Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda eşitdiyi adı verdiyi üçün həbs olunub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 1998-ci ildə baş verib. Kirsti Larsen yeni doğulan oğluna yuxusunda ingilis dilində eşitdiyi adın ivrit dilindəki qarşılığı olan "Geşer" adını vermək istəyib.
Lakin həmin dövrdə Norveçdə qüvvədə olan qanunlara əsasən, dövlət orqanları bu adı həddindən artıq xarici hesab edərək qeydiyyata almaqdan imtina ediblər.
Ailə qərardan məhkəməyə şikayət versə də, məhkəmə Kirsti Larseni 1,6 min Norveç kronu məbləğində cərimələyib. Qadın isə cəriməni ödəməkdən imtina edib.
"Əgər cəriməni ödəsək, bu, günahımızı etiraf etdiyimiz anlamına gələcək", – deyə o bildirib.
İşləməyən, ev işləri və uşaqların qayğısı ilə məşğul olan qadının cəriməsi daha sonra iki günlük həbs cəzası ilə əvəzlənib. O, cəzasını Fredrikstad həbsxanasında çəkib.
Aradan uzun illər keçməsinə baxmayaraq, hadisə hələ də Norveçdə müzakirə olunur. Qeyd edilir ki, sonradan ölkədə ad qoyulması ilə bağlı qaydalar xeyli yumşaldılıb.
Bununla belə, 2025-ci ildə də bəzi adların qeydiyyatından imtina halları qeydə alınıb. 2026-cı ilin iyununda isə Norveç hakimiyyəti adlandırma qaydalarına yenidən dəyişiklik edib.