Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu günvurmalar ilə bağlıdır.
Günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində yaranan patoloji vəziyyətdir. Günvurma zamanı beynin bütün nahiyələrində hipertermiya yaranır. Bu isə beyin ödeminə, mədəciklərin onurğa beyni mayesi ilə dolmasına, arterial təzyiqin yüksəlməsinə, beyindəki qan damarlarının genişlənməsinə səbəb olur.
Maraqlıdır, istivurma ilə günvurma arasındakı fərq nədir?
Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova danışıb.
Onun sözlərinə görə, hər iki vəziyyət temperatur təhlükəli dərəcədə yüksək səviyyəyə çatdıqda bədənin özünü soyuda bilməməsi ilə əlaqədardır:
"Əsas fərq ondan ibarətdir ki, günvurma bir qayda olaraq, açıq havada inkişaf edir, birbaşa gün şüaları başa təsir edir və bu pataloji vəziyyət başın həddindən artıq qızması nəticəsində yaranır.
İstivurma isə hər hansı çox isti mühitdə baş verə bilir və isti bütün bədənə təsir edir. Yüksək hərarət nəticəsində orqanizmdə termorequlyasiya prosesləri pozulur və bədən istiliyi əhəmiyyətli dərəcədə yüksəlir. İstivurma qapalı yerlərdə (lift, hamam, sauna, avtomobil), həmçinin isti havada ağır fiziki iş görərkən baş verə bilər. Yüksək rütubət, susuzluq, dar olan sintetik, dəri və ya rezin parçadan hazırlanmış geyimlərdə uzun müddət qalmaq istivurma riskini artırır.
İstivurma və günvurmanın simptomları təxminən eynidir. Yeganə fərq - günəş vurması zamanı daha çox üzün qızarması, istivurmada isə bütün bədənin dərisi qızara bilər".