Körpəlikdə qida allergiyası uşaqlıqda astma riskini artıra bilər.
Lent.az xəbər verir ki, Avstraliyada bununla bağlı araşdırma aparılıb.
Məlum olub ki, körpəlikdə təsbit edilən qida allergiyası uşaqlıqda astmanın inkişaf riskini dörd dəfə artırır. “Science Daily” saytının məlumatına görə, Murdoch Uşaq Araşdırma İnstitutu tərəfindən aparılan araşdırmada körpəlikdə baş verən qida allergiyası ilə uşaqlıqda astma və ağciyər sağlamlığı arasındakı əlaqə tədqiq edilib. Tədqiqat allergiyadan test edilən 5276 körpə üzərində aparılıb və onların ağciyər funksiyaları 6 il ərzində izlənilib.
Araşdırmanın nəticəsində uşaqların 13,7 faizinə 6 yaşında astma diaqnozu qoyulub. Bununla da uşaqlar arasında 6 yaşında astma xəstəliyinə tutulma ehtimalının körpəlikdə qida allergiyası olanlarda təxminən 4 dəfə yüksək olduğu qeyd edilib. Həmçinin qida allergiyası olan uşaqlarda ağciyər funksiyasının pozulma ehtimalının daha çox üstünlük təşkil etdiyi bildirilib.
Murdoch Uşaq Araşdırma İnstitutundan Rachel Peters körpəlikdə qida allergiyasının uşaqlıqda ciddi tənəffüs problemlərinə yol açdığını söyləyib: “Qida allergiyası olan körpələrin böyüməsi izlənilməlidir. Allergiya səbəbindən qidalardan uzaq duran uşaqların sağlam böyümələri üçün diyetoloqun nəzarətində olması vacibdir”.