Saçlar buna görə TÖKÜLÜR  - Mütəxəssis AÇIQLADI
08 aprel 2022 09:58 (UTC +04:00)

Saçlar buna görə TÖKÜLÜR - Mütəxəssis AÇIQLADI

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə dermatoloji xəstəliklərlə bağlı müsahibə verib. 

Lent.az həmin müsahibəni təqdim edir:

-Mir-Riad müəllim, dermotoloji xəstəliklərin əsas yaranma səbəbləri nələrdir?

- Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır. Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məhmərək, suçiçəyi kimi ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s.
Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili organların, sinir sisteminin xəstəlikləri, hipo- və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır.
Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər.

- Əhali arasında daha çox hansı dəri xəstəlikləri geniş yayılıb?

- Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər. Ən çox qarşılaşdığımız dəri xəstəliklərə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və s.
Dəri xəstəliklərindən əziyyət çəkən insanlar fiziki narahatlıq hiss edirlər, təsirlənmiş əraziləri sıx paltar altında gizlədirlər və ya çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər.
Xoşbəxtlikdən, müasir dermatologiya dəri xəstəlikləri ilə uğurla mübarizə aparır.

- Saç tökülməsi və dırnaqların tez-tez qırılmasının səbəbi nədir?

- Saç tökülməsi və dırnaqların qırılmasının səbəbləri çoxdur. Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir.

- Nazirliyin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən mövsümi dəri xəstəlikləri ilə bağlı çoxsaylı suallar daxil olur. Stres səbəbiylə yaranan dəri xəstəlikləri hansılardır?

- Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır.
Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə olunur.

- Mir-Riad müəllim, dəri xəstəliklərindən əziyyət çəkənlərdə adətən hansı vitamin çatışmazlığı olur?

- Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşayiət olunur. Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit və s, C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit və s, A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası və s, D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz və s, E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər.

- Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır və müalicəsi varmı?

- Uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. Elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozğunluqlar melanositlərin - piqment hüceyrələrinin - lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır .

Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində - 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır.
Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır.

Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır.
Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir.

- Ocaqlı alopesiya xəstəliyinin yaranmasına stres nə dərəcədə təsir edir?

- Ocaqlı dazlıq və ya ocaqlı alopesiya tala-tala saç tökülməsi ilə müşahidə olunan xroniki saç xəstəliyidir. Elmi adı “aloepcia areata” olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Bir qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır. Xəstəlik hər iki cinslərində eyni faizda olur.
Qeyd edim ki, ocaqlı alopesiya əksər hallarda streslə əlaqədardır. Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin əsas səbəbini kimi hormonal dəyişikliklər, ümumi xəstəliklər, yaş və ya dərmanların qəbulu yox, stresi əsas amil kimi qəbul edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3474
avatar

Aytəkin Cəlali

Oxşar yazılar