştirak ediblər.
Tədqiqatlar nəticəsində müəyyən edilib ki, nizamsız yuxu rejimi olan insanlarda ateroskleroz (damarların divarlarında lövhə yığılması) əmələ gəlmə ehtimalı daha yüksəkdir. Öz növbəsində xəstəlik damarların daralmasına, orqanlara qan, qida və oksigen axınının qarşısını alır.
Yuxu müddətindəki fərq həftədə iki saatdan çox olarsa, bir insanın karotid lövhələri inkişaf etdirmə ehtimalı 12 faiz daha yüksəkdir. Bu da periferik arteriyaların daralma ehtimalını artırır.