Müasir dövrümüzdə ən geniş yayılmış süd vəzi xəstəliklərinə əksər qadınlar biganə yanaşır. 55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə müraciət edir. Müşahidələr göstərir ki, qadınlar ev şəraitində süd vəzində törəmələrin əlamətlərinə rast gəlsələr belə heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər.
Lent.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 7 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Ramilə Əliyeva deyib.
Onun sözlərinə görə, belə olan təqdirdə xəstəlik ağırlaşır və nəticə heç də ürəkaçan olmur. Mütəxəssis bildirir ki, süd vəzi xəstəliklərinin vaxtında aşkarlanmasında və onun ağır fəsadlarının qarşısının alınmasında qadınların ərazi üzrə poliklinikalara zamanında müraciət etmələri olduqca mühüm rol oynayır:
“Xəstə ilə söhbət edərkən anamnez məlumatlarından məlum olur ki, qadınlar süd vəzində törəməni özləri aşkar etsələr də (yuyunarkən), heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Daha çox sümüklərində ağrı, dəridə hər hansı bir qızartı simptomları yaranarkən məcburiyyət qarşısında qalaraq poliklinikaya üz tuturlar. Lakin bu mərhələdə xəstələrə tətbiq olunan müalicə müsbət nəticə vermir”.