DİQQƏT!  - Üzə vurulan bu gellər çürümə verir – MÜTƏXƏSSİSLƏ MÜSAHİBƏ
04 sentyabr 2023 16:30 (UTC +04:00)

DİQQƏT! - Üzə vurulan bu gellər çürümə verir – MÜTƏXƏSSİSLƏ MÜSAHİBƏ

0

Əvvəllər estetik prosedurlardan, kosmetik müdaxilələrdən əsasən incəsənət və efir adamları istifadə edirdisə, son bir neçə ildə bu kütləvi hal alıb. İndi üzündə, bədənində estetik toxunuşlar olmayan qadın-kişi az-az tapılır. Gənc və gözəl görünmək arzusu ilə hər cür zəhmətə qatlaşan insanların  və eyni zamanda estetik əməliyyat qurbanlarının da sayı artır.
Son bir neçə həftədə etdirdiyi çoxsaylı estetik əməliyyatlar, bədəninə vurulmuş dolğular səbəbi ilə bədəni çürüyən bir azərbaycanlı xanımın paylaşımları çox izləyicilərimizdə suallar yaradıb.  Estetik əməliyyatlar nə dərəcədə təhlükəsizdir? 

Lent.az bir çoxlarının cavab axtardığı suallara plastik cərrah Araz Sultanovdan cavab  alıb.  Mütəxəssis həkimlə müsahibəni təqdim edirik.

- Doktor, bir neçə ay kurs keçən makiyaj ustaları, stilistlər, hətta ən sadə gözəllik salonu əməkdaşı belə, bir neçə ay hansısa kurs keçdikdən sonra özlərinə həkim kosmetoloq deyib  müxtəlif  tibbi prosedurlar edirlər. Üz dərisini sapla gərir, botoks iynələri, dodaq gelləri vururlar. Bu nə dərəcədə təhlükəsizdir?

- Plastika və kosmetologiya ilə məşğul olanların böyük hissəsi mütəxəssis həkim deyil, ən böyük problem budur. Onlar insan bədəninə dərzi kimi baxırlar, dərzi kimi yanaşırlar, dəri onlar üçün ipək parça kimidir. Ucuz olduğu üçün çox adam belə kosmetoloqlara müraciət edir. Pasient kimin yanına getməsinə baxmalıdır, araşdırmalıdır. Bu mənada pasientdə də qəbahət çoxdur. Siz bədəninizə nəsə yeridirsinizsə, araşdırmalı ölçüb-biçməlisiniz. Həkimə gedərkən pasient öz kompleksini utanmadan  bildirməlidir. Qanun  müxtəlif kosmetik əməliyyatların keçirilməsinə icazə verir, amma bu əməliyyatı kimə etdirmək hər kəsin öz qərarıdır. Seçim onundursa, məsuliyyəti də özü daşıyır.  

Bu gün hələ həkimlər də qərar verə bilmir ki, kosmetoloqların təklif etdiyi xidmətlər tibbi sahəsinə aiddir, yoxsa sırf kosmetologiyaya aiddir. Amma insan bədəninə bir şey yeridilirsə,  bu tibbi təhsil tələb edir. Həkim olmayan birinin özünü həkim kimi təqdim etməsi saxtakarlıqdır və hətta cinayət məsuliyyətidir. Sizin media olaraq bu xüsusi diqqət yetirməniz təqdirəlayiqdir.

- Plastik cərrahların da əlindən fəsad çıxır, bir neçə dəfə eşitmişik, şahid olmuşuq...

- Əlbəttə, bu istisna deyil. Heç bir prosedurun yüzdə yüz zəmanəti yoxdur. Adi antibiotik belə fəsad törədə bilər. Amma həkim yaranmış  fəsadın aradan qaldırılması üçün də məlumat, bilik sahibidir.  Kosmetoloq bunu edə bilməz. Bəzən insanlar “həkim filankəsi öldürdü” deyə ehkam kəsirlər. Tibbi praktikada baş verən fəsadların böyük hissəsi cinayət işi deyil, şanssızlıqdır. 50 nəfərdə effekt vermiş bir metod 51-ci xəstədə əks təsir göstərə bilər. Belə bir şey olarsa, məhkəmə tibbi ekspertizanın nəticəsini gözləmək, sonra fikir yürütmək lazımdır.

- Təbii gellər də problem yarada bilər?

- Bədənə  yeridilən hər yad cisim fərqli reaksiya törədə bilər. Təbii geldən istifadə zamanı da fəsad ehtimalı var. Həkimə müraciətlə bu ehtimalı azaltmaq olar, amma tam aradan qaldırmaq olmaz.

Ümumiyyətlə, süni gellərdən istifadə, polimerlərin insan bədəninə yeridilməsi qadağandır. Açıq deyim ki, bəzi firmaların təbii gel deyə təklif etdikləri bəzi preparatlar var ki, mən onların tərkibində polimerin olmasından şübhələnirəm. Çünki belə fəsadlarla gəlmiş pasientlərimdə təmizləmə apararkən toxumaların eyni şəkildə zədələndiyini görürəm. Gel gec ərisin deyə, tərkibinə polimer qatırlar. 

Təbi gelin problem yaratdığı hallar olur. Təsadüfən damara düşə və yerli toxumanın ölümünə, nekroza səbəb ola bilər. İnyeksiya zamanı infeksiya düşə bilər. İstənilən inyeksiya infeksiya təhlükəsi daşıyır. Bədənə yeridilən preparata qarşı mənfi reaksiya ola bilər. Bu istənilən preparata aid edilə bilər. Hətta dartma-gərmə prosedurlarında istifadə olunan saplar, botoks da allergiya törədə bilər.

- Avropada hər hansı kiçik bir estetik prosedur etdirən pasient öncə psixoloq məsləhəti almalıdır. Bizdə bu yoxdur. Və çox zaman insanlar bu əməliyyatların aludəçisinə çevrilirlər. Estetik cərrahlara psixoloji problemləri olan adamlar daha çox müraciət edir?

- Bu həqiqətdir ki, estetik cərrahiyyəyə müraciət edənlərin bir hissəsinin psixoloji problemi var. Ümumiyyətlə, cəmiyyətimizdə psixoloji problemləri olan insanların sayı artıb. Görünür gündəlik üzləşdiyimiz stress buna səbəb olur. Cəmiyyətdə psixoloji nevroloji pandemiya var  desək, yanılmarıq. İndi sağlam psixikaya malik insanların sayı problemli insanların sayından azdır. Həkim mütəxəssis yaxşı psixoloq olmalıdır ki, belə pasientləri vaxtında aşkarlayıb, gərəksiz prosedurlardan uzaqlaşdırsın. 

- Gənclik iksiri sayılan hialuron turşusu problem yarada bilər?

- Bu turşu bir müddət sonra əriyib gedir, bədəndə izi-tozu qalmır. Amma süni gellər, polimerlər toxumalarda ilişib qalır. Toxumalar onları udub qranulomalara çevrilirlər. Bu qranulomalarla mübarizə ağır əməliyyatdan çətindir. Çünki polimerləri bədəndən tam təmizləmək çox zaman mümkün olmur. Süni dolğulardan uzaq durmaq lazımdır.

- Bəs implantlar necə?

- Silikon implantları rahatlıqla yerləşdirmək olduğu kimi, rahatlıqla görtürmək olur. Sadəcə onların yerləşdiyi kapsullar bədəndə qalır, lazım gəlsə, bu kapsullar da götürmək olar.

- İmplantlar xərçəngə səbəb olur? Belə bir şəhər əfsanəsi dolaşır...

- İmplantın xərçəngə səbəb olması ilə əlaqədar müxtəlif fikirlər var. Bir araşdırmaya görə 0,004 ehtimalla implant  xərcəngə səbəb ola bilər. Söhbət yalnız məmə implantından getmir, diş implantından da gedir. Hazırda diş estetikası öz yüksəlişini yaşayır. Hər kəs parlaq diş qapaqları qoydurur, implant dişlər əkdirir. Hələlik tibbi araşdırmalar dəhşətli fəsadlar aşkarlamayıb. Praktikada implant xərcəngə səbəb olmur. Amma biopolimerlər toxumaları pis mənada dəyişir, ziyan vurur.

- Ən dəbdə olan inyeksiya - botoksun zərəri və faydası barədə nə deyərdiniz?

- Botoks bir mikrobun neyro zəhəridir. Olduğu yerdə sinir çıxıntılarını iflic edir. İlk dəfə tibbi məqsədlə istifadə olunub. Məsələn, çəpgözlüyün  müalicəsində, artıq tərləmələrdə, uroloji müalicələrdə bəzi əzələləri keçici iflic etmək üçün istifadə olunur. Estetik anlamda insanı zəhərləmək ehtimalı yoxdur. Amma onu da düzgün eləmək lazımdı. Dozası çox olarsa, gözü çəpləşdirə, göz qapağını düşürə bilər. Hansısa damara düşsə, sıxıntı yaradar. Tətbiq olunduğu sahələrdən biri də miqrenin müalicəsidir, şahanə effekt verir. Amma hər bir halda bunu işi bilən adam etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9488

Oxşar yazılar